Kazımbəy nəsli: iki yüz il Rusiya ilə birlikdə

 

  ƏRURİ SÖZ ÖNÜ

 

  2001-ci ildə rus dilində "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" adlı monoqrafiyam çap olunmuşdu. Onun bir nüsxəsini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmək qərarına gəldim. Prezident kitabı götürüb yarıciddi-yarızarafat tərzdə: "Biz sənə məsul vəzifə tapşırmışıq. Belə işlərlə pensiyaya çıxandan sonra məşğul olarsan!" - dedi.

   Kitabın çoxdan yazıldığını, 11 il əvvəl müdafiə etdiyim doktorluq dissertasiyası əsasında hazırlandığını bildirdim. Prezident mündəricata və şəkillərə baxdı. Sonra: "Sən bilirsənmi ki, bu Kazımbəylərin biri Rusiyanın mühüm keşişlərindən olub?" - deyə soruşdu.

   Mən şərqşünas-alim Mirzə Kazımbəyin Rusiya Sinodu yanında müqəddəs kitabların tatar dilinə tərcüməsi üzrə komissiyanın üzvü kimi fəaliyyətindən danışmağa başladım. Dövlət başçısı sözümü kəsib: "Yox, yox, mən bu yaxın vaxtları, 1970-ci illəri nəzərdə tuturam. O vaxt Kazım bəy soyadlı bir nəfər Moskva Patriarxatlığında işləyirdi. Yəqin eyni nəsildən olarlar. Sən bir maraqlan!" - dedi.

   Aradan illər keçəndən sonra maraqlandım və nəticədə bu yazı meydana çıxdı.

   Əvvəli ötən şənbə saylarımızda

   Nyu-Dehliyə gəldikdən bir müddət sonra A.Kazımbəy buradakı səfirlik vasitəsilə sovet rəhbərliyinə müraciət edərək SSRİ-yə qayıtmaq və vətəndaşlıq almaq istədiyini bildirmişdi. Maraqlıdır ki, otuz ildən çox mühacirətdə yaşamasına baxmayaraq o, heç bir ölkənin vətəndaşı deyildi. Hər hansı bir dövlət qarşısında öz üzərinə təəhhüd götürməmişdi. A.Kazımbəy əvvəlki illərdə də Vətənə qayıtmaqla bağlı təşəbbüslər göstərmişdi. Lakin ağ mühacirətin tanınmış simalarından biri olduğu, Avropa və Amerikada yaxşı tanındığı üçün onun SSRİ-yə buraxılmasından müəyyən qədər ehtiyatlanmışdılar.

   Sovet İttifaqına qayıtmaq üçün inadla çalışdığı dövrdə "yanlış da bir naxışdır" prinsipi ilə A.Kazımbəyi dolayısı yolla əcdadlarının vətəni Azərbaycanla bağlayan qəribə bir təsadüf də olmuşdu. 1955-ci ildə Berlində vaxtilə Gəncə üsyanının rəhbərlərindən biri olmuş siyasi mühacir Cahangirbəy Kazımbəy (Kazımbəyov) müəmmalı şəkildə öləndə Nyu-Yorkda çıxan "Novoe russkoe slovo" qəzeti soyad eyniliyinə görə onu Aleksandr Kazımbəylə qarışıq salmışdı. Qəzetin 22 yanvar 1955-ci il tarixli sayında, birinci səhifədə "Aleksandr Kazımbəyin müəmmalı qətli" adlı yazı verilmişdi. Ertəsi gün xronika bölməsində dünənki xəbərin yanlış olduğu bildirilmişdi. Yanvarın 24-də isə "Novoe russkoe slovo" yenidən mövzuya qayıdaraq "Kazımbəy öldürülmüşdür, lakin Aleksandr Lvoviç yox!" - adlı yazı çap etmiş və baş verən hadisənin mahiyyətini açıqlamışdı.

