Azərbaycan təhsili: yaxın keçmişə, bu
günə və gələcəyə bir baxış
M. MƏRDANOV
(əvvəli ötən şənbə
saylarımızda)
Hörmətli oxucular,
ötən məqalədə ulu öndər Heydər Əliyevin
15 iyun 1999-cu il tarixli sərəncamı ilə təsdiq
olunmuş müstəsna əhəmiyyətə malik tarixi bir
dövlət sənədinin - "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı"nın strateji istiqamətləri, Azərbaycan
höküməti ilə Dünya Bankının Beynəlxalq
İnkişaf Assosiasiyası arasında bağlanmış
"İnkişaf üçün kredit haqqında
Saziş"in mahiyyəti, bu Saziş üzrə müəyyən
olunan layihə çərçivəsində həyata
keçirilən tədbirlərin məzmunu ilə Sizi
tanış etmişdim. Bu məqalədə isə 2003-2007-ci
illəri əhatə edən Təhsil Sektorunun İnkişaf
Layihəsi daxilində müəyyən olunan komponent və
alt-komponentlər üzrə nəzərdə tutulan tədbirlərin
icra vəziyyətini diqqətə çatdırmaq istərdim.
Layihə ilə
bağlı əməli fəaliyyətə başlarkən,
ilk öncə, Təhsil Nazirliyinin əmrinə əsasən
layihənin milli əlaqələndiricisi və alt-komponentlər
üzrə koordinatlar müəyyənləşdirilmiş, hər
bir alt-komponentə aid geniş icra planı hazırlanıb
Dünya Bankı ilə
razılaşdırılmışdır. Layihə çərçivəsində
nəzərdə tutulan tədbirlərin bir hissəsinin pilot
rayonlarında həyata keçirilməsi
planlaşdırıldığından Azərbaycan hökuməti
və müvafiq nazirliklərlə razılaşmaya görə
İsmayıllı (dağ rayonu), Ucar (aran rayonu) və indiki
Şirvan (respublika tabeli şəhər) pilot rayonları kimi
təsdiq olunmuşdur.
Qeyd edilən pilot
rayonlarda aşağıdakı işlərin yerinə yetirilməsi
nəzərdə tutulmuşdur:
- məktəb şəbəkəsinin
rasionallaşdırılması və getdikcə təkmilləşdirilməsi;
- pedaqoji kadrların məktəblərdə
səmərəli yerləşdirilməsi;
- məktəblərin təmiri
və maddi-texniki bazanın möhkəmləndirilməsi;
- Məktəb Qrantı
Proqramı vasitəsilə ümumi təhsildə bərabər
imkanların yaradılması, məktəblərdə
innovasiyaların tətbiqi sahəsində müvafiq tədbirlərin
həyata keçirilməsi, pilot məktəbləri
arasında layihə müsabiqələrinin təşkili;
- ümumtəhsil məktəblərinin
maliyyələşdirilməsi və büdcəsinin
formalaşdırılması üzrə eksperimental qaydada
islahatyönümlü tədbirlərin (maliyyə müstəqilliyi,
adambaşına maliyyələşdirmə, büdcə təsnifatı
və s.) yerinə yetirilməsi.
