"Məhəmməd Züleyxanın ariyası" yeni təqdimatda

 

Tanınmış müğənni Nüşabə Ələsgərli və sənətçi Cümşüd Abdullayevin birgə ifasına çəkilən klipin təqdimat mərasimi keçirilib. "Ulduz" kinofilmindən götürülən məşhur "Məhəmməd və Züleyxanın ariyası"nı səsləndirən müğənnilər klipin çəkilişini rejissor Vəfa Vaqifqızıya həvalə ediblər. Klipin çəkilişləri əsasən Muğam Teatrında aparılıb. Xatırladaq ki, mahnının sözləri Zeynal Cabbarzadəyə, musiqisi Süleyman Ələsgərova məxsusdur.

Klipin nümayişindən sonra giriş sözü ilə çıxış edən N.Ələsgərli bundan əvvəl duet oxumadığını dilə gətirib və Lütfəli Abdullayevlə Nəsibə Zeynalova kimi korifeylərin möhürünü vurduqları bir mahnını yenidən ifa etməyin çətinliyini vurğulayıb. N.Ələsgərli məhz C.Abdullayevlə duet oxumasını onu gözəl səsə malik xanəndə kimi dəyərləndirməsilə əlaqələndirib. Müğənni klipin çəkilişindən razı qaldığını, peşəkarlara etibar olunan işin uğurlu alındığını vurğulayıb.

Professional səhnədə ilk addımlarını atan C.Abdullayev indiyədək qazandığı nailiyyətlərdən danışıb: "8 yaşım olanda mərhum Süleyman Ələsgərovun evində mahnı oxudum. O, hədiyyə elədiyi kitabdakı avtoqrafında məni gələcəkdə gözəl ifaçı kimi görmək istədiyini qeyd etmişdi. Bu məni ariyanı oxumağa ruhlandıran əsas amildir". Klipin rejissoru tamaşaçıların yeni ekran əsərini bəyənəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edənlər müğənnilərin klassik əsəri yeni formatda ortaya çıxarmalarını müsbət qarışladıqlarını, klipin maraqlı alındığını bildiriblər.

 

  

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 1 may.- S.7.