Tarixi və müasir roman
N.CƏFƏROV
Yunus Oğuzun "Təhmasib şah" romanı indiyə qədər bizim tarixşünaslığımızda o qədər də öyrənilməmiş bir dövrə həsr olunub. Həmişə Səfəvilər dövrünün tarixi istər elmi baxımdan, istər ictimai-publisistik səviyyədə tariximizin tərkib hissəsi olaraq araşdırılarkən əsas diqqət Şah İsmayıl Xətaiyə, yəni Səfəvilər xanədanının banisinə yönəlib. Sonra 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində hakimiyyətdə olmuş I Şah Abbasın fəaliyyəti qabardılıb. Amma Şah İsmayıldan Şah Abbasa qədərki dövrdə həmişə nə isə kölgədə qalıb. Bu əsərin ən üstün cəhətlərindən biri odur ki, belə mürəkkəb və tarixi təfəkkürdən xeyli dərəcədə kənarda qalmış, amma Səfəvilər tarixinin həm də çox maraqlı dövründəki proseslərin necə getməsi, Azərbaycanın taleyinin necə olması, hansı səbəblərə görə Azərbaycan Səfəvilər dövlətinin İran dövlətinə çevrilməsinin izahı verilir. Bu dövrün də ən görkəmli hökmdarı Təhmasib şahdır. Təhmasib şahdan Şah Abbasa qədər də Səfəvi şahları olub. Ancaq onlar tarixdə o qədər də böyük rol oynamayıblar. Ən uzun və mübahisəli dövrü əhatə etdiyindən bu əsər bizim ədəbi-ictimai təfəkkürümüz üçün çox dəyərlidir. Yunus Oğuz əvvəlki romanlarında olduğu kimi bu romanında da xeyli dərəcədə tarixi materialı dərinliyi ilə əks etdirməyə çalışıb. Yəni tarixi hərfi-hərfinə qədər öyrənib. Bu çox mühüm bir məsələdir. Bunun nəticəsində də bu əsər fantaziyalardan, yazıçı reflekslərindən daha çox tarixi materialın dəqiqliyi, tarixi dövrün səviyyəsi, xarakteri, detalları ilə maraq doğurur.
Əsər Səfəvilər dövlətinin banisi, nəinki Azərbaycan tarixi, dünya tarixi üçün diqqəti cəlb edən, dünya üçün həmişə maraqlı olan Şah İsmayıl Xətainin ölümü ilə başlanır. Burada həm tarixi gerçəklik nəzərə alınır, həm də müəyyən qədər yazıçının mifik təfəkkürü də hərəkətə gəlir. Bu, əlbəttə, kənardan mətnə müdaxilə olunmuş mifik təfəkkür deyil, dövrün özünün səciyyəsi ilə bağlı olaraq, yazıçının o dövrdən çıxararaq və o dövrün daxilinə enərək, onu özündə ehtiva edərək ortaya çıxardığı mifik yanaşmadır. Bu mənada Yunus Oğuzun o biri əsərlərində də bu xüsusiyyətlər var, amma bu əsərdə o daha canlı, daha parlaq şəkildə özünü göstərir ki, Yunus Oğuz dövrün mənəviyyatına, dövrün hansı düşüncə ilə yaşamasına, bir növ, belə deyək, onun ruhu ilə birləşir. Hərdən adama elə gəlir ki, o dövrün qəhrəmanları hansı sosial, ruhi, mənəvi həyat yaşayırsa, yazıçı özü də o düşüncə ilə müdaxilə edir. Əsərin intonasiyasında, mətnində həmişə o mifoloji, sufi-panteist baxış duyulur, dövlət idarəçiliyində şeyxlərin, dərvişlərin iştirakı və hansı məntiqlə iştirakı Yunus Oğuzun yazıçı intonasiyasına təsir edir və bu çox maraqlı məsələdir. Çünki o hadisələri yalnız kənardan təhlil etmək, yalnız kənarda durub o dövrdə baş verən hadisələrin sxematizmini ortaya çıxarmaq şəklində yox, həm də bir dastançı düşüncəsi ilə hərəkət etmək, əsərdə o hadisələrin təhlilində, qəhrəmanların xarakterinin ifadəsində çox real gerçəkliklə yanaşı, eyni zamanda hadisələrə dövrün mifik-sufi-dərviş intonasiyası ilə yanaşmaq və buna inanmaq çox ciddi bir üslub xüsusiyyəti kimi görünür.
