Noyabrın 1-i üçün sentyabr düşüncələri

 

V.YUSİFLİ

 

Noyabrın 1-də müasir poeziyamızın çox istedadlı nümayəndələrindən birinin - Məmməd İsmayılın 70 yaşı tamam olacaq. Bu yazını qələmə almaqda məqsədim heç də kimlərisə qabaqlamaq, birinci yubiley məqaləsi yazmaq deyil. "Azərbaycan" jurnalının builki avqust nömrəsində Məmmədin yeni şeirlərini oxudum və bu şeirlər bir oxucu kimi məni bir daha poeziya sehrinə çəkib apardı. Onun yaradıcılığı və xüsusən son illərdə yazdığı şeirləri ilə bağlı təəssüratlarımı oxucularla bölüşmək istədim. Amma əvvəlcə iki kiçik xatirə...

1972-ci ilin iyun ayı idi. ADU-nun filologiya fakültəsinin sonuncu kursunu bitirirdim. Həmin fakültənin əksər tələbələri kimi mən şeir yazırdım. Bir gün fakültə dekanlığından mənə bildirdilər ki, Azərbaycan televiziyasına get, Məmməd İsmayılı tap, səni axtarır. O zaman M.İsmayıl "Gənclik" redaksiyasının baş redaktoru idi artıq hamı onu istedadlı bir şair kimi tanıyırdı. Biz gənclərin sevdikləri cavan şairlərdən ən umudlusu o idi.

M.İsmayıl məni, ADU-nun digər fakültələrini bitirməli olan Zəlimxan Yaqubu və Qəşəm İsabəylini Universitet təhsilini başa vurmaq münasibətilə təbrik etdi, xahiş elədi ki, onun verilişində çıxış edib arzularımızı bildirək, həm də şeirlərimizi oxuyaq. Bu, mənim televiziyada ilk çıxışım oldu. Həm də "şair" kimi ilk və sonuncu çıxışım.

Universiteti bitirdim və təyinatımı öz doğma rayonuma, Masallıya aldım. Birinci il Yeddioymaq kənd orta məktəbində dərs dedim. Günlərin birində Məmməd İsmayıl Yazıçılar İttifaqı Ədəbiyyatı Təbliğ Bürosu xətti ilə məktəbimizə gəldi, məni dərhal tanıdı. Ona söz verilməmişdən əvvəl mən Məmmədin yaradıcılığı haqqında iyirmi dəqiqə məruzə elədim. Sonra Məmməd İsmayıl şeirlərini oxudu. Axırda mənə təşəkkür elədi desə yaxşıdır: "Mən Vaqif Yusiflini cavan bir şair kimi tanıyırdım, amma indi başqa fikirdəyəm. Vaqif, şeirimizin sırası çox genişdi, sən yaşda tənqidçilərimiz isə barmaqla sayılır. Sənin yolun budur".

Əlbəttə, israr eləmirəm ki,o yolu seçməkdə məhz Məmməd İsmayılın sözləri mənim üçün "kompas" rolunu oynadı. Elə içimdə də tənqidçi olmaq həvəsi daha üstün idi. Amma bu həvəsi, bu arzunu alovlandıranlardan biri də Məmməd İsmayıl oldu. Yaxşı bilirdim ki, şeir yazmaq hələ şair olmaq demək deyil. Mən bu ortabab, özümün də bəyənmədiyim şeirlərlə hara gedib çıxacağam? Əli Kərimin bir şeiri, ya Füzulinin bir beyti qədərincə möcüzə göstərə bilməyəcəyəmsə, yazmaqdan nə fayda? Amma tənqidin də çox çətin bir sənət olduğunu dərk elədim. İlk Azərbaycan tənqidçisi Xətib Təbrizi yazırdı ki: "Şeiri tənqid və təhlil etmək onu yazmaqdan da çətindir".

İllər gəlib keçdi. Biz yaşa dolduq, ürəyimiz yaz havasından doymasa da, yaşımız qışa doğru gedir. Yetmiş ikinci ilin Məmməd İsmayılını - poeziyamızın cavan nəsli arasında seçilən odlu-alovlu gənci indi ağsaqqal bir şair əvəz edir. Çox şey dəyişib, M.İsmayıl bu illər ərzində vəzifə pillələri ilə irəliləyib , enib , şeir kitablarının sayı da artıb bu artım onun poetik inkişafı ilə həmahəng olub. M.İsmayıl qardaş Türkiyədə dünyanın bir çox ölkələrində bir şair kimi sevilib, təqdir olunub, yaradıcılığı barədə onlarla məqalələr monoqrafiya da yazılıb. Azərbaycan poeziyasını dünyada ləyaqətlə təmsil edənlərdən biri odur. O, müasir şeirimizin ön sıralarını heç vaxt tərk etməyib.