   Üç illik intizardan sonra A.Kazımbəy Sovet İttifaqına 1957-ci ildə, G.Malenkovun şəxsi icazəsi ilə qayıda bilmişdi. Şübhəsiz, belə bir icazənin verilməsi Sov.İKP-nın 1956-cı ildə keçirilən və Stalinin şəxsiyyətinə pərəstişi kəskin şəkildə pisləyən XX qurultayından sonra mümkün ola bilərdi. Əslində, nisbətən gec qayıtmaq özü də A.Kazımbəy üçün düşərli olmuşdu. Çünki sovet rəhbərliyinin vədlərinə və müharibə dövründəki xidmətlərinin qiymətləndiriləcəyinə inanaraq geri dönən mladorossların əksəriyyəti repressiyaya məruz qalmışdı. Aleksandr Lvoviçin doğma bacısı, knyaginya Aleksandra Kazımbəy-Çavçavadze ilə bağlı da istisnaya yol verilməmişdi. O, uşaqları ilə birlikdə Qazaxıstana sürgün edilmiş, burada çətinlik və məhrumiyyətlərlə qarşılaşmışdı.

   Ali hakimiyyət dairələrindən sanksiya almasına baxmayaraq, Aleksandr Kazımbəyin Vətəndəki həyatı da ilk günlər ağrılı-acılı keçmişdi. Moskvaya gəldikdən az sonra, 1957-ci il mayın 16-da "Pravda" qəzetində onun imzası ilə peşimançılıq etiraflarını əks etdirən və rus mühacirətinə münasibətdə başdan-başa qarayaxma, şər və böhtan üzərində qurulan məqalə çap olunmuşdu. Sırf sovet ideologiyası mövqeyindən yazılmış bu böhtançı yazı mühacir dairələri arasında ciddi narazılıq doğurmuşdu. Əslində məqalənin müəllifi A.Kazımbəy deyildi. Sadəcə ona göstərilən yaxşılığın müqabilində özündən xəbərsiz imzasından istifadə edilmişdi. Bu həmişə nəciblik və cəngavərlik qanunları ilə yaşamağa öyrənmiş keçmiş mühacir üçün ağlagəlməz bir iş idi. A.Kazımbəy redaksiyadan onun təmiz adı üzərindən ləkəni götürməsini tələb etdi. Əks-təqdirdə həyatına qəsd edəcəyini bildirdi. Rus mühacirətinin liderləri yalnız bu amansız həqiqəti eşidəndən sonra nisbətən sakitləşdilər.

   Təbii ki, keçmiş siyasi mühacir Vətənə qayıdan kimi KQB-nin nəzarəti altına götürülmüşdü. Ona xaricdə yaşayan həmvətənlər üçün çap olunan "Otçizna" jurnalına redaktorluq vəzifəsi təklif edildi. Təhlükəsizlik Komitəsinin yüksək rütbəli əməkdaşı A.Sokolov Sovet Sülhü Müdafiə Komitəsinin işçisi adı ilə tez-tez A.Kazımbəylə görüşür, onu hər vasitə ilə ələ almağa, əməkdaşlığa cəlb etməyə çalışırdı. Lakin bir müddətdən sonra bu işə son qoymaq lazım gəldi. Çünki Aleksandr Lvoviçin hər hansı bir ölkənin casusluq şəbəkəsi ilə əlaqəsinin olmaması faktı təsdiqləndi.

   Mladorossların lideri Sovet İttifaqına dönməmişdən əvvəl hansı sahədə çalışacağını özü üçün dəqiqləşdirmişdi: rus kilsəsi ilə ABŞ-da başlayan əməkdaşlığını davam etdirmək niyyətində idi. Bu istək onu Moskva Patriarxatlığına gətirib çıxarmışdı. Aleksandr Kazımbəyin kilsə administrasiyasının fəaliyyətinə cəlb edilməsində 1945-1970-ci illərdə Moskva və Bütün Rusiyanın partiarxı olan I Aleksinin (Sergey Simanski) himayədarlığı mühüm rol oynamışdı.

