Adam
Oğlumun,
qaynımın, qaynım oğlunun meyidini aparan maşın,
öndə, arxada isə bir neçə maşında bizlər
sıra ilə Ağsu aşırımını qalxmağa
başlayanda qəhər məni boğdu.
Yeddi yaşı olanda
oğlum Sadığı sükan arxasında oturdub,
özüm yan tərəfdə əyləşdim. Aşırımın
dolayı yollarında maşını necə idarə etməyi
öyrətməyə başladım ona. Bərk qorxu
içində idi, sıldırımlar gözünü
qorxutmuşdu. Aşırımı düşüb düz
yola çıxanda sevincinin həddi-hüdudu yox idi...
Hər il rayona gedəndə
də, qayıdanda da bu yolu, Şamaxı yolunu
gedib-qayıdardıq. Ağsu aşırımında
maşın sürməkdən ləzzət alardı
oğlum. Hər dəfə də mənzərəli bir yerdə
oturub çörək yeyər, çay içərdik...
İllər öncəsi
bu aşırımda çay içərkən qəribsəyib
kövrəlmiş, dağlara bir şeir yazmışdım. O
şeiri ilk dəfə bu yerdə Aqil Abbasa oxumuşdum.
İndi Aqil də maşında mənimlədi...Nədənsə
içimdə o şeir səslənməyə
başladı:
Gör nə
vaxtdı, nə zamandı
Düşmür
sizə yönüm, dağlar,
Halım
yaman pərişandı
Başınıza
dönüm, dağlar.
Beş gün
ömür düşdü ələ
Şeirə
uyub verdim yelə
Dərdlərimi
tutun dilə
Mən də
bir yol dinim, dağlar!
İçimi göynədən
qəhərdən boğulurdum, maşını
saxlatdırıb, başıma-üz gözümə su
vurdum, ürəyim sıxılırdı. Elə
düşünürdüm ki, dünyanın axırı
çatıb, hər şey bitmişdi,
sönmüşdü...
Varım-yoxum, hər
şeydən-yerdən də, göylərdən də - məni
qoparıb özünə bağlayan oğul sevgisi köz olub
içimi yandırır, sönmək bilmirdi. Çətin
idi, çox çətin. Zahirdə özümü tox tutsam
da, içim ilmə-ilmə sökülürdü, qəhər
içində boğulurdum... Yol boyu dağlara tərəf
baxır, onların mənə nəsə deyəcəyini,
anladacağını umurdum... Hər şey susurdu, dağlar
da eləcə...
- Allah səbir versin
qardaş, hələ ki, camaat başını qatır,
qırx günə hələ ki, yas demək olmaz. Yas 41-ci
gün başlayacaq, oğlunun yoxluğu ilə üzbəüz,
təkbətək qalacaqsan, Allah o çətin məqamlarda,
o çətin anlarda səbrini versin. Bu sözləri Cavid Qəmbəroğlu
demişdi mənə.
Allaha gedən yolun bu
cür qısa olacağına heç cürə inanmaq istəmirdim...
11 mart 2007-ci il. O qəflət,
qaranlıq faciədən iki il ötür... Hər 11 mart
günü yaxınlaşdıqca səbrimin, daha doğrusu
taleyimin çatlarından yol tapıb dünyanın
soyuqları iliyimə axacaq, ruhumu üşüdəcək.
2007-ci ilin 11 mart
günündə donuxub qalmış, heykəlləşmiş
Zakirə baxıram. Əl atıram-əlim yetmir, səsləyirəm,-səsim
çatmır. Dörd yanını su basıb, lap uzaqlarda,
suyun ortasında tək-tənha, qaranlıq bir nöqtə
kimi görünür...
İbn Ərəbinin kəlamları
düşür yadıma: - "Sınaqların ən çətini,
tamahların ən şövqlüsü qadınlar,
var-dövlət, uşaqlar və hakimiyyətdi".
"Övladlar da
özü-özlüyündə bir sınaqdı. O səbəbdən
ki, oğul - öz atasının sirridi".
Oğlumun dünyaya gəlişi
də, ağlagəlməz halda dünyasını dəyişməsi
də bu gün mənim üçün sirr olaraq
qalmaqdadır...
Ağır, qırx
günlük yas mərasimindən iki həftə
ötmüşdü. Səhərlər, günortalar, şər
qarışanadək günlərim oğlumun qəbri
üstündə keçirdi. İstədim, istəmədim -
maşının sükanı üzü qəbiristanlığaydı...
Oğlumun qayıdacağına, dönəcəyinə dəli
bir inamım vardı. Çaşıb tez-tez zəng edirəm
oğluma, evdə, yazı masamın üstündə qoyub gəldiyim,
qəzadan sağ çıxmış telefonundan cavab əvəzinə
"Min bir gecə" filmində səslənən mahnı,
əbədi ayrılıq mahnısının sədaları
eşidilir, hönkürtü tutur məni...
Qəfil telefon zəngindən
diksindim. Adətim üzrə oğlumun qəbri üstündə
idim, - salam, şair, hardasan? Pasportunun nömrəsini,
seriyasını, verilmə tarixini zəng edib bu... nömrəyə
söylə, sabah tezdən uçuruq...
