Adilsizlik

 

GÖZƏL İNSAN, İSTEDADLI JURNALİST, BƏNZƏRSİZ SÖZ SƏRRAFI, RUHƏN BAĞLANDIĞIM NADİR DOSTLARIMDAN OLAN ADİL QAÇAYOĞLUNUN VƏFATININ BİR İLİNƏ DOST DÜŞÜNCƏLƏRİ

 

... Bir il oldu, bir ildir Onsuzuq.

Əslində biz dostları bu itkinin ağrı-acısını bir ildən çoxdu yaşayırıq, amma cismən bir ildir aramızda yoxdur. Bu bir ildə ruhlarımız görüşüb, ruhlarımız danışıb, həmsöhbət olublar. Desəm ki, bu bir ildə bir an da olsun, Onu yaddan çıxarmamışam, yalançı olaram. Desəm ki, bu bir ildə Onu tez-tez xatırlamışam, yenə gerçəkliyi deməmiş olacağam, çünki unutmamışam axı. Bu bir ildə Onunla görüş ayrılıq nöqtəmiz olan evlərinin tinində ani olsa dayanmamışam, ordan keçib getməmişəm, keçib gedə bilməmişəm.

Vaxtilə bizi 7-ci mikrorayonun dolanbac küçələrində gəzib-dolaşan görən, tanıdığım-tanımadığım insanlar bu bir ildə dəfələrlə mənə yaxınlaşıb, bağrına basıb "Özü yoxdu, heç olmasa, qoy dostunu öpək" deyiblər.

Əsl dostlar cavanlıqda qazanılır deyərdi, uzağı 40-a qədər. Sonrakı yaşlarda yaxın yoldaşlıq olar, onun möhkəm dostluğa çevrilməsi isə çox çətindir, amma baş tutsa, əvəzi yoxdur. Biz tanış olanda O, 43, mənsə 40 yaşında idim. Etiraf edirəm ki, çox qısa müddətdə ruhən bağlandığım nadir dostlarımdan birinə çevrildi O.

Özümə bağışlamadığım, bağışlaya bilmədiyim bir məsələ var - bu ildə bircə dəfə evlərinə zəng vurmamışam, baxmayaraq ki, oğlu ilə danışmaqdan ötrü ürəyim əsim-əsim əsib, tir-tir titrəyib, amma bacarmamışam. Qızı Kəmaləni demirəm, hətta oğlu Anarın belə, gözlərinə baxmaq indi mənim üçün ən çətin işdir. Bu vəziyyət vaxta qədər davam edəcək, bilmirəm. Nəsə, hərdən mənə elə gəlir ki, Onu qoruya bilməməyimizdə ən böyük günahkar elə mənəm.

Çox həssas adam idi Adil müəllim. Xəstə yatdığı 7-8 ayda biz dostları yığışıb, demək olar ki, hər həftə Ona baş çəkirdik. Şəxsən mənim üçün olduqca çətin idi. Əslində bu, xəstəni yoluxmaq deyildi, can-ciyərimizlə çoxsaylı vida görüşləri idi. Bununla belə, mümkün qədər şən görünməyə çalışırdıq, istəyirdik ki, vəziyyətinin ciddi olduğunu duymasın, bilməsin. Həm təkcə özü deyil, varlıqları ilə nəfəs aldığı gül balaları da hiss etməsin. Elə qardaşı Mətləb beləydi, üzdə gülüb, ürəkdə ağlayırdı. Adil Mətləbə çox inanırdı, vəziyyəti ilə bağlı yalnız onun dediklərini əsas götürürdü. Bütün çətinliklərə, olmazın mənəvi sıxıntılarına mərd-mərdanə sinə gərdi Mətləb. Etdikləri qarşısında baş əyirəm.

Telefonumdan nömrəsini silməmişəm, silməyəcəyəm , silə bilərəmmi heç, əlim gəlməz. Hər dəfə "A" hərfini vərəqləyəndə əlim "Adil" yazılmış yerdə mütləq dayanır, xəyallar dörd bir tərəfə çəkib aparır məni. Çaşdırıcı fikirlər keçir başımdan...

Bayramlarda, ad günündə həmişə təbrik məktubu yazardım. Cavabı dərhal zənglə gələrdi, təbrikin qarşılığını verəndən sonra hər dəfə "Mən bu telefonla məktub yazmağı öyrənmədim , Rövşən, bağışla" deyərdi. Amma bir dəfə Adil müəllimdən telefon məktubu aldım, sonralar özünün etiraf etdiyi kimi, böyük çətinliklə yazdığı bir neçə sözlük məktub...

