Ələkbər Rzaquliyevin ağlı-qaralı dünyası
BÜTÜN ÖMRÜ BOYU CƏMİ İKİ RƏNGLİ
ŞƏKİL ÇƏKİB
Köhnə Bakıdan
söhbət düşəndə, istər-istəməz iki
böyük sənətkarı yada salırıq-aktyor və
rejissor Hüseynqulu Sarabskini və rəssam Ələkbər
Rzaquliyevi. Birincisi qələmi ilə, ikincisi isə rəsmləri
ilə köhnə dövrün Bakısına həyat verə
bilib.
...Qatar ağır nəfəs
ala-ala şimala istiqamət götürmüşdü. Pəncərə
arxasında mənzərələr tez-tez dəyişirdi. Saatlar
ötdükcə dünya-aləm daha cansıxıcı
görünürdü, adama elə gəlirdi ki, üzücü
dəqiqələrin sonu yoxdur.
Ələkbər
halsız-halsız nəzərlərini nəhayətsiz
üfüqə zilləmişdi.
Görəsən onu
hara aparırlar? İrəlidə onu nələr gözləyir?
Bu həyatın axırı necə olacaq?
Qəmgin fikirlər onu
çulğamışdı. Adama ağır gələni o
idi ki, adicə bir rəssam idi, sakit, dinib danışmayan, bir
qədər də qaradinməz, adamayovuşmaz...
Uşaq
yaşlarından şəkil çəkməyi çox sevərdi,
bu onun ən sevimli məşğələsi idi. Əlindən
daha başqa iş gəlmirdi. Moskvada Ali bədii-texniki
emalatxanaları bitirmişdi. Tələbələr
arasında çoxlu dostları var idi. Yaxşıları da
vardı, pisləri də.
Doğma Bakıya
qayıdandan sonra özünü bütünlüklə rəssamlığa
həsr elədi. Siyasət-filan onu bilmərrə
maraqlandırmırdı. Amma deyir sən
saydığını say gör fələk nə sayır. Tale
ondan necə üz döndərdi, bilmədi. Bir də
ayılıb gördü ki, onu birbaşa Uzaq şimala
sürgün eləyiblər... Nə az, nə çox iyirmi
beş illiyə! Bu nə müsibət idi görəsən?
Qürbətdə
yaşadığı illər Ələkbərin iradəsini
qıra bilmədi. Əsla əyilmədi, büdrəmədi,
sınmadı, çünki qəlbinin dərinliklərində
Kommunist partiyasının ideallarına inanırdı. Amma son
məqamda belə məlum oldu ki, bütün bunlar əbəsmiş!
Birdən İbrahimi
xatırladı. 1928-ci ildə onu pantürkist
ideyalarını yaymaqda təqsirləndirdilər. Türkiyəyən
indi dostuq, qardaşıq. Amma o vaxtlar... Stalin və onun
bolşevik nökərləri qorxurdular ki, Ankara SSRİ-də
yaşayan bütün türkləri bir bayraq altında birləşdirib
ayağa qaldıra bilər. Elə buna görə də
Türkiyəyə meylli, türk xalqlarının birləşməsinə
çalışanları ən yaxşı halda uzaq Sibirə
sürgün gözləyirdi.
İbrahimlə
yaxınlığına görə Ələkbər
Rzaquliyev tezliklə həbs olundu. Altı il sürgün kəsildi
və günlərin bir günü soyuq Arxangelskə göndərildi.
- Mən şübhələnirdim
ki, kimsə mənim atamı yalandan ittiham eləyib. Yəqin
onu sübutsuz-filansız həbs etmişdilər. Atam Azərbaycanın
ilk komsomolçularından idi. Birdən-birə necə
olmuşdu ki, atam dönük çıxmışdı? Bu
ağlasığan iş deyildi... - oğlu Aydın belə
fikirləşirdi.
İki sürgün
arası dövrdə Bakıda olanda Ələkbər
Rzaquliyev evlənməyə macal tapdı. Bir müddət
keçəndən sonra onun həyat yoldaşı Sonanı
Arxangelskə yola saldılar. Bir müddət əriylə bir
yerdə yaşayandan sonra Bakıya qayıtdı və tezliklə
onların Ədilə adlı bir qızları dünyaya gəldi.
Birinci sürgündən
qayıdandan sonra Ələkbər Bakıda təsadüfən
bolşeviklərin lideri Ruhulla Axundovla üz-üzə gəldi.
Onun bu tezliklə qayıtdığına təəccüblənib,
təzədən göstəriş verdi ki, onu sürgünə
göndərsinlər. Bu dəfə Ələkbəri həbs
edib soyuq Şimala, Solovkiyə yola saldılar.
