Azərbaycan təhsili:
yaxın keçmişə, bu günə və gələcəyə
bir baxış
(əvvəli ötən
şənbə sayımızda)
Hörmətli
oxucular, son məqalələrdə daha çox ölkəmizdə
ali təhsil sahəsində mövcud olan problemlər barədə
mülahizələrimizi bildirmişdik. Biz heç vaxt təhsil
sistemində, o cümlədən ali təhsil sahəsində
mövcud olan problemləri ictimaiyyətdən gizləməmişik
və gələcəkdə də bu barədə
açıq mövqeyimizi bildirməyi düzgün yol hesab
edirik. Bununla yanaşı, mübaliğəsiz demək olar
ki, son 10 ildə təhsil sistemində baş verən dəyişikliklər,
aparılan uğurlu islahatlar əldə olunan çoxsaylı
nailiyyətlər, təhsil tariximizin tamamilə yeni və həlledici
inkişaf mərhələsini təşkil etmişdir və
beynəlxalq ekspertlərin də diqqət mərkəzindədir.
Ali təhsil
sahəsində atdığımız ən mühüm
addımlardan biri, hesab edirəm ki, Boloniya prosesinə
qoşulmağımız və bu istiqamətdə həyata
keçirdiyimiz tədbirlərdir. 2001-ci ildən Azərbaycan
Respublikasının Avropa Şurasına üzv olması
ölkəmizin Avropa məkanına inteqrasiyasını
sürətləndirdi. Azərbaycan öz ali təhsil
sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən
Avropa təhsil məkanında gedən proseslərə
inteqrasiya olunmaqla müəyyənləşdirməyə
başladı. Hazırda ali təhsil sahəsində həyata
keçirilən islahatların əsas istiqamətini də məhz
bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri
təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil
məkanının formalaşdırılması xüsusi
aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən
tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur.
Əslində
Boloniya prosesinə gedilən yol 1998-ci il mayın 25-də
Fransada Paris Universitetinin 800 illiyinə həsr olunmuş
konfransda 4 Avropa ölkəsinin- Böyük Britaniya, Almaniya,
İtaliya və Fransanın təhsil nazirləri tərəfindən
"Avropada ali təhsil sisteminin uyğunlaşdırılması
haqqında" Sorbona Bəyannaməsi qəbul edildikdən
sonra başlamışdır. Sorbona Bəyannaməsini
imzalamış 4 nazir təhsil sənədlərinin
tanınması prosesinin təkmilləşdirilməsinə, təhsilalanların
mobilliyinin, məzunların işədüzəlmə
imkanlarının genişləndirilməsinə yönəldilmiş
ümumi sistemin yaradılmasını dəstəkləmiş,
digər Avropa dövlətlərini də
qarşılıqlı əməkdaşlığa dəvət
etmişlər. Sorbona Bəyannaməsi Boloniya prosesinin əsas
müddəaları çərçivəsində ilk təşəbbüs
kimi ümumavropa ali təhsil məkanının yaradılması
üçün konkret cəhd olmuşdur.
1999-cu ilin
iyununda Avropanın 30 ölkəsinin təhsil nazirləri
İtaliyanın Boloniya şəhərində Avropa ali təhsil
müəssisələrinin inkişaf tendensiyalarının təsdiqlənməsinə
hazır olduqlarını bildirmiş və bu barədə rəsmi
sənəd imzalamışlar. Bu hadisə tarixə
"Boloniya prosesi" kimi daxil olmuşdur. Bundan sonra Boloniya
prosesi iştirakçılarının 2001-ci ildə
Portuqaliya, Almaniya, Finlandiya, İsveç, Belçika,
İspaniya, Slovakiya, Çexiya və Latviyada, 2002-ci ildə
Belçikada, 2003-cü ildə isə Avstriya və Almaniyada
görüşləri keçirilmiş, həmin
görüşlərdə Avropada ali təhsilin problemləri
müzakirə olunmuş, bir sıra tövsiyələr irəli
sürülmüşdür.
Boloniya
prosesi ilə bağlı hadisələrin xronologiyasından
görünür ki, Avropa məkanında bu proses intensiv şəkildə
gedir və 2010-cu ilədək həmin prosesə bütün
Avropa ölkələrinin qoşulması gözlənilir. Ümumiyyətlə,
bu günədək Avropa Şurasına üzv olan 46 ölkədən
45-i Boloniya prosesinə rəsmi şəkildə
qoşulmuşdur.
