Ölümdən yuxarıda
...O gün yağış yağdı.
Yəqin mənim ürəyimi boşaltmağımçün.
Çox da yağış sevən deyiləm. Amma görüm bunu məndən xəbər alan var?
O gün də xəbərsiz-filansız
yağdı. Beynimdə qəfil dolaşan fikirlər
üşütdü məni. Ölümündən bir
neçə ay keçən atamın və yayda ilini
verdiyimiz Məmməd Nazimoğlunun torpaq altda, min ilin
ölülərinin yanında, yerin-yurdun selə-suya qərq
olduğu vaxtda neylədiklərini soruşdum özümdən.
Görən torpaq onların nəm yorğan-döşəyini
nə vaxt qızdıracaq?
Arada bu mənasız suala
görə özümü qınadım da. Noolsun, sakitləşəmmədim.
Beynim-başım dincəlmədi. El içində çox
işlənən bir kəlam neçə yol fikrimdə
dolandı: Çalış - ölmə, öldün -
qurtardı.
Ölüm
sözünü belə çılpaqlığıyla,
soyuqqanlı dediyimə görə qınamasınlar məni. Atamın
və Məmmədin ruhu da məni bağışlasın. Bu
məqamda ölümə fiziki, bioloji hadisə kimi
yanaşdım. Məhz buna görə hər iki insanı
ölümdən yuxarıda, ölümsüzlük
qatında görürəm. Səbəb bəllidi: əməllərinin
müqabilində.
Məmməd
Nazimoğlu 49 yaşı tamamlamağa macal tapmadı. Bir-birindən
gözəl yazıları, hələ-hələ ələ
düşməyən umacaqsızlığı, mədəniyyətiylə
ürəklərdə yuva qurmağa macal tapsa da, ömür
məsələsində kəmfürsət fələk bir
azca qıymadı. Dünyanın yaşının yanında
bir az deyirəm. O bir azca ki bizim üçün əməlli-başlı
möhlətdi. Hər halda bu sevda baş tutsaydı, ümid bəsləyə
bilərdik. Məmmədin can yoldaşı, sirdaşı Mətləb
Nağının bir vaxt dediyi kimi:
Yer
üzü sükutdu, yaxşı,
Göy
üzü buluddu yaxşı,
Yeməkdən
umuddu yaxşı.
Ümidlərin
doğrulmasıyla sonluğun dəyişəcəyini
güman eləməyə dəyər-dəyməz - söyləmək
çətindi. Nədən ki dostumuz hansı yaşda
köçünü sürsəydi, yenə "nakam"
adını alacaqdı. Kim bilir, bəlkə həmin Mətləb
Nağıya, Məmmədin sözü olmasın,
dünyanın ən nikbin insanına ümiddən
üzülməyiydi sonradan bu misraları yazdıran:
Mən də
adi insan idim
hamı
kimi yaşamaq
istəyirdim
ölüncə
Yeri, əcəlim,
yeri,
Mən gəlirəm
dalınca...
Hərçənd
Mətləb bunu da demişdi:
...Qoy bu
güldən bezim, ölləm,
Doysa
könlüm-gözüm, ölləm.
Ölən
olsam, özüm ölləm,
Ölüm,
məni tələsdirmə!
...Yüz
ildi "doydum" demirəm,
Əlimdən
bezdimi dünya?
Nə il,
nə aydı - demirəm,
Gecdimi,
tezdimi, dünya?
...Yoldu,
addanıb keçilən,
Sudu, bir
qurtum içilən.
Beş
günlük ömrə biçilən
Beş
arşın bezdimi dünya?..
Bir yandan tələsməmişdi,
yaşamaq istəmişdi, o biri yandan dünyanın faniliyini kəsdirib,
adidən-adi baxmışdı həyata. Dostu Nazimoğlu kimi.
Məmmədi anlayan,
duyan çoxudu. Və həm də, deyəsən, Məmmədi
anlayan, duyan yoxudu. Kefinin kök, üzünün gülər
vaxtında belə gözləri dərdli olardı. Nə mənalar
yoxuydu o gözlərdə? Bütün zamanların
işıqlı insanları kimi millət yanğısı, vətən
təəssübkeşliyi, haqq-ədalət təşnəliyi
onun da rahatlığını əlindən
almışdı. Çarə tapmadığı
müşküllərə içində
vuruşdura-vuruşdura yollar arayırdı. Onun gözlərindən
el-oba yüküylə şələlənmiş
qayğı yağardı. Buydu o gözlərin mənası.
Məmməd axır illər
xəstəlik tapmışdı. Gözümüz görə-görə
əriyirdi. Dolu vücudu yığcamlaşırdı. Qəribədi,
cismən kiçildikcə dəyəri, sanbalı,
istedadı bir o qədər çox görünməyə
başlayırdı. Sonuncu iş yerində
çalışdığı vaxtlarda enerjisi
aşıb-daşırdı. Yazmaq, layihələr işləmək,
kitabların nəşrində iştirak... Sanki sonuncu şans
olduğunu kimsə qulağına
pıçıldamışdı. Məmməd
vicdanının səsinə həmişə qulaq
asmışdı və təbii, yenə ona xilaf
çıxmamışdı. Bütün gücü və əzmkarlığıyla
meydandaydı, çalışdığı Söz
Azadlığını Müdafiə Fondunun tanınması
da onun sayəsindəydi.
Məmməd
dünyasını dəyişəndə çox şeyə
boyun olan oldu, çox vəd verən tapıldı. Mükafat
təsis edilməsindən, hər il üç tələbə
jurnalistə Məmmədin adını daşıyan təqaüd
verilməsindən, haqqında sənədli film çəkilməsindən,
sayt yaradılmasından tutmuş doğulduğu Ağdaş
torpağında xatirəsinin əbədiləşdirilməsinəcən
nələr söylənmədi.
Sentyabrın
28-i Məmməd Nazimoğlunun
növbəti ad günüdü.
50 yaşı bitəcəkdi. Bizimlə bir
arada olsaydı, Allahın çayıyla da bu günü
qeyd eləyə bilərdik. İndisə... yavanlıq yerinə
Məmmədin öz yazdıqları dadıma çatır. Məncə, doyumluğa yetər.
Əlimiz Məmmədə
yetməsə də...
"Ölüm
yalnız ona görə dəhşətlidir ki, səni
gözləyirlər, amma sən gələ bilmirsən...
Şəklə diqqətlə
baxsanız görərsiniz ki, mənim cavan qalmağım
abırsızlıqla bağlı məsələ deyil...
Bizim məmləkətdə
vaxt yeganə şeydi ki, tam demokratik keçir...
Mənim bir dostum
vardı. İndi o yoxdur. Deyəsən,
mənim də ruhum onun azad
ruhuna qoşulub gedib...
O yazını mən
yox, ayrı bir Məmməd Nazimoğlu yazacaq. Əlbəttə,
əgər doğulsa...
Bütün hallarda,
camaat, ölməkdən qalmaq yaxşıdı. Bəs biz
ölüb getsək, bu işlərin axırını
görə bilmərik axı..."
Seymur ELSEVƏR