Xalq yazıçısı
İsmayıl Şıxlı
Pedaqoji Universitetdə
yad edilib
Azərbaycan Dövlət
Pedaqoji Universitetində (ADPU) xalq yazıçısı,
görkəmli pedaqoq, ictimai xadim İsmayıl
Şıxlının anadan olmasının 90 illik yubileyinə
həsr olunmuş elmi-praktik konfrans keçirilib. ADPU-dan verilən
məlumata görə, tədbiri giriş sözü ilə
açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov
çıxışında yazıçının şəxsiyyətinə
xas əsas cizgiləri dilə gətirib: "İsmayıl
Şıxlı şəxsiyyətinin əsas atributları
millilik və bəşərilik, azərbaycançılıq,
ziyalılıq və kübarlıq, əqidə və
xarakter bütövlüyü, sadəlikdə müdriklik idi.
Sovet ideologiyasının tüğyan etdiyi bir zamanda Cahandar
ağa simasında mərd, cəsur bəy obrazı yaradan
İsmayıl Şıxlı öz xarakterinin bir çox ən
parlaq cizgilərini bu surətdə əks etdirməyi
bacarıb. Azərbaycan xalqının XX əsrdə
yetişdirdiyi ən böyük simalardan biri olan
İsmayıl Şıxlının gənc nəslin təlim-tərbiyəsindəki
rolu və əvəzsiz xidmətləri də
unudulmazdır".
Tədbirdə
"İsmayıl Şıxlının həyat və
yaradıcılıq yolu" mövzusunda məruzə ilə
çıxış edən professor Buludxan Xəlilov ədibi
böyük vətənpərvər, əsl müəllim,
görkəmli alim, istedadlı yazıçı kimi xarakterizə
edib.
Digər məruzəçilər
İ. Şıxlının uzun illər hazırkı ADPU-nun
filologiya fakültəsində baş müəllim, xarici
ölkələr ədəbiyyatı kafedrasının
müdiri kimi fəaliyyət göstərdiyini qeyd ediblər. Yazıçının
ədəbi fəaliyyətini də önə çəkən
çıxışçılar onun müxtəlif illərdə
"Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan
Yazıçılar İttifaqının birinci katibi və
digər vəzifələrdə
çalışdığını bildirərək
yaradıcılıq yolundan danışıblar:
"Yazıçının ilk mətbu əsəri
sayılan "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat"
qəzetində işıq üzü görüb. Nəsr
yaradıcılığına 1947-ci ildə "İnqilab və
mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin
nağılı" hekayəsi ilə başlayan
yazıçı bundan sonra "Konserv qutuları", "Səhəri
gözləyirdik", "Həkimin nağılı",
"Kerç sularında", "Haralısan, ay
oğlan?" oçerklərini, "Ayrılan yollar",
"Dəli Kür", "Ölən dünyam"
romanlarını qələmə alıb".
Çıxış edənlər
əsərləri keçmiş SSRİ və xarici ölkə
xalqlarının dillərinə tərcümə olunan
İsmayıl Şıxlının sağlığında
bir çox fəxri adlarla, orden və medallarla təltif
edildiyini də diqqətə çatdırıblar. Sonda tələbələrin
ifasında yazıçının roman və hekayələri
əsasında hazırlanmış ədəbi-bədii
kompozisiya təqdim olunub.
Yazıçının
oğlu, tanınmış jurnalist Elçin Şıxlı
çıxış edərək, atasının xatirəsinə
göstərilən ehtirama görə minnətdarlığını
bildirib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 2 may.- S.20.