Deyirlər ki, hər bir şairin yaradıcılığını təhlil edəndə tək-tək şeirlərindən deyil, ümumən poeziyasından söz açmaq lazımdır. Doğru. Amma çox şairdə onun bütün yaradıcılığını özündə ehtiva edən tək-tək şeirlər az olur. Məmməd İsmayılda isə belə şeirlər tək-tək deyil. Hətta o şeirlərin bir çoxunun adı zərbülməsələ çevrilib. "Bir adam yol gedir bizdən qabaqda", "Hələ yaşamağa dəyər bir az da" və s.

Məmmədin "Ağacdələn, döy qapımı", "A baba dərviş", "Savalanda yatan igid", "Vətən", "Bir də keçməyəcək ələ bu anlar", "Kimi aldadırsan?", "Keçir köynəyindən məni, a torpaq", "Bu yaz idi",, "Döyüş, qələbə", "Ümiddən asılan qılınclar", "Qızlarım şəhərdən kəndə dönəndə", "Təzədən mən sənə qayıdacağam" və başqa onlarla belə şeiri var ki, bunları XX əsr Azərbaycan poeziyasının inciləri saymaq olar. Amma ən önəmlisi budur ki, həmin şeirlər M.İsmayılın özündən sonrakı poetik nəslin yaradıcılığına qüvvətli təsir göstərib.

Poeziya ilə tarixin fərqi və oxşarlıqları barədə çox yazıblar və burada bu iki anlamı xatırlamaqda məqsədim budur ki, poeziyanın bir məqamda "bədii tarix" olduğunu da nəzərə çarpdırım. M.İsmayılın poeziyasında da Azərbaycanın XX əsrdəki və bu çağlardakı "bədii tarixi"ni oxumaq mümkündür. Özü də təpədən-dırnağa milli şair olan M.İsmayılın bu xalqın azadlığı və istiqlalı, keçmişi və bu günü (həm də gələcəyi!) barədə düşüncələri hələ sovet dönəmində formalaşmışdı. 60-80-ci illərdə şeirimizdən Cənub dərdi, Cənub həsrəti və bu fonda Azərbaycanın birliyi və bütövlüyü arzusu səslənirdi. Bu arzu hələ də xəyallarımızda yol gedir...

 

   Orda, Savalanda bir igid yatır,

   Hələ ki, uyuyur qılıncı qında.

   Hələ ki, yanında gözləyir atı,

   Hələ ki, arzusu yol ayrıcında.

   Sabaha səsləyir zamanı yollar,

   Yollar gah ayrılıb, gah calanıbdı.

   Girib nağıllarda yatır oğullar,

   Bir Vətən ikiyə parçalanıbdır.

 

Mən M.İsmayıl haqqında "milli şair" ifadəsini işlətdim. Fikrimə dəstək kimi onlarla misal gətirə bilərəm. Amma biri ilə kifayətlənəcəyəm: Rus şairi Mixail Sinelnikov yazır: "Məmməd İsmayılın əsərlərinin sətri tərcüməsini ilk dəfə oxuyanda heyrətlənmiş və həqiqi şairlə qarşılaşdığımı hiss etmişdim. İndi isə deyə bilərəm ki, tale məni həqiqi şairlə yox, həm də çox böyük bir şairlə qarşılaşdırıb. Harada olmasından asılı olmayaraq, millətinin ədəbiyyatını və mədəniyyətini böyük ustalıq və bacarıqla təmsil edən onun kimi şəxsiyyətlə çox az qarşılaşmışam".

