Dilin taleyi

 

Dil millətin ən birinci atributudur. Onun gerbi, himni, hətta bayrağı kimi simvollarından, ya da belə deyək simvolik atributlarından daha vacib və mütləq faktıdır. Və millət öz dilində nə yaradırsa, onun müəllifinə çevrilir. İstənilən sahə, sənət, elm özünün yarandığı dilə borcludur. Məsələn, yunan dili fəlsəfənin terminologiyasına çevrilib. Yunan sözlərini bilməyən filosof fəlsəfi terminləri bilməyəcək. Ərəb dilini bilməyən islam alimi bu dinin bilicisi sayılmayacaq.

Özümüzə, qonşumuza, öyrətmənimizə, ona-buna və hamıya bu sualı veririk. Azərbaycan xalqı niyə kitab oxumur? Çox adam bunu Sovet imperiyasından sonra xalqın başı üstündə "oxu!" deyib duran rus qapazının çəkilməsilə bağlayır. Bu doğrudan da belədirmi?

Rusun o zaman Azərbaycan dilini rəsmi - dövlət dili kimi saxlamasını humanizm sayacaq qədər avam aparmayaq özümüzü. Sovet məktəbi deyilən sistemin gücü onun siyasi gedişinin incə, taktik və hədəfə yönəlik olmasında idi. Sovet məktəbi görən adamın tükü tükdən seçdiyi də yenilik deyil. Xalqların dilini saxladı, ancaq bu dil heç nəyə yaramadı. Mədəniyyətə yalnız rus dilindən çıxış var idi; bir-iki bədii əsəri filanı çıxmaq şərtiylə. Ədəbiyyat, kinoindustriya rus dilində yarandı.

Bu taktika bizim xalqı iki hissəyə parçaladı. Rusdilli intellektual zümrə meydana gəldi. Rus dilini bilməyənlərə "çuşka" dedilər. Rus bölmələrində oxuyanlar, bu dili bilənlər daha savadlı oldu. Mədəniyyət ölkəyə rus dilində gəlib gedirdi deyə rus bölmələrində dərs deyən öyrətmənlər daha bilgili idi. O dönəmdə əlləşib vuruşan öz dilinə sadiq aydınların hesabına xalq müəyyən mənada savadlandı.

Sovetin dilimizi iki hissəyə parçalamasından dialektik materializmin iyi gəlirdi. Xalq dialekt sözünün nəsə fəlsəfi, elmi məzmun daşıdığına inandı. Ölkədə bölgələr arasında ayrıseçkilik salınaraq dil haçalandı. Bir bölgənin dili başqa bölgənin dilinə dialekt kimi təqdim edildi. Dilin tərkibindəki sözlər bir-birindən uzaq düşdü. Və ən qorxulusu bütün bu dialektlər təklənərək mərkəzi sayılan qondarma ədəbi dilə yaxın buraxılmadı. Quru, solğun, pafoslu, saxta, başdan ayağa beşmərtəbəli gəlmə sözlərdən ibarət bir dil sözlüyü uyduruldu. Rus sözlərinin qarşılığı olaraq ədəbi söz sayılan ərəb, fars, rus mənşəli sözlər mədəniyyətin dövriyyəsinə buraxıldı. Azərbaycan türkcəsinə aid sözlərin çoxu arxaikləşdi.

Və Azərbaycan türkcəsində yaranan mədəniyyət - bədii və ekran əsərləri o qədər saxta, quru oldu ki, milləti dərsi anlamayıb əzbərləyən şagirdə çevirdi. Bu mədəniyyət millətin canına hopmadı, millət bu mədəniyyəti əzbərlədi. Çünki bu dərsin şagirdə nə verdiyi soruşanın vecinə deyildi. Əsas məsələ onun dərs keçdiyini sərgiləməsi idi. Xalq ona veriləni oxuduğu üçün heç nə oxumayıb.

O dönəmdə çoxlu ədəbiyyat oxumaq şansı olan rusdilli tərəf intellektual elitaya, öz dilində danışan tərəf isə elitar olmayan tərəfə ayrıldı. Və xalq öz ana dilindən utanmağa başladı. Ona elə gəldi ki, gözəl danışmaq üçün efirdə hegemonluq edən pafosun, ədəbiyyata yapışdırılan ütülü mətnlərin dilində danışmalıdır. Rus dilini bilməsə savadsız görünəcəyi onda kompleks, çəkingənlik formalaşdırdı. Hələ də həmin çəkingənlik xalqın canından çıxmır. Ona bir mikrafon uzadan kimi əziyyət çəkir, necə və nə danışacağını bilmir, özünü itirir, savadsız görünəcəyindən ehtiyatlanır. Uzun illər hökm sürən ədəbi dil eyforiyasından çıxa bilmir. Beləliklə də dil xalqın kompleksə düşməsinin badına gedərək yalnız evlərdə, ailə içində, xalq arasında işlənən sadə dil adı alaraq mədəniyyətdən uzaq düşür.