Azərbaycan
da bu prosesə qoşulmaq üçün hələ
2004-cü ildə ilk addımlarını atmışdır. Belə
ki, 17-18 may 2004-cü il tarixlərində Avropa
Şurasının Baş Direktorluğunun təşəbbüsü
ilə Strasburq şəhərində keçirilmiş Qafqaz
ölkələri təhsil nazirlərinin konfransında
xüsusi Bəyannamə qəbul olunmuş, bundan sonra
2004-cü ilin dekabrında "Boloniya prosesi"nə
qoşulmaq üçün Azərbaycan Respublikası Təhsil
Nazirliyinin hesabatı" hazırlanaraq Avropa Komissiyasına təqdim
edilmişdir. Nəhayət, 2005-ci il mayın 19-da Norveçin
Berqen şəhərində keçirilən konfransda Azərbaycan
Respublikasının təhsil naziri kimi mən rəsmi sənəd
imzaladım və beləliklə ölkəmiz Boloniya prosesinə
qoşuldu.
Təhsil
sahəsində dünyada, xüsusən Avropada gedən proseslərin
təhlili göstərir ki, Avropa ali təhsil sisteminə
inteqrasiya Boloniya Bəyannaməsinin aşağıdakı əsas
müddəalarını həyata keçirməklə
mümkündür:
1. İkipilləli ali təhsilə keçid.
2. Kredit
sisteminin tətbiqi.
3. Təhsilin
keyfiyyətinə nəzarətin gücləndirilməsi.
4. Mobilliyin
genişləndirilməsi.
5.
İxtisasların və diplomların qarşılıqlı
tanınması.
6.Diploma əlavənin
Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə
uyğunlaşdırılması.
7.Məzunların
işlə təminatına nail olunması.
8.Avropa təhsil sisteminin cəlbediciliyinin
təmin edilməsi.
Qeyd etmək
istərdim ki, ötən müddət ərzində Boloniya
prosesinə qoşularkən götürdüyümüz
öhdəliklərin və Boloniya Bəyannaməsi müddəalarının
həyata keçirilməsi istiqamətində Təhsil
Nazirliyi və ali məktəblər tərəfindən
müəyyən işlər görülmüşdür. Belə
ki, Azərbaycan Boloniya prosesinə üzv qəbul olunduqdan
sonra Təhsil Nazirliyində aparıcı mütəxəssislərdən
ibarət işçi qrupu yaradılmış, həmin
işçi qrupu tərəfindən "Azərbaycan
Respublikası ali təhsil sistemində 2006-2010-cu illərdə
Boloniya Bəyannaməsinin müddəalarının həyata
keçirilməsi üçün tədbirlər
planı" hazırlanmışdır. Tədbirlər
planında ölkəmizdə 1993-cü ildən həyata
keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf
etdirilməsi, bu məqsədlə istiqamətlər
(ixtisaslar) üzrə dövlət təhsil
standartlarının hazırlanması, kredit sistemi barədə
mövcud dünya təcrübəsinin öyrənilməsi və
tətbiqi, xarici ölkələrin ali təhsil müəssisələri
tərəfindən verilən sənədlərin
tanınması prosedurunun təkmilləşdirilməsi,
respublikamızda ali məktəb məzunlarına verilən
bakalavr diplomuna əlavənin Avropa ölkələrinin ali təhsil
haqqında müvafiq sənədlərinə
uyğunlaşdırılması, ali təhsilin keyfiyyətinin,
tələbələrin və müəllimlərin
mobilliyinin inkişaf etdirilməsi və sair məsələlər
nəzərdə tutulmuşdu.
Boloniya Bəyannaməsinə
uyğun olaraq ali təhsil sistemində etdiyimiz əsaslı dəyişikliklərdən
biri bütün istiqamətlər üzrə yeni nəsil
dövlət təhsil standartlarının hazırlanması
oldu. 2006-cı ildə "Bakalavr
hazırlığının məzmununa və səviyyəsinə
qoyulan minimum dövlət tələblərinin (istiqamətlər
üzrə ali təhsilin dövlət standartının)
strukturu" hazırlandı və təsdiq edildi. Bundan sonra
mütəxəssislərin iştirakı ilə ali məktəblərdə
bakalavr hazırlığı aparılan bütün istiqamətlər
üzrə dövlət təhsil standartları işləndi,
həmin standartlara uyğun tədris planları da
hazırlanıb təsdiq edildikdən sonra 2006/2007-ci tədris
ilindən birinci kurslarda tətbiqinə başlandı.