Əlbəttə, "milli şair", "xalq şairi" (fəxri ad mənasında işlətmədim) ifadələrini bəzən yerinə düşmədən bir çox şairlərin adının qarşısında işlədirlər. Sübut etməyə çalışırlar ki, bax, bu şair Vətənin, millətin keçmişindən yazır, onun folklor ənənələrindən bəhrələnir, şanlı söz ustalarından və qəhrəmanlıq tarixindən söz açır... Amma necə? Poeziyada məzmun hələ hər şeyi həll eləmir, bura da poetik hünər və istedad amili də əsas rol oynayır. Məmməd İsmayıl kimi milli şairlər xalqın poetik təfəkkürünün yenilikçiləri kimi diqqəti cəlb edir, "köhnə" dediyimiz havalarda hər dəfə təzə notlar səsləndirirlər. M.İsmayıl folklorla, saz dünyası ilə sıx bağlıdır və bu bağlılıq da elə ilk şeirlərindən nəzərə çarpırdı. Onun şeirlərində folkloru yamsılamaq, "müasirləşdirmək" cəhdi duyulmur. Deyə bilərik ki, poeziyamızda M.Arazın "Atamın kitabı" poemasından sonra kotana, xırmana, zəmiyə, əkinə-biçinə həsr elədiyi şeirlər öz bədii dolğunluğu ilə ən uğurlu poetik nümünələrdir. Xırman, kotan, əkin-biçin romantikasını şeirimizə gətirən şairlərin sayı isə çox deyil. Deyə bilərik ki, M.İsmayılın "Bu mənəm, a kəndim, tanımadınmı" silsiləsi poeziyamızda yeni idi. Bu silsilə həm öz məzmun dolğunluğu, həm də obrazlı düşüncə tərzi ilə kənd və təbiət haqqında yazılan şeirlərdən seçilirdi. M.İsmayıl kəndi yaxud təbiəti ideallaşdırmırdı, sadəcə olaraq İnsan və Təbiət vəhdətini poeziya həqiqətinə çevirirdi, Yəni bu vəhdətin poeziyasını yaradırdı. Təbiətin ayrı-ayrı ünsürləri onun bir çox şeirlərində poetik obrazlara çevrilirdi.

 

   Nar möcüzə, nar işıq,

   Əl vurub göz görəsi.

   Hazırca Yer kürəsi

   Torpaq, günəş qarışıq.

   Bir qabığın içində

   Nara bax,

   dənə-dənə,

   Nara bax,

   mahal-mahal,

   Nara bax,

   ölkə-ölkə,

   Düzülüb cərgə-cərgə.

 

Məmməd İsmayılın poeziyasından az yazmayıblar, amma bu poeziyanın yalnız üzdə olan xüsusiyyətləri təhlil hədəfinə çevrilib, şeirlərinin poetik gözəllikləri, demək olar ki, incələnməyib. Xalq şairi, ustad Bəxtiyar Vahabzadə haqlı olaraq yazırdı: "Məmməd İsmayılın şeirlərinin gözəlliyini, özünəməxsusluğunu açmaq, onun mövzularında başqa cür yeni şeirlər yazmaqdan çətindir. Çünki onun şeirləri ağıla deyil, hissə yönəlir. Ağıla yönələn şeirləri ağıl və məntiqlə açmaq, izah etmək asandır, lakin hisslə, həyəcanla yazılan şeirləri açmaq üçün həmin şeirlərin müəllifi olub, müəllifin özü kimi həyəcanlanmaq, vəcdə gəlmək lazımdır. Bir sözlə, onun şeirləri izaha, təhlilə çətin gəlir. Adam qorxur ki, bu şeirlərdəki gözəllik, zəriflik təhlildən hürküb qaça bilər". Əlbəttə, böyük xalq şairinin bu sözlərində bir həqiqət var, amma onu da qeyd edək ki,M.İsmayılın şeirlərinin təhlili tənqidçiyə bir çox problemlərin həlli üçün geniş imkanlar açır. Müasir Azərbaycan şeirinin az qala kütləviləşməyə üz qoyduğu, mənasız və bəsit nəzm nümunələrinin düzü-dünyanı bürüdüyü bir vaxtda M.İsmayıl kimi şairlərin poeziyası bizi bədbinlikdən xilas edir. Qoy anaları haqqında yüz ilin bəsit şeirlərindən gələn notları səsləndirən şairlər Məmməd İsmayılın bu iki misrasından utansınlar:

 

   Sən məni dünyaya gətirdin, ana,

   Sənisə dünyadan aparıram mən.

 

Qoy meşədən, dağdan, dərədən, bulaqdan, ağacdan "şeir" yazıb, bu bəsit şeirlərlə təbiətə qəsd edən şairlər Məmməd İsmayılın 48 il əvvəl yazdığı bu şeirdən sonra qələmlərini yerə qoysunlar:

 

   Gözəlliyi seyr edirəm

   Meşələrə yolum düşüb.

   Budaq gördüm yaş torpaqda,

   Sandım yerə qolum düşüb.

