İstanbulu dinliyorum gözlerim kapalı...
(Əvvəli
ötən şənbə
sayımızda)
... Səhər açılır.
Yerimdən qalxıb pəncərəyə yaxınlaşıram.
Boğazda böyük-kiçik
gəmilər ləngər
vururlar. Günəşin
şüaları mavi
sularda bərq vurur. Hava gözəl.
Həkimin cavabları
necə, gözəl olacaqmı görən?
... Kahvaltıda
Tuncaydan polis kimliyini istəyirlər. Baş
komissar (yəni baş leytenant) üçün çox cavan göründüyündən
təəccüblə baxırlar.
Türkiyədə bu
rütbəni qazanmaq üçün neçə
illər görəv yapmaq lazım. Kahvaltı qiymətləri
başqa məkanlarla müqayisədə çox
ucuz və yemək çeşidləri
də bol. Yeməkdən sonra üz tuturuq avtobus durağına. Akbili kullanıb (akbil - "akıllı bilet" bir növ bizim vaxtilə işlətdiyimiz
aylıq abonent biletləri kimi bir şeydi. Bütün nəqliyyat vasitələrində elektron
qeydiyyat makinaları mövcud olduğundan bu biletdən istifadə çox sərfəlidi) rahat-rahat gəzəcəyik...
... Aman doktor, canım-cicim doktor, dərdimə bir çarə. Doktoru dinləyə-dinləyə
həyəcanım azalır.
Uzun-uzadı anlatmalardan
sonra əcəlimin bu xəstəlikdən olmayacağı məlum olur. Doktor bəy
kötü alışqanlıqlardan
qurtulmağı tövsiyə
edir. Of, hansı birindən qurtulayım?
... Heyran-heyran
fəxri qaravulda durmuş əsgərlərə
tamaşa edirik. Dolmabaxça sarayının
önündəki bu mənzərə gözəl
bir tamaşadı. Gəlişimiz qaravulun dəyişmə vaxtına
təsadüf edib. Dolmabaxça sarayı İstanbulun sayseçmə
abidələrindən biridi.
400 il əvvəl bu yerlərdə Osmanlı Kapitani-Dəryasının
(yəni donanmasının)
gəmiləri lövbər
salırmış. Sonra
bataqlığa dönməyə
başlayır. XVII əsrdə
bataqlığı torpaqla
dolduraraq padşahların
əyləncə məkanına
çevirirlər. Dolmabaxça
sözü də burdan gəlir. O zamanlar burda köşklər, qəsrlər
tikilir və Beşiktaş Sahil Sarayı adlanır. XVIII əsrin ikinci yarısında memarlıqda
Qərb təsiri özünü göstərməyə
başlayıb. III Səlim
Boğaziçində Qərb
üslublu binalar inşa etdirən ilk sultandı. Ondan sonra gələn
II Mahmud dönəmində
Topqapı sarayı artıq tərk edilmiş sayılırdı.
Onun oğlu Əbdülməcid də
Qərbyönümlü olduğundan
yeni tikililər tam Avropa üslubunda
inşa olunurdu. Sultanın qərarına görə torpaqla doldurulmuş buxtanın yerində yeni saray tikilir. Daha böyük ərazi üçün yaxınlıqdakı tarla
və məzarlıqlar
satın alınıb
təmizlənir. 1853-cü ildə saray inşaatını gəzən
bir fransızın yazdığına görə
həmin vaxt hələ bəzək-düzək işləri bitməyibmiş. 1856-cı
ildə saray təntənəli mərasimlə
açılır. XIX əsrin
ortaları Osmanlı imperiyasının qürub
dönəmidi. Ancaq dünyada öz nüfuzunu, prestijini itirməmək üçün
borcla da olsa sarayı 5 milyon altına araya-ərsəyə gətirə bilirlər. Məmurların maaşlarını
borc nədənindən
3-4 aydan bir verə bilən sultan Əbdülməcid özü də bu sarayda cəmi
6 ay yaşaya bilir. Gənc yaşlarında vərəmdən
vəfat edir. Onu əvəz edən qardaşı Sultan Əbdüləzizin
zamanında isə sarayda israf ən
yüksək nöqtəyə
çatır. 5320 adamın
çalışdığı sarayda illik məsrəf
2 milyon funt-sterlinqə yaxın imiş. Rüşvətə,
intriqalara, məmurların
qəfildən işdən
çıxarılıb ucqarlara
göndərilməsinə də səhnə olan saray sultanın
zorla taxtdan endirilməsinə də şahid olub. Orduya ayrılmış pula göz dikən
padşahı hakimiyyətdən
məhrum edirlər.
