Azərbaycan folkloru və Abdulla Şaiqin əsərləri alman dilində
Ötən gün Abdulla Şaiqin mənzil-muzeyində avstriyalı
müəllif Liliane Qrimmin alman dilinə
tərcümə etdiyi
"Azərbaycan folkloru"
kitabının təqdimat
mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin baş mühafizi, ədibin nəvəsi Ülkər Talıbzadə
təqdimatı əlamətdar
hadisə kimi dəyərləndirərək, Azərbaycan folklorunu, eləcə də A.Şaiqin əsərlərini
alman oxucusuna çatdıran L.Qrimmə
minnətdarlığını bildirib. Ü.Talıbzadə tədbirin
keçirilməsində əsas
məqsədin Azərbaycan
folklorunun, eləcə
də A.Şaiqin yaradıcılığının xarici ölkələrdə
nəşri və təbliğinə diqqət
yönəltmək olduğunu
vurğulayıb.
Xarici İşlər
Nazirliyinin təmsilçisi Nəsimi Ağayev Azərbaycan ədəbiyyatının
başqa ölkələrin vətəndaşları tərəfindən
maraqla qarşılanmasından və həmin əsərlərin
xarici dillərə tərcümə olunmasından məmnunluğunu
dilə gətirib.
Tədbirdə
çıxış edən L.Qrimm son illər Azərbaycan ədəbiyyatı
ilə ciddi maraqlandığını önə çəkib:
"Mən 2002-ci ildə ilk dəfə həyat
yoldaşımla Azərbaycana gəlmişəm. Həmin vaxt
aldığım ilk təssürat çox güclü oldu.
Mən bu səfər müddətində Azərbaycanın mədəniyyəti,
ədəbiyyatı, incəsənəti ilə yaxından
tanış olmaq imkanı əldə etdim. Elə həmin il
Abdulla Şaiqin yaradıcılığı ilə
tanış oldum və onun "Tülkü həccə
gedir" əsəri çox xoşuma gəldi. Bu əsər
uşaqlar üçün yazılsa da, orada böyüklərin
də həyat dərsi alacağı çox mətləblər
var". Alman dilinə tərcümə elədiyi kitabda Azərbaycanın
xalq nağılları ilə yanaşı, A.Şaiqin əsərlərinin
də yer aldığını deyən L.Qrimm bu yaxınlarda
xalq yazıçısı Anarın "Mən, sən, o və
telefon", "Dantenin yubileyi" əsərlərini
almancaya çevirdiyini açıqlayıb. O, gələcəkdə
daha bir sıra Azərbaycan ədiblərinin əsərlərini
alman dilinə tərcümə etmək arzusunda olduğunu dilə
gətirib.
Muzeyin böyük elmi
işçisi Minaxanım Əsədli A.Şaiqin
yaradıcılığının Şərqdə olduğu
kimi, Qərbdə də sevildiyini bildirib: "Şaiqin
nağılları Qərbdə, Avropada da rəğbətlə
qarşılanır. Ədibin əsərləri indiyədək
rus, ingilis, alman, fransız, rus dillərinə tərcümə
edilib".
Alman-Azərbayan
İqtisadi Birliyinin icraçı direktoru Florian Şröder,
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin
Bakı ofisinin icraçı direktoru Franz Heinzmann, Kitab
Klubunun, C.Məmmədquluzadə, C.Cabbarlı, S.Vurğun, N.Nərimanov
və digər ədiblərin ev-muzeylərinin əməkdaşlarının
iştirak etdiyi tədbirdə qonaqlar fikir mübadiləsi
aparıblar, muzeyin ekspozisiyası ilə tanış olublar.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 30 sentyabr.- S.7.