Retrospektiv fraqmentlər

 

"Mən teatra ruhumu, canımı fəda edirəm. Burada yalnız işləmirəm. Mən teatra "xidmət edirəm". Teatrda işləmirlər, xidmət edirlər, ona görə ki, teatr - məbəddir. İncəsənət məbədi. İncəsənətə isə xidmət edərlər. Eynilə vətənə, xalqa xidmət edildiyi kimi..."

 

Vs.E.Meyerxold

 

...On səkkiz ildən sonra... Təsəvvür etmək belə çətindi... Düz on səkkiz ildən sonra... Xalq artisti Ramiz Əzizbəyli məni "Yalan" bədii filmində baş rola dəvət etdi. Anladım ki, yanılmışam... Hələ hər şey bitib-qurtarmayıb...

...Nəhayət, on illik fasilədən sonra... Təsəvvür etmək belə asan deyil... Düz on ildən sonra... Azər Paşa Nemət məni tamaşada işləməyə dəvət etdi. Anladım ki, yanılmamışam... Hələ hər şey qabaqdadır...

...Danışdığımız kimi, İncəsənət Universitetində görüşdük. Azər müəllim Elmi Şurada, mən isə dərsdə olmalı idim. Fürsət tapıb söhbətləşdik. O bildirdi ki, V.Şekspirin "Afinalı Timon" pyesini hazırlamaq istəyir. Baş rolu xalq artisti Fuad Poladov oynayacaq. Ayrı-ayrı teatrlardan dəvət almış aktyorların da adını öyrəndim: R.Məmmədov, M.Səfa, Q.İsmayılov, A.Məmmədov, P.Məmmədrzayev və başqaları. Məşqin vaxtını dəqiqləşdirdik və ayrıldıq.

...Bu gün birinci məşq günüdür. Saat 3-ün tamamında "Aktyorlar evi"ndə idim. Çoxdan görmədiyim bəzi sənət dostlarımla görüşdük, hal-əhval tutduq, söhbətləşdik. Azər müəllim gəldi. Məşq otağına keçdik. Təşkilati məsələləri müzakirə etdik. Və pyesin oxunuşu başlandı. Əsəri oxumaq mənə həvalə olundu.

...İxtisarla oxuduğumuz "Afinalı Timon" pyesinin süjet xətti belədir: "Afinanın xilaskarı kimi tanınan sərkərdə Timon hər gün evində yaxın dostları üçün dəbdəbəli ziyafətlər təşkil edir. Onlara bahalı hədiyyələr bağışlayır... Nəhayət, var-dövlətinin tükəndiyi xəbərini alan Timon öz xidmətçilərini borc almaq üçün dostlarının yanına göndərir. Onlar isə müxtəlif bəhanələrlə pul verməkdən imtina edirlər. Borclarını istəyənlərin əlindən təngə gələn Timon Afinaya lənətlər yağdırıb şəhəri tərk edir. Ucqar və qaranlıq bir mağaraya sığınır. Acından ölməmək üçün torpağı eşələyib yemək axtararkən xəzinə tapır. Tapdığı qızılları Afinadan qovulmuş, indi isə şəhəri zəbt etmək üçün qayıdan bir sərkərdənin muzdlu əsgərlərinə əta edir... Son dəfə onun yanına gələn əsgər Timonla yox, onun məzarı ilə rastlaşır...

...Nəhayət, oxunuş bitdi. Hər kəs qısaca olaraq, öz təəssüratını danışdı. Mən susdum...

"Əksəriyyətini yüksək dəyərləndirdiyim və sadəcə insan kimi sevdiyim aktyorlar, yəqin əfv edərlər məni, zira bu qısaca qeydlə kifayətlənmək məcburiyyətindəyəm: "Afinalı Timon" tamaşası, müəyyən mənada, parlaq aktyor ifasının arasıkəsilməz nümayişidir ki, milli aktyor məktəbinin böhranı haqqında bütün dedi-qoduları təkzib edir". V.İbrahimoğlu, "Zerkalo"

...Utanclıq olsa da etiraf etməliyəm ki, "Afinalı Timon" pyesini birinci dəfə idi oxuyurdum. Oxunuşdan sonra sənətçi dostlarım danışanda mən susdum. Amma evə çatan kimi bəzi düşüncələrimi yazmağa qərar verdim...

