Ədəbiyyatşünaslığımızın klassiki

 

Akademik Məmməd Cəfər Cəfərovun 100 illiyinə

 

Düz qırx il bundan əvvəl (!) - 1969-cu ilin beləcə may günlərindən biri idi və ədəbiyyatın marağı ilə yaşayan, mətbuatı izləyən, hər həftənin çərşənbə günləri Moskvada nəşr olunan "Literaturnaya qazeta"nı - Sovet İttifaqının ən maraqlı qəzetini - birinci səhifəsindən sonuncu səhifəsinə qədər oxuyan gənc yazıçı və ədəbiyyatşünas, adəti üzrə səhər tezdən qəzet köşkündən aldığı həmin qəzeti həmişəki səbirsizliklə vərəqləməyə başladı, birdən tanış (və doğma!) fotoşəkili görüb, təəccüblə, tələsik fotoşəkilin altındakı yazını oxudu.

   Qəzet bu fotoşəkil sahibinin 60 illik yubileyini qeyd edirdi...

   Gənc yazıçının həmin təəccübü daha da artdı, hətta heyrətə çevrildi: bu necə ola bilər? eyni institutda, eyni şöbədə çalışdığın, hər gün görüşdüyün, xətrini istədiyin bir insanın, böyük ədəbiyyat adamının, böyük alimin 60 illik yubileyidir, amma sənin bundan xəbərin yoxdur? Nəinki sənin, eləcə də başqalarının...

   ... Qırx il bundan əvvəl eləcə təəccüb içində qalmış həmin gənc yazıçı - mən idim.

   60 yaşlı yubilyar - həmin fotoşəkilin sahibi isə - akademik Məmməd Cəfər Cəfərov idi.

   Mən instituta gedəndə məlum oldu ki... heç Məmməd Cəfər müəllimin özünün də bu yazıdan xəbəri yox imiş və bu yazı Məmməd Cəfər müəllimi əməlli-başlı pərt etdi...

   Məsələ burasındaymış ki, Məmməd Cəfər müəllim heç bir yubiley keçirmək istəmirmiş, əvvəlcədən Yazıçılar İttifaqının o zamankı sədri Mirzə İbrahimovdan, Elmlər Akademiyasının o zamankı prezidenti (və özünün də gənclik dostu) Həsən Abdullayevdən, qəzet-jurnal redaksiyalarından xahiş edib ki, yubiley söhbəti olmasın...

   Sonralar - bir neçə ildən sonra ? mənim də, Məmməd Cəfər müəllimin də iştirak etdiyi bir məclisdə Həsən Abdullayevin Məmməd Cəfər müəllimi göstərərək ərklə şair Teymur Elçinə dediyi sözlər də mənim yaxşı yadımdadır:

   - Hamı gəlib mənimlə dava edir ki, yubileyimi keçirin, Məmməd Cəfər də gəlib mənimlə dava edirdi ki, yubileyimi keçirməyin!..

   Həmin may günü Məmməd Cəfər müəllim mənim gətirib ona göstərdiyim "Literaturnaya qazeta"ya baxaraq, açıq-aşkar bir təəssüflə:

   - Mənim hardan ağlıma gələydi ki, bunlar da nəsə yazacaq?..- dedi.

   Mənim və rəhmətlik Yaşar Qarayevin təkidi ilə elə həmin günün axşamı köhnə "İnturist"in restoranında xudmani bir məclis qurub, Məmməd Cəfər müəllimin yubileyini qeyd etdik, onun dəvət etdiyi Əziz Mirəhmədov, Abbas Zamanov, eləcə də bizimlə bir şöbədə işləyən Şamil Salmanov da o məclisdə iştirak edirdi və o məclisin gözəl ovqatı indiyəcən mənim xatirimdədir. Bizim köhnə "İnturist"ə getdiyimizi bilən Gülrux Əlibəyli də (onda hələ Əlibəyova idi) elə birbaşa restorana, Məmməd Cəfər müəllimə bir səbət gül göndərmişdi.

   Əlbəttə, o zaman mənim ağlıma gəlməzdi ki, aradan, elə bil, bir meteor sürətilə 40 il keçəcək və mən Məmməd Cəfər müəllimin 100 illiyi münasibətilə yazı yazacağam...

   ... Bu gün yazı-pozu ilə məşğul olan bir çox yazıçıdan, ədəbiyyatçıdan, pedaqoqdan fərqli olaraq mən universitet auditoriyalarında Məmməd Cəfər müəllimin mühazirələrinə qulaq asmamışam, o, sözün birbaşa, müstəqim mənasında, yəni yazı lövhəsi qarşısında tələbə-professor münasibəti mənasında mənim müəllimim olmayıb, amma mən universitetdə oxuduğum o uzaq və gözəl tələbəlik illərində - 1960-65-ci illər arasında - o, universitetdəki dəhliz söhbətlərinin də, yataqxana, yeməkxana qeybətlərinin də - bir sözlə, tələbə folklorunun tələbə təəssübünü çəkən qəhrəmanı idi, onun haqqında tələbə əfsanələri gəzirdi.

   Tələbəlik və dekanlıq arasında, daha doğrusu, tələbəliyin dekanlığa münasibətində həmişə gizli bir çəkişmə olur (mən etika xətrinə "gizli bir ədavət" yazmıram), bizdən bir az əvvəl isə filoloji fakültənin dekanı Cəfər müəllim olmuşdu və həmin əfsanələr də onun bir dekan kimi fəaliyyəti ilə bağlı idi. Bu əfsanələrdə Cəfər müəllim həmişə tələbənin müttəfiqi olurdu, tələbəni başa düşürdü, tələbənin ürəyini oxuyurdu, professor-tələbə münaqişələrində həmişə tələbənin tərəfdarı və müdafiəçisi idi.

   Sonradan iş belə gətirdi ki, mən universiteti bitirib Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı oldum, şöbənin müdiri isə Məmməd Cəfər idi və biz hər gün, bilavasitə təmasda olduqca, Cəfər müəllimi (onu belə çağırırdıq) bir insan kimi daha da yaxından tanıdıqca, başa düşürdüm ki, o tələbə əfsanələrinin əksəriyyəti, həqiqətən, olmuş hadisələr, əhvalatlardır...