Təhmasib çox gənc yaşlarında, yəni 10 yaşında şah elan olunur. Bir neçə il saray intriqalarından, onların təhlilindən, onların anlaşılmasından kənarda dayanıb. Uşaq olduğu üçün idarə olunur. Bununla yanaşı hadisələrə çox tez 13-14 yaşlarında müdaxilə edir. Hadisələrə bu müdaxiləni də yazıçı kifayət qədər əsaslandıra bilir. Onunla əsaslandırır ki, Təhmasib Şah İsmayıl nəslinin davamçısıdır. Şah İsmayıl özü də uşaq yaşlarında hakimiyyətə gəlmişdi. Bu baxımdan Təhmasibin gendən gələn imkanları var. O gendən gələn imkanlarıdır ki, onu sürətlə yaşlandırır, müdrikləşdirir. İkinci bir cəhəti də qeyd edir ki, Təhmasib ona görə öz ağlı, öz səviyyəsi ilə hadisələrə sürətlə müdaxilə etməyi bacarır ki, o əslində sarayda məktəb keçir. Sarayda gələcək hakimiyyətə hazırlanır. Bu prosesdə yazıçı Təhmasibi o mühitdən ayırır. O mühit ki, onun tərbiyəsi ilə məşğul olub, ona lələlik edib, Təhmasibin apardığı ilk mübarizə onlarla olub. Sarayda onu yetişdirmiş, amma kifayət qədər intriqant mühit ki vardı, 14 yaşlı Təhmasib dərk edir ki, bu mühitlə nə isə yaratmaq mümkün deyil. Mühitdən daha çox Şah İsmayılın geni hərəkətə gəlir. Mühit, tərbiyə faktoru istər-istəməz olur, bu tərbiyəni verənlərin özlərinin də hansısa şəxsi məqsəd, şəxsi iddialara düşdüyünü dərk edir və öz müəllimlərinə qarşı mübarizəyə başlayır. Onlar həqiqi müəllimlər, həqiqi lələlər idilər. Amma sonra onların iç üzü açılır və məlum olur ki, onların məqsədi nəinki Təhmasibi şah kimi görmək, əksinə onu aradan götürmək və hakimiyyəti ələ almaq iddiasıdır. Şah İsmayılın genini daşımaq missiyası hər halda bir xeyli dərəcədə mifoloji bir missiyadır. Yəni Şah İsmayıl yoxdur, amma bu gen hərəkət edir və bu gen o qədər də normal saray mühitində deyil. Amma bununla yanaşı bu geni mühafizə edə biləcək bir tarixi qüvvə mövcuddur ki, onun üzərində Yunus Oğuz çox diqqətlə dayanır. Və bu məsələni lazımi şəkildə sübut edə bilir. Bu da Ərdəbil şeyxlərindən gələn hakimiyyəti qorumaq ənənəsidir. Ərdəbil şeyxlərinin mühiti, onların hakimiyyət üçün əllərindən gələni əsirgəməmələri, həm də siyasi-ideoloji səviyyədə yox, mifik, ruhani səviyyədə hakimiyyəti qorumaları əsaslandırılır. Bu, o ilahi gücdür ki, Şah İsmayıl Xətaini ortaya çıxarmışdı. Bu mənada Şah Təhmasibin çox qısa bir müddətdə əsası Səfəvilərin ilkin illərindən qoyulan və Şah İsmayıl tərəfindən qorunan o ənənə elə bil ki, Təhmasibdə təzahür edir. Təhmasib əsərdə Azərbaycanın bütövlüyü ideyasının daşıyıcısı kimi təqdim olunur. Təhmasib Şah İsmayıl kimi müharibələrdə iştirak edən, qılıncçalan bir qəhrəmandan daha çox, sufi-dərviş ideologiyası ilə mühafizə olunan bir ideya qəhrəmanı kimi ortaya çıxır. Yəni o fikir qəhrəmanıdır, qılınc qəhrəmanı deyil. Bax, bu mənada Təhmasibin xarakteri indiyə qədər yazılmış tarixi romanlardan fərqlənir. Yəni tarixi romanlarımızın qəhrəmanları: istər Qara Yusif olsun, istər Uzun Həsən, istər Şah İsmayıl Xətai olsun, istərsə də