Milləti təmsil edən alim

 

İsa Həbibbəyli o alimlərimizdəndir ki, elmin mənəvi yükünü çiynində daşıyır. Azərbaycan ictimai fikir tarixində, ədəbiyyatşünaslığında, azərbaycançılıq elminin formalaşmasında İsa Həbibbəyli yeni bir mərhələdir. İsa müəllim bu gün sorağına düşülən, axtarılan alimlərdəndir. Belə alimlərin, şəxsiyyətlərin sayı həmişə az olub. İsa müəllim alimliyin mənəvi ucalığını, qədrini, dəyərini özünün çoxtərəfli elmi və ictimai fəaliyyəti, öz fikri, baxışı, öz yanaşma metodu ilə meydana qoyan vətəndaş alimdir. Belə alimlərə, belə ziyalılara həyatımızda o qədər ehtiyac duyulur ki!

Bəzən normalar, ölçülər, münasibətlər öz yerini o qədər dəyişir, pozulur ki, getdikcə cəmiyyətdə adi hal kimi qarşılanır. Bu vəziyyətdə düz adamın düzlüyü, sözünün sahibi olması qeyri-adi hesab edilir. Şəxsiyyətin bütövlüyü də bu mənada qeyri-adi görünür. İsa Həbibbəyli belə qeyri-adi şəxsiyyətlərdən, qeyri-adi alimlərdəndir.

Alimin xalqa və elmə sədaqəti öncə onun özünə, öz sözünə sədaqətidir. Bu da İsa müəllimdə müşahidə edilən sədaqətdir. İsa müəllim bir alim və insan kimi, heç vaxt həqiqətin, haqqın yanından sükutla keçməyib. Belə məqamlarda tale özü qoruyub onu. Zaman İsa müəllimin özünü də sınaqdan çıxarıb, sözünü də. İsa müəllimin qeyri-adiliyi onun özü üçün adidir. İsa Həbibbəylinin universiteti.

İsa müəllim Naxçıvanda böyük bir universitet yaradıb. Onun həm bünövrəsini qoyub, həm saraylarını ucaldıb; onu tək Azərbaycanın yox, həm dünyanın nəhəng elm ocağına, elm sənət məbədinə çevirib.

İsa Həbibbəylinin yaratdığı, Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti bu gün Naxçıvanda şəhər içində şəhərdi. Burada əsas universitetin tərkibində bir neçə universitet birləşib: Tibb universiteti- xəstəxana, konservatoriya, rəssamlıq məktəbi. Naxçıvan Universitetində bu gün "Tələbə Teatrı" və "Tələbə Opera Studiyası" fəaliyyət göstərir; universitetin "Şən və hazırcavablar klubu", "Tələbə" xalq çalğı alətləri ansamblı, "Yallı" rəqs qrupu, "Firuzə" və "Billur" vokal qrupları, xor kollektivi böyük uğurlar qazanıb.

Universitetdə yaradılmış "Atatürk Araşdırma Mərkəzi" Azərbaycanda və qardaş Türkiyədə fəaliyyət göstərən Atatürk Mərkəzləri ilə müntəzəm əlaqə saxlayır. Burada Atatürk-Heydər Əliyev irsinin öyrənilməsi və yayılması İsa müəllimin şəxsən özünün rəhbərliyi altında, alimləri və tələbələri yeni elmi araşdırmalara həvəsləndirir. Erməni-rus təcavüzünə qarşı yaradılmış "Soyqırım və Deportasiya Mərkəzi", "Regionun inkişafı problemləri laboratoriyası" Muxtar Respublikada elmi-ictimai fikrin inkişafında və formalaşmasında mühüm rol oynayır.

"Heydər Əliyev universiteti", Ulu öndərin ölməz ideyalarının dərindən öyrənilməsinə və təbliğinə xidmət edir: İsa müəllim hər dəfə düşünüb hazırladığı yeni elmi-ictimai tədbiri Muxtar Respublikanın rəhbəri Vasif Talıbovla birlikdə müzakirə edir və onun dəstəyi və qayğısı ilə həyata keçirir.

 

O, KİMLƏRİ ÖZÜNƏ DOST BİLİR?

 

İsa müəllimin təkcə Naxçıvanda deyil, Bakıda, bütün Azərbaycanda, qardaş Türkiyədə dostları çoxdur. Onların sırasında Azərbaycan MEA Naxçıvan bölməsinin prezidenti, akademik, millət vəkili İsmayıl Hacıyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, tarix elmləri doktoru, professor Abbas Seyidov, "Kainat" Elm Mərkəzinin prezidenti Mirələkbər Seyidov xüsusi yer tutur.