Timon - "xeyirxahlıq mücəssəməsidir!.." Əsərdə onu belə adlandırırlar. O, inanılmaz dərəcədə əliaçıqdır. Onun xeyirxahlığı, bəzən adicə səfehliyi xatırladır. Timon öz səxavəti və sadəlövhlüyü ilə qorxuncdur. Sadəlik, sadəlövhlük, səxavət və xeyirxahlıq heç də göründüyü qədər qüsursuz deyil. O, kiçik bir xətadan, adi bir inciklikdən asanlıqla azğın təpəgözə, qaniçən monstra çevrilə bilər. Sadəlövhlüklə cəlladlığın arası bir addımdır. "Santa sista!.." söylədi C.Bruno, yandırılacağı tonqala əlləri əsə-əsə balaca bir çöp atmağa tələsən qoca qarını görəndə. "Məsum sadəlövhlük" deyə acıdı insanların bu xislətinə. Bəzən xeyirxahların intiqamı tiranların zülmkarlığından dəhşətli ola bilər...

Pyesin sonunda Timonun yanına gələn döyüşçü onun məzarı ilə rastlaşır. Bu məqamda diqqəti çəkən bir məsələnin üstündə dayanmaq istəyirəm. Şübhəsiz, mağarada tək-tənha yaşayan adam özü-özünə qəbir qaza bilər. Hətta bu qəbrə girib, intihar da edə bilər. Bəs görəsən, başdaşını Timonun məzarı üstünə kim qoyub? Döyüşçünün rastlaşdığı qəbrin içində yatan Timondumu? Ümumiyyətlə, qəbirdə adam, daha doğrusu, cəsəd varmı? Bəlkə, yoxdu? Əgər yoxdursa, bəs Timon necə oldu? Hara getdi? İtib-batdımı? Qeybəmi çəkildi?

Məncə, Timon nə itdi-batdı, nə də qeybə çəkildi. O, Neron, Napoleon, Hitler, Stalin simasında dəfələrlə peyda oldu. Onlar da özlərini bəşəriyyətin sadəlövh xilaskarı kimi təqdim edirdilər. Onlar da "xeyirxahlıq mücəssəməsi" olduqlarını düşünürdülər. İnanırdılar ki, törətdikləri vəhşiliklər, yalnız insanlığın rifahı naminədi. Mağarada yaşayarkən yanına gələn adamlara qızıl verib, Afinanı darmadağın etdirməyə səsləyən Timon da artıq "insanlığa qənim kəsilmiş" bir qaniçənə çevrilmişdi. Və onun zühuru hər zaman olduğu kimi, indi də gözləniləndir...

...Daha bir məqam. İlk tanışlıqda faciə ovqatı doğursa da, bu əsəri faciə kimi qəbul edə bilmədim. Oxuduğum zaman gülümsədiyim, hətta ürəkdən güldüyüm epizodlar da oldu. Məncə, "Afinalı Timon" Şekspirin ironiyasıdır. Başqa sözlə, bu əsər ölüm pərdəsinin arxasından gələcəyə tamaşa etməkdir. Və yaxud Aid qiyafəsi geyərək təlxək rolu oynamaq kimi bir şeydir. Fazil İsgəndərin yumor haqqında dediyi bir fikir yadıma düşdü: "Bədbinliyin lap dibinə enib, oradan o yana hər şeyin puç və fani olduğunu biləndən sonra geri qayıdarkən buraxdığın hər bir iz əsil yumordur..." Allah səni güldürsün, ay Şekspir müəllim!..

...Bütün bunlar isti-isti beynimdə dolaşan fikirlər idi. Subyektiv fikirlər. Ümidvaram, növbəti məşqdəki ədəbi araşdırma, pyesin hərəkətli təhlili bütün iştirakçılar üçün səmərəli olacaq. Hələ Azər Paşa Nemətin rejissor yozumundan xəbərsizik. Bir sözlə, qarşıda maraqlı günlər olacaq.

