Külək təsəllisi

 

ŞAİR MƏLAHƏT YUSİFQIZININ DOĞUM GÜNÜNƏ

 

Məlahət, bu yazını yazmayacaqdım. Çətindi səndən yazmaq, çətindi yanından ötüb keçmək. Qarğış eləməyin yazdırdı mənə, sənin qarğışın çox şirindi, şeir kimidi desəm, gülmə. Allah mənə uzun ömür versin, səni o təzə vəzifəndən kəm eləməsin.

Hər dəfə küçədə əlində bir torba olur, içində də kitablar, yanında da Şəfəq Sahibli. Bilirəm, sən tutub saxlamısan onu yanında. Üzü axşama gedirsən axı...

Sən yaxşı şairsən, Məlahət, özü də təksən, yəni üslubunda, öz yerində. Tək olduğun üçün bir dəfə də olsun haqqında tərif demədilər, çoxları göz yumdular ən yaxşı şeirinə belə.

Amma bu, əsla sənin eyninə deyil, heç nəyə baxmadan gedirsən üzü küləyə, bilirsən ki, bu külək Təbrizdən əsir, Dərbənddən, Zəngəzurdan, Qarabağ və Borçalıdan əsir. Külək sənə təsəllidir.

Məlahət, 25 il bundan qabaq kənddə müəllim işləyirdim. Bir şeirin "Ulduz" jurnalında gəlib çıxmışdı kəndə, adı da beləydi: "Belimin bağlanmaq vaxtıdı, qardaş". Sərvazla arxın qırağında, söyüdün kölgəsində oxuduq bu şeiri (yəqin deyəcəksən ki, haram olsun). Elə bildik, xalq şairi Səməd Vurğunun nəvəsisən. Sonra bildik ki, yanılmışıq...

Sənin bu misrana Azərbaycan dilinin şirinliyi yerləşib, həm həcm, həm də məna etibarı ilə dilimizin şəhdi, şəkəri, folkloru, tarixi, adət-ənənəsi, toy mərasimi, Təbriz ayrılığı yerləşib bu şeirə. Niyə "belimin bağlanmaq vaxtı?" Bu hansı zamandı, hansı vaxtdı? Gərək gəlin köçən qızın belini bağlayasan, özü də gərək qardaş bağlasın. Bu "bel bağlamaq" texniki məsələ olsa da, özündə bir millət istiqlalı, milli-mənəvi azadlıq ideyalarını ifadə edir. Bəlkə biz Təbrizi, Zəngəzuru, Qarabağı ona görə itirmişik ki, gəlin köçən qızlarımızın belini yaxşı bağlamamışıq. Beli yaxşı bağlanmayan qızların dəhnəsi, binəsi möhkəm olmaz. O gəlin igid doğa bilməz. Qızlarımızın gəlin köçəndə belinin möhkəm bağlanması millətin gücüdür, adət-ənənənin yaşamasıdır, ölkənin, fikrin müstəqilliyidir.

Gənclik illərində gözəl saz çalırdın. Sonra sazı köynəyinə qoyub divardan xalçanın üstündən asdın. Dedin, Qarabağ alınmayınca saz çalmayacağam. Bu, sənin böyük sədaqətin, əhdindi vətənə. Həmişə Qarabağdan, Təbrizdən, daha doğrusu, vətənin qıraqda qalan yerlərindən söhbət düşəndə kövrəlirsən, hələ ağlayırsan da...

Sən şeirimizin dili uğrunda həmişə mübarizə aparmısan, Məlahət. Şeirimizə soxulan (işğalçı kimi) fars-ərəb birləşmələrini, rus sözlərini görəndə elə ordaca müəllifə öz iradını bildirmisən. Görəsən, bu yazımda fars, ərəb, rus sözləri varmı? Bilmirəm. Əgər varsa, səhər təşəkkür əvəzinə, kök qarğış yedirdəcəksən mənə.