Bunları düşünündə fikrimdən bir sual keçdi: İsa müəllim kimləri özünə dost bilir? Əlbəttə ki, öncə Azərbaycanı sevənləri.

Mən bu böyük alimi və dəyərli insanı bir vaxt gendən-genə tanıyırdım, fəxr edirdim ki, Azərbaycanımızın belə şöhrətli alimi var. Bir axşam evimdə telefonum səsləndi, dəstəkdən doğma səs eşitdim: "Danışan İsa Həbibbəylidir. Sabah sizi Naxçıvanda gözləyirəm. Mirələkbər Seyidovla əlaqə saxlayın. O, sizi yola salacaq".

Mirələkbər Seyidov da vətənsevər, qeyrətli ziyalımızdır. Səhər açıldı - xeyirə açıldı. Mirələkbər müəllim və professor Abbas Seyidovla birlikdə təyyarə ilə Naxçıvana gəldik. Doğma şəhərlə qısa tanışlıqdan sonra hərbi maşında Kiçik Qafqazın ən uca zirvəsinə qalxdıq. Bura ilin on ayı qarla örtülü Gəmiqayadır. Bir gün sonra burada Beynəlxalq Gəmiqaya simpoziumu öz işinə başladı. Gəmiqayada və yenidən Naxçıvanda Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovla, alimlər və tələbələrlə görüşlərimiz unudulmaz oldu.

İsa müəllim Naxçıvanın ictimai həyatında fəal iştirak edir, vacib problemlərin həllində öz təşkilatçılıq bacarığını əsirgəmir. Onun elmi və ictimai xidmətlərinin hamısını bir qəzet söhbətində sadalamaq mümkün deyil. Onu əlavə edə bilərəm ki, siyasət dünyasının gizli-aşkar diqtələri İsa müəllimi öz sözündən, fikrindən döndərə bilmir. Tanıyanların hamısı eyni fikri vurğulayır: İsa müəllim sözünün ağasıdır. O, bir alimin, tələbənin haqqını müdafiə edərkən düşünməz ki, bu kiminsə qohumu, yaxınıdır, ya yox. İsa müəllim başqasının elmi hünərinə qısqananları bağışlamır.

Nuhun qəbrinin tapılması son illərin sensasiyalı xəbərlərindən idi. Telefon söhbətimizdə mən ona, o da mənə gözaydınlığı verdik - Nuhun qəbrini tapmaqda, - dedi - Azərbaycanın ilk professional rəssamı Bəhruz Kəngərlinin 5 tablosu köməyimizə gəldi.

Bu gün Nuhun qəbrinin üstündə bəşəriyyəti dünya daşqınından xilas elmiş ulu peyğəmbərin, türkün ulu babasının əzəmətli məqbərəsi ucaldılıb. Bu möhtəşəm abidə Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun, akademiklər İsa Həbibbəyli və İsmayıl Hacıyevin xidmətləri sayəsində başa gəlib. Şübhəsiz, burada başqa elm adamlarının da halal payı var, xidmətləri var.

 

ALİMİN ƏDƏBİ FİKİR TARİXİMİZƏ TÖHFƏSİ

 

İsa Həbibbəylinin 2007-ci ildə işıq üzü görmüş "Ədəbi-tarixi yaddaş və müasirlik" adlı fundamental kitabı ədəbiyyatşünaslığımıza, ədəbi fikir tariximizə yeni böyük töhfədir. Burada İsa müəllim təkcə ədəbi tənqidçi kimi yox, həm də böyük dilçi, tarixçi, etnoqraf, arxeoloq, qorqudşünas, türkoloq və mətbuat tarixçisi kimi çıxış edir. Kitaba daxil edilmiş "Gəmiqaya dünyası: Nuh peyğəmbər, Naxçıvan və Gəmiqaya" və "Naxçıvan şəhərinin yaşı: Beş min il" adlı tədqiqatlar dünya tarixşünaslığını zənginləşdirən misilsiz əsərlərdir. Burada toplanmış zəngin faktlar, dərin elmi təhlil və çıxarılan nəticələr hər azərbaycanlıda qürur hissi oyadır. İsa müəllim bütün xalqlara hörmət bəsləyir; öz xalqının-millətinin isə o, əsl vurğunudur.

 

 

Əjdər FƏRZƏLİ,

filologiya elmləri namizədi

 

525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.14.