Təhsil Sektorunun
İnkişafı Layihəsinin ötən məqalədə
qeyd olunan komponent və alt-komponentlərlə müşayiət
edilməsi heç də təsadüfi xarakter
daşımamışdır. Bunlar hələ Layihə
formalaşmamışdan əvvəl 2002-2003-cü illərdə
ölkənin ümumi təhsil sistemində aparılan
araşdırmaların, eləcə də xarici ölkə
ekspertlərinin tədqiqatlarının nəticələrinə
əsasən reallıq nəzərə alınmaqla müəyyən
edilmişdir. Həmin nəticələri ümumiləşdirilmiş
şəkildə aşağıdakı kimi
qruplaşdırmaq olar:
- mövcud təhsil
sistemi iqtisadi və sosial mühitin tələblərinə
cavab verən bilik və bacarıqlara malik məzunlar
hazırlamır;
- hazırkı tədris
proqramları köhnəlmiş və həddən artıq
yüklənmişdir, bunlara daxil olan məlumatların
böyük hissəsi bazar iqtisadiyyatı və demokratik cəmiyyətin
tələblərinə uyğun deyildir;
- mövcud proqramlar
sistemi inkişaf üçün bilik və bacarıqların
sadədən mürəkkəbə doğru mütərəqqi
irəliləyişini və fənlərin
inteqrasiyasını təmin etmir;
- fənlər çərçivəsində
verilən bilik və bacarıqlar, əsasən, sərt
prosedurlara, fakt və məlumatların əzbərlənməsinə
yönəlmişdir, şagirdlərdə düşünmə,
nəticə çıxarma, müstəqil fikir yürütmə,
əsaslandırma bacarıqlarını formalaşdırmaqdan
çox uzaqdır;
- dərslik və oxu
materiallarından istifadə imkanları aşağı səviyyədədir;
- əsas təlim və
tədris materialları çatışmır;
- şagirdlərin
informasiya-kommunikasiya texnologiyalarından istifadə
bacarıqları zəifdir;
- müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi
üzrə innovativ mexanizmlər kifayət qədər
deyildir;
- ixtisasartırma prosesi
hələ də mexaniki xarakter daşıyır, tələbdən
çox təklif üzərində qurulur;
- pedaqoji institutlarda səmərəli
təlim və tədrisin təşkili üçün zəruri
avadanlıq və materiallar çatışmır;
- təhsil sektorunda vəsait
bölgüsünün düzgün aparılmaması təlim
nəticələrinə mənfi təsir göstərir,
kommunal xərclərə ayrılan vəsait zəruri tələbləri
ödəmir;
- təhsil sektorunda
pedaqoji kadrların tələb edildiyindən artıq
olması əməkhaqqı xərclərinin səviyyəsini
xeyli yüksəldir;
- şagird nailiyyətlərinin
qiymətləndirilməsi üzrə səmərəli sistem
olmadığından onların ümumi təhsil üzrə
təlim nəticələrinə dair etibarlı məlumat mənbəyi
mövcud deyildir və hazırkı qiymətləndirmə
sistemi şagirdlərin bacarıqlarına deyil, onların hafizə
imkanlarına yönəlmişdir;
- təhsil sistemində
strateji təhlillər və məqsədyönlü
planlaşdırma zəif aparılır, təhsilin idarəolunması
üzrə məlumat sistemi qurumu yaradılmamışdır
və s.
Təhsil Sektorunun
İnkişafı Layihəsi rəsmi olaraq 2003-cü ilin 18
dekabrında qüvvəyə minmişdir. 2004-cü ilin
yanvarından isə Layihənin icrasına
başlanmışdır. Layihənin başlanğıc mərhələsi
Təhsil Nazirliyinin strukturunda edilən mühüm dəyişikliklərlə
əlamətdar olmuşdur. Belə ki, ümumi təhsil
sistemində aparılmış tədqiqatların nəticələri
nəzərə alınaraq nazirlikdə 3 yeni şöbə,
Şagird nailiyyətlərinin qiymətləndirilməsi,
Strateji təhlil və planlaşdırma, Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbələri, Təhsil Problemləri
İnstitutunun nəzdində Kurikulum Mərkəzi
yaradılmışdır.
"Ümumi təhsilin
keyfiyyəti və real tələbatlara uyğunluğu"
komponentinin əhatə etdiyi alt-komponentlər ("Kurikulum
islahatı", "Müəllim
hazırlığı", "Dərsliklər və oxu
materialları") bilavasitə ümumi təhsilin məzmununun
yeniləşməsinə və müasir dünya təcrübəsi
əsasında təkmilləşdirilməsinə, keyfiyyətcə
yeni səviyyəyə yüksəldilməsinə, mövcud
müəllim hazırlığı sisteminin forma və məzmun
etibarı ilə yenidən qurulmasına, müasir tələblərə
cavab verən dərslik və dərs vəsaitlərinin
hazırlanmasına yönəldilmişdir.