Rusdan sonra millət öz dili ilə baş-başa qaldı. Sovetin "savadlandırma" siyasəti ifşa oldu. Məlum oldu ki, millət savadlanıb eləməyib. Olduqca dərin iz buraxan sovetizm manevrinin zir-zibilini təmizləmək isə uzun çəkəcək. Bu xalq oxumağa meyilli olmasaydı, MDB məkanında ən savadlı ölkə sayılmazdı. Sovet dönəmində bizim ziyalılar rus dilini rusdan yaxşı bilirdilər. Ən çox kitab oxuyan, maarifçilər yetişdirən, şərqdə "ilk"lərə imza atan Azərbaycan olub. Xalqı savadsızlıqda qınayırıq. Gənclərimizin mədəniyyətlə maraqlanmadığını, kitab oxumadığını deyirik. Azərbaycan vur-tut 10-15 ildir özünə gəlib və hər şeyə yenidən başlayıb. Yenə də nə qədər maraqlı, ziyalı gənclərimiz, mədəniyyət yaratmaq üçün əlləşib-vuruşan cavanlarımız var. Mətbuatda nə qədər yeni və orijinal imzalara rast gəlirik, necə gənc şairlər tanıyırıq. Millət pis yaxşı yazır, pozur, oxuyur, mahnı bəstələyir. Bu o deməkdir ki, millət mədəniyyətə meyillidir. Kimdəsə bu yaxşı alınır, kimdəsə heç alınmır. Proses bir az xaotikdir, qüsurları çoxdur, ancaq onca ildə ortaya çıxan yaxşı şeylər də az deyil. Ədəbi portallar, mədəniyyət saytları, gənc hərəkatlar, təşkilatlar, nə bilim çox şey. Pis-yaxşı 21-ci əsrin Azərbaycan mədəniyyəti yaranır. Mədəniyyət uğrunda mübarizə gedir, kitab davası aparırıq.

Cəlili kim oxuyurdu, əlbəttə, xalq. Türk dünyasında və Şərqdə Azərbaycan qədər mədəniyyət yaradan ikinci bir xalq yoxdur. Heç nəyə baxmayaraq kimin əsarətində hansı ideologiyanın içində yaşamasına baxmayaraq burada mədəniyyət həmişə yaranıb və olub. Bu 10 ildə də xalq boş oturmayıb. Ancaq bugünkü mədəniyyət də özünü xalqdan ayırır. Və başladığı bu hərəkatın genişlənməsinə, kütləviləşməsinə xalqla özü arasına sərhəd çəkərək mane olur. Kitab oxumayanlar çoxdur, lap çox. Ancaq bunun səbəbi xalqda gizlənmir. Kitab oxumaq üçün Azərbaycan illərlə sovetin apardığı təhsil siyasətini sıfırdan başlayaraq öz dilində gerçəkləşdirməyə məcburdur.

Başqa məsələ də var. Xalq həmişə, hətta rusa qədər də bu aqibətlə üzləşib. Mədəniyyət həmişə bu xalqın doğma dilində yox, ondan uzaqda yaranıb. Xalq Füzuli oxumaq üçün əvvəlcə əziyyət çəkib yabançı dili öyrənməli, sonra onun yazdığı qəliz qəzəlləri çözməli, sonra özü öz mədəniyyətinə qovuşmalı olub. Axundovu da oxumaq üçün eyni şey baş verib. Xalqın dili onun dahilərinə nədənsə həmişə ucuz, sadə görünüb. Onlar dahiliyi yabançı dillərdə, ya da xalqın anlamadığı söz toplusu ilə sınayıblar. Bu xalqın ziyalısı, yazarı həmişə ona yuxarıdan aşağı baxıb. Hamısı xalqı tənqid edib, bəyənməyib. Bu tənqid xalqdan uzaqda olduğu üçün ümumilikdə cəmiyyətin inkişafına təsir edə bilməyib. Xalq üçün, "kütlə" üçün deyil, elita üçün yazdığını deyib ədəbazlananlarımız az deyil. Ona görə bu xalqın ziyalısı onun mədəniyyətinə, savadlanmasına, intellektinə təsir edə bilməyib. Gənc yazarlarımız mədəniyyətin xalqdan, onun mentalitetindən kənarda olmasını haqlı olaraq səsləndirirlər. Həqiqətən bu belədir. Xalqın öz aydınını anlaması hələ də çoxu üçün təhqir hesab olunur. Başqa məsələ əgər yazılan elmi, fəlsəfi yazı, ya esse, ya monoqrafiyadır. Bu əlbəttə, həmin sahənin adamları üçündür.

