"Heydər
Əliyev. Şəxsiyyət
və Zaman" kitabı ictimaiyyətə
təqdim olunub
Ötən gün
Atatürk Mərkəzində "Gənc Liderlər"
Uşaq Təşkilatının təşəbbüsü
ilə yazıçı-publisist, millət vəkili Elmira
Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və
Zaman" dördcildilk kitabının təqdimat mərasimi
keçirilib. Tədbiri giriş sözü ilə "Gənc
Liderlər"in sədri Fərid Şahbazlı açaraq,
kitabın əhəmiyyətindən danışıb:
"Millət vəkili Elmira Axundovanın bu kitabı ulu
öndərimiz Heydər Əliyevin mənəvi irsini öyrənmək
baxımından gənclərin bəhrələnəcəyi
önəmli nəşrdir".
Millət vəkli Nizami
Cəfərov kitabın ümummilli liderin şəxsiyyətinə
və fəaliyyətinə səmimi münasibətin ifadəsi
olduğunu önə çəkib. N.Cəfərov təqdim
olunan nəşri H.Əliyevin 86 illiyinə layiqli töhfə,
mərhum prezidentin xatirəsinə dərin ehtiramın təzahürü
kimi dəyərləndirib.
Milli Məclisin üzvlərindən
Lalə Abbasova, Zahid Oruc da kitabla, müəllifin ümummilli
lider irsinə yanaşması ilə bağlı fikirlərini
bölüşüblər. Onlar kitabın Azərbaycanda gələcək
nəslin dövlətçilik hissilə tərbiyəsində
özünəməxsus rol oynayacağına, böyük
siyasi xadimin mənəvi irsinə yaxından bələd olmaq
istəyənlərin stolüstü kitabına çevriləcəyinə
inam ifadə ediblər.
İndiyədək E.Axundovanın
müxtəlif vaxtlarda işıq üzü görmüş
"Naşirin qətli", "Həqiqət anları",
"Şüşə saray" kitablarının
böyük maraqla qarşılandığını
vurğulayan çıxışçılar növbəti
nəşrin də oxucularda rəğbət
doğuracağına əmin olduqlarını bildiriblər.
Kitabın müəllifi
təqdimatı keçirilən çoxcildlik roman-tədqiqatı
ömrünün ən mühüm layihəsi hesab etdiyini
deyib. E.Axundova kitab hazırlanarkən Heydər Əliyevin
şəxsi arxivində işləmək üçün ona
ölkə prezidenti İlham Əliyev tərəfindən
müvafiq şərait yaradıldığını minnətdarlıq
hissilə açıqlayıb.
Heydər Əliyevin ilk
bioqraflarından sayılan E.Axundovanın təqdim edilən
kitabının önsöz müəllifi tanınmış
qazax ədibi Oljas Süleymenovdur. O.Süleymenov
yazısında kitabın böyük məhəbbətdən
qaynaqlandığını bildirərək, E.Axundovanın
faktlara münasibətdə prinsipiallıq göstərdiyini,
həqiqətləri qələmə aldığını qeyd
edib.
Müəllifin beş
ilə yaxın davam edən gərgin zəhmət bahasına ərsəyə
gətirdiyi tədqiqatın əsasında kitabın qəhrəmanının
uşaqlıq və gənclik dostları, qohumları və
yaxınları ilə lentə alınmış çox sayda
söhbət, tanınmış siyasi xadimlər və
dövlət adamları ilə müsahibələr, DTK arxivlərində,
prezidentin şəxsi arxivində iş nəticəsində əldə
olunan faktlar dayanır. E.Axundovanın Heydər Əliyevlə
şəxsi tanışlığı və
görüşlərilə bağlı məqamlar da kitabda
geniş yer alıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 2 may.- S.25.