Etnoqrafiya Muzeyinin baş planının layihəsilə bağlı müsabiqə keçirilir

 

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Etnoqrafiya Muzeyinin baş planının layihəsinin hazırlanması üzrə müsabiqə elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu müsabiqə Azərbaycanın dövlət başçısının 2008-ci il 11 iyul tarixində "Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında" sərəncamını həyata keçirmək məqsədilə keçirilir. Məlumata görə, Azərbaycan Etnoqrafiya Muzeyi Abşeron rayonu Qobu qəsəbəsi ərazisində açıq səma altında hazırlanması nəzərdə tutulur. Müsabiqənin təşkilati və texniki şərtlərinə əsasən, layihə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına, təbliğ olunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət etməlidir. Kompleks Abşeron rayonunun Qobu qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmiş 200 hektar ərazidə yaradılmalıdır. Layihə ətraf ərazinin memarlıq həcmi, planlaşdırma həllilə birlikdə təqdim edilməlidir.

Açıq səma altında muzeylərin təşkili sahəsində dünyanın ən nümunəvi muzeylərinin iş təcrübəsi, etnoqrafik muzeyşünaslıq sahəsində elmin son nailiyyətləri nəzərə alınmalıdır. Müsabiqədə iştirak edən memar, heykəltaraş və ya rəssamlara tövsiyə olunur ki, layihənin hazırlanmasına bu sahədə müvafiq bilik və təcrübəyə malik muzey işçiləri, etnoqrafları, tarixçiləri, ədəbiyyatçıları və digər mütəxəssisləri cəlb etsinlər.

Gələcək muzeyin sahəsi Azərbaycanın bütün tarixi-etnoqrafik bölgələrini, ümumilikdə "Miniatür Azərbaycan"ı xatırlatmalıdır. Muzeyin baş planı tərtib olunmalı və burada bütün aparıcı eksponatlar öz əksini tapmalıdır (xalq yaşayış evləri, təsərrüfat tikililəri, ictimai tikililər, dini abidələr, su və yel dəyirmanları, sənətkarlıq emalatxanaları, xırman yeri, xalq nəqliyyat vasitələri, çəltik təmizləmək üçün su dingi, ayaq dingi və s.).

Muzeyin təşkili üçün Azərbaycan üzrə eksponatların toplanması işi həyata keçirilir. İtirilmiş etnoqrafik abidələr və predmetlərin arxiv sənədləri və fotoşəkillər əsasında bərpa etmək nəzərdə tutulur. Evlərin daxili səhmanı üçün əşyalar toplamaq da çox vacib məsələdir. Muzeydə şərti olaraq Azərbaycanın bütün tarixi etnoqrafik bölgələri (Şirvan, Qarabağ, Naxçıvan, Abşeron, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Aran, Gəncəbasar, Qərbi Azərbaycan bölgələri) öz əksini tapmalıdır. Lakin muzeyin leytmotivi vahid Azərbaycan mədəniyyəti olmalıdır. Hər bir bölgə öz təbii-coğrafi şəraitini və etnoqrafik infrastrukturunu əks etdirməlidir. Bütün eksponatlar qarşılıqlı vəhdət və əlaqədə olmalıdır. Bütün sənətkarlıq emalatxanaları, toxuculuq dəzgahları və s. işlək vəziyyətdə olmalıdır. Muzey əməkdaşları və kompleksə tamaşaya gələnlər üçün funksional otaqlar yerləşən bina və qurğuların yerləşməsi baş planda öz əksini tapmalıdır. İşlər Mədəniyyət və Turizm Nazirliyinə cari ilin sentyabrın 1-dək təqdim edilməlidir. Müsabiqənin qalibləri üçün hər biri müvafiq olaraq 30 min, 20 min və 10 min manat məbləğlərində I, II və III dərəcəli mükafatlar təsis edilib. Müsabiqənin qalibi elan olunan işlər dövlət mülkiyyəti sayılmaqla, Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə verilir.
   

 

525-ci qəzet.- 2009.- 2 may.- S.25.