Ondan sonra ruhi xəstə
olan V Murad, az vaxtdan sonra isə II Əbdülhəmid taxta
çıxıblar. Xatırlayırsınızsa, sultan II Əbdülhəmidin
dövrünü tarixdə "zülm dövrü"
adlandırıblar. İndi mən sarayın içində gəzə-gəzə
düşünürəm ki, doğrudan bu dünyanın işini
bilmək olmur. Bir zamanlar
bu sarayda krallara, imperatorlara ziyafət verilib, sonuncu sultan Vəhdəddin vətəni
bu saraydan tərk edib. Sonuncu xəlifə yanına gələn heyəti burda qəbul edib. Və xilafətin ləğv olunma xəbərini də burda eşidib. 1924-cü ildə boşalan saraya Atatürk 3 il sonra gəlib.
Onun zamanında saray iki yöndən
önəm qazanıb
- həşəmətli qonaqlar
burda qəbul edilib və sarayın bəzi hissələri turistlərə
açılıb. Həmin
dövrdə İran şahı Rza Pəhləvi, İraq kralı Faysal, İordaniya kralı Abdullah, əfqan kralı Əmənulla, ingilis kralı Eduard və Yuqoslav kralı Aleksandr bu sarayda
Atatürkün qonağı
olublar. Ömrünün
son günlərini Dolmabaxçada keçirən
Mustafa Kamal Paşa üçün xüsusi olaraq lift də düzəldilib.
Muzeydə xüsusi işarələnmiş 71 nömrəli
mütəvaze otaqda isə Atatürk haqqa qovuşub, gözlərini yumub.
Oğlum bu otaqda hər
şeyə çox diqqətlə baxır. İçində
böyük bir Atatürk sevgisi olduğunu bilirəm. Böyük
bir ruh yaxınlığı da var yəqin. Əvət,
oğlum, əgər bu gün biz sadə insanlar bu
ehtişamlı sarayda gəzə biliriksə, buna görə
də onun xatirəsinə borcluyuq. Çox təəssüf
günümüzün Türkiyəsində onun kim
olduğunu unutdurmağa çalışanlar var...
Saraydan
çıxırıq. Yenə sahildə oturmuşuq. Yenə
martılar (qağayılar) başımızın
üstündə uçuşurlar. Yenə də dənizdən
əsən meh bizi üşüdür. Bir az o tərəfdə
Beşiktaş iskələsi (liman kimi bir şey)
görünür. Bu iskələdən 1919-cu ilin mayında
Mustafa Kamal İstiqlal savaşını başlamaq
üçün Anadoluya gedib.
... Osmanlının hərb
tarixində donanmanın, dəniz savaşlarının da
önəmli yeri var. Dənizçilik muzeyi bu şanlı
tarixi dönəm-dönəm əks etdirən eksponatlarla zəngindi.
Muzeydə sultanların, onların hərəmlərinin də
qayıqları saxlanılır. Ancaq aşağı mərtəbələr
təmirdə olduğundan oraları oğluma göstərə
bilmirəm. Əvvəl gəldiyimdə də onları bura gətirmişdim,
ancaq Tuncay xatırlamır.
... Bələdiyyə
seçkilərinə bir həftə qalıb. Bütün
şəhər müxtəlif partiyaların bayraqları və
plakatları ilə bəzədilibmi desəm, zibillənibmi
desəm... Doğrudan, seçkidən sonra bu qədər
çöpü nə edəcəklər? Kendilərinin
bildiyi bir şey - amma görünən odur ki, bu plakatlar sadə
vətəndaşı o qədər də ilgiləndirmir. Axşama
oğlumun devrə arkadaşı bizi qonaq dəvət edib. Tələsik
otelə qayıdacağımızdan taksiyə otururuq. Hər
yerdə olduğu kimi burda da taksilər xarici olduğunu hiss edən
kimi səni şəhərdə fırlatmağa
çalışırlar. Ancaq Tuncay mənə göstəriş
verib ki, maşında ağzımı açmayım, onun isə
türkcəsi çox iyi:
- Nərəyə?
- Emirgana,
Baltalimanına.
-
Yabançımısın?
- Yoo, hayır.
- İstanbullu deyilsin...
- Ankaradan gəldik.
Öyrənciyim. - Tuncay söhbəti dəyişməyə
çalışır: - Oy verməyə gidecekmisin?
- Giderim elbet. Bizim orada
bir belediyye başkanımız var, adam ceketini koysa kazanır
zaten...