Yunus Oğuzun mükəmməl bir şəkildə yaratdığı "Nadir şah" olsun, bunlar bütün ideya qəhrəmanlarından daha çox hərbi qəhrəman kimi, sərkərdə kimi, dövləti qılınclarının gücünə quran qəhrəmanlar kimi göstərilir. Amma Təhmasib şahın bir qəhrəman kimi xüsusiyyəti ondan ibarətdir ki, o fikir qəhrəmanı, ruh qəhrəmanıdır. O özünü millətin içərisindən çıxmış, Azərbaycanın bütövlüyü uğrunda mübarizənin ideoloji strateqi kimi göstərir. Bu mənada "Təhmasib şah" romanı xeyli orijinaldır. Bizim tarixi romanlarımızda bu cür qəhrəmanlara o qədər də rast gəlinmir. Hətta mən deyərdim ki, heç rast gəlinmir. Bu mənada bu, həm Təhmasib şahın bir hökmdar kimi özünəməxsusluğudur, həm də Yunus Oğuzun yaratdığı Təhmasib şahın özünəməxsusluğudur.
Mövzunun miqyası ilə bağlı olaraq əsərin bir neçə istiqaməti var. Onların içərisində ən mühüm məsələ Azərbaycanın bütövlüyünü təmin etmək məsələsidir. Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixinə bizdə çox az əsər həsr olunub. Bu gün də bu ideya çox müasir bir ideyadır. Bir xalq olaraq biz öz ərazi bütövlüyümüzü təmin etməmişik. Bu günə qədər bizim xalqımız bir sıra dövlətlərin tərkibində yaşayıb. Və bu dövlətlərin tərkibində yaşamağa başlamağımızın başlanğıcı da məhz 16-17-ci əsrlərdə qoyulurdu. Ona görə də bu məsələyə belə xüsusi diqqət yetirilməsi, bunun bir ideya kimi ortaya çıxarılması çox mühüm məsələdir və bu əsərin dəyərli cəhətlərindən biridir. Təhmasib şahın apardığı mübarizə və Şah İsmayıl Xətaidən alaraq davam etdirdiyi bu mübarizəni ölkənin ərazi bütövlüyünə nail olunması mübarizəsini Təhmasib şah sarayın özündən başlayıb. Sarayın özündə müxtəlif Azərbaycan türk tayfalarının rəhbərlərinin nə şəkildə təmsil olunması, niyə hər dəfə bir tayfanın, ya ustaclı, ya şamlı, ya qacar, ya da zülqədər - mən onu da əsərin xususi uğuru hesab edirəm ki, Yunus Oğuz tam tarixi detallarına gedərək o zaman Azərbaycanda mövcud olan aparıcı tayfaların hamısının adını çəkir, onların hansı coğrafiyalarda yerləşdiyi, hansı iddialarla çıxış etdiyi, hakimiyyətə necə can atdıqları, onların həyat tərzi və digər məsələlərə ciddi diqqət yetirir, tez ümumiləşmə aparmır - tayfasının hər hansı birinin başçısı sarayda olursa, dərhal saraya həmin tayfadan adamlar cəlb olunur, hakimiyyəti onlar təmsil edirlər. İstər-istəməz tayfalar arasında daim bir ziddiyyət olur. Bax, bu ziddiyyətin mövcudluğu, o dövrdəki Azərbaycan türk tayfalarının bir-biri ilə əlaqələrinin zəif olması, onların bir-birilə düşmənçilik hisslərinin dərhal təzahür etməsi bir gerçəklikdir. Və Azərbaycanın hələ o zamandan ərazi bütövlüyünün təmin olunmamasının başlıca şərtlərindəndir. Biz bunu hələ "Dədə Qorqud" kitabında da görürük. Müxtəlif boyların bir-birilə münaqişələri və onların iqtisadi, siyasi və ideoloji, hətta bir sıra hallarda etnoqrafik baxımından təcrid olunmaları bütövlük üçün maneələr idi. Yunus Oğuz bu əsərdə Təhmasibin kifayət qədər böyük gücü vasitəsilə bu