Ələkbər
Rzaquliyevin Rəssam Rasim Babayevə danışdığı
xatirələrindən:
"- Sürgün
zamanı məni bir təsadüf nəticəsində
ağqvardiyaçılarla bir zirzəmiyə
salmışdılar. Səhər həbsxana rəisi gəlib
siyahını oxudu. Məlum oldu ki, adları çəkilənlər
güllələnməlidirlər. Amma mənim adım bu
siyahıda yox idi.
Həbsxana rəisi
üz-gözünü turşudub mənə baxdı və xəbər
aldı:
- Sən kimsən? Niyə
sən hələ burdasan?
- Mən rəssamam. Siz
mənim adımı çəkmədiniz.
Rəis heyrətləndi
və məni vurub bərkdən qışqırdı: "Rədd
ol burdan!"
Beləcə, mən gəlib
düşdüm Solovkiyə. Bu elə
bir yer idi
ki, burdan o yana yol
yox idi. Geriyə qayıtmaq hər adamın hünəri deyildi. Əvvəlcə mən yaman
aclıq keçirirdim,
amma tezliklə başa düşdüm ki, nəyin bahasına olur-olsun birtəhər sağ qalmalıyam. Meşədən quş yuvaları tapıb yumurtalarla qidalanmalı olurdum. Bütün bunlar bir keşiş
mənə küfrlük
etdiyimi deyənəcən
davam etdi. Qısa sorğu-sualdan sonra o, mənə monastrda yaşamağı təklif
etdi.
Amma bu, uzun
sürmədi...
Tezliklə məni
tayqaya, taxta-şalban kəsməyə göndərdilər və
mən burada barmağımı əzdim. Tayqada hamı
ölümə məhkum idi".
Ələkbər
Rzaquliyevin olduqca qəribə bir taleyi var. Ömrünün
demək olar ki, yarısını düşərgələrdə
keçirib. Amma bununla belə sınmadı, əyilmədi, ləyaqətini
itirmədi.
- 1937-ci ilin noyabrında
atam həbs olunanda körpə idim.- Bu, Ədilənin xatirələrindəndi.
O vaxt bir televiziya verilişində
danışmışdı.- 1947-ci ilə qədər bizi
bir-birimizdən ayrı saldılar. Uzun illərin
ayrılığından sonra görüşəndə
bir-birimizi tanımadıq. Atam dözə bilməyib
hönkür-hönkür ağladı. Öz valideynlərinə
minnətdarlıq elədi. Onlar bu illər ərzində bizim
heç nədən korluq çəkməməyimiz
üçün əllərindən gələni eləmişdilər.
İkinci sürgündən
qayıtdıqdan sonra Ələkbər Rzaquliyev ailəsiylə
bərabər Azərbaycanın şimal-qərb
rayonlarında, doğma ocaqlarından uzaqda yaşamalı oldu.
Bakı onun üçün əsl cəhənnəmə
çevrilmişdi. Bütün bunlara baxmayaraq o, öz
doğma şəhərini dünyalar qədər sevirdi.
Yenə də Ədilə
xanımın xatırladıqlarından:
- Hökumət onun
Bakıda yaşamasını istəmirdi. Biz əvvəlcə
Gəncədə, sonra da Şəkidə yaşamalı
olduq. Yadımdadı o vaxtlar Şəkidə ipək
kombinatı işləyirdi. Atam onlarçün eskizlər eləyirdi.
Eyni vaxtda məktəbdə də dərs deyirdi.
Bir dəfə evdə
atam və babamla oturmuşdum. Elə bu vaxt bizə Bəhram
adlı yaraşıqlı bir kişi yaxınlaşdı. O,
Gəncə teatrında rejissor işləyirdi. Bəhram atama
yaxınlaşıb onun ayaqlarına yıxıldı: "O
illər üçün, o sözlər üçün məni
bağışla!". Amma atam ona cavab verməyib,
üzünü çevirdi.
Babam bütün
bunları görüb, atama dedi: "Ələkbər,
görmürsən o, səndən üzr istəyir?" Atam
cavabında dedi": Yox, mən onu ömrümdə
bağışlamaram, Onun sözlərinə görə mən
bütün ömrümün demək olar yarısını
sürgünlərdə keçirmişəm".
1949-cu ildə ikinci
qızı Sevil dünyaya gələndən sonra, Ələkbər
Rzaquliyevi yenidən həbs eləyib, bu dəfə uzaq Altay
ölkəsinə sürgünə göndərdilər. Sürgündə
olduğu illərdə Berta adlı bir alman qadınıyla evləndi.
Bertanın valideynləri, eləcə də nənəsi və
babası Saratovda alman qəsəbəsində
yaşayırdılar. İkinci Dünya müharibəci
başlananda, Bertagilin ailəsi SSRİ-də yaşayan
başqa alman ailələri kimi bu yerlərə sürgün
olundular.