Ruhuma qonub, iliyimə
işləyən bu səsin doğmalığı məni qəm
yuxusundan oyatdı, düşüb qaldığım quyunun
dibindən eşiyə, dünyaya çıxartdı...
İçimdə
yaşayan bir sevgili günün yuvasından qopan doğma,
ilıq hava dəydi üzümə, bir içim hava uddum. Cavidlə
bağlı anlar, saatlar, günlər şirin bir xatirə
kimi əlimdən tutub qəbr üstə oturduğum
oturacaqdan məni ayağa qaldırdı, qoluma girdi... Qulaqlarımda
Cavidin şirin, kövrək pıçıltıları səsləndi:
Dostum!
Sevgisiz
günlərdə
Düz yol
da adama yoxuş gəlir,
Giley-güzardan,
qeybətdən
Tanış
üzdən, tanış səsdən
Yorulur adam
söz-söhbətdən...
Üzündəki
kədər mənə tanış gəlir!
Gözlərindən
daman qəm
Çəkdiyim
qəmlər sayaq
Hər
çəkilən isti qəmin
Arxasınca
yağış gəlir...
Yağış
gəlir,
yığış
gedək,
Qayıdaq
ötən günün altına!..
Geriyə, yuvasına
qayıdan Sözün səsini, nəğməsini
eşitdim, Sözün rəngini gördüm. Anladım ki,
çiçəklərin, güllərin rəngi, qoxusu
yoxuymuş - bunlar Sözün rəngi, Sözün
qoxusuymuş. Hər şey Sözdən doğurmuş: -
külək də, yağış da, günəş də,
ay da, ulduzlar da, elə insan özü də... Sözdən
qopan Səsin yuvasında imiş dünyanın nəğməli
sirrləri...
On bir yaşım
olardı. Bir stəkan qatıqmı, ya süd üstəmi, -
acıq edib alaçıqdan çıxdım. Kəlbəcərin
Alçalı adlı kəndinin yaylağında idik.
Yalın döşündəki yola çıxıb üz
aldım Çaykəndə. Yaylaqdan Çaykəndə, Kəlbəcərə
aparan yolu əzbər bilirdim. Qonaq-qara qarşılamaq
üçün bir neçə dəfə minik - at
aparmışdıq oralara. Yalı aşıb meşəyə
girəndə hava tamam qaralmışdı. Meşədə
xeyli ağladım, yorulub kiriyəndə qulağıma
uşaq səsi gəldi. Bu ağlağan uşaq səsi
ruhuma, canıma hopmuş qorxunu - hürkünü,
qaranlığın vahiməsini bir andaca əridib yox etdi. Sağıma-soluma
boylansam da bir inni-cinni dəymədi gözlərimə, bir
kimsə yox idi...
İndi tapdım: -
özüymüş, balaca Cavidin səsiymiş o Səs. Hündür
dağların arxa tərəfi Ağdaban kəndiymiş. Dədə
Şəmşirin evindən gəlirmiş o Səs. O qaranlıq
meşədən gələn Səs 50 ilə yaxın
bulaqlara, çaylara, küləklərə, yollara qoşulub
arxasınca yol gəlirmiş. Bu səsi, bu səsdəki
doğmalığı tanıyırdım, çoxdan, lap
çoxdan uşaqlıq illərindən... bu Rəbbimin
göndərdiyi Səsiymiş - meşədəki vahimədən,
canına hopmuş xofdan qurtardı, məni, indi də
düşdüyüm qaranlıq quyudan. Bu bir həqiqətdi,
işıqlı, sirrli...
Bir səsə
ilişib qaldım,
Yerimdəcə
düşüb qaldım
Yol
ayrıcı çaşıb qaldım
Bu səsin
əlindən al məni, Tanrım!
Bu səs
yaddaşımdan gəldi,
Qopub
baş daşımdan gəldi.
Bu səs
göz yaşımdan gəldi
Bu səsin
əlindən al məni, Tanrım!
Təbiba,
eşq odunu dəf edəməzsən
məzacimdən,
Məni bu
dərd öldürər,
bilirəm,
əl çək əlacımdən.
Əlacı
dərdimə canan əliylə ehtiyacım var,
Əlacım
hasil eylə, ey malic ehtiyacımdan.
Füzuli
Hamıdan Uca Allah deyir:
"ölümlə həyatı yaratdım ki,kimin daha saleh
olduğunu müəyyən edim..."
İstanbul, Mərmərə.
Mavi, şıltaq sularda yırğalanan yaxtanın göyərtəsində
oturub gah sağ, gah da sol sahilə tamaşa edirik. İstər-istəməz
diqqətimizi ən uca təpələrdə, hündür
binaların damlarında dalğalanan ay-ulduzlu bayraqlar çəkir.
Adamı qürur hissi bürüyür.