   Mən indi, bu sətirləri yazarkən də fikirləşirəm ki, tələbələr bir insan kimi öz dekanının xislətini necə də dəqiqliklə yozub, həyat təcrübəsi, yaş, fəaliyyət və yaradıcılıq miqyası, elmi təfəkkür etibarilə aradakı çox böyük fərqə baxmayaraq, həmin qalın fərq qatlarının arasından öz dekanını tanıya bilib.

   Bizim ədəbiyyat nəzəriyyəsi şöbəsi də cavan şöbə idi: altmışıncı illər... Gülrux Əlibəyova ilə Yaşar Qarayev yenicə namizədlik dissertasiyası müdafiə etmişdilər, Şamil Salmanov həmişə içi cürbəcür kitablarla, dəftərlərlə, kağızla dolu olan qalın və ağır portfelini əlində gəzdirə-gəzdirə kitabxanaları gəzirdi, dissertasiyası üzərində işləyirdi (xeyli vaxt keçdikdən sonra həmin dissertasiya əsasında yazılmış monoqrafiya mənim elmi redaktəmlə çap olundu: Ş.Salmanov. Azərbaycan sovet şeirinin ənənə və novatorluq problemi, Bakı, Elm, 1980), mən isə "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" adlı namizədlik dissertasiyasını yazırdım və bizim aramızda elmi əməkdaşlıq yox, əgər belə demək mümkünsə, elmi dostluq var idi və belə bir dostluq əhvali-ruhiyyəsinə görə biz, əlbəttə, Cəfər müləllimə borclu idik, çünki, belə bir ünsiyyət onun sayəsində yaranmışdı; onun yaradıcılığı da, şəxsiyyəti də bir nümunə idi; onun özünün də dostluğu sabit idi - həm yaradıcılıq dostluğu, həm də şəxsi dostluğu.

   O vaxt bizim institutda işləyən Əziz Mirəhmədov doktorluq dissertasiyasının müdafiəsini elə hey uzadırdı və yaxın adamlar hər dəfə Əziz müəllimi görəndə nə vaxt müdafiə edəcəyini soruşurdu, Əziz müəllimin yerinə narahat olurdu, darıxırdı; mən də daxil olmaqla hamı bunu soruşurdu, təkcə Cəfər müəllimdən başqa.

   Əziz müəllim tez-tez bizim şöbəyə gəlirdi, Cəfər müəllimlə onun arasında, yuxarıda dediyim, sabit bir dostluq var idi (çox təəssüf ki, sonralar bu 40 illik dostluğu pozmağa çalışanlar da oldu və bu da bir şeytan əməli idi), oturub, necə deyərlər, söhbətləşirdilər, zarafatlaşırdılar və yaxşı yadımdadır, bir dəfə mən Cəfər müəllimdən soruşanda ki, nə üçün dostuna təsir etmir ki, müdafiəsini tələsdirsin, Cəfər müəllim özünə xas olan bir sakitliklə (əslində, müsahibini sakitləşdirə-sakitləşdirə!) dedi:

   - Əziz ciddi adamdır...

   Həmin üç kəlmə söz çox şey deyirdi, ən əsası isə bunu deyirdi ki, müdafiəyə nə var ki, müdafiə asan şeydir. Cəfər müəllim yaxşı bilirdi ki, dostu bəzi başqaları kimi müdafiəni elmi ad almaq xətrinə etmir, ədəbiyyatşünaslıq elmi naminə çalışır, yoxsa, doğrudan da, müdafiəyə nə var ki... (xüsusən də Əziz Mirəhmədov kimi güclü qələm sahibi üçün!).

   Mən bu kiçik epizodu ona görə xatırladım ki, bu, eyni zamanda, Cəfər müəllimin özü haqqında da çox şey deyir: elmlə zarafat eləmək olmaz, bir az kobud şəkildə də desəm, elmə dürtülmək olar, amma elmə dürtülməklə alim olmaq mümkün deyil və bizim filologiya elmimizin təcrübəsi də bunu əyani şəkildə göstərir.

   Xatirələrə daldıqca yeni-yeni hadisələr, əhvalatlar yada düşür, yeni-yeni söhbətlər, müzakirələr, mübahisələr yada düşür və yazdıqca yazmaq istəyirsən, amma mən ki, xatirə yazmıram...

   Bəli, bütün bunlar belə idi, o uzaq və gözəl tələbəlik illərində də, aspirantlıq dövründə də, Cəfər müəllimin şöbəsində işlədiyim günlərdə də.

   Nə yaxşı ki, sonrakı illərdə bütün bunlar beləcə də qaldı - məhrəm bir aura altındakı işıqlı xatirələr kimi...

   Cəfər müəllim həmişə - həyatda da, xatirələrdə də eləcə kövrək və mülayim, xeyirxah və təvazökar, saf və sadə bir insan, böyük filosof-ədəbiyyatşünas alim kimi dəyişməzdir, bu xatirələr ancaq və ancaq müsbət emosiyalar doğurur.

   Onun təvazökarlığı dərk olunmuş təvazökarlıq idi, yəni müdrikliyin, anlamağın doğurduğu təvazökarlıq, çox şey edib hələ heç nə etməmək hasilatından gələn əqidənin yaratdığı və hər cür gizli iddiadan azad təvazökarlıq, hərgah belə demək mümkünsə, mənəvi rahatlığın təvazökarlığı idi.

   Mənəvi təmizlik isə həmişə Cəfər müəllimlə birgə olmuşdu.

   Məhz belə bir yaradıcılıq - şəxsiyyət vəhdəti ədəbi ictimaiyyət arasında, tələbələri arasında ona ən dərin hörmət qazandırmışdı.

   Cəfər müəllimin özünün isə "ustad tənqidçimiz, sadə, təvazökar vətəndaşımız" adlandırdığı akademik Məmməd Arif hələ 1941-ci ildə "Tənqid və ədəbiyyatşünaslıq" məqaləsində yazırdı: "M.C.Cəfərov bizim gənc tənqidçilərimiz içərisində çox ciddi, müstəqil düşünən, doğrudan da, yazıçılara və ədəbiyyata kömək etməyə çalışan yoldaşlardandır. Yazıçılar arasında hörməti, nüfuzu vardır və heç şübhəsiz ki, bu hörmət getdikcə artacaqdır"("Revolyusiya və kultura" jurnalı, 1941, ?3, səh.117).

   Bu gün - tamam başqa bir epoxada - keçən əsrin 40-cı illərindəki o "gənc tənqidçini" Azərbaycan ədəbi tənqidinin, milli ədəbiyyatşünaslıq elmimizin ən görkəmli nümayəndələrindən birinə çevirmiş illərin (həm də necə illərin!), zamanın sınağı Məmməd Arif uzaqgörənliyini təsdiq etdi.