tayfaları süni olaraq, dərhal "birləşdirmir". Yazıçı burada bir sünilik də edə bilərdi. Amma çox yaxşı ki, bunu etmir. Vəziyyətin nədən ibarət olduğunu, tayfalar arasındakı qarşılıqlı əlaqələrin niyə zəif olduğunu, hakimiyyətin niyə tez-tez təhlükələrə məruz qaldığını, bax bunların birinci şərti kimi tayfalar arasında bütövlüyün olmamasını göstərir. Bu tayfalar mərkəzi hakimiyyətdən incidikləri vaxt dərhal böyük məmnuniyyətlə əlaqəyə girir, o dövlətlərin tərkibinə keçir və yaxud qonşu ölkələrdən siyasi himayə istəyirlər və bunun nəticəsi olaraq Azərbaycanın bütövlüyü üçün də etnik, etnoqrafik zəmin yaratmır. Və Təhmasibin apardığı siyasətin ana xətti bundan ibarətdir ki, Azərbaycanın bütövlüyü üçün böyük Azərbaycan türk tayfalarının bir-birini anlaması problemi var. Yunus Oğuz o bütövlüyü təqdim etməkdən daha çox, o bütövlük ideyasına mane ola biləcək etnoqrafik və etnik münasibəti, dövrün o şəraitini səviyyəli şəkildə təqdim edib.
Tayfalar arasında bu münaqişələrə geniş yer ayırması və bütövlük üçün mühüm problemlərdən birinin bu olmasının ortaya qoyulması, əlbəttə, yazıçı obyektivliyidir. Tarixə obyektiv münasibətdir. Bu Yunus Oğuzun həm də tarixçi kimi mükəmməl təfəkküründən irəli gəlir.
Əsərdə başqa bir mühüm məsələ də yenə türk dünyasının arasında olan siyasi ziddiyyətlərin qoyulmasıdır. Tarixdən məlumdur ki, səfəvilər şərqdə özbəklərlə, qərbdə osmanlılarla daim münaqişədə olublar. Burada, təbiidir ki, dövlət maraqları əsasdır. Yəni bu dövlətlər arasında, imperiyalar arasında, baxmayaraq ki, bunların hər üçü türk dövlətidir, bununla yanaşı siyasi intriqaların, hakimiyyət iddialarının və çox maraqlı məsələlərdən biri də tarixən müəyyənləşmiş siyasi sülalə instiktinin mövcud olmasına xüsusi diqqət yetirir. Səfəvilər özlərini qaraqoyunluların, ağqoyunluların varisi kimi kifayət qədər köklü və qüdrətli hesab edirdilər. Eyni zamanda özbəklər və cığataylar da belə düşünürdülər. Osmanlılar da səlcuqlardan gələn ənənə ilə özlərini "dünyanın hökmdarları" sayırdılar. "Cahan dövləti" qurmaq uğrunda mübarizə aparırdılar. İstər-istəməz siyasi dövlət ənənələri onların qarşılıqlı əlaqələrinə mane olur. Bunun da üzərinə gələk ki, osmanlıların Avropaya hücumları da Qərbi Avropanın inkişaf etmiş dövlətlərinin səfəvilərlə tez-tez əlaqəyə girməsinə, Səfəvilərdən daha əvvəl ağqoyunlularla əlaqəyə girmələrinə, onları osmanlılara qarşı təhrik etmələrinə də təsir edib. Yunus Oğuzun əsərlərində həmişə bir istiqamət var. Yunus Oğuz ümumtürk birliyinin tərəfdarıdır. Azərbaycanın birliyi, bütövlüyü ilə yanaşı həm də ümumtürk birliyinin olmamasının hansı problemlərdən irəli gəldiyini göstərən və bunun üçün bu birliyin olmamasına təəssüf edən yazıçıdır. Ona görə də Yunus Oğuz bu məsələlərin üzərində çox dayanır. Eyni etnosun, eyni xalqın övladlarının bu şəkildə siyasi məqsədlər, sülalə maraqları ilə, hakimiyyət maraqlarının necə bir-birinə qarşı durduğunu təsvir