Şəkidə xalq artisti Canəli Əkbərovun yubileyi qeyd olunub

 

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında xalq artisti, görkəmli muğam ustası, professor Canəli Əkbərovun anadan olmasının 70 illiyilə bağlı yubiley tədbiri təşkil edilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözüylə açan Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova görkəmli muğam ustasının həyat və yaradıcılığından danışıb: "Muğam sənətinin inkişafında Canəli Əkbərovun xidmətləri əvəzsizdir. O, öz dəsti-xətti ilə seçilən, yüksək xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə dinləyicilərin hörmətini qazanan xanəndələrimizdəndir".

Görkəmli sənətkarın ömür və fəaliyyət yolundan söz açan çıxışçılar C.Əkbərovun uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olduğunu, Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İbn Səlam, Məcnun, Şah İsmayıl, Aşıq Qərib kimi məşhur obrazları məharətlə yaratdığını önə çəkiblər.

Mərasimdə Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov, şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov, Yazıçılar Birliyinin nümayəndəsi Vaqif Aslan və başqaları yubilyarı təbrik edərək ona xoş arzularını çatdırıblar. Yubiley tədbirində sənətkarın yetirmələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Həmçinin tədbirdə yubilyarın ömür yolundan bəhs edən sənədli film də göstərilib.

Mərasimin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov Azərbaycan muğam sənətinin inkişafına böyük töhfələr vermiş görkəmli sənətkarı 70 illik yubileyi münasibətilə təbrik edib və ona xatirə hədiyyəsi bağışlayıb. Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq hisslərini ifadə edib.

Xatırladaq ki, hazırda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri və professoru olan Canəli Əkbərov milli muğam sənətimizin inkişafındakı xidmətlərinə görə 1992-ci ildə xalq artisti fəxri adı alıb. Xanəndə 2000-ci ildə "Şöhrət" ordeninə, 2002-ci ildə Prezident təqaüdünə, 2005-ci ildə isə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 2 may.- S.25.