Həmin komponentin birinci
alt-komponenti olan "Kurikulum islahatı"nın istiqamətləri
müəyyənləşdirilərkən bu sahədə həm
ümumi dövlət tələbini ifadə edən konseptual
sənədin, yəni Milli Kurikulumun, həm də ümumtəhsil
məktəblərində tədris olunan hər bir fənn
üzrə ayrıca kurikulum sənədlərinin
hazırlanması qərara alınmışdı. Məntiq
bundan ibarət idi ki, dövlət tələbi olmadan fənlərin
məzmununu, qiymətləndirmə mexanizmlərini, təlim
strategiyalarını təyin etmək mümkün deyildir.
Milli Kurikulum sənədi
hazırlanarkən bu işin yerinə yetirilməsinə
köməklik məqsədilə beynəlxalq məsləhətçi
şirkəti seçilməli idi. Bununla əlaqədar
mövcud qaydalar daxilində müsabiqə-tender keçirildi
və Hollandiyanın təhsil sahəsində nüfuzlu təşkilatı
olan "CİTO" qrupu qalib oldu.
Milli Kurikulum sənədinin
hazırlanmasında tanınmış alim-pedaqoqlar, təhsil
mütəxəssisləri, metodistlər, məktəb rəhbərləri,
müəllimlər yaxından iştirak etmişlər. Bu sənəd
formalaşdırılarkən xeyli sorğular
keçirilmiş, hazırkı dövrdə ictimaiyyətin təhsil
ehtiyacları, dünya təcrübəsi nəzərə
alınmışdır.
Gərgin əmək sayəsində
ərsəyə gətirilmiş bu sənəd Azərbaycan
hökumətinə təqdim olundu və ümumi təhsil
üzrə təlim nəticələrini və məzmun
standartlarını, ümumi təhsilin hər bir pilləsində
nəzərdə tutulan fənləri, həftəlik dərs
və dərsdənkənar məşğələ
saatlarının miqdarını, fənn kurikulumlarının
strukturunu, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin
qiymətləndirilməsi və monitorinqi üzrə əsas
prinsipləri əhatə edən "Azərbaycan
Respublikasında ümumi təhsilin konsepsiyası (Milli
Kurikulumu) Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233
nömrəli qərarı ilə təsdiq olundu. Beləliklə
də, ümumi təhsil sistemində "hafizə",
"yaddaş" məktəbindən "təfəkkür",
"düşüncə" məktəbinə keçidin
real əsası qoyuldu.
Sonrakı mərhələdə
həmin konseptual sənədin müddəaları əsas
tutulmaqla fənn kurukulumlarının hazırlanmasına
başlanmışdır. Bu məqsədlə Təhsil
Nazirliyinin 8 fevral 2006-cı il tarixli, 87 nömrəli əmri
ilə fənn kurikulumlarını hazırlayan 389 nəfərdən
ibarət 23 işçi qrupu yaradılmış, onların tərkibinə
nüfuzlu alim və metodistlər, orta məktəb müəllimləri
daxil edilmişdir. İşçi qruplarına AMEA-nın həqiqi
üzvləri Telman Əliyev (informatika), Urxan Ələkbərov
(biologiya), Bəkir Nəbiyev (ədəbiyyat), Vasim Məmmədəliyev
(ərəb dili), Akif Hacıyev (riyaziyyat), AMEA-nın
müxbir üzvləri Nizami Cəfərov (ana dili), Vaqif
Abbasov (kimya), Yaqub Mahmudov (tarix), elmlər doktorları,
professorlar Mirzəli Murquzov (fizika), Sabir Mirzəyev (riyaziyyat),
Müseyib Müseyibov (coğrafiya), Ağacan Abıyev (fiziki tərbiyə),
Fəxrəddin Veysəlov (alman dili) və başqa görkəmli
alimlər rəhbərlik etmişdir. İşçi
qruplarının, beynəlxalq və milli məsləhətçilərin,
digər mütəxəssislərin səyi ilə
hazırlanan fənn kurikulumlarının layihələri mətbuatda
dərc olunmuş, yerlərdə çoxsaylı müzakirələr
keçirilmişdir. Bütün bunların nəticəsi
olaraq yerlərdən alınmış rəy və təkliflər
əsasında kurikulum layihələri təkmilləşdirilmiş
və yekun variant hazırlanmışdır.