 

Qoy xalq şeirinin - qoşmanın, gəraylının surətini çıxaran, kopyalayan, "şəklini çəkən", özünü isə yarada bilməyən yüzlərlə qoşmaçı Məmməd İsmayılın bu qoşmasına baxıb dərs alsınlar:

 

   Dostu bu dünyada seçib taparlar,

   Dost-düşmən seçilər, Vətən seçilməz.

   Qayanı yonarlar, dağı çaparlar,

   Dağ-qaya kiçilər, Vətən kiçilməz.

   Keçər taleyindən, ömründən keçər,

   Qovuşmaz karvana, yovuşmaz köçə,

   Köçsə, qürbət eldə qəlbinə köçər,

   Ağır elli-günlü Vətən köçülməz.

   Ürəyin Vətənin önündə-zərrə,

   Andını dəyişməz qızılla, zərlə,

   Vətənin yolunda candan keçərlər

   Keçilməz qaladı, Vətən, keçilməz.

 

Qoy sevgi şeirlərində yalançı məhəbbət oyunu oynayanlar, yaşamadıqları hissləri "eşq oyununa" çevirənlər Məmmədin bir sevgi şeirindəki misraları dönə-dönə oxusunlar:

 

   Gəlsə suya dönər, çörəyə dönər,

   İnsan özü boyda ürəyə dönər,

   Qönçə dodağında çiçəyə dönər,-

   Əsəndə səhərin yeli məhəbbət,

   Bu dəli məhəbbət, dəli məhəbbət!

   Ömrümün çoxunu verərdim yəqin,

   Gecələr yuxumu verərdim yəqin,

   Varımı, yoxumu verərdim yəqin,-

   Desələr qayıdıb gəlir məhəbbət,

   Bu dəli məhəbbət, dəli məhəbbət!

 

Məmməd İsmayıl müasir Azərbaycan poeziyasında hecada yazılan şeirin, qoşmanın, gəraylının mahir ustalarından biridir və bəlkə də tək-tük şairlərdəndir ki, ancaq bu yola ilk şeirindən indiyəcən sadiq qalıb. Amma ulu və qədim xalq şeirimizin bu ənənəsini M.İsmayıl yeni poetik ifadə vasitələri, yeni poetik rənglərlə daha da zənginləşdirir. Rus tənqidçisi Vladimir Korkin yazır: "Məmməd İsmayılın şeirlərində "ən başlıca söz nədir?" soruşulsa, ZAMANdır, zaman haqqında sözdür deyərdim. Bu zaman heç də mücərrəd-fəlsəfi zaman deyil, həyatın, talenin vazkeçilməz nüfuzedici zamanıdır. Məmməd İsmayıl duyğusal bir şairdir. Onun şeirlərində zaman və kosmos genişliyi həyatın daha ağıla gəlməyən, gözə görünməyən özəllikləri canlı və təbii duyğularla, möcüzəli bir dillə anladılır". "Zaman və kosmos genişliyi" üçün bəzilərinin düşündüyü "kosmik şeir əməliyyatları", "intellektual genişlik", "assosiasiyalar düzümü" o qədər də vacib deyil, əsas odur ki, fikrin ifadəsi üçün sənə, sənin yaradıcılıq stixiyana ən uyğun və uyarlı bir forma tapasan. M.İsmayılın şeirlərində fəlsəfi fikirlər, xalq hikmətindən keçib gələn ən mənalı duyğular müasir bədii təfəkkürün işığında-XXI əsr insanının poetik düşüncəsində öz real həllini tapır. Gəlin, onun qürbət duyğularını ifadə edən son şeirlərindən birinə müraciət edək.

 

   Alnına yazılan bu nə yazıdı,

   Ömür dedikləri bu yazı imiş.

   Sən elə bilirdin quş yuvasıdı,

   Bu dünya xəyanət yuvası imiş...

   Yaşaya bilmədin sən bu şəhərdə,

   Elə bu şəhər də səndə yaşamır.

   Qürbət köşələrdə, qərib ellərdə,

   Var olan Allahdı, bəndə yaşamır...

 

Məmməd İsmayılın yetmiş yaşı... İndiki cavan nəsil bəlkə də, Məmməd İsmayılın bu yaşını təbii qəbul edir. Amma Məmmədin yaşıdları və ondan sonrakı nəsil üçün bu yaş heç də gəncliyə əlvida demək deyil. Qocalan bədəndir, üzdür, sifətdir, ürək deyil və o ürəyi qocalmağa qoymayan oddu, alovdu ki, onun adı POEZİYAdır...

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.20.