"İslam mədəniyyəti" mövzulu əl işləri sərgilənib

 

Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğunda "İslam mədəniyyəti" mövzusunda əl işlərindən ibarət sərgi açılıb. Sərgi 2009-cu ilin Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı sayəsində baş tutub. Açılış mərasiminə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xarici ölkələrin səfirliklərinin nümayəndələri və ali məktəb tələbələri qatılıblar.

Sərgidə sənətkar, xəttat və dulusçuların islam mədəniyyətini özündə əks etdirən əl işlərilə yanaşı, "Qurani-Kərim"in müxtəlif nəşrləri və əlyazmaları da nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə çalışmaq, ölkəmizdə turizmin inkişafına müəyyən töhfə verməkdir. Tədbirdə "İrs" folklor ansamblı konsert proqramı ilə çıxış edib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 1 may.- S.7.