   1980-ci ildə mən Cəfər müəllimin özünün təşəbbüsü ilə onun seçilmiş məqalələrindən ibarət kitabının elmi redaktoru oldum və o kitab mənim ön sözümlə ("Müəllim haqqında söz") nəşr olundu (Məmməd Cəfər, Həmişə bizimlə, Bakı, "Yazıçı", 1980). O zaman mən onun ancaq həmin kitaba toplanmış məqalələrini yox, demək olar ki, bütün yaradıcılığını yenidən oxudum və az qala otuz ildən sonra bu yazını işləyərkən də Cəfər müəllimin kitablarını bir daha diqqətlə vərəqlədim.

   Bu yaradıcılıq yanlız Azərbaycan yox, ümumiyyətlə, sovet ədəbiyyatşünaslığında unikal bir hadisədir.

   Nə üçün?

   Sovet dövründə tənqid və ədəbiyyatşünaslıq nə idi? Hakim ideologiyanın tərkib hissəsi.

   Və Cəfər müəllimdə də Lenindən, Marksdan, Engelsdən, əvvəlki dövrlərdə Stalindən, Mir Cəfər Bağırovdan gətirilən sitatlara rast gəlmək mümkündür, o da yazılarında "sosializm realizmi ədəbi metodunu" qəbul etmiş (hər halda, sözdə belə idi) tənqidçi və ədəbiyyatşünas idi, ancaq bu günün təəssüratı belədir: Məmməd Cəfərin əsərləri bir küll halında Azərbaycan ədəbiyyatı haqqında - Nizami Gəncəvidən tutmuş Hüseyn Cavidə və sovet dövrü ədəbiyyatına qədər - obyektiv milli-nəzəri düşüncənin bəhrəsi olan nəhəng bir monoqrafiyadır. Bu yerdə "marksizm-leninizm klassikləri"ndən gətirilən sitatlar da, sosrealizm demaqogiyası da "zorən-təbib"lik ünsürlərinə çevrilərək tamam arxa plana keçir, görünməz (effektsiz!) olur və bunun da səbəbi, əlbəttə, ondadır ki, bu böyük ədəbiyyatşünasın istedadı və intellekti ideologiyaya yox, milli sənətə və bəşəri filologiyaya xidmət etmişdir.

   Bu mənada, Azərbaycan ədəbiyyatşünaslığında və tənqidində Məmməd Cəfər Cəfərov hadisəsi bir daha belə bir həqiqəti sübut edir və bizim yadımıza salır ki, sənətkarları, ictimai fikir sahiblərini öz dövrünün kontekstində oxumağı və dövrün ideoloji sərhədlərinə sığmayan yaradıcılığı, o sərhədləri aşa bilməyən yaradıcılıq ilə bir-birindən seçməyi bacarmaq lazımdır.

   Akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığı və fəaliyyəti geniş ehtiva dairəsinə malikdir.

   Məmməd Cəfər - ədəbiyyat nəzəriyyəçisi: Azərbaycan ədəbiyyatı nəzəri problematikasının tədqiqatçısı, bir az da xırdalasaq, təhlilçi, təsnifatçı və elmi şərhçisi, "Azərbaycan romantizmi" deyilən böyük elmi-nəzəri təsərrüfatın yaradıcılarından biri, hətta birincisidir;

  Məmməd Cəfər - tənqidçi: əlli ildən artıq bir müddətdə bu illərin ədəbi-bədii məhsulunu düşünən və düşündürən bir qələmin süzgəcindən keçirən, SSRİ kimi qapalı bir ölkədə belə, təhlil obyektinə müasir mütərəqqi dünya ictimai fikri səviyyəsindən nəzər salmağa çalışan qələm sahibi;

   Məmməd Cəfər - rus ədəbiyyatı tədqiqatçısı: XIX əsr rus ədəbiyyatı üzrə mütəxəssis alim, üçcildlik "XIX əsr rus ədəbiyyatı" fundamental əsərinin müəllifi, tolstoyşünas alim;

   Məmməd Cəfər - filosof: Nizamidən tutmuş XX əsr nümayəndələrinə kimi Azərbaycan ictimai fikir tarixi klassiklərinin dünyagörüşlərinin, fəlsəfi-estetik baxışlarının araşdırıcısı;

   Məmməd Cəfər - pedaqoq: müasir Azərbaycan ədəbiyyatşünas alimlərindən, tarixçilərindən, filosoflarından bir çoxunun, sözün müstəqim mənasında müəllimi, onlarla elmlər namizədinin, elmlər doktorunun elmi rəhbəri, opponenti, bir çox dərsliklərin, pedaqoji əsərlərin, mühazirələrin müəllifi.

   Bu yaradıcılığın yüksək elmi-nəzəri səviyyəsinin sabitliyi, təhkiyə bütövlüyü və məxsusi dəst-xəttə sahib olması, burada Nizami, Nəsimi, Füzuli, Axundov, Zərdabi, Məmmədquluzadə, Sabir, Nərimanov, Cavid, Hadi, Cabbarlı, Müşfiq və Vurğunla yanaşı, müasir sənətkarlarımızın da xüsusi tədqiq və təhlil obyekti seçilməsi, ədəbiyyatımızda mərhələlər təşkil edən ədəbi cərəyanların öyrənilməsi, xronoloji baxımdan heç bir dövrdən sərf-nəzər edilməməsi, həmin yaradıcılığı təsəvvürümüzdə ayrı-ayrı illərdə yazılmış müxtəlif əsərlər toplusu kimi yox, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı haqqında zəngin mündəricatlı və tutumlu bir monoqrafiya kimi canlandırır. Həm də bu böyük monoqrafiya yalnız fakt zənginliyi, əhatəlilik baxımından deyil, eyni zamanda, ədəbiyyatşünaslıq elminin nəzəriyyə sahəsində də irəliləyişi üçün münbit zəmin yaratmış monumental bir əsər kimi əlamətdardır; burada fakt zənginliyi bir xammal kimi nəzəriyyəçi-alim qələmi ilə işıqlandırılır və fəlsəfi-estetik qadirlik əldə edir.