Məlahət, Sənin bütün şeirlərin, hətta sevgi şeirlərin belə, vətənə, içtimai-sosial məzmuna söykənir. Sənin şeirlərində islam əxlaqı, türk sevgisi, milli mənəvi-əxlaqi dəyərlər həmişə başda dayanır. Çoxları bunu qavraya bilmir.

Yaxşı yadımdadı, mintiqlərdə xalq şairi Xəlil Rza sənin şeirlərinlə səhnəni, ürəyimizi, beynimizi tərpədirdi. Məmməd Araz sənin şeirlərini çox sevirdi.

Deyəsən, bir az biz, yəni sənin öz ədəbi nəslin, sevmədik səni. Sevdik ee, amma dilə gətirmədik. Bu, bizim ən böyük bəlamızdı,

Məlahət. Səninlə çoxdan tanışıq. 28 il olar bəlkə... Düz o gündən bu günə kimi sözümüz düz gəlmir, dalaşırıq. Sənin də qarğışın əlində hər saat hazırdı. Bu yaxınlarda səninlə yenə dalaşdıq. Sənin yanında qızın, mənim də yanımda oğlum. İkisi də tələbə. Dava da möhkəm oldu, qarğış da öz yerində. Az qala övladlarımız köməyə gələcəkdi. Sonra bir az keçdi, biz mehriban söhbət elədik, qızın tez səni kənara çəkib deyib ki, ana, onu dindirmə, küsülü qal. Açığını deyim ki, mənim də oğlum elə demişdi. Onlar uşaqdılar, Məlahət, elə tay-tuşlarımızın çoxu da uşaqdı, onlar anlamaz ki, bizim dava-dalaşlarımız aydınlığımızdandı, bir-birimizi başa düşməyimizdəndi.

Bir dəfə yenə dalaşdıq. Ədəbi məclisdən sonra. Bu dəfə daha dillə deyiləsi sözümün kəsəri olmadığını nəzərə alıb, keçdim məktuba. Dayandurun şeir dəftərinin qulağından azca kəsib, "İçərişəhər" (o vaxt "Bakı Soveti") metrosunun qabağında, elə dizimin üstə sənə acıqlı bir məktub yazdım, sonu da beləydi: "Əziz dostum və düşmənim, əlvida, min yol əlvida". Dayandura dedim ki, məktubu apar ver Məlahətə, oxumamış qaç. Çünki o sənin vasitənlə məni tapıb, dalaşacaq, bir az keçəndən sonra səsimizin tempi yenəcək, barışacağıq. İstəmirəm məktubun təsir müddəti az olsun. Dayandur məktubu verib qaçdı yanıma. "İndi harda gizlənək ki, Məlahət bizi tapmasın. Çünki o bizim bütün yolumuzu, bu saat harda olmağımızı bilir". Qaçıb "Monolit"in aldındakı stolovada (bağışla, Məlahət, yeməkxanada), Dayandura pivə almaq şərti ilə, gizləndik. Bir azdan sonra pəncərədən gördüm ki, Məlahət keçdi, əlində də məktub. Bilirdim ki, məni axtarır. Nə isə, o gün tapmadı. İki gün keçdi. Kefim kök idi. Elə bilirdim ki, o peşmandı, məni görən kimi üzr istəyəcək. "Bu gecə səhərə kimi yatmamışam" - deyəcək. Məlahət məni görən kimi nə desə yaxşıdı? "Allah səni öldürsün, məktubunda 32 dənə hərf səhvi var idi". İndi bildim ki, Məlahət məni üzr istəməyə görə yox, hərf səhvlərimi üzümə vurmağa görə axtarırmış.

Hə, Məlahət bu da 50 yaşın. Sənin də, mənim də 50 yaşımız. Məlahət, sən küləyi çox sevirsən. Bu külək hardansa əsir. Bəlkə Təbrizdən, bəlkə elə şeirlərinin içindən əsir bu külək. Bu külək təbiətin yaşamağı deməkdi və bizə dəyirsə, demək, biz də yaşayırıq hələ. Məlahət, əziz dostum, gözəl şair, küləkdən gözəl dünyada heç nə yoxdur. Külək təzə-tərdi, içimizdəki ruhla birləşəndə biz yaşayırıq.