Bundan sonra Təhsil
Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmri ilə
respublikanın təlim Azərbaycan və digər dillərdə
aparılan ümumtəhsil məktəblərinin I-IV sinifləri
üçün yeni fənn kurikulumları və tədris
planları təsdiq olunmuşdur.
V-XI siniflər
üçün yeni fənn kurikulumları da, nəzərdə
tutulduğu kimi, 2007-ci ildə hazırlanmış və
hazırda onların təkmilləşdirilməsi prosesi icra
planına uyğun olaraq davam edir.
"Kurikulum
islahatı" alt-komponenti çərçivəsində
hazırlanmış sənədlərin mahiyyətinin
izahı və tətbiqi sahəsində öyrədici
xarakterli tədbirlərin həyata keçirilməsi zərurətini
nəzərə alaraq Azərbaycan Müəllimlər
İnstitutunun bazasında 2007-ci ilin yanvarından rayon (şəhər)
təhsil şöbələri metodkabinetlərinin ana dili və
riyaziyyat fənləri üzrə metodistləri
üçün bir həftəlik xüsusi təlim kursu təşkil
olunmuşdur. Eyni zamanda 2008/2009-cu tədris ilində I sinifdə
dərs deyəcək müəllimlərin 399 (324 Azərbaycan,
75 rus bölməsi üzrə) nəfəri Təhsil
Nazirliyinin 25 sentyabr 2007-ci il tarixli, 1011 nömrəli əmri
ilə Azərbaycan Müəllimlər İnstitutunda 10
günlük, 17 avqust 2007-ci il tarixli, 975 nömrəli əmri
ilə isə 36 nəfəri Naxçıvan Müəllimlər
İnstitutunda bir həftəlik öyrədici təlim
kurslarından keçərək sertifikat almışdır. Eyni
proses 2009/2010-cu dərs ili ərəfəsində də
aparılmış, ölkə üzrə I sinfə dərs
deyəcək 8900 nəfərə yaxın müəllim
öyrədici təlim kurslarından keçirilmişdir. Bu dərs
ilində eyni məzmunlu treninqlərin təhsil şöbələrinin
əməkdaşları və məktəb rəhbərləri
üçün də təşkili nəzərdə tutulur.
Təhsil Nazirliyi
UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə
birgə 23 pilot məktəbin seçmə yolla müəyyənləşdirilmiş
ibtidai sinif müəllimləri və Kurikulum Mərkəzinin
bir qrup əməkdaşı üçün 2 mərhələdə
fəal təlim üzrə 10 günlük treninq
keçirmişdir. Həmin treninqlərdə təlimin yeni
forma və üsulları açıqlanmış,
iştirakçıların fəal təlimin təşkili
ilə bağlı peşəkarlığının yüksəldilməsi
istiqamətində iş aparılmışdır.
Bakı, Sumqayıt
şəhərlərində, respublikanın digər bölgələrində
yeni fənn kurikulumlarının öyrənilməsinə həsr
olunmuş zona konfransları və seminarlar, Kurikulum Mərkəzində
"Kurikulum islahatı: problemlər, vəzifələr",
"Təhsildə inteqrasiya", "Təlim strategiyaları",
"Kurikulum pedaqoji anlayış kimi", "İbtidai təhsil
kurikulumunun xüsusiyyətləri", "Əsas və orta
təhsil kurikulumlarının xüsusiyyətləri",
"Yeni fənn kurikulumları və təlim
strategiyaları", "Taksonomiyalardan dərslərə"
mövzularında ibtidai sinif müəllimləri və məktəb
rəhbərlərinin, metodistlərin iştirakı ilə
müzakirələr keçirilmişdir.