   Tezliklə o, "Moskva Patriarxlığı Jurnalı"nın fəal müəlliflərindən biri və bacarıqlı kilsə publisisti kimi tanınmışdı. Məqalələrinin əhatə və mövzu dairəsi kifayət qədər geniş idi. Aleksandr Kazımbəy həm provoslav kilsəsinin tarixi, kilsədaxili münaqişələr, ortodokslarla katoliklər arasındakı münasibətlər, həm də dini düşüncənin müasir problemləri haqqında eyni peşəkarlıq və məsələyə dərin bələdliklə yazmağı bacarırdı. Bunun da nəticəsində qısa müddətdə ilahiyyatçı alimlər sırasında özünəməxsus yer tuta bilmişdi. Onun bir sıra məqalələri öz xeyirxahına-stalinizm dövründə rus kilsəsinin çoxəsrlik ənənələrinin qorunub saxlanmasında və dirçəldilməsində mühüm xidmətlər göstərən I Aleksiyə həsr edilmişdi.

   Moskvaya qayıdandan beş il sonra, 1962-ci ildə A.Kazımbəy Moskva Patriarxatlığının Xarici Kilsə Əlaqələri Şöbəsinin baş məsləhətçisi təyin olundu. Rəsmi dairələrdə sadəcə Xarici Şöbə adlandırılan bu qurum rus kilsəsinin beynəlxalq münasibətlərinin tənzimlənməsi və xaricdəki rus kilsəsi ilə əlaqələrin qurulması ilə məşğul olurdu. A.Kazımbəy eyni zamanda "Moskva Patriarxatlığı Jurnalı"nın redaksiya heyətinin üzvü idi. O, həyatının son günlərinə qədər hər iki qurumda böyük istək və şövqlə çalışaraq vəzifəsinin öhdəsindən bacarıqla gəlmişdi. Ulu əcdadı inanclı müsəlman və Dərbənd şeyxülislamı olmuş Aleksandr Kazımbəy rus provoslav kilsəsi qarşısındakı mühüm xidmətlərinə görə din xadimləri üçün təsis edilən Müqəddəs Vladimir ordeninin iki dərəcəsi, habelə Patriarxatlığın çoxsaylı fəxri fərmanları ilə təltif edilmişdi.

   Aleksandr Lvoviç Kazımbəy 1977-ci il fevralın 24-də, 75 yaşını qeyd elədikdən 20 gün sonra vəfat etmişdi. Ölümündən bir neçə gün əvvəl həyatının artıq sona çatmaqda olduğunu başa düşərək Moskvanın və Bütün Rusiyanın Patriarxı Pimendən Moskva altındakı Lukino kəndində, Preobrajeniya Qospodnya kilsəsinin kiçik məzarlığında dəfn olunması üçün icazə istəmişdi. Son arzusu yerinə yetirilmişdi.

   Məzar daşı üçün epitafiyanı da həyatının son günlərində özü seçmişdi. Vəsiyyətinə əsasən, baş daşı üzərində görkəmli rus şairi Maksimilian Voloşinin aşağıdakı misraları həkk olunmuşdu:

 

  Nado do almaznoqo zakala,

   Prokolit vsey tolşu bıtiya.

   Esli j drov v plavilnoy peçi malo,

   Qospodi! Vot plot moya!

 

   Anadan olmasının 100 illiyi münasibəti ilə 2002-ci ildə rus kilsəsi Aleksandr Kazımbəyin xatirəsini anma mərasimləri keçirmişdi. Belə dini tədbirlərin birində Xarici Şöbənin müdir müavini, ilahiyyat professoru, protoierey N.Qundyayev həmkarlarının çoxunun fikrini ifadə edərək demişdi: "Yalnız Kazımbəyin xatirəsini anmaq kifayət deyil, onu həm də dərindən öyrənmək lazımdır".

   Təbii ki, bu artıq rus ilahiyyatçılarının vəzifəsidir. Lakin A.Kazımbəy irsinin genişliyini və çoxcəhətliliyini nəzərə alsaq, filoloqların, tarixçilərin, politoloqların da həmin prosesə qoşulması zərurəti yaranacaq.

   Heç kəs bizdən Hüseyn xan Naxçıvanski, yaxud Kazımbəy nəslinin nümayəndələri ilə qürur duymağı tələb etmir. Əslində, buna heç ehtiyac da yoxdur. Sadəcə, belə şəxsiyyətləri aşkarlamaqla taleyin iki yüz ildən bəri ucsuz-bucaqsız Rusiyaya atdığı azərbaycanlıların Rusiyaya hansı töhfələr verdiklərini, bu ölkəyə yeni ruh, onun heydən düşmüş damarlarına necə təzə qan gətirdiklərini təsdiqləmiş oluruq.