  Məmməd Cəfər klassik irsimizə elmi-nəzəri fikrimizin əldə etdiyi yüksəklikdən nəzər salmaqla, sadə, ancaq mənalı və emosional bir təhkiyyə ilə ədəbiyyat tariximizin ən mürəkkəb dövrlərini, ən ziddiyyətli cərəyan və hadisələrini, ən görkəmli nümayəndələrinin sənətkarlığını, onların yaradıcılığının fəlsəfi-estetik mahiyyətini açmaq və izah etməklə bərabər, müasir ədəbiyyatın problematikası ilə də eyni ardıcıllıq və işgüzarlıqla məşğul olurdu.

  Onun yaradıcılığını səciyyələndirən əsas cəhətlərdən biri müasirlik anlayışının estetik kateqoriya kimi bu yaradıcılıqda özünün hərtərəfli elmi inikasını tapmasıdır: bir tərəfdən tədqiq və təhlil olunan obyektə xas müasirlik mütəmadi surətdə araşdırılır, digər tərəfdən isə araşdırmaların özü müasirlik kateqoriyasının ədəbiyyatşünaslıq və ədəbi tənqid qarşısında qoyduğu tələblərə cavab verir, yəni Nizaminin, Füzulinin, Axundovun, Məmmədquluzadənin, eləcə də sovet dövrü yazıçılarının yaradıcılığına xas olan müasirlik XX əsr elmi-texniki inqilab dövrünün, yaxşı mənada, standartlarına cavab verən səviyyədə öyrənilir və təhlil edilir.

   Məmməd Cəfərin yaradıcılığı klassik və müasir ədəbiyyatımızın ədəbi-bədii təhlili və olsun ki, bundan daha artıq dərəcədə, ictimai-fəlsəfi mündəricəsinin açılması baxımından qiymətlidir. Bir kül halında götürsək, bu axırıncı ana xətt onun yaradıcılığında "Nizami yaradıcılığında humanizm" kimi tədqiqatlar ilə başlayır, "M.F.Axundovun ədəbi-tənqidi görüşləri", yaxud "Azərbaycan ədəbiyyatında romantizm" kimi tədqiqatlarla davam edir, "Hey, hey yeni dünya!" - deyən Cabbarlının "yeni həyat, yeni insan, yeni sənət" konsepsiyasının elmi izahı kimi tədqiqatlarla sona yetir.

   Məmməd Cəfər Nizamidən yazanda, bu - "onun Nizamisi"dir (Məmməd Cəfər özü "mənim Nizamim" demir, bunu onun tədqiqatı və təhlili dönə-dönə bizə deyir!), Füzulidən yazanda, bu - "onun Füzulisi"dir, eləcə də Mirzə Fətəli, Mirzə Cəlil, Hüseyn Cavid... Əsas məsələ isə burasındadır ki, "onun Füzulisi", yaxud "onun Mirzə Cəlili" Füzulinin, yaxud Mirzə Cəlilin orijinalıdır, surəti deyil.

   Nizami yaradıcılığında humanizm motivlərini tədqiq edərək, Məmməd Cəfər bu mütəfəkkirin humanizm haqqında fikirləri ilə Azərbaycan ictimai fikrində İntibah dövrünün başladığını və həmin fikirlərin sonralar Avropada geniş yayılan humanizm cərəyanı ilə səsləşdiyini inandırıcı bir şəkildə sübuta yetirir.

   Mənim üçün tamam mübahisəsiz bir həqiqətdir ki, insan və təbiətə, bir sözlə, həyata, yaşayışa, sənət və ədəbiyyata münasibətində Nizaminin orta əsr sxolastikası çərçivələrini həqiqi sənətkar qüdrətilə parçalayaraq fanatizm, asketizm və müstəbidliyə qarşı çıxması, sənətin ictimai vəzifəsi haqqında, ümumiyyətlə, bədii yaradıcılığın qanunlarına dair fikirlərində realist platformada dayanması Məmməd Cəfər yaradıcılığının timsalında yalnız milli ədəbiyyatşünaslığımızda deyil, ümumiyyətlə, dünya nizamişünaslığında çox yüksək səviyyəli elmi təsdiqini tapmışdır.

   Nizaminin fəlsəfi-estetik görüşlərində idealist Platon nöqteyi-nəzərini deyil, realist Aristotel nöqteyi-nəzərini göstərən və sübuta yetirən Cəfər müəllim, şairin "Leyli və Məcnun", "Xosrov və Şirin", "Yeddi gözəl", "Şərəfnamə", "İqbalnamə" kimi əsərlərindən, eləcə də lirikasından elə misallar seçməyə və bunları elə yüksək elmi-nəzəri səviyyədə şərh etməyə nail olmuşdur ki, bir tərəfdən sənətkarlıq, versifikasiya səviyyəsi etibarilə Nizaminin gözəllik, estetik kamillik haqqındakı fikirlərinin əyani şəkildə illüstrasiyasını verir, digər tərəfdən isə bu şərh, izah və təhlillər XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatşünaslıq elminin qazandığı nəzəri yüksəkliyi əyani şəkildə nümayiş etdirir.

   Məmməd Cəfər klassik şeirimizdə Nizami yaradıcılığı motivlərini araşdıraraq, onun əsərlərində ruhi və cismani əsarətə qarşı etirazı, ictimailik, bərabərlik ideyasını, "Mehrabı eşqdir uca göylərin, Eşqsiz ey dünya, nədir dəyərin?" - deyən lirik qəhrəmanın mənəvi yüksəkliyini və bütün bu motivlərin Azərbaycan ədəbiyyatındakı gələcək ardıcıl inkişafını dəqiq və sərrast müşahidələrlə açıb göstərir.

   Bu cür dəqiq və sərrast müşahidələr onun Azərbaycan ədəbiyyatının digər böyük nümayəndəsi - Füzuli haqqındakı tədqiqatları üçün də səciyyəvidir.

   Füzuli yaradıcılığından bəhs edən Məmməd Cəfər "Aşiq Füzuli ilə mütəfəkkir Füzulini" ("Füzuli sevir" adlı məşhur məqaləsi, bax: Məmməd Cəfər, Seçilmiş əsərləri, 1-ci cild, Bakı, 1973, səh. 41) vəhdətdə götürərək, sübut edir ki, Füzuli dünyagörüşünü, Füzuli eşqini hətta ən yaxşı mənada zövqpərəstlik adlandırmaq, onun yaradıcılığını mücərrəd fəlsəfi formullarla, Platonun "ideal eşqi" və ya Kantın transendental idealizmi ilə izah etmək mümkün deyil.

