Azərbaycanlı gənc yazarın hekayəsi Böyük Britaniyada çap olunub

 

GƏNC ƏDİBLƏR MƏKTƏBİNİN ÜZVÜ SƏMƏD SƏFƏROVUN HEKAYƏSİNƏ "AFRİKAN WRITING" JURNALINDA YER VERİLİB

 

Böyük Britaniyada nəşr olunan "African writing" ("Afrika yazısı") ədəbi jurnalının 7-ci sayında azərbaycanlı gənc yazar Səməd Səfərovun "Hamburger" hekayəsi dərc edilib. Gənc Ədiblər Məktəbinin üzvü olan Səmədin bu hekayəsi jurnalın internet saytında da (http://www.african-writing.com/seven/samedaydin.htm) yerləşdirilib. İki aydan bir işıq üzü görən jurnal əsasən Afrika həyatını və qitəyə xas olan problemləri işıqlandırır.

Müəllifin özünün ingilis dilinə çevirdiyi hekayədə Moskvada təhsil alan və bir sıra çətinliklərlə üzləşən afrikalı tələbədən bəhs olunur. Hekayənin Azərbaycan dilindəki variantı "Afrikasayağı xaçapuri" adlanır və bugünlərdə "Ulduz" jurnalının Gənc Ədiblər Məktəbi üzvlərinə ayrılmış 4-cü sayında işıq üzü görəcək.

1987-ci ildə anadan olan Səməd Səfərov erkən yaşda yaradıcılığa başlayıb və indiyədək hekayələri Azərbaycanla yanaşı, ABŞ və Rusiyada da dərc edilib. Hazırda gənc yazar Moskva Dövlət Zərif Kimyəvi Texnologiyalar Akademiyasında menecment ixtisası üzrə təhsil alır.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 2 may.- S.24.