   Belə həmvətələrimizin adlarını bilmək və zənginləşmənin qarşılıqlı proses olduğunu unutmamaq lazımdır.

 İndi də Kazımbəy nəslinin az öyrənilmiş digər bir qolu haqqında.

   Həştərxanda sürgün həyatı yaşayan keçmiş Dərbənd şeyxülislamı Hacı Qasımın ailəsi 1823-cü ildə gənc Məhəmməd Əlinin dinini dəyişməsini böyük üz qarası və faciə kimi qarşılamışdı. Dərddən beli bükülmüş ata Həştərxan məscidində yerli müsəlmanların gözü qarşısında oğlundan imtina etdiyini bildirmişdi. Dövrün islam təəssübkeşləri Məhəmməd dininə arxa çevirən və digər müsəlmanlara pis nümunə göstərən "mürtəd" gənci öldürməyə qərar vermişdilər. Bir dəfə onu çayda batırmağa cəhd göstərmişdilər. Yalnız fiziki gücü və üzgüçülük məharəti, eləcə də xristian missionerlərin yaxınlıqda olmaları gələcək alimin həyatını xilas etmişdi. Lakin belə sui-qəsd təşəbbüslərinin yenidən təkrarlanmayacağına heç kim zəmanət verə bilməzdi.

   Bir valideyn kimi Hacı Qasım iki od arasında qalmışdı. O, dindaşlarının yanında oğluna nifrinlər yağdırırdı. Gizlində isə ilk və sevimli övladının həyatını necə qorumaqla bağlı yollar arayırdı. Məhəmməd Əli-Aleksandr atası ilə görüşmək üçün minnətçilər göndərəndə şeyxülislam onu oğlu kimi deyil, hər hansı xaçpərəst kimi qəbul edəcəyini söyləmişdi. Amma görüş zamanı özünü saxlaya bilməmiş, ağlaya-ağlaya oğlunu qucaqlamış, dönə-dönə üz-gözündən öpmüşdü. Sonra isə sanki natəmiz bir şeyə toxunubmuş kimi, tələsik qüsl alıb əlini və dodaqlarını yumuşdu. Dərbənddə ailənin qadın qohumları Məhəmməd Əliyə ölmüş adam kimi yas tutmuş, paltarlarını ortaya töküb ağlaşma qurmuşdular.

   Lakin zaman ən yaxşı məlhəmdir. O, bütün yaraları sağaldır. Aradan illər keçəndən sonra Hacı Qasım da ilk övladına münasibətini dəyişmişdi. Onun dinini dəyişməklə bağlı qərarını qəza-qədərin amansız oyunu kimi yozmuş, bir valideyn kimi qismətinə belə yazıldığını düşünüb, taleyi ilə barışmışdı. Qazanda tezliklə alim həmkarları arasında hörmət qazanan və rektor N.İ.Lobaçevski ilə səmimi dostluq münasibətləri quran Aleksandr Qasımoviç 1837-ci ildə atasının universitetin Dərbənd üzrə müxbiri təyin edilməsinə nail olmuşdu. Hacı Qasımın vəzifəsi universitet kitabxanası və muzeyi üçün qədim əlyazmalar, sikkələr, etnoqrafik əşyalar və s. toplamaqdan ibarət idi. Əşyaların dəyərindən başqa ona ildə qızıl pulla yüz manat məvacib də ödənilirdi.

   Uzun illərin ayrılığından sonra 1839-cu ildə atasının vəfatı münasibətilə Dərbəndə gələn Mirzə Kazımbəy geri dönəndə 21 yaşlı qardaşı Əbdülsəttarı da özü ilə Qazana aparmışdı. Onlar atadan bir, anadan ayrı qardaş idilər. Əyalət şəhərində gələcəyi üçün heç bir perspektiv görmədiyi kiçik qardaşını "bir tərəfə çıxarmaq" həmin dövrdən həyatının sonuna qədər şərqşünas-alimin başlıca qayğılarından biri olmuşdu.