   Bu mülahizələri irəli sürən alimin əsas müttəfiqi bütün böyük sənətkarlar kimi öz dövrünün - indiki halda feodal cəmiyyətinin və ictimai əlaqələrinin çərçivəsinə sığmayan Füzuli yaradıcılığı, bu yaradıcılığın fəlsəfi və estetik mündəricəsidir. Tədqiq və təhlil metodologiyasında həmişə elmi obyektliyi əsas götürən Məmməd Cəfər, eyni zamanda, Füzulini müasir mənada ateist-materialist adlandıran ədəbiyyatşünasların fikri ilə də qətiyyən razılaşmır (diqqət edin: söhbət sovet zamanından gedir!) və Füzuli yaradıcılığını dövrün bütün ziddiyyətləri, tarixi qanunauyğunluqları ilə birlikdə araşdırır.

   "Onun Füzulisi"nin şair və mütəfəkkir kimi böyüklüyünü əyani şəkildə dərk edən oxucu, Məmməd Cəfərin yaradıcılığı sayəsində klassik poeziyamızda Füzuli ənənələrinin inkişafını görür, hiss edir, düşünür və bu ənənələrin müasir ictimai-fəlsəfi fikrimizlə, mənəviyyat, məişət və ədəbi düşüncələrimizlə, bədiyyatımızla qaynayıb-qarışmasının səbəb və mənasını başa düşür.

   Şərq fəlsəfəsinə, ictimai fikrinə və ədəbiyyatına "sufizm" adı verib, Şərq ictimai fikrindən danışanda yalnız feodal dünyagörüşünü tanıyan, feodal dünyasına qarşı çıxan "bütün fikir cərəyanlarını və onun ədəbiyyatdakı bədii ifadəsini" (Nəsimi haqqında "Əsrinin mütəfəkkiri" məqaləsi, bax: Seçilmiş əsərləri, 1-ci cild, səh. 39) görmək istəməyən, Şərqin böyük mütəfəkkirlərini, o cümlədən, Azərbaycan ədəbiyyatının Xaqani, Nizami, Nəsimi, Füzuli kimi nümayəndələrini "sufi şair" kimi qiymətləndirən Avropa orientalistlərinin və çox zaman onları təqlid edən bəzi Şərq ədəbiyyatşünaslarının konsepsiyalarındakı naqis cəhətləri və yanlışlıqları üzə çıxaran Məmməd Cəfər, orta əsr Azərbaycan şairlərinin fəlsəfi görüşləri ilə onların yaradıcılığına "müəyyən dərəcədə təsir göstərmiş dini-mistik təriqətləri" (yenə orada) bir-birindən ayırmış, məqbul və qabaqcıl hesab etdiyi fəlsəfi-ictimai fikirləri açıb göstərmişdir.

   Qarşısına bir tərəfdən dövrünün qabaqcıl ideyalarını Şərqdə yaymaq, qəbul etdiyi materializmi əsaslandırmaq, digər tərəfdən sxolastik Şərq fəlsəfəsini, mövhumatı, orta əsr əxlaq və ənənələrini "təftiş" etmək, xalqı oyatmaq və mənəvi cəhətdən silahlandırmaq kimi tarixi vəzifə qoymuş M.F.Axundovun ədəbi-tənqidi görüşlərini tədqiq edən Məmməd Cəfər, "tənqid" anlayışının Mirzə Fətəli yaradıcılığında kəsb etdiyi mənanın böyüklüyünü açır: "Tənqid M.F.Axundovun yaradıcılığının əsas ruhunu təşkil edir. Başqa sözlə, Mirzə Fətəlinin yaradıcılığına ruh verən, can verən və onun əsərlərinin canlı və aktual olmasını təmin edən tənqidi fikirdir. Siz geniş və fövqəladə yaradıcılıq qüdrətinə və imkanlarına malik olan bu böyük sənətkarı istər bir mütəfəkkir, filosof kimi, istər dramaturq, ədib, şair, dilçi və ya bir ədəbiyyat tədqiqçisi kimi öyrənin, onu hər şeydən əvvəl böyük bir tənqidçi kimi görəcəksiniz" ("Mirzə Fətəlinin ədəbi-tənqidi görüşləri" məqaləsi, bax: Seçilmiş əsərləri, 1-ci cild, səh. 36).

   Ümumiyyətlə, deməliyəm ki, M.F.Axundovun fəlsəfi materializm ilə sıx surətdə bağlı olan ictimai, elmi, ədəbi, publisist tənqidi Məmməd Cəfər yaradıcılığında qadir, hətta, qüdrətli mənəvi bir silah kimi meydana çıxır.

   Məmməd Cəfər Axundovun həm vətəndaş, həm də sənətkar kimi fəaliyyətini dövr və şəraitlə, milli problemlərlə əlaqədə izləyir və onun yaradıcılığının da, fəaliyyətinin də spesifikasını müəyyənləşdirir. Məsələn, Axundov protestantizmindən bəhs edərək, bu cərəyanı Qərb protestantizmindən, Martin Lüterin və ya Kalvinin yarımdindar protestantizmindən fərqləndirir, bunun Axundov baxışlarının formalaşmasında bir vasitə olduğunu sübut edir.

   Axundovun Homer, Firdovsi, Nizami, Rumi, Şekspir, Vaqif, Puşkin kimi dünya ədəbiyyatı klassikləri haqqındakı fikir və mülahizələrini təhlil edən Məmməd Cəfər qələminin əhatə dairəsi geniş olduğu üçün, onun "Mirzə Fətəlinin ədəbi-tənqidi görüşləri" elmi oçerki, ümumiyyətlə, XIX əsr Azərbaycan ictimai fikrinin elmi təsnifatını verən bir əsər səviyyəsinə yüksəlir desək, elə bilirəm ki, səhv etmərik; üzünü xalqa tutub: "Sizi and verirəm qəlbimdə sizə bəslədiyim məhəbbətə!" - deyən M.F.Axundovun ədəbi-tənqidi, fəlsəfi görüşləri bu oçerkdə, eləcə də "Mütəfəkkirin şəxsiyyəti" əsərində, "Böyük humanist" monoqrafiyasında elə dərindən, necə deyərlər, bütün qolu-budağı ilə birlikdə işlənmişdir ki, onlar elmi-nəzəri ümumiləşdirmələr üçün mənalı və nümunəvi örnək ola bilər.