Kurikulum
hazırlığı, tətbiqi və idarəolunması
üzrə məsələlərlə ətraflı
tanış olmaq, bu sahədə dünya təcrübəsini
öyrənmək məqsədilə 2007-ci ilin aprelində
Kanadaya 2 həftəlik tədris səfəri təşkil
olunmuşdur.
"Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" əsasında hazırlanmış fənn
kurikulumlarının tətbiqi ilə bağlı maarifləndirmə
tədbirlərinin səmərəliliyini yüksəltmək,
müəllimlərə metodik köməyi gücləndirmək,
ümumi təhsilin məzmununun təkmilləşdirilməsi
istiqamətində elmi-tədqiqat işlərini genişləndirmək
və bu sahədə qabaqcıl təcrübə nümunələrinin
yayılmasını təmin etmək məqsədi ilə
"Kurikulum" jurnalı təsis edilmiş, indiyədək
jurnalın 8 nömrəsi işıq üzü
görmüşdür.
"Müəllim
hazırlığı" alt-komponenti üzrə bir
neçə istiqamətdə iş aparılmış, cəmiyyətin
ehtiyac və tələbatına uyğun olaraq pedaqoji kadr
hazırlığı sahəsində tədbirlər həyata
keçirilmişdir. Yekun olaraq bu məsələ ilə
bağlı hüquq-normativ bazanı möhkəmləndirmək
zəruri hesab edilmiş, beynəlxalq və milli məsləhətçilərin
köməyi ilə "Fasiləsiz müəllim
hazırlığının konsepsiyası və
strategiyası" hazırlanıb Nazirlər Kabinetinin 25 iyun
2007-ci il tarixli, 108 nömrəli qərarı ilə təsdiq
olunmuşdur.
Bu alt-komponent üzrə
aparılan işlərin bir istiqaməti ibtidai sinif müəllimlərinin
ilkin hazırlığı ilə bağlı olmuş,
2006-2007-ci illərdə "Riyaziyyatın ibtidai kursunun nəzəri
əsasları və tədrisi metodikası","Xarici
dil", "Fiziki tərbiyə və onun tədrisi
metodikası", "Təsviri sənət", "Musiqi və
musiqinin tədrisi metodikası", "Texnologiya",
"Ana dili və onun tədrisi metodikası" fənlərinin
məzmunu yeniləşdirilmiş və ümumtəhsil məktəblərinin
ibtidai siniflər üzrə kurikulumlarına
uyğunlaşdırılmışdır.
Təhsil Nazirliyinin 14
may 2007-ci il tarixli, 439 nömrəli əmri əsasında
2007-ci il mayın 14-dən iyunun 1-nə kimi yeniləşdirilmiş
təhsil proqramlarının tətbiqi nəzərdə
tutulan 4 təhsil müəssisəsinin (Azərbaycan Dövlət
Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər
İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan
Dövlət Pedaqoji Kolleci) professor-müəllim heyəti
üçün fəal təlim üzrə UNİCEF-lə
birgə treninq təşkil edilmişdir ki, həmin treninqə
bu təhsil müəssisələrinin 100 nəfər müəllimi
cəlb olunmuşdur.
Bunlarla yanaşı,
pedaqoji ali və orta ixtisas təhsili müəssisələrinin
müəllimlərini yeni pedaqoji texnologiyalar və müasir təlim
üsulları ilə tanış etmək, onların peşəkarlıq
səviyyəsini yüksəltmək məqsədi ilə
2007-ci ildə 10 ali təhsil müəssisəsinin (Bakı
Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Azərbaycan Müəllimlər İnstitutu,
Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti,
Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət
Universiteti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan
Müəllimlər İnstitutu) 1000 nəfərdən
artıq sayda professor-müəllim heyəti üçün
treninq keçirilmişdir. Bunun üçün əvvəlcədən
50 nəfər mühazirəçinin siyahısı müəyyənləşdirilmiş
və UNİCEF-lə birgə onlar üçün müvafiq
təlim kursları təşkil olunmuşdur. Treninqlər
xüsusi qrafik üzrə hər ali məktəbdə 6
gün müddətində aparılmışdır. Treninqlərin
keçirilməsi üçün xüsusi proqram tərtib
edilmiş və nəticədə iştirakçılar
fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığının yeni konsepsiya və
strategiyasının əsas məqamları, müəllim
hazırlığında monitorinq və qiymətləndirmə
məsələləri, fasiləsiz pedaqoji təhsil və
müəllim hazırlığında distant təhsil
haqqında məlumatlar almış, tədris
üçün zəruri olan təlim üsullarına dair
bilik və bacarıqlara yiyələnmişlər.