Beynəlxalq
təcrübəyə müvafiq olaraq hazırlanmış
yeni standartlarda fənlərin sayı, auditoriya
saatlarının miqdarı azaldıldı (4140 saatdan 3300 saata
qədər), tələbələr tərəfindən
seçmə fənlərə ayrılan saatların
miqdarı 5%-dən 20%-dək çoxaldıldı. Boloniya
prosesinin tələblərinə uyğun olaraq nəzəri həftələrin
sayı 133-dən 115-ə, semestrlər üzrə auditoriya dərsləri
17-18 həftədən 15 həftəyə endirildi, istehsalat və
pedaqoji təcrübənin müddəti ixtisaslardan
asılı olaraq 18 həftəyə qədər
artırıldı. Humanitar fənlər bölümündə
məcburi fənlərin sayı 10-dan 3-ə endirildi. Burada
yalnız məcburi fənn kimi nəzərdə tutulan "Azərbaycan
tarixi", "Azərbaycan dili" (təlimi rus dilində
olanlar üçün), "Xarici dil" saxlanıldı. "Fəlsəfə",
"Politologiya", "Sosiologiya",
"İqtisadiyyat" və sair seçmə fənlər
kimi təklif edildi. İlk dəfə olaraq ixtisas fənlərinin
müəyyənləşdirilməsi müvafiq standartlar
çərçivəsində ali məktəblərin səlahiyyətinə
verildi.
Məlumdur
ki, Boloniya Bəyannaməsinin başlıca müddəalarından
biri ölkədə təhsilin keyfiyyətinin təmin
olunması sisteminin yaradılması və onun ümumavropa
"təhsilin keyfiyyətinin idarə olunması" sisteminə
uyğunlaşdırılması ilə bağlıdır. Bu
istiqamətdə də müəyyən işlər
görülmüşdür. Belə ki, ölkəmizdə
ali təhsilin keyfiyyətinin qiymətləndirilməsini təmin
etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 26.04.2004-cü il tarixli, 359 ?-li qərarı ilə
"Ali və orta ixtisas təhsili müəssisələrinin
attestasiya və akkreditasiyası haqqında Əsasnamə",
habelə buna müvafiq olaraq "Ali və orta ixtisas təhsili
müəssisələrinin attestasiya və
akkreditasiyasının keçirilməsi üçün tələb
və meyarlar" təsdiq olunmuş, Nazirlikdə akkreditasiya
komissiyası yaradılmışdır. 2008-ci ilin sonunadək
15 ali təhsil müəssisəsi (MAA, BDU, ATU, ADMİU, ATexU,
AzTU, AMİU, ADPU, BSU, Azərbaycan Beynəlxalq Universiteti, Odlar
Yurdu Universiteti, Bakı Qızlar Universiteti, Qafqaz Universiteti,
Ali İctimai Siyasi Universitet, Asiya Universiteti) akkreditasiyadan
keçmişdir. Akkreditasiyanın nəticələrinə
görə Azərbaycan Beynəlxalq Universitetinin bakalavr və
magistratura pillələrinin hər birində 7, Odlar Yurdu
Universitetinin bakalavr və magistratura pillələrinin hər
birində 2, Bakı Qızlar Universitetinin bakalavr pilləsində
1 ixtisas attestasiyadan keçməmişdir.
Doğrudur,
normativ-hüquqi bazanın yaradılması və bir sıra
ali məktəblərin akkreditasiyadan keçirilməsi istiqamətində
müəyyən işlər görmüşük, lakin bu
sahədə fəaliyyətimiz hələlik məni qane etmir
və işimizin gedişindən o qədər də razı
deyiləm. Burada problemlərdən biri ondan ibarətdir ki,
akkreditasiya sahəsində kifayət qədər
bacarıqları və təcrübəsi olan kadrlar
çatışmır və ümumiyyətlə bu iş
bizim üçün yenidir. Nazirliyin bir şöbəsinin
imkanları ilə belə bir genişhəcmli fəaliyyəti
həyata keçirmək də çətindir. Digər tərəfdən,
tətbiq edilən meyarlar və prosedurlar təkmil deyildir və
bu səbəbdən nəticələrin təhlilində səmərəli
mexanizmlər tətbiq edilə bilmir.
Bu vacib sahədə
fəaliyyətimizi təkmilləşdirmək
üçün ilk addım kimi Təhsil Nazirliyində
akkreditasiya şöbəsinin yaradılmasını, beynəlxalq
təcrübə ilə tanış olan səriştəli
mütəxəssislərin həmin şöbəyə cəlb
olunmasını nəzərdə tutmuşuq. Lakin, fikrimcə,
dünyada olduğu kimi, Azərbaycanda da heç bir dövlət
qurumunun tabeliyində olmayan müstəqil akkreditasiya qurumu
yaradılmalıdır. Yalnız bu halda ali təhsilin keyfiyyətinə
obyektiv nəzarəti həyata keçirmək
mümkündür. Dünya təcrübəsində akkreditasiya
qurumu nəticədən asılı olaraq ali təhsil müəssisəsinə
ilkin xəbərdarlıq edə bilər, bir sıra
ixtisasların fəaliyətini dayandıra bilər, bu tədbirlər
nəticə vermədikdə isə təhsil müəssisəsinin
fəaliyyətinin dayandırılması barədə təkliflər
hazırlaya bilər.