edir, açır, göstərir. Hətta gizlətmir ki, Azərbaycanın tərkib hissəsi olan Şirvanın özündə də belə bir sülalə marağı var. Hətta müəyyən qüvvələr var ki, Şirvanın Azərbaycana birləşməsinə mane olurlar və bu maneçilikdə də həmişə bir məsələyə istinad edirlər ki, Şirvanşahların yüzillərlə davam edən bir tarixi var və bu tarixin üstündən xətt çəkmək olmaz. Yunus Oğuzun bir tarixçi, bir yazıçı kimi üstün cəhəti ondan ibarətdir ki, o bunu gizlətmir. Tarixdə bir ideya meydana çıxıbsa, nə qədər mürtəcedir, mütərəqqidirsə, onu mütləq səsləndirir. Bugünkü azərbaycanlılar, bugünkü türklər bilsinlər ki, bizim tariximizdə nələr baş verib.
Bu əsər çox müasir əsərdir. Bir sıra məqamlar var ki, mən elə bilirəm ki, bu hadisələr tarixdən daha çox müasir dövrdə baş verir və müasir dövr üçün daha aktualdır. Bununla yanaşı tarixin təhlilində həmişə biz yalnız müsbət, birləşdirici ideyaların yox, həm də dağıdıcı, parçalayıcı ideyaların varisləriyik. Onu gizlətmədən, çox böyük cəsarətlə göstərir Yunus Oğuz.
Əsərdə çox böyük bir hissə Osmanlı-Səfəvi müharibələrinə həsr olunub. Tarixdən məlumdur ki, Sultan Süleyman Qanuni dörd dəfə Azərbaycana hücum edib. Səfəvilərin paytaxtı Təbrizi tutub. Və dördündə də geri qayıtmalı olub. Sultan Süleyman, təbii ki, Azərbaycana çox böyük qoşunla gəlirdi. Amma heç zaman səfəvilərlə vuruşmaq ona qismət olmayıb. Səfəvilərin ordu imkanları osmanlılarla müqayisədə çox aşağı olub. Onu da nəzərə almaq lazımdır ki, Təhmasib hakimiyyətə yeni gəlmişdi, böyük daxili çəkişmələr vardı, böyük ordu toplamaq imkanları məhdud idi.
Amma buna baxmayaraq, Yunus Oğuz Təhmasibin hərbi taktikasına haqq qazandırır ki, o bütövlükdə ordunu yox, xalqı Sultan Süleymanın qarşısına çıxardı. Ordu ilə qalib gəlmir Təhmasib şah Sultan Süleymana. O, həmişə xalqın gücü, xalqın iradəsi ilə qalib gəlir. Bu, həm tarixin faktıdır, həm də əsərin hadisəsidir ki, osmanlıların hücumlarını həmişə xalq öz üzərinə götürüb. Onun qarşısında həmişə xalq dayanır. Bütün çətinlikləri, bütün problemləri Təbrizi tərk edib getməsi ilə. Osmanlı qoşunlarının keçəcəyi yollarda bütün təsərrüfatın məhv olunması ilə. Sonra bu məhv edilənin bərpası da xalq üçün ağır bir məsələdir. Təhmasib şahın qüdrəti bu olur ki, xalq buna inana bilir. Xalq bütövlükdə illərlə yaşadığı Təbriz şəhərini tərk edib gedirsə, öz əmlakını, təsərrüfatını buraxıb, gedib sonradan gəlib bərpa edirsə, bunların hamısı xalqa böyük təzyiqdir və böyük də narazılıq törədə bilərdi. Bununla yanaşı şaha, hökmdara inam istər-istəməz xalqın bu ağrılara, bu çətinliklərə dözməsini əsaslandırır, sübut edir. Bir var ki, bunu yazıçı təxəyyülü ilə, bir az da dastanvari, çox asanlıqla deyəsən, bir də var ki, əsərdə bunu, bunun gerçəkliyini, problemliliyini sübut edəsən. Əsərdə əsaslandırılır ki, Sultan Süleymanın qoşunlarının hücumları zamanı xalq bütün gücü, bütün iradəsi ilə dayanır, öz dövlətini, öz hökmdarını, öz ideologiyasını sübut edir.
