Bakı Dövlət
Universitetində Rus Mərkəzi yaradılır
Tezliklə Bakı Dövlət Universitetində (BDU) "Rusiya
dünyası" Fondunun
Rus Mərkəzi açılacaq. Qeyd edək ki, hazırda
Fondun Azərbaycanla yanaşı, Belçika,
Yaponiya, ABŞ, Tacikistan,
Qırğızıstan, Qazaxıstan
və digər ölkələrində də
bu cür mərkəzləri fəaliyyət
göstərir. Bu mərkəzlərin işi
rus dilinin və rus mədəniyyətinin
qorunmasına, yayılmasına
yönəlib.
BDU-dan verilən məlumata
görə, mərkəzin açılmasında əsas məqsəd
rus dili və ədəbiyyatının, ümumilikdə Rusiya
mədəniyyətinin geniş təbliğinə şərait
yaratmaqdır. Eyni zamanda ali təhsil müəssisəsində
təhsil alan tələbələrə Mərkəz vasitəsilə
Rusiya mədəniyyəti və incəsənətilə daha
yaxından tanışlıq imkanı vermək də önəmli
məqsədlərdəndir.
2007-ci ildən etibarən
Rusiya prezidentinin müvafiq fərmanı ilə yaradılan
"Rusiya dünyası" Fondu rus dili və ədəbiyyatının
təbliğinə yönələn rus mərkəzlərinin
yaradılması işini həyata keçirir. Bu mərkəzlər
açıldığı zaman 1000-dən artıq adda kitabla
təmin olunur, sonradan isə fəaliyyəti daha da genişləndirilir.
Mərkəzlərə gələnlər Rusiya media
orqanlarının elektron versiyası ilə pulsuz
tanışlıq imkanı əldə edirlər. Fond rəhbərliyi
gələcəkdə Mərkəzdə metodiki iş
prosesində ensiklopediyaların, məlumat
kitabçalarının, rus dili lüğətlərinin,
Rusiyanın bədii, maarif, uşaq ədəbiyyatının,
eyni zamanda multimedia buraxılışları
kolleksiyasının - Rusiya kinemotoqrafiyasının, rus dili
proqramını öyrədən audiokitabların, tədris-metodika
vəsaitlərinin yer alacağı kitabxananı daha da zənginləşdirəcək.
BDU-dakı Mərkəzə müraciət edən tələbə
və müəllimlərin Rusiya media orqanlarının
elektron versiyası ilə pulsuz tanış olması
üçün lazımi şərait yaradılacaq.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 2 may.- S.22.