- Ailədə yeganə
adam idim ki, atamın ikinci evliliyini bilirdim. O, gizlicə mənə
yazmışdı ki, onun ikinci dəfə evlənməsindən
qəzəblənməyim. Deyirdi bunu ona görə eləmişəm
ki, soyuqdan və acından ölməyim. Bertayla evlənəndən
sonra atam özünə isti sığınacaq tapdı.
Ələkbər
Rzaquliyevin alman qızı Bertadan iki oğlu - Oqtay və
Aydın, bir də qızları Sevda dünyaya gəldi.
İllər hiss olunmadan keçirdi. Hamısı da bir-birinə bənzəyirdi. Adama elə gəlirdi ki, həmişə belə olacaq. Amma günlərin bir günü düşərgədə xəbər yayıldı ki, Stalin vəfat eləyib. Buna heç kəs inanmaq istəmirdi. Hamı fikirləşirdi: "Doğrudanmı bizim əzablarımızın sonu çatıb?"
Üç gün dalbadal Ələkbər bir kəlmə danışa bilmədi. Hamıya elə gəlirdi ki, o, nitqini tamam-kamal itirib...
1956-cı ildə Ələkbər
Rzaquliyev sürgündən qayıtdı. Stalin
repressiyaları dövrünə son qoyuldu.
60-cı illərin
sonunda Berta və uşaqlarına Ələkbərlə Azərbaycanda
yaşamağa icazə verdilər.
Oğlu Aydının
xatirələrindən:
- O illər mən ikinci
sinifdə oxuyurdum. Bakıya heç cür alışa bilmirdik. Biz yalnız
alman dilini bilirdik. Azərbaycanca, rusca heç
nə başa düşmürdük, tezliklə
hər şey qaydasına düşdü.
O vaxt biz Montin qəsəbəsində yaşayırdıq.
25 il sürgün! Soyuq Sibir...
- Sürgündən
sonra atamın əlləri daşa dönmüşdü- Bu Ədilənin
xatırladıqlarındandı.- Qələmi əlində
çox çətinliklə tuturdu. Uzun sürən
sürgünlər atamın xasiyyətinə ciddi təsir eləmişdi.
Yaman qaradinməz olmuşdu, həmişə yorğun
görünərdi, demək olar ki, heç vaxt gülməzdi.
Bu onun fotolarından da hiss olunurdu.
Nə etməli? Hər
şeyi yenidənmi başlamalı? Bəlkə heç dəyməz?
Axı ömrünün ən yaxşı illərini
itirmişdi...
Bütün həyatı
boyu Ələkbər Rzaquliyev cəmi iki rəngli şəkil
çəkib - "Azərbaycanlı qız" və
"Güləşçilər"... Qalanları iki rəngdədi:
ağ və qara... Lap öz həyatı kimi...
R.Mustafayev adına
İncəsənət muzeyində rəssamın
adlarını çəkdiyimiz işləri
saxlanılır. Çox maraqlı bir iş olan
"Mollaxana" və digər qiymətli əsərlər təəssüflər
olsun ki, itib. Yaxşı ki, rəssamın arxivində
"Mollaxana"nın çap edildiyi jurnaldan kəsilmış
parça qalıb. Sonralar, 60-cı illərdə, rəssam
yaddaşı əsasında kompozisiya və obraz quruluşuna
görə 20-ci illərin rəsmini xatırladan "Köhnə
məktəb" linoqravürünü çəkib. Dieqo
Rivera Moskvada olarkən, onun rəsmlərini görüb
deyir": Bu gəncə deyin ki, o düzgün yol seçib,
qoy belə işləməyə davam etsin".
Sürgündən
qayıtdıqdan sonra Ələkbər Rzaquliyev gecəni
gündüzə qatıb işləyirdi. Emalatxanasından
demək olar ki, çıxmırdı.
Aydının
xatırladıqlarından:
- Hər səhər
saat yeddidə atam emalatxanaya gedərdi. Gündüz cəmi
yarım saatlığa evə gəlib yüngülcə qəlyanaltı
eləyib təzədən emalatxanaya qaçardı.
Ədilənin
xatırladıqlarından:
- O daim işlə məşğul
idi. Sürgün illəri onun çox vaxtını
almışdı. Ona görə də itirdiklərini təzədən
yerinə qoymaq istəyirdi.
Ələkbər
Rzaquliyev yorulmaq bilmədən özünün ağ-qara
linoqravürlərini yaradırdı. Köhnə Bakı elə
bil təzədən canlanırdı. Neçə illərin
yaddaşı kağıza köçürdü.
63-cü ildə 60 illik
yubileyində rəssam özünün ilk fərdi sərgisini
təşkil elədi. Az sonra Əməkdar rəssam adına
layiq görüldü. Onun işləri Puşkin muzeyində,
Ermitajda, Şərq xalqları muzeyində və
başqalarında göstərilir. Bu gün onun işlərinə
maraq olduqca böyükdür...
Çingiz KƏRİMOV