   Bu baxımdan, elə bilirəm ki, "Cavid yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" tədqiqatı mühüm əhəmiyyətə malikdir. Cəfər müəllim Cavid dramaturgiyasının, lirikasının geniş elmi təhlilini verərək belə nəticəyə gəlib çıxır ki, dini fanatizm və "irqi təəssübkeşlik bəşəriyyəti uçuruma aparan, insanları, xalqları, millətləri bir-birindən ayrı salan səbəblərdəndir" (Seçilmiş əsərləri, 2-ci cild, Bakı, 1974, səh. 216.) əqidəsi Hüseyn Cavid yaradıcılığının əsas leytmotividir.

 

   (Əvvəli 27-ci səh.)

 

   O, Cavid yaradıcılığının bədii xüsusiyyətlərini, bu yaradıcılığın dövrlə, ictimai quruluşla əlaqədar spesifikasını, ən kiçik cəhətlərdən belə sərf-nəzər etmədən elmi təmkin, diqqət və dəqiqliklə açıb göstərmişdir. Cavid dramlarını xarakterlər, ehtiraslar dramı kimi səciyyələndirən, onun poetikasındakı bədii təsvir vasitələrini açan, sonetlərdən tutmuş bayatı və qoşmalaracan bütün poetik formalardan, klassik Şərq poeziyasına hakim kəsilmiş əruz vəzninin müxtəlif bəhrlərinin müxtəlif şəkillərindən, növlərindən, eləcə də milli heca vəznimizin müxtəlif bölgülərindən geniş surətdə istifadə etməsini əyani şəkildə göstərən Məmməd Cəfər Azərbaycan ədəbiyyatşünaslığında ilkin olaraq Hüseyn Cavid sənətkarlığı haqqında tam, bütöv təsəvvür yaratmışdır.

  Klassik Azərbaycan ədəbiyyatından bəhs edərkən Cəfər müəllimin mütəmadi dünya ədəbiyyatına müraciət etməsi, ədəbiyyat tariximizdəki mərhələləri, cərəyanları, hadisələri dünya ədəbi prosesi ilə vəhdətdə işıqlandırması, Nizami dövrünün Avropa intibahı ilə əlaqəsi, Nəsimi ilə C.Bruno arasındakı əqidə və tale yaxınlığı, Füzuli düşüncələrinin qədim hind və yunan fəlsəfəsi ilə təması, Axundovun sənət haqqındakı fikirləri ilə Lessinqin və yaxud Belinskinin fikirləri arasındakı oxşarlıq və s. kimi elmi paralellər, analogiyalar aparması onun yaradıcılığının əhatə dairəsini daha da genişləndirir və Azərbaycan ədəbiyyatının faktları dünya ədəbiyyatının işığı altında araşdırılır.

   Bu baxımdan Məmməd Cəfər müəllimin "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyası yazıldığı dövrdə də ədəbiyyatşünaslığımızda xüsusi yer tuturdu və bu gün - sovet epoxası ideoloji bəhrələri ilə bərabər tarixin artıq varaqlanmış səhifəsinə çevrildikdən sonra da xüsusi yer tutur.

   Dünya ədəbiyyatı və incəsənətində, o cümlədən Qərbi Avropa və Rusiyada romantizmin zirvəsi XIX əsrə təsadüf edirsə, Azərbaycan ədəbiyyatında romantizm XX əsrdə yenidən meydana çıxmış və özünün milli ədəbiyyatımızın kontekstində klassik nümunələrini məhz bu dövrdə yaratmışdır.

   Bu nə idi, vaxtı keçmiş romantizmmi?

   Məmməd Cəfər bizim ədəbiyyatşünaslığımızda ilk dəfə bütün elmi dolğunluğu ilə sübuta yetirir ki, bu, gecikmiş romantizm deyil, "1905-1917-ci illərdə coşğun, mürəkkəb ictimai ziddiyyətlərlə dolu olan Azərbaycan həyatının xüsusi şəraitinin doğurduğu ədəbi hadisələrdən biridir" (Seçilmiş əsərləri, 2-ci cild, səh. 3).

   Həmin "xüsusi şərait"in siyasi, ictimai və ideoloji mübarizəsi Azərbaycanda tənqidi realizmi, sənətdə inqilabi-demokratik cərəyanı qüvvətləndirdiyi kimi (ədəbiyyatımızın təkcə elə Mirzə Cəlil hadisəsini xatırlayaq!), feodalizm münasibətlərinə, kapital hökmranlığına, müstəmləkə əsarətinə, Şərq mütləqiyyətinə qarşı çıxan, mövhumat və cəhaləti, şovinizm təbliğatını, "feodal xəyalpərvərliyini və ətalətini" (yenə orada, səh. 7.) pisləyən, millətləri qardaşlıq və ittifaqa çağıran qüvvətli mütərəqqi romantiklər nəslinin də yaranmasına səbəb olmuşdu.

   M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq, S.Səlməsi, A.Divanbəyoğlu kimi yazıçılarla onlardan əvvəlki Qərb və rus romantizminin nümayəndələri arasındakı spesifik fərqi, bu yazıçıların bədii forma, janr, üslub və qismən də fəlsəfi motivlər etibarilə klassik romantizm irsinə yaxınlığı ilə bərabər, ideya istiqaməti cəhətdən seçilmələri, həm dünya ədəbiyyatı klassik romantizminin, həm də XX əsr Azərbaycan romantizminin dərin və hərtərəfli tədqiq və təhlili bu əsərdə öz əksini tapmışdır.

   Yuxarıda yazdığım kimi, XX əsrin əvvəllərində romantiklərlə eyni vaxtda tənqidi realizmin nümayəndələri də Azərbaycan ədəbiyyatının çox güclü qollarından birini təşkil edirdi və onların da bədii və ictimai fəaliyyəti Məmməd Cəfər yaradıcılığında mütamədi olaraq yüksək elmi-nəzəri səviyyədə işıqlandırılmışdır.