...Bu qədər. Artıq saat 2-dir. Pyesdə toxunulan problemlərin aktuallığı mənim yatmaq istəyim qədər gerçəkdir...

...İctimai Televiziyada "Tufan" adlanan bir fransız filmi səsləndirdik. Dərsdən sonra gəlməyimə baxmayaraq, saat dörddə filmi tamamladıq. Digər fransız filmlərindən fərqli olaraq, asanlıqla yazılan bir iş oldu. Telestudiyanın həyətində çay içəndən sonra birbaşa İttifaqa gəldim. Hələ çox tez idi. Gözləmə otağındakı kresloda əyləşib, çantamda gəzdirdiyim kitabı çıxarıb oxumağa başladım. Yuxu məni nə vaxt aparıb, heç xəbərim də olmayıb. Köməkçi məni oyadanda artıq məşq başlamışdı...

İlk növbədə rollar paylandı. Bildim ki, mən bu tamaşada üç rol oynayacam - Senator, Lutsiy və Quldurbaşı. Səmimi etiraf eləsəm, rolların bölgüsü heç də təsəvvür etdiyim kimi olmadı. Dünənki oxunuş zamanı xoşuma gələn, könlümə yatan, zənnimcə, mənim daha yaxşı oynaya biləciyim rol başqasına verildi. Ürəyimdə "rejissor bilən məsləhətdir!.." - dedim. Həm də uzun illər teatrdan uzaq qalmağım, içimdəki gizli ehtiyat və azacıq qorxu hissi təkəbbürümü susdurdu.

Rollar üzrə ilk oxunuş sırf texniki xarakter daşıdığından məşq prosesi düz 11-in yarısına qədər davam etdi. Axır ki, rejissor hamıya təşəkkürünü bildirdi və dağılışdıq. Mən evə, Albalılıq kəndindəki "komama" çatanda artıq saat 1-ə işləmişdi...

"...Ustad rejissorumuz Azər Paşa Nemət öz yaradıcılıq bioqrafiyasında ikinci dəfədir ki, dahi Şekspirə müraciət edir və onun pyeslərinə verdiyi quruluşlar bütün başqa səciyyələrilə, bütövlükdə milli teatrımızın bugünkü durumunu, potensial imkanlarını, dünya teatr müstəvisində yerini və ən ümdəsi - inkişaf prespektivlərini açmağa qadir olan mədəniyyət hadisəsinə çevrilir".

 

M.Əlizadə, "525-ci qəzet"

 

...Növbəti məşq günü. Köməkçi məlumat verdi ki, aktyorlardan ikisi gec gələcək. Tamaşaları var. Məşq otağına keçirəm. Otağa daxil olan kimi, divardan asılmış müqtədir sənətkarlarımızın şəkilləri diqqəti çəkir - T.Kazımov, M.Məmmədov, Ş.Bədəlbəyli, A.M.Şərifzadə, M.Mərdanov, H.Turabov... Onların "sınayıcı baxışları altında" məşq etmək cəsarətli və məsuliyyətli bir işdir. Yuxarı başda həsəd aparılacaq fortepiano dayanır. Onun yanında kiçik səhnə var. Otağın ortasında qara rəngli uzun masa, ətrafında yumşaq oturacaqlı stullar qoyulub. Döşəməyə salınmış xalçalar isə olduqca zövqlü və yaraşıqlıdır. Bir sözlə, məşq etmək üçün rahat və əlverişli bir məkandı. Hətta, kifayət qədər istidir də.

Bugünkü məşqə pyesi Azərbaycan dilinə tərcümə etmiş sənətşünaslıq doktoru İ.İsrafilov da gəlmişdi. O, dünənki oxunuş zamanı qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirdi: mətnin dəqiqləşdirilməsi, ibarəli danışığın xüsusiyyətləri, poetik dilin məziyyətləri, Şekspir aforizmlərinin ifadə formaları və s. Sonra yenə rollar üzrə oxunuş başlandı. Yolum uzaq olduğu üçün 11-in yarısında icazə alıb otaqdan çıxdım. Təəssüf ki, yenə də axırıncı avtobusa çatmadım. Yox, hər gün taksi ilə getmək aktyor işi deyil. Sabah yoxlamaq üçün 10-un yarısında çıxmaq lazımdır. Əslində, çox şey lazımdır. Məsələn, normal maaş...