Müəllimlik peşəsinə
dair bacarıqların tələbələrə daha səmərəli
aşılanması, onlarda müasir pedaqoji təfəkkür
formalaşdırılması məqsədi ilə "Təhsilin
əsasları" adlı yeni fənnin kurikulum layihəsi
hazırlanmışdır. Layihə təsdiq
olunmamışdan əvvəl burada nəzərdə tutulan standartların
reallaşdırılması imkanları
araşdırılmış, standartların tələb
olunan səviyyədə tərtib olunmasına əminlik
yaratmaq məqsədilə onun 3 pedaqoji ali məktəbdə
(Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər
İnstitutu) sınaqdan keçirilməsi qərara
alınmışdır. Bununla əlaqədar ayrıca təlim
materialları hazırlanmış, onların əsasında həmin
institutların bu fənni tədris edəcək 18 nəfər
müəlliminə 2 həftəlik öyrədici təlim
kursu keçirilmiş, yekunda onlara sertifikat verilmişdir. 2009-2010-cu
dərs ilində qeyd olunan ali məktəblərdə həmin
təlim materiallarına uyğun olaraq I semesterdə 60
saatlıq tədris həyata keçiriləcəkdir. Sınaqlar
istənilən müsbət nəticəni verdiyi halda, müəyyən
olunan standartlar əsasında "Təhsilin əsasları"
dərsliyi hazırlanacaqdır.
O da qeyd
olunmalıdır ki, Layihə müddətində Azərbaycan
Müəllimlər İnstitutu və onun yerli filialları
müvafiq mebel, İKT və audio-vizual avadanlıqlarla təchiz
edilmiş, Mingəçevir və Cəlilabad filialları əsaslı
təmir olunmuşdur.
"Dərslik və oxu
materialları" alt-komponentinin əsas məqsədi məktəb
kitabxanalarını kurikulumdankənar, habelə kurikulumla
bağlı oxu materialları ilə təmin etməklə
müstəqil təlim imkanlarını artırmaq və I-XI
sinif şagirdlərinin oxu vərdişlərini
stimullaşdırmaqdan, dərslik siyasətinin
hazırlanmasına kömək etməkdən ibarət
olmuşdur.
Bu alt-komponent daxilində
ilk olaraq oxu materiallarının hazırlanması istiqamətində
iş aparılmış, aşağıdakı tədbirlərin
əvvəlcədən maliyyələşdirilməsi həyata
keçirilmişdir:
- latın qrafikası ilə
çap olunmuş oxu materiallarının hazırlanması;
- kiril qrafikasından
latın qrafikasına çevrilməli olan kurikulumdankənar
və kurikulumla bağlı oxu materiallarının
hazırlanması;
- məktəb
kitabxanaları üçün yeni oxu və təlim
materiallarının hazırlanması.
Layihə çərçivəsində
proqramda nəzərdə tutulan və görülən tədbirlərin
nəticəsi olaraq 18 cilddən ibarət 846000 nüsxə
"Ayna Uşaq Ensiklopediyası" dəsti nəşr
edilib respublikanın bütün ümumtəhsil məktəblərinə
çatdırılmışdır. Bununla yanaşı,
Dünya Bankı ilə razılaşdırılmaqla Təhsil
Nazirliyi və Bakı Kartoqrafiya Fabriki arasında
bağlanmış müqavilə əsasında 19 adda 351595
nüsxə xəritə nəşr edilib ümumtəhsil məktəblərinə
paylanmış, bununla da uzun illər problem kimi qalmış məsələ
həll edilmişdir.