   XX əsr Azərbaycan tənqidi realizminin Cəlil Məmmədquluzadə kimi böyük nümayəndəsinin yazıçı, jurnalist və ictimai xadimlik fəaliyyətindən bəhs edən Məmməd Cəfər insanpərvərlik, milli ilə bərabər, beynəlmiləlçilik, həmrəylik ideyalarının qadirliyini, avam mövhumatın, dini fanatizmin məhdudluğa, nadanlığa gətirib çıxartmasını, maarif və mədəniyyətin inkişafını xalqın taleyində müəyyənləşdirici faktor olmasını - bütün bunları yazıçının əsas yaradıcılıq ideyaları kimi müəyyənləşdirir. Bir sıra məqalələrində, xüsusən, "Cəlil Məmmədquluzadə" oçerkində, "Həmişə bizimlə" məqaləsində və yazıçının anadan olmasının 100 illiyi münasibətilə söylədiyi "Cəlil Məmmədquluzadə haqqında söz" adlı məruzəsində C.Məmmədquluzadənin bədii əsərlərinin təhlilini verən Məmməd Cəfər, bunların Azərbaycan realizmində həm məzmun, həm də formaca yeni mərhələ təşkil etdiyini nəzəri əsaslarla sübuta yetirir. O, Cəlil Məmmədquluzadəni "sadəcə bir neçə əsər qoyub gedən yazıçı kimi yox" (M.C.Cəfərov, Sənət yollarında, Bakı, 1975, səh. 177), cəmiyyət haqqında, xalq, Vətən haqqında hərtərəfli düşünən, varlığı çox əhatəli və fəlsəfi baxışla dərk edən yazıçı kimi qəbul edir, Mirzə Cəlili məhz bu baxımdan öyrənir və ədəbi ictimaiyyətə təqdim edir, oxucuya öyrədir.

  Cəlil Məmmədquluzadənin fəxrlə "hünərvər" şair adlandırdığı, azadlıq, istiqlaliyyət və maarif-mədəniyyət uğrunda ədəbiyyatımızın, bəlkə də, ən cəsur (və qadir!) mübarizi Mirzə Ələkbər Sabirdən bəhs edən böyük elmi oçerk, eləcə də Cəfər müəllimin digər əsərlərində Sabir haqqında söylənən mülahizələr öz təhlil obyektinə xas olan emosionallığı, səmimiliyi, irəli sürülən fikir və mülahizələrin, verilən hökmlərin elmi şəkildə əsaslandırılması ilə sabirşünaslıq sahəsində dərin təminat hissi yaradan əsər, fikirlər, mülahizələrdir.

 

   Dindirir əsr bizi, dinməyiriz,

   Atılan toplara diksinməyiriz.

   Əcnəbi seyrə balonlarla çıxır,

   Biz hələ avtomobil minməyiriz.

 

  - deyən şairin yaradıcılığındakı fitri müasirlik ruhunu Məmməd Cəfər xüsusi bir məhəbbətlə araşdırmış və həmin Sabir müasirliyinin estetik kateqoriya kimi elmi təfsirini vermişdir.

   Məmməd Cəfər müxtəlif illərdə yazdığı ayrı-ayrı əsərlərində "öz zamanında elmin bütün yeni nailiyyətlərinin, xüsusən, təbiət elmlərinin alovlu təbliğatçısı" ("Həsən bəy Zərdabi" məqaləsi, Seçilmiş əsərləri, səh. 258) Həsən bəy Zərdabinin və Nəriman Nərimanovun ədəbi-ictimai fəaliyyətini də böyük məhəbbət və elmi tələbkarlıqla tədqiq etmiş, qələminin istisi, təhkiyyəsinin emossionallığı ilə onları bir şəxsiyyət kimi də sevdirmək istəmiş və buna nail olmuşdur.

   XX əsr Azərbaycan ədəbiyyatının ən mürəkkəb, ziddiyyətli və eyni zamanda, ən maraqlı yaradıcılarından biri kimi Məhəmməd Hadinin (xüsusən, "Səni kim unudar!" məqaləsində), dramaturgiyamızın klassiki Cəfər Cabbarlının ("Unudulmaz sənətkar", "C.Cabbarlının romantikası", "Xalq ilə birlikdə yüksələn sənətkar") sənətkarlıq xüsusiyyətləri Məmməd Cəfər yaradıcılığında yaddaqalan, inandıran və öyrədən elmi təhlilini tapmışdır.

   Abdulla Şaiq ("Bir həftənin xatiratı"), M.S.Ordubadi ("Ordubadi haqqında söz"), Səməd Vurğun ("Böyük vətəndaş"), Mikayıl Müşfiq ("Sovet Azərbaycanının unudulmaz şairi"), Məmməd Arif ("Məmməd Arif və onun sovet ədəbiyyatı haqqında nəzəri fikirləri"), Süleyman Rəhimov ("Romanlar müəllifi"), Rəsul Rza ("Rəsul Rza"), Osman Sarıvəlli ("Əsil sənət yollarında"), Mir Cəlal ("Yazıçı, tərbiyəçi"), Əbülhəsən ("Xalqla bir cəbhədə") və bir çox digər yazıçılar haqqında yazılmış xüsusi məqalələr, Süleyman Rüstəm, İlyas Əfəndiyev, Əhməd Cəmil, Sabit Rəhman, Məmməd Rahim, Zeynal Xəlil, Mirvarid Dilbazi və bir çox digər yazıçılar haqqında vaxtaşırı söylənən fikir və mülahizələr, "Gələcək gün" (M.İbrahimov), "Açıq kitab" (Mir Cəlal), "Körpüsalanlar" (İlyas Əfəndiyev), "Sərinlik" (Bayram Bayramov), "Doğma və yad adamlar" (İ.Hüseynov), "Mehparə" (Qabil) və bir çox digər əsərlər haqqında problem məqalələr - bu xeyli natamam və quru sadalamanın özü də Məmməd Cəfərin tənqidçilik fəaliyyətinin miqyası barədə, elə bilirəm ki, təsəvvür yaradır.

   O, "Tənqid və ədəbiyyatşünaslığımızın yeni vəzifələri" adlı məqaləsində müasir dövrdə tənqidçilik kredosunu belə müəyyənləşdirir: "Tənqidçi, yeri gəldikcə irsə mütləq nəzər salmalı olsa da, onun əsas işi bu günün ədəbiyyatını bu günün həyatı ilə və çox hallarda bu günün oxucusuna yenicə çatan bədii əsəri canlı həyat prosesləri ilə bu günün insanının fəaliyyəti, mübarizəsi, mənəvi aləmilə (kursiv mənimdir - E.) əlaqələndirməkdən ibarət olur. Belə bir istiqamətdə aparılan tədqiqatda, təhlildə tənqidçinin köməkçisi müasir canlı həyat, özünün varlığı dərketmə qabiliyyəti, zəngin həyat təcrübəsi və kamil nəzəri biliyidir" (Sənət yollarında, səh. 146).