   Dərbənddə dövrün ənənələrinə uyğun olaraq klassik şərq təhsili almış Əbdülsəttar Kazımbəy (1818-1888) türk-Azərbaycan və fars dillərini mükəmməl bilirdi. Mədrəsə səviyyəsində Şərq tarixi və ədəbiyyat, fəlsəfə və məntiq sahəsində də müəyyən biliklərə yiyələnmişdi. Rus və ərəb dillərinə bələdliyi vardı. Birinci Qazan gimnaziyasında, xüsusən də universitetdə Şərq dillərinin təbii daşıyıcılarına ciddi ehtiyac olduğunu yaxşı bilən Mirzə Kazımbəy qardaşını da özü kimi şərqşünas görmək istəyirdi.

   Qazana gəldikdən az sonra, 1839-cu ilin oktyabr ayında Əbdülsəttar Kazımbəy artıq universitetin fəlsəfə fakültəsinin ədəbiyyat bölümünə müvəqqəti türk-tatar dili müəllimi vəzifəsinə təyin olunmuşdu. Növbəti ilin noyabr ayından isə o, həm də universitet üçün baza rolunu oynayan Birinci Qazan gimnaziyasında eyni dilləri tədris edirdi.

  Qısa müddətdə özünü bacarıqlı pedaqoq kimi göstərməsi sayəsində Qazan Təhsil Dairəsi Əbdülsəttar Kazımbəyin gimnaziyada və universitetdə daimi ştata qəbul olunması ilə bağlı məsələ qaldırmışdı. Onun Şərq dillərinə bələdliyini və pedaqoji qabiliyyətini yoxlamaq üçün yerli professorlardan ibarət xüsusi sınaq komissiyası yaradılmışdı. Komissiya 1842-ci ilin aprel ayında yazılı və şifahi imtahanlar keçirmiş, habelə sınaq mühazirəsi təşkil etmişdi. Qarşısına qoyulan bütün vəzifələrin öhdəsindən uğurla gələn Əddülsəttar Kazımbəy Hökumət Senatının 20 avqust 1842-ci il tarixli qərarı ilə stajı 1840-cı ilin noyabrından hesablanmaqla Birinci Qazan gimnaziyasına türk-tatar dili müəllimi vəzifəsinə qəbul olunmuşdu.

   1849-cu ilin sentyabrında Peterburq universitetinə dəvət alan professor Mirzə Kazımbəy həm Qazanın ikinci şərqşünaslıq mərkəzi kimi fəaliyyətini davam etdirməsi, həm də kiçik qardaşının buradakı mövqelərinin möhkəmlənməsi qayğısına qalmışdı. Həmin dövrdə Qazanda Qafqaz canişinliyinin beş təqaüdçüsü təhsil alırdı. Sonralar onların sırasından L.Budaqov, M.İsmayılov kimi tanınmış türkoloqlar yetişmişdilər. Mirzə Kazımbəyin fikrincə, yaxşı mütəxəssis kimi formalaşmaları və vəzifə borclarının öhdəsindən uğurla gəlmələri üçün onların "Zaqafqaziyanın yeganə ümumxalq dili olan yerli Azərbaycan ləhcəsini bilmələri zəruri idi". Bu məqsədlə də Mirzə Kazımbəy "Azərbaycan ləhcəsinin" Qazan universitetində ayrıca fənn kimi tədris olunmasını təklif edirdi. Həmin fənn üzrə müəllim qismində isə, təbii ki, Azərbaycan türkcəsini bütün incəliklərinə qədər bilən kiçik qardaşını görürdü.

   Məsələ universitet rəhbərliyi ilə razılaşdırılmışdı. Mirzə Kazımbəyin yetirməsi, ekstraordinar professor İ.Berezin rektora ünvanladığı təqdimatda "Qazan universitetində türk-tatar dilinin tədrisinin daha dolğun xarakter alması üçün bura mütləq Azərbaycan ləhcəsinin də əlavə edilməsinin zəruri olduğunu" bildirir, bu işin öhdəsindən isə "Zaqafqaziya ölkəsinin sakini, həmin ləhcənin təbii daşıyıcısı Mirzə Əbdülsəttar Kazımbəyin hamıdan yaxşı gələ biləcəyini" vurğulayırdı. Eyni zamanda praktiki müəllim və mühazirəçi kimi çalışan Mirzə Əbdülsəttarın adyunkt (təxminən indiki baş müəllim -V.Q.) vəzifəsinə keçirilməsini təklif edirdi.

