Tarixin üç parlaq ulduzu
Əgər məndən
dünya tarixində üç əvəzolunmaz şəxsiyyətin
adını soruşsalar, ilk anda onlarla düha xəyalımda
canlanacaq. Lakin daha dərindən düşünəndə
onların içərisində üç parlaq sima günəş
kimi daha gur işıq saçacaq.
Fikrimcə həmin
parlaq ulduzlardan birincisi Homerdir. O, "Odisey" və
"İliada" əsərlərini yazmaqla xalqının
tarixi yaddaşını bərpa etmiş, onu kökünə
qovuşdurmuş, yunanların tarixini, fəlsəfəsini,
coğrafiyasını, allahlarını, sevinc və kədərini,
məhəbbət və nifrətini ümumiləşdirib
toplum halına bütün nəsillər üçün ən
dəyərli xəzinə kimi əbədi
saxlamışdır.
Antik ellinlər Homerə
minnətdardırlarsa, müasir Avropa sivilizasiyası ellinlərə
borcludur. Onlar çox qədim zamanlardan bütün dünyəvi
elmlərin konturlarını elə mükəmməl
cızmışlar ki, sonrakı nəsillər əsrlər
boyu onu rəngləməklə məşğul olmuşlar.
Makedoniyalı İsgəndər
İran şahı Daranı məğlub etdikdən sonra qənimətlərin
içərisində şahın ən qiymətli
daş-qaşları yığılmış
mücrünü fatehə təqdim edirlər. O,
daş-qaşları kənara atıb, mücrüyə
Homerin əsərlərini qoymağı əmr edərək
deyir. "Onlar mənim bütün hərbi qələbələrimin
ən yaxşı və etibarlı məsləhətçiləri
olmuşlar".
Homer tarixin atası,
Herodot üçün "ilkin tarixi mənbə", elm
dünyasının imperatoru, Aristotel üçün
"başqaları ilə müqayisədə Allah", antik
poeziyanın müqayisəsiz parlaq ulduzu, Vergili
üçün "ilham pərisi", coğrafiya elminin
banisi, Strabon üçün "dünyanın ilk
coğrafiyaçısı" olmuşdur.
Homeri başqa
dühalardan fərqləndirən odur ki, o yunanların
allahlarını yaratdı, formalaşdırdı onlara status
verdi və bəşəriyyətə tanıdıb, qəbul
etdirdi. Özü isə insan olaraq qalmağı üstün
tutdu.
Homerin fəlsəfəsinə
görə allahlar insanlara həsəd aparırlar. Onlar bizdən
fərqli olaraq doğulmur və ölmürlər, əbədidirlər.
Onlar üçün zaman və məkan, nəyi isə itirmək,
nəyi isə qazanmaq qorxusu və sevinci yoxdur.
Bu xüsusiyyətlər
onlarda süstlük yeknəsəklik laqeydlik yaradır, həyatın
isti-soyuğunu, xeyr-şərini, səfa-cəfasını
yaşamaqdan məhrum edir. Onlar üçün
başlanğıc və son olmadığı kimi kədər
və sevinc də, eniş, yoxuş, zirvə də, həyat
da yoxdur.
İnsan isə
doğulur, yaşayır və ölür. İnsanın həyatı
ona görə maraqlı, şirin, mənalı, dəyərli,
şərəfli və parlaqdır ki, onun əvvəli və
sonu var. Bu sonluq insanın özündən asılı olmadan
hər an baş verə bilər. Həyatı bizə sevdirən
və bizi daim irəliyə, qələbələrə qovan
da ölümün labüdlüyü və qorxusudur.
Homer
sağlığında ölümə qalib gələrək
ölməzlik və əbədilik qazanmış, insani
keyfiyyətlərilə allahlardan ucada durmuşdur.
Plutarxın
yazdığına görə Ksenofon tiran Qierona
yoxsulluğundan şikayətlənəndə Qieron ona deyir:
"Sən Homerə bax, o səndən çox-çox yoxsul
idi. Lakin bu gün qəbirdə uzandığı halda on minlərlə
insanı qidalandırır".
Təbii qanunların əksinə
olaraq, Homerdən uzaqlaşdıqca onu daha yaxından
görürük. Bu gün o, on minlərlə yox, milyonlarla insana qida verir.
İkincisini,
böyük fars şairi Əbülqasim Firdovsini hesab edirəm.
O, "Şahnamə"ni yazmaqla Homerin yoluyla getmiş,
öz xalqı üçün Homerdən az iş görməmişdir.
Xarici ölkə
misirşünas alimlərindən biri Misir alimləri ilə
söhbət edərkən onlardan soruşur:
- Anlaya bilmirəm ki,
VII-VIII əsrlərə qədər öz antik, möhtəşəm
mədəniyyətini qoruyub saxlayan, ana dilində
danışan misirlilər ərəb işğalından az
sonra hər şeyi itirib nə üçün ərəbləşdilər?!
Amma farslarla baş verən
eyni hadisə orada dindən başqa heç nəyi dəyişə
bilmədi.
Alimlər cavab verirlər:
- Ona görə ki,
farsların Firdovsisi var idi, bizim isə Firdovsimiz yox idi.
Əbülqasim Firdovsi
"Şahnamə" əsəri üzərində 30 il
işləyərək, sözün əsl mənasında bəşər
ədəbiyyatına şahanə bir epopeya bəxş
etmişdir.
"Şahnamə"nin
yazılma tarixi haqqında onlarla rəvayət və əfsanələr
bu gün də yaşamaqdadır.