Boloniya Bəyannaməsinə
uyğun olaraq xarici ölkələrdə ali təhsil
almış Azərbaycan vətəndaşlarının və
Azərbaycanda yaşayan əcnəbilərin
diplomlarının tanınması istiqamətində də tədbirlər
həyata keçirilmişdir. Belə ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 63
?-li qərarı ilə "Xarici dövlətlərin ali təhsil
sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)
qaydaları" təsdiq edilmiş, buna müvafiq olaraq
2003-cü ildə Təhsil Nazirliyində Daimi Komissiya
yaradılmış, həmin ildən bu işə
başlanmışdır. Ötən müddət ərzində
Təhsil Nazirliyinə 2163 müraciət daxil olmuşdur.
Müraciət edənlərin əksəriyyətini MDB
ölkələrində və Türkiyədə təhsil
alanlar, müəyyən qismini isə Avropa, Amerika, Asiya və
Ərəb ölkələrinin ali məktəblərinin məzunları
təşkil etmişdir. Müraciətlərdən 1388-i
müsbət həll edilmiş və onların sahiblərinə
müvafiq şəhadətnamələrin verilməsi
haqqında qərarlar qəbul edilmişdir. 444 müraciət
hazırda baxılma mərhələsindədir. Təqdim
edilmiş sənədlər arasında 331 qeyri-qanuni fakt
aşkarlanmış, o cümlədən 12 saxta diplom müəyyən
edilmişdir. Bu sənədləri təqdim edənlər əsasən
Rusiya Federasiyası və Gürcüstan Respublikasının
ali təhsil müəssisələrinin məzunları
olmuşlar.
Boloniya
prosesi çərçivəsində diqqəti cəlb edən
məqamlardan biri diplomların ekvivalentliyi və
qarşılıqlı tanınmasında mühüm əhəmiyyət
kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma
əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası,
Avropa Şurası və UNESCO-nun ekspertlərinin də daxil
olduğu birgə işçi qrupu tərəfindən
işlənib hazırlanmışdır. Həmin model
aşağıdakı bölmələrdən ibarətdir:
diplomun sahibi haqqında məlumat, alınmış ixtisas,
ixtisas dərəcəsinin səviyyəsi haqqında məlumat,
proqramın məzmunu və onun mənimsəmə nəticələri,
ixtisas haqqında informasiya və sair. Belə bir model üzrə
hazırlanan diploma əlavə məzunların akademik
mobilliyini və onların əmək bazarında fəaliyyətə
başlamasını asanlaşdırır. Bütün
bunları nəzərə alaraq ölkəmizdə də
müvafiq nümunəyə (modelə) uyğun "Diploma əlavə"
hazırlanmışdır.
Boloniya prosesinin əsas tələblərindən
biri ali təhsildə kredit sisteminin tətbiqidir.
Kredit - fənnin mənimsənilməsinə
ayrılan vaxtın və ona sərf olunan əməyin
ölçü vahididir. Başqa sözlə, kredit təhsilin
nəticələrini müqayisə etmək üçün
Avropa məkanında ali təhsildə qəbul
olunmuş vahid ölçüdür. Kreditin iki əsas
funksiyası vardır: a) tələbələrin mobilliyinin təmin
edilməsi, yəni digər ali təhsil
müəssisəsində ayrı-ayrı fənlərin mənimsənilməsinə
şəraitin yaradılması və onun nəticəsinin təhsil
aldığı ali məktəbdə tanınması; b) tələbənin
öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirməsi.
Boloniya Bəyannaməsinin
müddəalarına uyğun olaraq ölkəmizin ali təhsilində kredit sistemini tətbiq etmək
üçün Təhsil Nazirliyi qarşısında
aşağıdakı vəzifələr dururdu:
-kredit vahidlərinin
əksər Avropa ölkələrində tətbiq olunan
Avropa Kredit Transfer Sistemi əsasında müəyyənləşdirilməsi;
-bir sıra ali məktəblərin bəzi fakültələrində
eksperiment şəklində kredit sisteminin tətbiqi ilə tədrisin
təşkili;
-eksperiment
aparılan istiqamətlər üzrə dövlət təhsil
standartlarının və buna müvafiq tədris
planlarının kredit vahidləri əsasında yenidən
hazırlanması;
-müəllimlərin
dərs yükünün kredit vahidlərinə uyğun
müəyyənləşdirilməsi;
-təhsil
prosesi iştirakçılarının (təhsilalanlar və
təhsilverənlərin) mobilliyini təmin edən mexanizmin
yaradılması;
-təhsilin
keyfiyyətinə nəzarət mexanizminin yaradılması;
-tələbələrin
biliyinin qiymətləndirilməsində çoxballı sistemin
tətbiqi;
-eksperiment
aparılan müddətdə tədris prosesini təmin edən
normativ sənədlərin hazırlanması və
aprobasiyası.