   Qazan universitetinin Elmi Şurası təklifi müsbət qarşılamışdı. 1849-cu il noyabrın 30-da Mirzə Əbdülsəttar adyunkt ştatını tutmaq üçün gizli səsverməyə buraxılmışdı. Lakin səsvermənin nəticələri uğurlu olmamışdı. İddiaçı yetərincə səs toplaya bilmədiyindən əvvəlki kimi mühazirəçi-müəllim ştatında saxlanmışdı. Mirzə Kazımbəy Peterburqa köçəndən sonra Əbdülsəttar həmin vaxta qədər böyük qardaşıının tədris etdiyi əsas predmeti - fars dili və ədəbiyyatı dərslərini də öz üzərinə götürmüşdü.

   1850-1855-ci illərdə Mirzə Kazımbəy Peterburq universitetində Şərq dilləri fakültəsinin təşkili ilə məşğul idi. Bir tərəfdən Peterburq Təhsil Dairəsinin hamisi N.Musin-Puşkinlə yaxşı əlaqələrinin olması, o bir tərəfdən isə öyrədiləcək dillərin və müvafiq mütəxəssislərin seçilməsində müəyyən səlahiyyət qazanması nəticəsində imkan daxilində qardaşını da paytaxtdakı yeni şərqşünaslıq mərkəzinə cəlb etmək istəyirdi. 1853-cü ilin oktyabr ayında onun təşəbbüsü və xahişi ilə tarix-filologiya fakültəsinin rəhbərliyi aşağı kurslarda praktiki ərəb dili məşğələlərini aparmaq üçün mühazirəçi Mirzə Əbdülsəttar Kazımbəyi Qazandan Peterburq universitetinə adyunkt vəzifəsinə dəvət etməklə bağlı məsələ qaldırmışdı. Lakin qazanlı şərqşünaslar "Azərbaycan ləhcəsi sahəsində praktiki bilikləri və pedaqoji məharəti ilə tanınan Əbdülsəttar Kazımbəyin türk-tatar dili kafedrasında qalmasının faydalı olduğunu" bildirərək, onun Peterburqa aparılmasına razılıq vermədiklərindən təşəbbüs baş tutmamışdı. Eyni zamanda maarif naziri də 19 aprel 1854-cü il tarixli məktubu ilə hazırda boş adyunkt ştatı olmadığını əsas gətirərək yerdəyişməyə etiraz etmişdi.

   Peterburq universitetinin elmi şərqşünaslıq mərkəzinə çevrilməsi ilə 1854-cü ildən Qazanda şərq dillərinin tədrisinin tamamilə dayandırılması nəzərdə tutulurdu. Belə vəziyyətdə Mirzə Kazımbəy qardaşını paytaxta gətirmək üçün sonuncu vasitəyə əl atmışdı. Bu dəfə o, Peterburq Təhsil Dairəsinin popeçiteli (hamisi-V.Q.), uzun illər birgə çalışdığı N.Musin-Puşkinin nüfuz və əlaqələrindən faydalanmaq qərarına gəlmişdi. Musin-Puşkin daha əvvəllər Qazan Təhsil Dairəsinə rəhbərlik etdiyindən Mirzə Əbdülsəttarı şəxsən tanıyırdı. Lakin popeçitelin təşəbbüsü də səmərəsiz qalmışdı. Maarif naziri öz əhatəli təqdimatında Ə.Kazımbəy haqqında çoxlu tərif və epitetlərə yer ayıran yüksək çinli təhsil məmurunun "acizanə xahiş"inə məhəl qoymamışdı.

   Qazanda şərq dillərinin tədrisinin dayandırılması nəticəsində Əbdülsəttar Kazımbəy universitet cameəsindən uzaqlaşmağa, müxtəlif bürokratik işlərdə çalışmağa, sonda isə Penza quberniyasında meşəbəyilik etməyə məcbur oldu. Ayrı-ayrı məktublarından da göründüyü kimi, qardaşına kömək edə bilməməsi Mirzə Kazımbəyə son dərəcə ağır təsir bağışlamış, hətta onun üçün bir dərdə çevrilmişdi.

