Balaca pianoçu: parlaq istedad böyük arzular

 

Toğrul Hüseynli Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 10-cu sinfində fortopiano üzrə təhsil alır. Xüsusi istedada malik olması onu digər yaşıdlarından fərqləndirir. Cəmi 14 yaşı olsa da, indiyə kimi bir neçə ciddi uğura imza atıb. Azərbaycan klassik musiqisini həm ölkə daxilində, həm onun hüdudlarından kənarda layiqincə təmsil edib. Klassik musiqinin bütün musiqilərin şahı olduğunu deyən Toğrulun sözlərinə görə, çox kiçik yaşlarından, hələ heç sərbəst danışmadığı halda artıq bir çox klassik əsərlər ifa etməyə başlayıb. Qərara gəlib ki, özünü bu sahədə sınasın: "Bacım pianoçudur. Ona görə gözümü açandan evimizdə həmişə klassik musiqi eşitmişəm. Fortopianoya marağım da o vaxtdan yaranıb. Saatlarca klassik musiqi dinləməkdən yorulmurdum".

T.Hüseynli əvvəlcə görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq Filormaniyası nəzdindəki "Aysel" uşaq teatrının solisti seçilib. O zaman vokalist kimi çıxış edib. Sonra isə Bakı Musiqi Akademiyasının nəzdindəki pedaqoji hazırlıq kafedrasında təhsilə başlayıb. Fortopiano ifaçılığına yiyələndikdən sonra, altı yaşında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunub. Özü ən yüksək balla. Müxtəlif konsert proqramlarında çıxış edən Toğrul özünü müsabiqələrdə sınayıb. 2004-cü ildə keçirilən Nazim Əliverdibəyov adına gənc ifaçıların 4-cü ümumşəhər müsabiqəsinə qatılıb. Qeyd edək ki, bu, respublikada fortopiano sahəsində ən nüfuzlu yarışma hesab olunur. Müsabiqəyə qatılan istedadlı, bacarıqlı gənc yeniyetmələr arasında 9 yaşlı Toğrul birinci yeri tutub. Deyir ki, bu qələbə onun həyatında çox böyük uğur olmaqla yanaşı, həm sənətə daha çox bağlanmasına, özünəinamının artmasına səbəb olub. Toğrulun beynəlxalq müsabiqələrdəki çıxışları da uğurlu alınıb. Gürcüstanda 2005-ci ildə keçirilən pianoçuların ikinci beynəlxalq müsabiqəsində üçüncü yeri tutaraq bürünc medalla mükafatlandırılıb. Həmin vaxtdan etibarən isə artıq orkestrlə çıxışlar etməyə başlayıb. Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri ilə 2006-cı ildə Filarmoniyada ilk konserti olub. Nəhayət, 2008-ci ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gənc musiqiçilərin birinci respublika müsabiqəsində birinci yeri tutub. "Bu müsabiqəyə çox ciddi hazırlıq görülmüşdü. Bölgələrdən uşaqlar qatılmışdılar. Dövlət səviyyəli tədbirdə birinci yerə layiq görülməyim məni çox fərəhləndirdi. Yekun konsertdə dövlət rəsmiləri vardı. Mən Sensantın 2 saylı konsertini ifa etdim nəticədə qalib seçildim".

T.Hüseynli görkəmli piano ifaçılarını mütəmadi dinləyir, onlardan öyrəndiklərini öz ifasında tətbiq edir.

Gənc pianoçunun arzuları çoxdur. Əvvəlcə Bakı Musiqi Akademiyasına daxil olmaq, gələcəkdə isə xarici ölkədə təhsilini təkmilləşdirmək istəyir. Sənətdə daha böyük nailiyyətlər əldə etmək, fortopianonun peşəkar ifaçılarından birinə çevrilmək, böyük səhnələrə çıxmaq, nüfuzlu beynəlxalq müsabiqələrin qalibi adını qazanmaq niyyətindədir. Onun çox kiçik yaşlarından qazandığı uğurlar, sənətinə peşəkarlar tərəfindən verilən qiymət isə Toğrulun bu arzularının reallaşacağına şübhə yaratmır. Amerika Pianoçular Assosiasiyasının sədri Coel Hadison Toğrulun ifasını dinlədikdən sonra: "İndiyədək bu yaşda belə texnikaya malik uşaq görməmişəm" - deyib. Toğrulu Amerikaya dəvət edən Hadison onu Birləşmiş Ştatlarda ən mahir pianoçu kimi tanıda biləcəyini söyləyib.

Mahaçqalada keçirilən dostluq konsertində çıxışından sonra isə əslən bakılı, SSRİ xalq artisti Murad Kajloyev Toğrulun ifasına valeh olduğunu deyib gənc pianoçunu Dağıstanda konsert verməyə dəvət edib.

Azərbaycan musiqi ifaçılığını bütün dünyada layiqincə təmsil etməyi arzulayan Toğrul Hüseynli istedadı, zəhməti, dövlətin doğmalarının dəstəyi, müəllimlərinin səyləri sayəsində buna nail olacağına inanır. Bu yolda ona uğurlar diləyirik.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2009.- 1 may.- S.7.