... Çox az-az olardı ki, reportajıma münasibət bildirməyəydi. Görüşəndə ətraflı danışar, təcili olanda isə dərhal zəng edib fikrini deyərdi. Şərhlərimdən biri isə görünür, Onu lap çox razı salmışdı - telefonumun ekranında yeganə Adil imzasında oxuyuram: "Rövşən müəllim, ela əla oyuna belə əla + şərh. 3 noyabr 2007. 18:47:32".

"Möcüzə gözləyirəm... Kaş o möcüzə baş verəydi... Görəsən, mənim alın yazımda bu möcüzə var, ya yox?.. Doğrudanmı, mənim bir dəfə ürəkdən sevinməyə ixtiyarım çatmır?" - bu, Adil Qaçayoğlunun duyğuları titrədən, dilləndirən çoxsaylı yazılarının birindən kiçik bir parçadır. Özündə çox böyük fəlsəfi mənanı ehtiva edən bu parçanı "Media forum" saytı belə tamamlayır: "Bu dünyadan cəmi 53 yaşında, BİR DƏFƏ ÜRƏKDƏN SEVİNMƏK istəyə-istəyə köç eləmiş Adil Qaçayoğlunun ili yaxınlaşır - əzizləri onsuz ötən ilin ağrı-acısını bölüşməyə yığışacaq".

Xəyal məni mayın 4-nə aparır, Adil müəllimin dünyasını dəyişdiyi 2008-in yox, 2005-in mayın 4-nə. Ağdamsız Ağdamın "Qarabağ" komandası "Neftçi" ilə oynayırdı. Sözlə ifadəsi mümkünsüz olan bir ab-hava vardı Suraxanı qəsəbə stadionunda. Çempionun müəyyənləşməsində hər iki tərəf üçün həyati əhəmiyyətə malik oyunun son saniyələrində "Qarabağ" qələbə topu vurur. Bir-birimizə sarılır, uşaq kimi sevinirik, hətta gözlərimiz yaşarır. Adil müəllim ürəkdən sevinirdi - yazılarının birində "İndiki cavanların "Bakı"sı var, "İnter"i var, "Qarabağ"ı var, "Gəncə"si var, "Karvan"ı var, "Turan"ı var... Hələ onu demirəm ki, "Qalatasaray"lı, "Fənərbaxça"lı, "Beşiktaş"lı yeniyetmələrin sayı yetərincədi... Hələ onu da demirəm ki, "Barselona"ya, "Real"a, "Milan"a, "Mançester Yunayted"ə... azarkeşlik edən qədər azərbaycanlı balası var... Bizimsə yalnız bir "Neftçi"miz vardı" dediyi "Neftçi"si üzərində qələbəyə sevinirdi. Mənə elə gəlir ki, Ağdamsızlıq dövründə Adil müəllim həmin an doğrudan da ürəkdən sevinmişdi. Amma o an heç ağlıma gələrdimi ki, düz 3 il sonra, özü məhz həmin dəqiqələrdə canım qədər, əzizlərim qədər sevdiyim ürək dostum, ruhumun dostu Adil ölümlə çarpışacaq ...

Adil müəllimin təbirincə, bütün müqayisələr qüsurludur. Razıyam, amma sakit danışığı, ölçüyəgəlməz insanlığı, qayğıkeşliyi, Vətən sevgisi, Azərbaycana bağlılığı ilə həmişə mənə

 

  "Elim gərəyim olsun,

   Dilim gərəyim olsun,

   Onlara yük olarsam,

   Ölüm gərəyim olsun"

 

deyən dünya şöhrətli alimimiz Xudu Məmmədovu xatırladıb, çox xatırladıb. Amma təəssüf ki, bunu özünə deməyə heç vaxt cəsarət etmədim.

1988-ci ilin 15 oktyabrında itirdik Xudu müəllimi. Vəsiyyətinə uyğun olaraq doğulduğu Ağdamın Mərzili kəndində dəfn ediləcəkdi. Vida mərasimində rayonumuzun sayılıb-seçilən böyük ziyalılarından olmuş, rəhmətlik Zeynal Məmmədov çıxışını belə bitirdi: "Mən arzu etmişdim ki, qəbrimə Xudu müəllimin ikicə damla göz yaşı düşsün. Amma Xudu dostlarını o qədər çox istəyirdi ki, buna imkan vermədi, hamımızdan əvvəl getdi. Bizim göz yaşlarımız onun torpağına düşdü".

... O gün, bir il öncə, 2008-in 5 mayında Adil Qaçayoğlunun dəfnində qeyri-ixtiyari olaraq Zeynal müəllimin sözlərini xatırladım - mən torpağıma dostum Adilin bir cüt göz yaşının düşməsini çox istərdim... yəqin ki, təkcə mən yox! Amma Adil müəllim dostlarını, dostları onu istəyəndən çox istəyirmiş...

 

 

Rövşən BİNNƏTLİ

 

525-ci qəzet.- 2009.- 2 may.- S.20.