Layihə çərçivəsində
digər bir vacib tədbir dərslik siyasətinin
hazırlanması, bütün ölkə miqyasında dərsliklərin
yayılmasını təmin etmək üçün
geniş imkanlara malik özəl nəşriyyatların
yaradılmasına köməklik göstərməkdən
ibarət olmuşdur. Həmin istiqamətdə müəlliflər,
nəşriyyat və mətbəə işçiləri
üçün təlimati seminarlar təşkil edilmiş,
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən
bu işə lazımi dəstək verilmişdir. Layihəyə
əsasən texniki yardım və ixtisasartırma tədbirləri
vasitəsilə oxu materiallarının səmərəli nəşri,
çapı və paylanması sisteminin təşkili üzrə
də zəruri təkliflər hazırlanmışdır.
Azərbaycan
Respublikası Nazirlər Kabineti ilə
razılaşdırılaraq Təhsil Nazirliyinin 23 yanvar
2006-cı il tarixli, 33 nömrəli əmri ilə təsdiq
olunmuş "Ümumi təhsil sistemində dərslik siyasəti"
sənədi bu komponent daxilində həyata keçirilən ən
vacib tədbirlərdən hesab olunur. Təhsil Nazirliyi tərəfindən
dərsliklərin seçilməsi, dəyərləndirilməsi,
təsdiq olunması prosedurlarını yerinə yetirən Dərslikləri
Qiymətləndirmə Şurasının yaradılması isə
ölkəmizin dərslik siyasəti sahəsində yeni mərhələnin
başlanğıcına çevrildi.
Daha sonra "Dərsliklərin
qiymətləndirilməsi meyarları", "Yeni dərsliklərin
yaradılması qaydaları" və "Dərsliklərin
texniki və gigiyenik standartları", yeni kurikulumlara
uyğun dərsliklərinin yazılması üçün
müsabiqə sənədləri (şərtlər toplusu,
müsabiqənin əsasnaməsi) hazırlanıb təsdiq
olundu. Eyni zamanda müsabiqədə iştirak etmək istəyən
nəşriyyatlarla yeni nəsil dərsliklərin
hazırlanması texnologiyasına dair silsilə təlimati tədbirlər
keçirildi, habelə Dünya Bankı və UNİCEF-in xətti
ilə dəvət olunmuş xarici ekspertlərin Qiymətləndirmə
Şurasının üzvləri, ibtidai sinif müəllimləri
və nəşriyyat işçiləri ilə
görüşləri təşkil edildi. Dərsliklərin
qiymətləndirilməsi məsələləri ilə məşğul
olan Nazirliyin əməkdaşları və digər mütəxəssislər
təcrübə mübadiləsi məqsədilə
Türkiyəyə ezam edildi.
Bütün bunların
nəticəsi kimi Azərbaycanın təhsil tarixində ilk dəfə
olaraq dünya təcrübəsinə uyğun tərtib
edilmiş dövlət standartları əsasında ibtidai pillənin
I və II sinifləri üçün yeni dərslik komplektləri
(dərslik, müəllim üçün metodik vəsait,
şagirdlər üçün iş dəftəri)
yarandı. Həmin dərsliklər, bütövlükdə dərslik
komplektləri ibtidai sinif müəllimləri, məktəb rəhbərləri,
valideynlər tərəfindən razılıqla
qarşılanmış və hazırda məktəblərdə
uğurla tətbiq olunur.
"Səmərəlilik
və maliyyə islahatları" komponentinin əhatə
etdiyi alt-komponentlər bilavasitə maliyyələşdirmə
və büdcə islahatlarına, rasionlaşdırma və məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
yönəldilmişdir.
"Maliyyələşdirmə
və büdcə islahatları" alt-komponentin
qarşısında duran əsas məqsəd məktəb
büdcəsinin şagirdbaşına maliyyələşdirmə
prinsipi əsasında formalaşması mexanizminin
hazırlanıb tətbiq edilməsi və təhsil müəssisələrinə
ayrılmış büdcə vəsaitlərinin idarəolunmasında
məktəblərə maliyyə müstəqilliyinin verilməsindən
ibarət olmuşdur.