Qarşıda
duran vəzifələri həyata keçirmək məqsədilə
Təhsil Nazirliyində mütəxəssislərdən ibarət
işçi qrupu yaradıldı və onların
iştirakı ilə "Ali təhsil müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili barədə
nümunəvi Əsasnamə" hazırlanıb təsdiq
olundu. Qaydalara görə kredit sistemində
təhsil alanlar üçün semestrlər üzrə
auditoriya dərsləri 15 həftə müəyyən olunur.
Tələbənin həftəlik auditoriya və
auditoriyadankənar ümumi yükünün həcmi isə
45 saatdır. Bu zaman auditoriya dərsləri
30 saat müəyyənləşdirilmişdir. Doğrudur, bir çox Avropa universitetlərində
auditoriya saatları 20-25 saat təşkil edir ki, onun da qalan
hissəsi tələbələrin sərbəst işi
üçün nəzərdə tutulur. Təbii
ki, biz də gələcəkdə bu yanaşmanı tətbiq
edəcəyik. Lakin indiki şəraitdə
universitetlərimizdə tələbələrin auditoriyadan kənar
sərbəst işi üçün müvafiq şərait
və resursların olmaması, onların kütləvi şəkildə
dərslərdən yayınması təhlükəsi səbəbindən
auditoriya saatlarının həcminin 30 saat müəyyənləşdirilməsi
məcburiyyəti qarşısında qalmışıq.
Bu işə çox həssaslıqla
yanaşaraq, yalnız Azərbaycan Dillər Universitetinə
onların müraciətini və müvafiq maddi-tədris baza,
eləcə də resursların mövcudluğunu nəzərə
alaraq, auditoriya dərs yükünün eksperiment şəklində
aşağı həddə müəyyənləşdirilməsinə
razılıq vermişik.
Tədris
planında tədris işinin həcmi kredit vahidləri ilə
müəyyənləşdirilir və bir kredit 15 auditoriya və
ya 22,5 ümumi (15 saat auditoriya +7,5 saat tələbənin
sərbəst işi) saata bərabərdir. Tələbəyə
mühazirə, seminar, laboratoriya və sair dərslərin hər
bir növünün 1 (bir) saatına 0,5
saat auditoriyadankənar sərbəst iş müəyyən
olunur. Qaydaya görə tələbəyə hər semestrdə
tədris olunan bütün fənlər üzrə 30 kredit
müəyyənləşdirilir və beləliklə tələbə
bir tədris ili ərzində 60 kredit
yığmalıdır. Bundan əlavə tədrisdə fəaliyyəti
yüksək olan tələbələrə hər semestrdə
(birinci tədris ili istisna olmaqla) cəmi 8
kreditdən çox olmamaq şərti ilə bir və ya iki fənn
seçməyə də icazə verilir. Bakalavr
pilləsində tələbələrdən təhsil
müddətində 200-250 kreditin yığılması tələb
olunur. Burada nəzərə almaq
lazımdır ki, beynəlxalq təcrübəyə uyğun
olaraq qeyri-ixtisas fənlərinin çəkisi ümumi
kreditin 20 faizinədək müəyyənləşdirilir.
Biz də kreditlər müəyyənləşdirilərkən
bu nisbətə riayət etmişik. Məsələn,
təsdiq olunmuş tədris planına əsasən bilologiya
ixtisası üzrə əsas fənlərə ayrılan
kreditlər ümumi kreditin 80 faizini təşkil etmişdir.
Bu da işəgötürənə məzunun
ixtisas üzrə hazırlıq səviyyəsi barədə
müfəssəl məlumat almağa imkan yaradır.
Sual
yarana bilər ki, tələbə bu və ya digər fənn
üzrə müəyyənləşdirilmiş krediti
hansı halda qazana bilər? Tələbə yalnız o
zaman kredit qazanmış olur ki, o, ali məktəblərdə
tətbiq olunan qaydalar üzrə həmin fənn üzrə
imtahandan müvəffəq qiymət almış olur. Bununla əlaqədar
qeyd etmək istəyirəm ki, respublikamızın ali məktəblərində tələbələrin
nailiyyətləri 100 ballıq sistemilə qiymətləndirilir.
Onun 50 bala qədəri semestr göstəricilərinə,
digər 50 bala qədəri isə imtahan nəticələrinə
görə müəyyənləşdirilir. Bir fənn misalında bunu izah edək. Tutaq ki, fənnin mənimsənilməsinə 2 kredit
ayrılmışdır. Tələbə
həmin krediti qazanmaq üçün mövcud qaydalara
görə dərslərdə iştirak etməli, ona verilən
tapşırıqları yerinə yetirməli, imtahandan
müvəffəq qiymət almalıdır. Bu zaman onun nailiyyəti çoxballı sistemlə
iki mərhələnin göstəriciləri əsasında
qiymətləndirilir. Birinci mərhələdə
tələbənin nailiyyəti dərsə davamiyyətə,
dərslərdə aktiv iştirakına, müxtəlif
aralıq sınaqların (kollokviumların) nəticələrinə
görə 50 bala qədə qiymətləndirilir.