- "Görürsən
də, şair, bunlardan (türklərdən) üç
şeyi öyrənib mənimsəməliyik.- "Öncə
Vətən sevgisini, sonra bayraq və əsgərlik sevgisini. Türk
dövlətinin gücü, bundadır. Bizdə də
yaxşı şeylər çoxdu, bunları da mənimsəsək
bizdən güclü-qüdrətli dövlət az-az
tapılar, deyir Cavid Qəmbəroğlu və sözünə
davam edir: - Mən demirəm əyər-əysiyimiz yoxdu, amma nəzərə
al ki, Dövlətimizin cəmi 15 yaşı var. 15
yaşlı uşaqdan nə tələb edə bilərsən?
15 yaşlı uşaq Zakir Fəxri ola bilməz axı. Səhv
edə-edə, boy ata-ata kamilləşəcək, müdrikləşəcək.
İnşallah, hər
şey bir-bir qaydasına düşəcək...
Gözləri yaxtanı
atıb-tutan mavi sulara zillənib. İçində
qovrulduğu itkinin, qəmin doğduğu səsi,
pıçıltını eşidirəm, rəhmətlik həyat
yoldaşı, könül dostu Mətanət xanımla
bağlı xatirələr əlindən tutub onu ötənlərə,
uzaq keçmişlərə, cavanlıq illərinə
aparır. Bunu su kimi aydın görür, duyur, hiss edirəm.
Alar səni
qanadına,
Qaytarar bir
dam altına
Bir
şirin axşam altına
Mətanətli
xatirələr
Ayrılıq
alar qoynuna
Qəm dəryası
udar səni.
Düşüb
dolanar boynuna
Oxşayıb
ovudar səni
Mətanətli
xatirələr.
Uçub
gedər, yenə dönər
Saçlarında
dənə dönər
Bütövləşib
Sənə dönər
Mətanətli
xatirələr.
Şeiri oxuduqca
doluxsunduğunu görürəm, qəhərdən gözləri
yaşarır...
Mətanətli xatirələr
Söz dolu, həzin nəğmə dolu, işıq dolu bir
yuvadır...
Mənim bu
qardaşım çox həlim, çox sədaqətli,
çox məğrur Adamdı.
Bu qürur, bu əxlaq,
bu sədaqət ona qədim kökdən - Şah
İsmayıl Xətainin vəziri, ulu babası Miskin Abdaldan,
baba atası aşıq Qurbandan, babası Dədə Şəmşirdən,
atası Qəmbər kişidən gəlir. Bu dərəcədə
dövlətə, millətə, dosta sədaqətin
kökü bundadır. Və onun bu sevgisi bizlərə də
sirayət edir. Cavidlə dostluqdan sonra ölkə
başçısına hörmətim, bir boy da artıb. "Min
eşitməkdənsə bir görmək
yaxşıdı" misalı yerinə düşür.
Gördüm və çox yerdə, fikir və düşüncələrdə
yanıldığımı hiss etdim. Bu bəy yerişli, bəy
duruşlu qardaşım dövlətə də bəy sevgisi
bəsləyir, dövlət başçısına da, əl-ələ
verib işlədiyi nazirə də, nazirliyin əməkdaşlarına
da. Bu bir alicənablıq və Adamlıqdı. Mənəvi,
əxlaqi dəyərləri maddiliyə qurban verən bu
günkü Dünyanın içində Adam olmaq, Adam kimi
yaşamaq ancaq Hamıdan Uca Allahın himayəsi ilə
mümkündür.
Təpədən
dırnağa poetik ruha, poetik zənginliyə malik Adam
qardaşım Cavid Qurbanov - Cavid Qəmbəroğlu babası
Miskin Abdal kimi daxilən sufidi.
Gedən mənəm,
qalan sənsən
Sönən
mənəm, yanan sənsən
Doğru sənsən,
yalan mənəm
Görəsən
xəbərin varmı?
Bu
dünyada olanlardan
Doğrulardan,
yalanlardan
Gedənlərdən,
qalanlardan
Görəsən
xəbərin varmı?
Bu səmimi, mistik əhval-ruhiyyəli
misralar Cavid Qəmbəroğlunundu, dünyasını dəyişmiş,
(yeri behiştlik olsun!) ömür-gün yoldaşına
ünvanlanmış kövrək duyğulardı...
Kişiliyi, sədaqəti,
məğrurluğu, əxlaqı və sonda
Adamlığı nurdan yoğrulub. Bu Adamın
Adamlığına üzümü söykədim,
başımı qoydum, ...Dərdimi etibar etdim...
Sübh tezdən gecə
yarıyadək çalışdığı,
vuruşduğu sahədə - yeni çəkilən yollarda,
yeni tikilən gözəl-gözəl körpülərdə
də Cavidin nəfəsi duyulur. Və bu yollar insanları
sülhə, dostluğa, toy-düyünə,
işıqlı sabahlara aparır.
Həm də bu
yazımı Cavidin babası Dədə Şəmşirin
dünəndən gələn və sabahlara baxan
işıqlı misralarıyla bitirirəm:
Arifə, alimə,
qədir bilənə
Duyar adamlara
nökər olaydım.
Nur
saçaydım mərd insanlar çeşminə
Yollarında
nurlu səhər olaydım!
Zakir
FƏXRİ
525-ci qəzet.- 2009.- 2
may.- S.19.