Əsərdə ən orijinal görünə biləcək, bizim tarixi romanlarımız üçün nümunə ola biləcək məsələlərdən biri siyasi-ideoloji mənəviyyat məsələlərinə, ölkənin hansı ruhla idarə olunması məsələlərinə diqqət yetirilməsidir. Biz yaxşı bilirik ki, səfəvilərin siyasi hakimiyyətə gəlməsinin başlanğıcı Ərdəbildə qoyulur. Şeyx Cüneyd, Şeyx Heydər və Şah İsmayılın bu şeyx babalarından, sufi-dərviş babalarından - onlar eyni zamanda böyük mütəfəkkirlər idi - gəlməsi, onlara istinad etməsi, dövlətin güclü mənəvi dayaqlarının olması məsələsi çox aydın şəkildə qoyulur, bütün detalları ilə, hətta xəstələnmiş Təhmasibin müalicə olunması məsələsindən başlayaraq onun Azərbaycanın bütövlüyü uğrunda apardığı mübarizənin gedişatına qədər hər yerdə biz şeyx-sufi-dərviş müdaxilələrini görürük. Bu müdaxilələr o qədər incə, zərif, siyasi, ideoloji cəhətdən əsaslandırılmış və əsərin bədii məntiqinə o qədər müvafiq, cilalanmış şəkildə təqdim olunur ki, istər-istəməz bu əsəri onun böyük uğurlarından biri kimi qəbul etmək lazım gəlir. Birbaşa siyasətə qarışmasalar da, hər yerdə bir dərviş, bir şeyx missiyası var. Dövlətin, Azərbaycan dövlətinin birləşməsində elə bil ki, Tanrıdan gələn, Göy Tanrıdan gələn missiyanın ifadəçisidir Təhmasib şah. Onun dərvişlərlə şeyxlə görüşləri, dövlətin istənilən mürəkkəb bir problemi meydana çıxanda, məsələn, Təbriz şəhəri tutulanda keçirilir. Sultan Süleymanın hücumları o qədər sürətlə baş verir ki, bu prosesdə Təbriz əhalisini şəhərdən çıxarmaq olmur, amma bununla yanaşı, dövlət idarəçiliyində, o şeyx, dərviş missiyası özünü o qədər inandırıcı bir şəkildə təqdim edir ki, şəhəri duman bürüyür, yağış yağır, elə bil ki, təbiətin özünün etirazı ilə təqdim olunur. Bu, dədə-baba qoruyuculuğu missiyasının təqdimatıdır. Dövlətçilik və dövlət idarəçiliyi, o cümlədən də dövlətin başında olan şəxs ilahiləşdirilir. O ilahi tərəfindən, şeyxlər və dərvişlər tərəfindən qorunur. Bizim 16, 17, 18-ci əsrlər ədəbi-bədii və ümumiyyətlə, ictimai-fəlsəfi düşüncəmiz üçün bu, çox mühüm məsələdir. Yəni bizim demək olar ki, bütün dastanlarımızda bu var. Eyni zamanda dövlətçilik təfəkkürünün çox mühüm məsələsidir ki, şiəlik nə dərəcədə dövlətin əsasında dayanır. Yəni bir ideologiya kimi şah anlayışı adi bir dərvişdən başlamış dövlət başçısına qədər gedir. Amma Yunus Oğuz o baxımdan da obyektivdir ki, ancaq dövlət üçün müəyyən çətinlik, problem olan zaman şeyx-dərviş missiyası hərəkətə gəlir.