   Əlbəttə, bədii əsəri "bu günün insanının fəaliyyəti, mübarizəsi, mənəvi aləmi ilə əlaqələndirə" bilməkdən ötrü həmin fəaliyyətə, mübarizəyə və mənəvi aləmə bələd olmaq, yəni varlığı dərketmə qabiliyyətinə, zəngin həyat təcrübəsinə və kamil nəzəri biliyə malik olmaq lazımdır və məhz bu mənada, yuxarıda sitat gətirilən fikir bir tənqidçi kimi Məmməd Cəfərin özünü də yaxşı səciyyələndirir, eyni zamanda, onun dediyi həmin "bu günün insanı" müəyyən zaman vahidində yaşayan bir varlıq yox, bütün dövrlərin insanıdır.

   Məmməd Cəfər hər hansı bir bədii-estetik problemi (hətta lokal əhəmiyyətlisini belə!) tədqiq və təhlil obyekti seçirsə, həmin problemi lap bünövrədən götürür, onun bütün inkişaf qanunauyğunluqlarını öyrənir, spesifikasını müəyyənləşdirir və yalnız belə bir elmi-nəzəri icmaldan sonra, bilavasitə, müstəqim surətdə qarşıya qoyduğu problemi həll edir və elmi-nəzəri ümumiləşdirmələrə nail olur.

   Bu da təsadüfi deyil ki, "Ədəbiyyat və incəsənət" qəzeti müxbirinin "Sizin məqalə və tədqiqatlarınız həm elmiliyi, həm də emosionallığı ilə diqqəti cəlb edir, oxunaqlı olur. Buna necə nail olursunuz?" - sualına Məmməd Cəfər belə cavab verir: "Əgər, doğurdan da, siz deyəndirsə, bircə onu deyə bilərəm ki, mən yazılarımda, birinci növbədə, məntiqə, məntiqi ardıcıllığa fikir verirəm. Yəqin elə buna görə də onlar oxunaqlı və sadə olur. Məntiqsiz yazı hər nə qədər "yüksək professional" səviyyədə yazılsa da oxucunu inandıra bilmədiyi kimi, estetik təsir göstərə bilməz. Məlumdur ki, düşüncəli oxucuda ən dərin estetik zövq doğuran - həqiqət, doğruluq, səmimiyyət, həyatilikdir. Bu, bədii yaradıcılıqda da belədir" ("Ədəbiyyat və incəsənət" qəzeti, 11 mart 1978).

   Belə bir "həqiqət, doğruluq, səmimiyyət" əlli illik bir yaradıcılıq yolu boyunca Məmməd Cəfər müəllimin ən yaxşı əsərlərini səciyyələndirmişdir.

   Məmməd Cəfərin ədəbiyyatşünas-alim, tənqidçi qələmi böyük-kiçikliyindən asılı olmayaraq elmi obyektivliklə sənətkarın yaratmaq həvəsini, eşqini qiymətləndirməyi bacaran, qədirbilən bir qələmdir. Belə bir yaratmaq həvəsi, eşqi, eyni zamanda həmin qələmin özünə də xas idi. Məhz bu yaratmaq eşqi dərin nəzəri biliklə, geniş dünyagörüşü və yüksək yazı mədəniyyəti ilə vəhdətdə ədəbiyyatşünaslıq elminin və ədəbi tənqidin ləyaqətli nümunələrini meydana çıxarmışdır.

   Yəqin burası da oxucu üçün maraqlı olar ki, imzasını gizlətsə də, Mirzə Cəlil ənənələrinin projektoru altında istedadla yazılmış və "Molla Nəsrəddin"dən gələn "Nəsrəddin oğlu", "Nəsrəddin" imzaları ilə çap olunmuş bir sıra duzlu hekayələrin müəllifi də Məmməd Cəfər idi.

   Onun hekayələri mənim çox xoşuma gəlirdi, mən istəyirdim ki, o bədii yaradıcılıqla da məşğul olsun və bu istəyimi onun özünə də deyirdim. Həmişəki mülayim və xeyirxah təbəssümü ilə:

   - Siz yazırsız də... Bəsdi...- deyirdi.

   Və bu gün uzaq bir keçmişdə qalmış, o vaxt isə yenicə başlamış və özü ilə yeni ümidlər gətirmiş 1977-ci ilin bir gözəl qış günündə mən - gənc bir yazıçı - səhər-səhər poçtolyonun gətirdiyi "Ədəbiyyat və incəsənət" qəzetinin yeni nömrəsini açanda Cəfər müəllimin "Ürəklərə yol tapanda" adlı böyük bir məqaləsini gördüm (15 yanvar 1977) və qətiyyən gözləmədiyim halda məlum oldu ki, bu məqalə... mənim yaradıcılığım haqqındadır.

   Doğrusunu deyim ki, o məqalədəki səmimiyyət, xeyirxahlıq, ədəbiyyat təəssübkeşliyi, yazılarıma verilən yüksək qiymət, o məqalənin elmi-nəzəri səviyyəsi o zaman mənim üçün, təkrar edirəm, gənc bir yazıçı üçün çox mühüm yaradıcılıq stimulu rolunu oynadı və üstündən bu qədər il keçdikdən sonra da o məqalənin məndə doğurduğu yaradıcılıq hiss-həyəcanını yaxşı xatırlayıram.

   Yəqin ki, bu yazını sona yetirərkən mən Cəfər müəllimin bir ədəbiyyat xadimi, elm təşkilatçısı kimi rəsmi vəzifələrini, mükafatlarını, fəxri adlarını saymalıyam, gərək yazam ki, o, Elmlər Akademiyasının həqiqi üzvü idi, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olub, Elmlər Akademiyasının ictimai elmlər bölməsinin akademik katibi vəzifəsində işləyib, əməkdar elm xadimi, Respublika Dövlət Mükafatı laureatı idi və s. və i.a. - bütün bunları yazmalıyam, amma... belə bir rəsmi sadalama Cəfər müəllimin mənim təsəvvürümdəki şəxsiyyəti ilə heç cürə uyuşmur.

   Bütün bu adların içində mənim üçün ən qiymətlisi onun özünün adıdır.

   Adicə: Cəfər müəllim.

 

 

   ELÇİN

 

   525-ci qəzet.- 2009.- 2 may.- S.26-27.