Son günlər
Türkiyədə çox yayğın bir ifadə oldu bu -
"ceketini qoysa kazanar" (yəni pencəyinin də namizədliyi
keçərli).
... Polis Evinin
restoranında axşamlar
musiqi, əyləncə
də var. Komissar Adil Polat xanımı
ilə bizi burda ağırlayır (yəni qonaq edir):
- Baküyü,
televizyonu hep seyr ederim Tuncayı görürüm diye.
- Dilimizden
anlıyormusun?
- Öyrendim, abla.
- Ya sen?- deyib Filizə tərəf
dönürəm. Filiz Adilin xanımıdı.
- Yoo, ben anlamam, hiç
anlamam.
-
Çaba göstər, zatən burda zor olan bir şey yok ki.
Siz "geliyorum" diyorsunuz, biz "gəlirəm".
- O da olacak, abla.
- İnşallah!- deyirəm,
amma fikirləşirəm ki, buna da uzun illər lazım, o da
qoysalar.
Filiz xırım-xırda
bir köy cocuğudu. Boy-buxunlu, yaraşıqlı Adillə
uyğunlaşmırlar. Tuncay
mənə əvvəldən
izahat verib ki, Türkiyədə qızlar çox halda polis eşi olmağa razılıq verməzlər. Həyat şərtləri ağırdı.
İlbəil məmləkətin
bütün vilayətlərini
dolaşmaq lazım gələcək. Hələ
bir "Şark" görəvi də var ki, məcburidi.
"Şark" yəni
şərq, Güneydoğu
Anadolu, terror bölgəsi.
Hər il bu bölgələrdə
nə qədər
polis həlak olur.
Sizdə Şark görəvi
yokmu, abla?
- Yok, bizim məmləkət
çox küçük.
İzahatım bura qədər,
xırdalamaq istəmirəm.
... Bu sabah
yağmur var İstanbulda. Taksimdə avtobusdan enib İstiqlal caddesinə doğru gedirik. Taksim İstanbulun böyük meydanlarındandı.
70-ci illərin sonlarında
Türkiyədə cərəyan
edən sağçı-solçu
çatışmalarında bir çox qanlı olaylara səhnə olub. İndi də mediada 1 May kutlamalarının
məhz Taksimdə olacağı dartışılır.
Rəsmi olaraq bu ildən 1 May Türkiyədə Əməkçi
bayramı kimi qeyd olunacaq (biz də neçə illərdən sonra bu bayramı ləğv elədik).
İstiqlal caddesi həm
lüks, həm də çox təzadlı bir yerdi. Demək olar ki, bir çox
ölkələrin konsulluqları
burda yerləşir. (Yadımdadır 1996-cı ildə
İstanbula gələndə
bizim konsulluğumuz da burda idi.
Abbas Abdulla ilə elə buralarda görüşmüşdük. Görəsən konsulluğumuz
indi hansı səmtdədi, heç bilmirəm). Məşhur Çiçək pasajı,
xudmani lokantalar, lüks dükanlar, kitab pasajları və... arka sokaklar. Kazinolar, pavyonlar - yəni qədim peşə sahiblərinin yığışdıqları
məkanlar. Həm də mütləq qeyd etmək istədiyim bir detal da var
- İstanbulda dükanların
əksəriyyətində rus qızları çalışır. Və
bu qızlar da çox zaman
dükan sahiblərinin
arvadı olduqlarını
söyləyirlər. İndi
gəl bizi rus simpatizanlığında
ittiham edən qardaşlarımızdan soruş
görüm bu nə məsələdi? Nə isə öz işləridi, ticarət elə bir sahədi ki, burda millət
söhbətini araşdırmaq
düz olmayacaq.
... Hara getsək
Tuncay birinci kitab dükanlarına girir. Ürəyimdə deyinirəm - bu qədər kitabı necə daşıyacağıq?
Ancaq kitabçılarda
da bir detal
diqqətimi çəkir.
Ən çox satılan kitabların siyahısı bütün
dükanlarda görünən
bir yerdə asılıb. Elif Şafakın adı "Aşk" romanı ilə çox yerdə öndədi. Biz qadınlar beləyik də.
İstiqlal caddesindən
bir az o tərəfdəki yoldan Pera Palas oteli boy göstərir.
Uzaqdan da Qalata qülləsi. Bu qülləyə çıxıb
İstanbulu seyr eləmək olar. Amma yaxşısı budu körpünü keçib Piere Lotiyə gedək. Piere Lotini tanıyırsınızmı?
(Ardı var)
İradə TUNCAY
525-ci qəzet.- 2009.- 2 may.- S.21.