İkinci mərhələdə isə tələbə
imtahanların nəticəsinə görə yenə 50-yə
qədər bal toplaya bilər. Hər iki mərhələnin nəticələri
toplandıqda 50 baldan çox olarsa, tələbə həmin
fəndən krediti qazanmış hesab edilir. Əks halda o, yuxarıda göstərilən tələblər
gözlənilməklə fənni təkrar dinləməlidir.
İstiqamətlər
(ixtisaslar) üzrə tələbələrin təhsili
dövlət təhsil standartlarına müvafiq kredit sisteminə
uyğunlaşdırılmış tədris plan və fənn
proqramları əsasında həyata keçirilir. Kredit
sistemində 4 formada tədris planlarından istifadə olunur:
-istiqamətin
(ixtisasın) tədris planı;
-istiqamətin
(ixtisasın) tədris planı və tələbələrin
fərdi tədris planlarına uyğun hazırlanmış
illik işçi tədris planları;
-istiqamətin
(ixtisasın) tədris planı əsasında
hazırlanmış tələbənin fərdi tədris
planı;
-müəllimlərin
tədris yükünü müəyyən edən
işçi tədris planları.
Tədris planında
fənlər vacibliyinə və məzmununun mənimsənilməsi
ardıcıllığına görə
aşağıdakı üç qrupa bölünür: məcburi
ardıcıl öyrənilən fənlər qrupu; məcburi,
lakin ardıcıllığı vacib olmayan fənlər
qrupu; tələbələrin öz seçimi əsasında
öyrənilən fənlər qrupu. Buna müvafiq olaraq hər
bir ali məktəb tərəfindən
bir-biri ilə bağlı olan fənlərin
ardıcıllığı müəyyənləşdirilir
və tələbəyə fərdi tədris planı tərtib
edərkən nəzərə alması tövsiyə olunur.
Eyni
zamanda həmin qaydalarda tədris planına uyğun
qrupların, bu qruplardakı tələbələrin
sayının, habelə hər bir müəllimə
düşən tələbələrin maksimal sayının
müəyyənləşdirilməsi, tələbələrin
biliyinin qiymətləndirilməsi və hər bir fənn
üzrə attestasiya formaları öz əksini
tapmışdır. Bundan əlavə
qaydalarda tələbələrə metodik yardım göstərmək
üçün tədris məsləhətçi (tyutor)
xidmətinin təşkili də nəzərdə
tutulmuşdur.
Dünya
təcrübəsində kredit sisteminə müxtəlif
yanaşmalar mövcuddur. Ayrı-ayrı
ölkələrdə təhsilin məzmunu və təşkili
formalarından asılı olaraq, kredit sistemi müxtəlif
formalarda tətbiq olunur. Lakin yanaşmalar müxtəlif
olsa da, məqsəd birdir - ali təhsildə
demokratik prinsiplərin bərqərar olması, ədalətliliyin,
obyektivliyin təmin olunması və beləliklə təhsilin
keyfiyyətinin yüksəldilməsi. Kredit
sisteminin tətbiqi, ilk növbədə, onun böyük
üstünlüklərə malik olması ilə
bağlıdır. Bu üstünlüklər
aşağıdakılardır:
Hər bir tələbə
özünün fərdi tədris planını tərtib edir
və ona fənlərin öyrənilməsi
ardıcıllığını müəyyənləşdirməyə
imkan yaradılır, bununla da tələbələrin tədris
prosesinin təşkilində bilavasitə iştirakı təmin
olunur.
Hər bir tələbə
ayrı-ayrı fənlərdən ali məktəbin
imkanları daxilində müəllimi seçmək
hüququna malik olur, bu da müəllim-tələbə
münasibətlərinin daha səmərəli qurulmasına
xidmət etməklə bu günədək mövcud olan
neqativ halların qarşısını ala bilər.
Akademik borcların ləğvinə
həmin fənni yalnız təkrar dinlədikdən sonra icazə
verilir ki, bu da fənni mənimsəmədən tələbələrə
qiymət yazılması hallarının
qarşısını alır və bir sıra neqativ
halları aradan qaldırır.
Müəllimlərin
dərs yükü tələbələrin fərdi tədris
planları əsasında müəyyənləşdirilir ki,
bu da müəllimlərin məsuliyyətini xeyli
artırır.
Mühazirə və
seminarların bir müəllim tərəfindən
aparılması tələbi tədris prosesinə yüksək
ixtisaslı mütəxəssislərin cəlb olunmasına və
tədris yükünün optimal formalaşmasına şərait
yaradır ki, bu da tədrisin keyfiyyətinin yüksəlməsinə
müsbət təsir göstərir.
