Bəstəkarlar Hacı Xanməmmədov və Soltan Hacıbəyov yad edilib
Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim heyətinin müvəqqəti yerləşdiyi İncəsənət Gimnaziyasında elmi-nəzəri konfrans keçirilib. APA-nın məlumatına görə, konfrans konservatoriyanın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü əsasında görkəmli bəstəkarlar Hacı Xanməmmədov və Soltan Hacıbəyovun 90 illik yubileyi münasibətilə təşkil olunub. Tədbirdə çıxış edən professor Vaqif Əbdülqasımov yubilyarların həyat və yaradıcılığından danışıb, H.Xanməmmədovla bağlı xatirələrini bölüşüb. Musiqişünaslar "Tar və simfonik orkestr üçün konsert", "Soltan Hacıbəyov - Üzeyir Hacıbəyov ənənələrinin davamçısı" və digər mövzularda çıxış ediblər. Sonda Milli Konservatoriyanın tələbələrinin iştirakı ilə yubilyarların yaradıcılığından seçmələr səsləndirilib.