İlk növbədə,
büdcə islahatlarlarına hazırlıq və digər təşkilati
işlərin görülməsi ilə bağlı Təhsil
və Maliyyə Nazirliklərinin nümayəndələrindən
ibarət işçi qrupu yaradılmış, islahatların
həyata keçirilməsinə texniki yardım göstərmək
üçün beynəlxalq və milli məsləhətçilər
seçilmişdir. Eyni zamanda şagirdbaşına maliyyələşdirmə
sahəsində beynəlxalq təcrübəni öyrənmək
məqsədi ilə İngiltərəyə tədris səfəri
təşkil olunmuşdur.
Bunlarla yanaşı,
Maliyyə Nazirliyi ilə razılaşmaya uyğun olaraq,
2005-ci ildən etibarən 3 pilot rayonda 59 məktəbə
(Ucarda 20, Şirvanda 14, İsmayıllıda 25) yerli xəzinədarlıq
orqanlarında ayrıca xəzinə-hesab kitabları
açılmış və məktəblərə
mühasib ştatları verilmişdir. Hazırda bu məktəblərdə
ayrılan büdcə vəsaiti müstəqil idarə edilir.
Maliyyə müstəqilliyi
verilməsi nəzərdə tutulan ümumtəhsil məktəbləri
üçün məktəb şurası haqqında müvəqqəti
Əsasnamə hazırlanmış və Təhsil Nazirliyinin əmri
ilə təsdiq edilmişdir. Beləliklə, pilot
rayonların maliyyə müstəqilliyi verilmiş ümumtəhsil
məktəblərində məktəb şuralarının
işi gücləndirilmiş, məktəb büdcəsinin
formalaşması və məktəblərin maliyyə vəsaitinin
xərclənməsində şuraların rolu
artırılmışdır.
Aparılan işlərin
nəticəsində pilot rayonların həmin 59 ümumtəhsil
məktəbinin maliyyələşdirilməsinin
şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında
həyata keçirilməsi ilə bağlı Azərbaycan
Respublikası Nazirlər Kabineti "Təhsil Sektorunun
İnkişafı Layihəsinin "Maliyyələşdirmə
və büdcə islahatları" alt-komponentinin icrası
haqqında" 22 fevral 2007-ci il tarixli, 36 nömrəli qərar
qəbul etmişdir. Bu qərarın yerinə yetirilməsi ilə
əlaqədar Təhsil Nazirliyinin əmrinə uyğun olaraq,
maliyyə müstəqilliyi verilmiş ümumtəhsil məktəblərinin
direktorları, baş mühasibləri, məktəb
şuralarının üzvləri və təhsil şöbələrinin
əməkdaşları ilə birgə Şirvan şəhərində,
İsmayıllı və Ucar rayonlarında məktəb
büdcəsinin şagirdbaşına maliyyələşdirmə
prinsipi əsasında hazırlanması, məktəblərə
ayrılan maliyyə vəsaitlərinin idarəolunmasında məktəb
şuraların rolu, məktəbin xərclər
smetasının hazırlanması, məktəb büdcəsinin
məktəbin strateji planı ilə əlaqələndirilməsi
və məktəb şurası tərəfindən məktəbin
büdcəsinin təhlil edilməsi və qiymətləndirilməsi
məsələlərinə həsr olunmuş seminarlar
keçirilmişdir. Bununla belə, pilot rayonların maliyyə
müstəqilliyi verilmiş 59 ümumtəhsil məktəbi
onlara ayrılan büdcəni özləri müstəqil idarə
etsələr də, hələlik büdcənin
şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında
hazırlanmasına nail olunmamışdır. Güman etmək
olar ki, dövlət başçısının 5 sentyabr
2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanunu"nda təhsil
müəssisələrinin maliyyə normativlərinin hər
bir təhsil alana düşən məsrəf məbləği
nəzərə alınmaqla maliyyələşdirilməsinin
təsbit olunması bu məsələnin tezliklə həllinə
imkan yaradacaqdır.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.10-11.