İndi bir qarğışım var sənə: Görüm, yüz il yaşayasan. Və həmişə də gedəsən üzü küləyə. Bu şeiri kitabından götürdüm. Maraqlı şeirdi...

 

   Ruhuna deyəcəklərimiz var

   Gələcək 50 yaşına

   Öz yaşının sayını

   itirənlərin hamısı.

   Ötənimiz, itənimiz olsa da.

   Ölənimiz olmayıb hələ.

   Gələcək 50 yaşına

   Yasına gələnlərin hamısı.

   ruhuna de ki, məclisə gecikməsin

   mənim kimi.

   Geciksə ,

   kimsənin gücü çatmaz

   yerində oturmağa.

   Gücü çatmaz

   Şeirlərini qırmağa.

   Qeybətini qırmağa

   Suallara hazır gəl!

   Çox cavablar "alınacaq" səndən!

   Uduzmağa yaranmış partiyadaşların

   Bu seçkidə də "uddu"lar

   Mən də ölmək istədim o gün

   Millətimə "vandal" dedilər

   düşmən bizimkilər

   Yaxşı ki, vaxtında öldün.

   Yoxsa öldürəcəkdilər səni

   Qala bilməyəcəkdin başının hayına

 

 

   Hə...

 

   Gələcək 50 yaşına

   yaddan çıxıb qalanlar

   Yerinə "ləbbey" deyib

   mükafatını alanlar

   (Dayanıb durmaz yeri geniş olanlar)

   Şah pərdəyə qalxacaq

   dünənki boyat yalanlar

   Çeşid-çeşid dərdin

   təzəçalar pöhrəsilə

   gələcək dostların

   Yığıb qurtara bilsələr yazılarını,

   İkinci kitabın da gələcək 50 yaşına.

   Bəxtəvər

   kitabı həftəyə çıxanların başına!

   İstəyi gözündə getdin,

   Ruhuna deyəcəklərimiz

   Ruhuna deyəcəklərimiz var hələ də!...

 

Aşağıdakı şeiri də sənə 39 yaşın tamam olanda yazmışdım. Mən hər şeyi qabaqcadan görən adamam. Qoy bu yazı 50 illiyinə, bu şeir isə hələlik bəri başdan 60 illiyinə hədiyyə olsun.

 

  Sevimli "düşmən"imə

 

   Bir azca iclasa gecikəcəyəm,

   Sonunda yox, lap ortasında,

   Açacağam Natəvan klubunun

   Qapısını taybatay.

   Heç kəs tanımayacaq,

   Ancaq Fərqanə

   Qışqıracaq hay-haray:

   - Məlahət, Qəşəmdi gəlib,

   O illərin

   O günlərin

   Yorğun-arğın Qəşəmi

   - Məlahət, içəri keçimmi?

   İcazə verirsənmi?

   - Keç.

   Ay gözəl Məlahət, ay gözəl şair,

   Məntək qardaşı

   Qapıda qoyarlarmı heç.

   Məlahət 60 yaşdan

   30 yaşına düşüncə

   Həyat Şəmi 20 yaşına çatınca,

   Rəsmiyyə Sabir dodaqlarındakı adımla

   birgə ayağa durunca,

   Lətifə Nuranın üzündəki kədər

   çat verincə,

   Diz çökəcəyəm qarşınızda!

   Ah! Zalım qızlar,

   Mən sizi necə sevirdim!

   Məntək qardaşı,

   Heç belə gec tanıyarlar?!

   Bağışlayın, xalq şairləri,

   Bağışlayın, cənab prezident, siz də

   İclası pozduğum üçün!

   Hə, Məlahət, eşidirsən külək əsir. Çıx eyvana gör, o külək hayandan əsir?

   29 sentyabr 2009

 

 

   Qəşəm NƏCƏFZADƏ

 

   525-ci qəzet.- 2009.- 30 sentyabr.- S.7.