"Təhmasib şah" romanında maraqlı məsələlərdən biri də Şah İsmayıl Xətainin övladlarının heç də hamısının o dövlət qoruyuculuğu missiyasını daşımamasıdır. Deyək ki, Əlqas Mirzə kimi, ya Sam Mirzə kimi. Təhmasibin kiçik qardaşı Əlqas Mirzə ən müxtəlif formalarda hakimiyyətə can atır, onda o dərviş-sufi-şah missiyası yoxdur. Yəni onda o enerji çatışmır. Bu enerji Təhmasib şahdadır. Onu qoruyan missiya kimi çıxış edir. Əlqas Mirzə nə qədər satqınlıq edir, hakimiyyət iddiası ilə çıxış edir, sonra üzr istəyir, amma dağıdıcı missiyasını davam etdirir. Buna baxmayaraq Təhmasib şahın təcrübəsi, dövlət başçısı kimi iradəsi və dövləti qoruyan o mistik güc imkan vermir ki, Əlqas Mirzənin dağıdıcı missiyası həyata keçsin.
Nəhayət, əsər onunla başa çatır ki, osmanlılarla səfəvilər arasında 1555-ci ildə Amasiya sülhü bağlanır və bununla da əsər sona yetir. Amma əsərin üstün cəhəti odur ki, təkcə Təhmasib dövrünün hadisələrinin xronologiyasının bütün o problemləri ilə təqdim olunması ilə bitmir. Həm Təhmasibə qədərki tarixə ilişib qalmır, həm də Təhmasibdən sonrakı tarixdə nələr baş verəcəyi hadisələrin verdiyi məntiqlə təhlil olunur, göstərilir ki, daha nələr baş verə bilər. Şah Abbas hakimiyyəti üçün Azərbaycanın bütövlüyü baxımından hansı problemlər meydana çıxacaq. Farslaşma necə gedəcək, dövlət idarəçiliyində hansı qüsurların kökü qoyulub və bunlar necə açılacaq. Bu mənada "Təhmasib şah" tariximizin böyük bir dövrünü işıqlandıran bir əsərdir. Düşünürəm ki, bu əsər bizim ədəbiyyat tariximizdə qalacaq bir romandır. Müasir tarixşünaslıq təfəkkürümüzü genişləndirən bir əsərdir. Obyektiv və eyni zamanda hisslərə təsir edə biləcək bir əsərdir. Burada çoxlu xırda detallar, maraqlı məqamlar var ki, məncə, bunun üzərində gələcəkdə tədqiqatçılar dayanacaqlar. Amma o böyük tarixi informasiya, çox ciddi tarixi və bədii təhlillər, eyni zamanda əsərin dilində o tarixi olduğu kimi verməklə yanaşı, o dövrün dastançılıq intonasiyasının təqdim olunması, hətta saz sənəti, Şah İsmayılın, Təhmasibin "Şahsevən" havasını çalmaları, geniş bir aşıq-ozan sənətinin dövlətçilik düşüncəsinə, dövlətin ümumi mədəniyyətinə, mənəviyyatına nə qədər daxil olması, bunların üzvi bağlılığı, bir tərəfdə sufi-dərviş-şeyx missiyası dayanır, başqa bir tərəfdə dövlətçilik, dövlət idarəçiliyi missiyası, başqa bir tərəfdə xalqın mənəviyyatı, ozan-aşıq sənətinin birləşdirici missiyası dayanır. Bütün hallarda birləşdiricilk texnologiyası işləyir bu əsərdə. Və bu mənada elə bilirəm ki, bu əsər nə qədər tarixidirsə, o qədər də müasir, günümüzə işıq sala bilən bir əsərdir.
Nizami CƏFƏROV,
Atatürk Mərkəzinin
direktoru,
filologiya elmləri doktoru,
professor, millət vəkili
525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.
21.