Tədris plan və
proqramlarının ümumavropa məkanının ali məktəblərinin müvafiq sənədləri
ilə uyğunlaşdırılması təmin olunur. Bu da öz növbəsində tələbələrin
həm ölkə daxilində, həm də ümumavropa məkanında
mobilliyini təmin edir. Belə ki, ali
məktəblər arasında bağlanmış müqavilələrə
uyğun olaraq respublika ali məktəblərinin tələbələri
Avropa ali məktəblərinə göndərilə bilər
və onların qazandıqları kreditlər ali məktəblər
tərəfindən qarşılıqlı tanınar. Beləliklə, tələbələrin ikili və
ya iki diplom almalarına da şərait yaradılar.
Bununla yanaşı, diplomların Avropa məkanında
tanınmasına, xarici ölkə vətəndaşlarının
Azərbaycan ali məktəblərində
təhsil almalarına da geniş imkan yaranar.
Tələbələrin
bir təhsil müddətində digər yaxın ixtisasa da yiyələnə
bilməsinə şərait yaradılır. Məsələn, riyaziyyat
ixtisası üzrə təhsil alan şəxslər
qohum fənn götürməklə informatika, filologiya
ixtisasının tələbələri isə jurnalistika
ixtisasına da yiyələnə bilərlər və sair.
İstedadlı
gənclərin təhsillərini müəyyən olunmuş
müddətdən əvvəl başa vurmalarına şərait
yaradılır.
Tələbələrə öz
seçimləri əsasında fənni mənimsəmək və
təkrar dinləmək imkanı verildiyindən, onlar ali məktəbdən xaric olunmadan müəyyən
müddət ərzində təhsillərini başa vura bilirlər.
Diplomalara əlavənin
yeni formada tərtibi və burada tədris olunan fənlərin
məzmununun öz əksini tapması, hər fənnə
kreditin müəyyənləşdirilməsi və qiymətləndirmənin
Avropa standartlarına uyğun yazılması diplomların həmin
məkanda tanınmasını xeyli asanlaşdırır.
Hər bir fənnin ayrıca bir blok (modul) şəklində müəyyənləşdirilməsi
bu fənni tədris edən müəllimlərin işlədiyi
ali məktəbin xarici partnyor ali təhsil müəssisələrində
bir semestr, yaxud bir il həmin fənni tədris etməsinə
şərait yaradar ki, bu da onun xarici təcrübəni
öyrənməklə təkmilləşməsini təmin
edə bilər.
Yuxarıda
sadalanan prinsip və kriteyalar kredit sisteminə keçidin nə
qədər vacib olduğunu göstərən faktorlardır.
Təhsil Nazirliyi ali məktəblərdə
kredit sisteminə keçidlə bağlı çox ciddi
çətinliklərlə
qarşılaşacağını nəzərə alaraq,
bütün ali məktəblərdə deyil, yalnız bir
neçə ali məktəbin seçilmiş fakültələrində
eksperiment qaydasında bu sistemə keçməyi qərara
aldı. Sonrakı araşdırmalar göstərdi
ki, bu, yeganə düzgün yol idi. Təhsil
Nazirliyində beynəlxalq və milli ekspertlərin
iştirakı ilə kredit sisteminə keçidlə
bağlı çoxsaylı müzakirələr
keçirildi. Problemin miqyası, ölkə
üçün yeniliyi, təhsil müəssisələrinin
və ictimaiyyətin bu məsələnin mahiyyətinə dərindən
bələd olmaması səbəbindən
başlanğıc mərhələdə 2006/2007-ci tədris
ilindən ölkənin 10 ali təhsil
müəssisəsində (BDU, ADNA, AzTU, AMİU, ADİU, ADPU,
BSU, ADU, ATU, ATİ) 30 ixtisas üzrə 2497 nəfər I kurs
tələbəsini əhatə etməklə eksperiment şəklində
kredit sisteminin tətbiqinə başlanıldı. Onu da qeyd
etmək lazımdır ki, 2003-cü ildən ölkənin ali məktəblərində tələbələrin
biliyinin qiymətləndirilməsinin çoxballı sisteminə
keçid kredit sisteminin tətbiqi üçün əsaslı
baza rolunu oynadı.
Müvafiq ali məktəblərdə kredit sisteminin tətbiqi
vəziyyətini təhlil etmək, qarşıya
çıxan çətinlik və problemləri müəyyənləşdirmək
məqsədilə 2006-cı ilin dekabrında Təhsil Nazirliyinin
təşəbbüsü və UNESCO-nun dəstəyi ilə
"Azərbaycanın ali təhsil müəssisələrində
kredit sisteminin tətbiqi" mövzusunda milli seminar
keçirildi. Seminarda Rusiya Federasiyasının, Amerika Birləşmiş
Ştatları və Avropa ölkələrinin ali
məktəbləri ilə yanaşı, Azərbaycanın ali
təhsil müəsissələrində kredit sisteminin tətbiqi
təcrübəsi geniş təhlil olundu, ölkəmizdə
bu işi daha da təkmilləşdirmək məqsədilə
müvafiq tövsiyələr verildi.