Ədəbi əsəri harda olsa oxumaq mümkündür, tamaşaya isə ancaq teatrda baxmaq olar. Rejissor göstərmək istədiyini ilk növbədə özü görməyi bacarmalıdı. Öz gördüklərini isə səhnəyə zillənmiş gözlər vasitəsilə tamaşaçıya çatdırmalıdı.

Azər Paşa Nemət məhz o rejissorlardandır ki, tamaşaçı gözlərinə olduqca böyük əhəmiyyət verir: - İşığı tutun, işığı hiss edin. Tamaşaçı sizin gözlərinizi görməlidir. Danışanda üzünüzü zala çevirin, bu sizə baxanlara hörmət əlamətidir...

O, cəsarətli və qeyri-adi sənətkarlıq qabiliyyəti ilə dramaturji materialın əsas məğzini yeni səhnə formaları ilə canlandırmağı bacaran rejissordu. Zaman və məkan, ritm və hərəkət onun kompozisiya sturukturunun əsasıdır:

- Əgər tamaşa müəyyən olunmuş vaxdan az və ya çox gedirsə, öz emosional təsirini itirir. Lazımsız pauza və lüzumsuz hərəkət tamaşanın ritminə və kompozisiyasına xələl gətirir...

Onun qəribə məşq prosesi var. Uzun müddət aktyora azad və sərbəst yaradıcılıq üçün imkan verən Azər Paşa Nemət müəyyən müddət keçəndən sonra, demək olar ki, səhnədə baş verən hər şeyi "nəzarətə götürür". Bu zaman o, səhnəyə atılıb hər hansı bir epizodu göstərməkdən belə çəkinmir. Hər dəfə də özünün yarıtmaz aktyorluq qabiliyyəti olduğunu təkrar edir. Buna baxmayaraq, o, personajın zahiri və daxili yaşantılarını o qədər üzvi göstərir ki, "nə" və "necə" eyni zamanda aydınlaşır:

- Bax, Apemant danışanda ayaqları daim hərəkətdədir... Bax belə... Tez-tez belindən düşən şalvarını dartır... Bax belə.. Əlləri isə həmişə bax belədir... Mən yaxşı göstərə bilmirəm, amma sən başa düşdün eləmi?..

"Tamaşanın həqiqi sənət qələbəsindən biri də - ümumilikdə teatr həyatımız üçün sənət əhəmiyyətli töhfə olan - gözlənilməz aktyor seçimidir. Uzun illər müxtəlif teatrlarımızın səhnələrində şəffaf rollar arxasında öz solğun aktyor taleyini yaşayan, malik olduğu sənət potensialını büruzə verməyə "meydan" tapmayan neçə-neçə istedadlı aktyorun tamaşada ön plana çəkilməsi, bu "istedadlar toplusundan" sərraf rejissor püxtəliyi ilə "istənilənin alınması" da "Afinalı Timon"un özəl uğurları sırasındadır və gözlənilməz mədəniyyət hadisəsi kimi təqdirəlayiqdir".

 

A.Məsud, "525-ci qəzet"

 

...Bu yazı, bəlkə də sənətçi dostlarım üçün o qədər də maraqlı görünməyəcək. Çünki bu bizim gündəlik işimiz və həyatımızdır. Axı, biz teatra xidmət edirik. Tamaşaçılarımız isə pərdə arxasında baş verənlərdən, demək olar ki, xəbərsizdirlər. Bu yazı ilə bir tamaşanın hazırlıq prosesi zamanı teatr həyatının, aktyor peşəsinin qapalı qalan bəzi məqamları, sənətçi insanın yaşam və düşüncələrini çatdırmaq idi niyyətim. Sizlərə də xoş niyyətlər arzulayıram...

 

 

Vidadi HƏSƏNOV,

ADMİU-nun baş müəllimi,

 "Yuğ" Dövlət Teatrının və

"Zəfər" Yaradıcılıq Mərkəzinin aktyoru

 

525-ci qəzet.- 2009.- 1 may.- S.7.