Yaqub Zurufçunun
"Unudulmuş mahnılar"ı
M.Maqomayev adına
Dövlət Filarmoniyasında görkəmli sənətkar
Yaqub Zurufçunun yaradıcılığının 45 illik
yubileyinə həsr edilmiş "Unudulmuş mahnılar"
adlı tədbir keçirilib. Yubiley gecəsində
iştirak edən xalq artistləri Canəli Əkbərov,
Ramiz Quliyev, Siyavuş Kərimi, Mənsum İbrahimov və
başqaları Y.Zurufçunun böyük sənət
yanğısı və Vətən həsrətilə ifa
etdiyi məşhur "Ayrılıq" və digər
mahnılarının çox sevildiyini diqqətə
çatdırıblar: "Onun mahnıları, xüsusilə
"Ayrılıq" 1988-89-cu illərdə azadlıq
eşqi ilə ayağa qalxmış millətin dərin rəğbətini
və sevgisini qazanıb". Çıxış edənlər
onun yaradıcılıq yoluna nəzər salıblar:
"Yaqub Zurufçu ilk dəfə 1964-cü ildə 8
yaşında olarkən Təbriz radiosunda məşhur
"Cücələrim" mahnısıni ifa edib. Sonralar
Tehrandakı Milli Opera Teatrının xorunda oxuyub.
İranın Milli Televiziyasında, Təbriz telekanalında
populyar Azərbaycan və fars mahnılarını səsləndirib.
Tədbirdə
müğənninin Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında, zəngin
mədəni irsimizin təbliği istiqamətində ciddi fəaliyyət
göstərdiyi vurğulanıb.
Y.Zurufçu konsert
proqramını böyük şair Məhəmmədhüseyn
Şəhriyarın xatirəsinə həsr etdiyini bildirib. Müğənni
gecədə dahi bəstəkar Üzeyir Hacıbəylinin,
Tofiq Quliyevin, Emin Sabitoğlunun, Əli Səliminin, Adil Gərayın
bəstələrini, eləcə də "Sarı gəlin"
və "Gözəlim, sənsən" xalq
mahnılarını ifa edib.
Xatırladaq ki, bu sənətkarın
Bakıda keçirilən ilk yaradıcılıq gecəsidir.
S.MÜRVƏTQIZI