Eksperiment
aparılan ixtisaslar üzrə 2006/2007-ci tədris ilinin
qış imtahan sessiyasının nəticələri təhlil
edilərək xüsusi diqqət akademik borcu qalan tələbələrə
yönəldildi. Məlum oldu ki,
qış imtahan sessiyasında 2497 nəfər I kurs tələbəsindən
akademik borcu qalanların sayı 226 nəfərdir. Bununla
əlaqədar eksperiment tətbiq olunan ali
məktəblərdə həmin işə məsul şəxslərlə
müzakirələr aparıldı, akademik borcu qalan tələbələrin
növbəti semestrdə tədrisinin təşkili ilə
bağlı ali məktəblər tərəfindən Nazirliyə
təkliflər verildi. Həmin təkliflərdə tədrisi
ardıcıl olmayan fənlərdən akademik borcu qalan tələbələrə
ikinci semestrdə digər fakültələrdə həmin fənni
yenidən dinləmək və imtahan vermək
üçün şəraitin yaradılması, tədrisində
ardıcıllıq tələb olunan fəndən birinci
semestrdə akademik borcu qalan tələbələrin həmin
fənni təkrar dinləyib imtahan vermələri
üçün mövcud normativlərin tələbləri
gözlənilməklə qrupun yaradılması, digər fənlərdən
akademik borcları olan tələbələr üçün
arzularına əsasən ölkədə ilk dəfə
olaraq yay semestrinin təşkili öz əksini
tapmışdı. Nazirlikdə bu məsələlər
araşdırıldı "Ali təhsil müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili barədə
nümunəvi Əsasnamə"də müvafiq dəyişikliklər
aparıldı.
Təhsil
Nazirliyinin "2006/2007-ci tədris ilində ali təhsil sahəsində
görülən işlər, problemlər və onların həlli
yolları barədə" 03.04.2007-ci il tarixli Kollegiya qərarına
uyğun olaraq həmin ildən ali məktəblərdə tədrisin
təşkilində kredit sisteminin tətbiqi ilə
bağlı eksperimentin əhatə dairəsinin genişləndirilməsi
qərara alındı, 2007/2008-ci tədris ilinin sentyabrından
ali məktəblərin I kurslarında BDU-da 10, ADNA-da 3,
ADİU-da 36, AzTU-da 13, AMİU-da 4, ADPU-da 3, ADAU-da 2,
ADMİU-da 1, BSU-da 7, ADİA-da 3, NDU-da 4, SDU-da 2, GDU-da 10,
LDU-da 2, NMİ-da 1, AtexU-da 27, MPİ-da 11, ADA-da 6 ixtisas üzrə
tədrisin kredit sistemi ilə tətbiqinə
başlanıldı. Eksperimentin davam etdirilməsi ilə əlaqədar
müvafiq ali məktəblərdə
müəllimlər arasında geniş maarifləndirmə
işi aparıldı, kredit sisteminə
uyğunlaşdırılmış tədris planları
mövcud qaydada hazırlanıb təsdiq edildi.
Bununla
yanaşı, kredit sisteminin tətbiqi ilə bağlı
mövcud olan problemləri də qeyd etmək istəyirəm.
Təsəvvür edin ki, tədrisdə kredit sistemi ali məktəblərdə
təhsil alan tələbələrin yalnız 2,5 faizini əhatə etmişdir. Əhatə
səviyyəsinin azlığı ilə yanaşı, bu
sistemin tətbiqində digər çətinliklər də
mövcuddur. Bir sıra hallarda
professor-müəllim heyəti kredit sistemi haqqında kifayət
qədər biliklərə malik olmadığından
müvafiq tələblərə riayət etmirlər, bu
formanı təhrif olunmuş şəkildə həyata
keçirirlər. Tətbiq olunan yeni
sistemin səmərəliliyinə mənfi təsir edən
amillərdən biri də budur ki, universitetlərin rəhbərliyi
bu işə əsassız müdaxilələr edir, yenə də
sifarişlə və tapşırıqla tələbələrə
müsbət qiymətlər yazdırırlar. Təəssüf doğuran odur ki, bütün bunlar
həm ictimaiyyətdə, həm də təhsilalanlarda tətbiq
olunan yeni sistemə inamı itirir, onun ənənəvi sistemdən
üstünlüklərinə kölgə salır.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 2009.- 2 may.- S.10-11