  Universitet fəaliyyətinə xitam verilsə də, Qazanda qalıb yaşamaq qərarına gələn Mirzə Əbdülsəttar təkcə Şərq dillərinə maraqda deyil, dinə münasibətdə də böyük qardaşının yolunu təkrarlamışdı. 50-ci illərin ortalarında, artıq yaşının kifayət qədər yetkin adlandırıla biləcək dövründə o, xristianlığın pravoslav məzhəbini qəbul etmişdi. Həmin vaxtdan etibarən Mirzə Əbdülsəttar Hacı Qasım oğlu Kazımbəy yeni xristian adı ilə Nikolay Qasımoviç Kazımbəy kimi tanınmağa başlamışdı.

   1858-ci ildə Nikolay Kazımbəy Qazan sakini Yekaterina Terentyeva ilə ailə qurmuşdu. Bu nikahdan onların üç oğlu - Aleksey, Vladimir və Pyotr Kazımbəylər doğulmuşdu. Ailənin böyük övladı Aleksey Nikolayeviç Kazımbəy (1859-1919) sonralar görkəmli rus terapevti və səhiyyə təşkilatçısı kimi məşhurlaşmışdı. O, 1884-cü ildə Qazan universitetinin tibb fakültəsini bitirmiş və universitetin ordinaturasında saxlanılmışdı. 1894-1904-cü illərdə professor A.N.Kazımbəy fakültə terapiyası kafedrasına rəhbərlik etmişdi. Kardiologiya sahəsində dövrünün nüfuzlu və təcrübəli mütəxəssislərindən biri sayılırdı. Tibbə dair 30-dan çox mətbu əsərin müəllifi idi. Uzun illər boyu həm də Rusiyada Vərəmlə Mübarizə Liqasının rəhbəri olmuşdu. O, əmisi Mirzə Kazımbəyin XIX əsrin 20-ci illərində Qazan universitetində başladığı estafeti növbəti əsrin 20-ci illərinə qədər davam etdirmiş və bu elm ocağının tarixinə öz adını yazmışdı.

   Oğlu Vasili Alekseyeviç Kazımbəy (1886-1931) də atası kimi təbabət sahəsini seçmişdi. Qazan Universitetinin tibb fakültəsini bitirdikdən sonra Çinə getmiş, Xarbin şəhərində Şərqi Çin Dəmiryolu xəstəxanasında çalışmışdı. Doktor V.A.Kazımbəy müasirlərinin yaddaşında son dərəcə bacarıqlı həkim, nəcib və xeyirxah insan kimi qalmışdı. Onun imkansız xəstələri, bir qayda olaraq, pulsuz müalicə etməsi, bəziləri üçün hətta dava-dərman alması gənc həkimi çoxlu rus mühacirinin toplaşdığı Xarbində əfsanəvi şəxsiyyətə çevirmişdi. 1931-ci il avqustun 5-də erkən yaşda vəfat edən Vasili Kazımbəyin dəfnində minlərlə insan iştirak etmişdi. Ölümündən sonra onun adı əsasını qoyduğu, həyatının son günlərinə qədər həkim kimi çalışdığı Xeyriyyə Xəstəxanasına verilmişdi. 1931-ci ildə dostları və həmkarları Xarbində "Doktor V.A.Kazımbəyin işıqlı xatirəsinə. Məqalələr və xatirələr məcmuəsi" adlı kitab nəşr etmişdilər. Kitabda doktor haqqında xatirələr, ona həsr olunmuş şeirlər və ünvanına göndərilən minnətdarlıq məktublarından nümunələr toplanmışdı.    Mirzə Əbdülsəttar (Nikolay) Kazımbəyin nəslinin davamçıları 1917-ci ilə qədər əsasən keçmiş Penza quberniyasında yaşamışdılar. Oktyabr inqilabından sonra onların bir hissəsi Polşaya, habelə Xarbinə (Çin) mühacirət etmişdi. Hazırda Polşada bu nəslin dörd nəfər davamçısı yaşayır. Onlar ekzotik Kazımbəy soyadını daşısalar da, nəsillərinin tarixi və yetirdiyi görkəmli şəxsiyyətlər haqqında yetərincə məlumata malik deyillər.