Deyilənə görə
Sultan Mahmud Qəznəvi "Şahnamə"nin hər beyti
üçün Firdovsiyə bir qızıl sikkə ənam
verməyi vəd etmişdir. Əsər başa çatandan
sonra Sultan vədinə xilaf çıxaraq, hər beyt
üçün şairə bir gümüş sikkə verməyi
qərara alır.
Dahi sənətkar
bununla razılaşmayaraq doğma Tus şəhərinə
qayıtmış, orada ehtiyac və yoxsulluq içərisində
ömrünü başa vurmuşdur.
Firdovsi 60 min beytdən
ibarət "Şahnamə" əsəri üçün
Sultandan 60 min gümüş sikkəni alsaydı
ömrünün sonuna qədər maddi cəhətdən
firavan yaşaya bilərdi. Lakin o, "Şahnamə"nin hər beytini qızıla layiq bilirdi. Beytlərin gümüşlə
qiymətləndirilməsini özünə münasibətdə
haqsızlıq, poeziyasına
təhqir hesab etdiyi üçün ənamdan imtina edib, mənəvi rahatlıq və maddi sıxıntı içərisində yaşamağı
üstün tutur və yazır:
Elə bir uca
qəsrdir bu əsər
Ki, görməz yağışdan, küləkdən
zərər
Toxum səpmişəm torpağa şerdən
Sağam, ölmərəm
dünya durduqca mən
Zaman Əbülqasım Firdovsinin
sözlərini bir daha təsdiq etdi.
Onun "Şahnamə"sinin dəyəri
gümüşlə deyil,
qızılla ölçüldü. Həqiqətən onun qızıldan yoğrulmuş beytləri
bu gün də bütün dünyaya günəş
kimi şəfəq saçır.
Üçüncüsü, dahi Azərbaycan şairi Nizami Gəncəvidir. O, ömrü boyu doğma şəhərindən kənara
çıxmadığı halda dünya elminə yiyələndi.
Xaç müharibələrinin
qızğın dövründə,
dünyanın ən qüdrətli və müdrik hökmdarlarının
içərisində Makedoniyalı
İsgəndəri, dünya
elmləri içərisində
yunan elmini, alimləri içərisində
yunan alimlərini, dövlətləri içərisində
Yunaıstanı seçdi,
onları vəsf etdi, ömrünün ən müdrik çağında "İsgəndərnamə"ni
yazdı:
O, böyük, ağıllı,
ayıq hökmdar,
Əmr etdi, verildi belə bir fərman:
"Alimdir gözümdə ən əziz insan
Elmlə, hünərlə!-başqa
cür heç kəs,
Heç kəsə üstünlük eləyə
bilməz!
Rütbələr içində
seçildi biri
Hamıdan ucadır alimin yeri!"
Dini-fanatizmin güclü
inkişafı dövründə
Nizami Gəncəvinin
"yunan elmi" adı ilə dünyəvi elmlərə
üstünlük verməsi,
bu yolun həqiqiliyinə, reallığına
və rasionallığına
inanması və bunu bəşəriyyətin
xilas yolu kimi təsdiq etməsi intibahdan xəbər verirdi. Şeyx Nizami "İsgəndərnamə"
əsərində intibahın
labüdlüyünün elmi-nəzəri
konsepsiyasını bəşəriyyətə
avropalılardan iki əsr əvvəl təqdim etdi.
Lakin bu günə kimi "avroeqoizm" dahi Nizamiyə intibahın müəlliflik
hüququnu verməmiş,
onu İtaliyada saxlamışdır.
Amma bu böyük tarixi haqsızlıq belə, nəhəng Nizami Gəncəvinin zirvəsinə qalxıb, ona toxuna bilməmişdir. Çünki Nizami konkret xüsusi halda Gəncəvi adlansa da, əslində ümumi zaman və məkan baxımından Dünyəvidir.
Dahi fizik İsaak Nyuton özünəməxsus
obrazlı dillə
"dünyada elə
bir ağırlıq tanımıram ki, Nizami Gəncəviyə bərabər olsun" söyləməkdə çox
haqlı olmuşdur.
Deyirlər, hər şey işıq sürətilə
gedən zamandan qorxur. O, bir an belə
fasilə vermədən,
amansızcasına fələyin
çarxını fırladır,
vəhdəti əksliklərin
mübarizəsilə parçalayır,
kəmiyyət dəyişikliklərini
keyfiyyət dəyişikliklərinə
çevirir, inkarı
inkar edir intəhasız zaman və məkan daxilində aramsız olaraq, yorulmadan, bir an fasilə vermədən, yeni-yeni vəhdətlər, keyfiyyətlər
və inkarlar yaradır.
Kainatı əhatə edən zaman daxilində hər şey axır, hər şey dəyişir, keçmişdə qalır,
unudulub silinir.
Zaman yalnız
dühaların möhtəşəm
əməlləri, sənətləri,
kəşfləri və
ideyaları qarşısında
diz çökür:
onları keçmişin
qaranlıqlarında saxlamaqda,
özü ilə bərabər gələcəyə
getməsini əngəlləməkdə
acizdir.
Bu fikri yeni dövr alman ədəbiyyatının
banisi, dahi mütəfəkkir, naturalist İohann
Volfhanq Höte Nizami Gəncəvinin timsalında dolğun və sərrast ifadə edərək demişdir:
"Nizami Gəncəvi bütün zamanların və xalqların ulu şairidir".
Hər şey zamandan qorxur, zaman isə
Şeyx Nizami Gəncəvidən.
Hüseynağa QƏNİYEV
525-ci qəzet.-
2009.- 1 may.- S.6.