   Qədim Azərbaycan şəhəri Dərbənddən çıxaraq dünyaya səpələnən Kazımbəylər nəslinin nümayəndələri təkcə Azərbaycan və Rusiyada deyil, Avropada da yaxşı tanınırlar. 2002-ci ildə Milli Elmlər Akademiyasında Mirzə Kazımbəyin anadan olmasının 200 illiyi ilə əlaqədar beynəlxalq elmi konfrans keçirilirdi. Yalnız Azərbaycan deyil, bir sıra xarici ölkə alimlərinin də iştirak etdikləri bu konfrans Mirzə Kazımbəy haqqında dəyərli əsərlərin müəllifi, mərhum professor Ağababa Rzayevin səyləri nəticəsində baş tutmuşdu.

   İştirakçılar arasında ortaboylu, yaşının ötməsinə baxmayaraq, zəriflik və məlahətini itirməmiş, ağıllı üz cizgiləri olan bir xanım diqqətimi cəlb etdi. Tanışlıq zamanı onun isveçrəli alim Mirey Massip olduğunu öyrəndim. Ən diqqətəlayiq cəhət isə Mirey xanımın Mirzə Kazımbəyin yubiley mərasiminə, kazımbəyşünasların ilk beynəlxalq toplantısına 1999-cu ildə İsveçrədə fransız dilində çap olunmuş 750 səhifəlik "Həqiqət zamanın övladıdır. Rus mühaciri Aleksandr Kazımbəy" adlı monoqrafiyası ilə gəlməsi idi. Böyük maraqla qarşılanan məruzəsi kitabda özünə yer alan zəngin elmi axtarışların yalnız bir neçə epizodu üzərində qurulmuşdu.

   İsveçrəli xanımla Parisdə, Nyu-Yorkda və Moskvada yaşamış Azərbaycan əsilli rus mühacirini nə bağlaya bilərdi? Mirey Massip nə üçün həyatının bir neçə ilini hətta vətənində də çox az tanınan bir şəxs haqqında belə fundamental kitab yazmağa sərf etmişdi?

   Sualın cavabını elə beynəlxalq konfransın gedişində öyrənmək mümkün oldu. Rus filologiyası sahəsində ixtisaslaşan xanım Massip ötən əsrin 50-ci illərində bir müddət Konnektikut kollecində Aleksandr Kazımbəyin yanında təcrübə keçmişdi. Onun rəhbərliyi ilə rus dilinin incəliklərinə yiyələnmiş, rus ədəbiyyatını öyrənmişdi. Onu bir insan və şəxsiyyət kimi sevmişdi. Və elə həmin vaxtdan da bu qeyri-adi şərqli haqqında kitab yazmağı qərara almış, materiallar toplamağa başlamışdı. Müəllimi Rusiyaya qayıtdıqdan sonra da münasibətləri qırılmamışdı. Uzun illər davam edən dostluğun bəhrəsi kimi həmin kitab meydana çıxmışdı.

   Fransız dilində oxumasam da, müəllifin istifadə etdiyi mənbələrin siyahısını nəzərdən keçirərkən onun nə qədər geniş və əhatəli tədqiqat apardığına, Rusiya, ABŞ, Fransa, Böyük Britaniya arxivlərinin dərinliklərinə necə peşəkarlıq və məharətlə baş vurduğuna dönə-dönə heyrətləndim.

   Bu yaxınlarda internet saytlarından birində Mirey Massipin kitabının artıq rus dilinə tərcümə edilməkdə olduğunu oxuyub sevindim. Azərbaycanəsilli Kazımbəy ailəsinin dörd nəslinin nümayəndələri son iki yüz il ərzində Rusiya üçün həqiqətən də böyük işlər görüb, ictimai-siyasi fikir və mədəniyyət tarixinə öz adlarını həkk ediblər. Bunu həm rusların, həm də azərbaycanlıların bilməsi mütləq lazımdır.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2009.- 2 may.- S.22-23.