"Xalq geri zəkalıdır, anlamır" deyiblər. Yazıq xalq gözünü döyə-döyə qalıb. Aydın qalxıb yuxarıdan xalqı maarifləndirməklə məşğul olub. Və arada ordan əlini ağzına tutaraq aşağı qışqırıb: "Ey xalq, sənmi böyüksən, mənmi?"

Biz milli kimliyini bilmədiyimiz nə qədər yazar, alim, filosof tanıyırıq? Dünyada belə yetim aydınlar varmı? Şəxsən mən tanımıram. Və ümumiyyətlə biz kimçün yazırıq, niyə yazırıq, məqsədimiz nədir?!

Kim ki xalqın dilində yaradıb o tez anlaşılıb və sevilib. Və mədəniyyətin formalaşmasına doğrudan da təsiri olub. Xalq niyə kitabı sevmir? İmkan tapan kimi onu maklaturaya döndərir. Axı, kim bu xalqa kitabı sevdirib?! Harda görünüb ki, evdə valideynlər alim olsun, ancaq uşaqlarını kütbeyin sayıb yaxına buraxmasın, onları deyil, yad adamların övladlarını savadlandırsınlar.

Məmmədquluzadənin ölüləri də, özü də, hətta arvadı da niyə xalqa bu qədər əziz idi? Çünki bütün bunlar xalq üçün və xalqa görə idi. Xalq bilirdi ki, Cəlil ona kömək etmək istəyir. Özünü ondan ayırmır. Yuxarıdan ona barmaq yelləmir. Ən azı Molla Nəsrəddin fıkralarının xalqın dilindən düşməməsi və onun ayrılmaz hissəsinə çevrilməsi buna sübutdur. Bəhlul Danəndə özünü dəliliyə vurub xalqın içində yaşadı və xalq hər soruna görə bu "dəli"nin üstünə qaçdı. Halbuki gedib qardaşının yanında vəzirdən zaddan ola bilərdi.

Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasına daha çox təsir edib. Baxmayaraq ki, teatrın atası Axundov sayılır. "Hamlet"i türkcəyə çevirib səhnəyə bağışladı. Hamleti xalqa öz dilində tanıtdı. Sonralar Cabbarlının Hamletindəki türk sözləri arxaik ad alıb arxivə atıldı.

Meyxanaya, öz yaradıcılığına, sözə, saza vurğun olan xalqı buna görə qınamağa da heç kimin haqqı yoxdur. Ömrü boyu böyründə alayı dildə yazıb pozan dahilərini xalq yazıq anlaya bilmədiyi üçün özünün öz dilində yazdığı xalq yaradıcılığına başı qarışıb. Xalqın hissi, duyğusu var. İncəsənətə, şeirə, poeziyaya susayır. Anlayır ki, dahiləri Şərqdə və Avropada hakim olan mədəniyyətlər üçün yazır. Dünya üçün yazmaq çox yaxşıdır. Adama deyərlər: yaxşı müəllimsən övladını da öyrət.

Öz xalqına, onun tarixinə təsir edə bilməyən aydın dünyaya lazım deyil. Ona görə də nə qədər böyük imzalarımız olsa da, onlar dünyada tanınmırlar, olsa da çox azdır. Avropada Homer varsa, Şərqdə də Nizami var. Nizami bəlkə də Homerdən böyük şairdir. Ancaq dünya Nizamini Homer qədər tanımır. Yazıq xalq bir dəfə də olsun Nizamiyə demədi ki, sən niyə farsca yazırsan. Zəhmət çəkib Nizamini öz dilinə çevirib oxudu.

İndi gələk xalqın bugünkü dilinə. Hələ də dartışılan, bir küncdə boynunu büküb zamanını gözləyən türkcəyə. Türkiyəli oxucularımızın göndərdiyi linklərdə Atatürkün 33 sənəsindəki mesajinı elə bizə necə gəlibsə, eləcə də yazımıza qatırıq.

"Bu gün Sovetler Birligi, dostumuzdur; komşumuzdur, müttefikimizdir. Bu dostluga ihtiyacımız vardir. Fakat yarın ne olacagını kimse bu günden kestiremez. Tıpkı Osmanlı gibi, tıpkı Avusturya-Macarıstan gibi parçalanabilir, ufalabilir. Bugün elinde sımsıkı tuttugu milletler avuçlarından kaçabilirler. Dünya yeni bir dengeye ulasabilir. İste o zaman Türkiye ne yapacagini bilmelidir... Bizim bu dostumuzun idaresinde dili bir, inanci bir, özü bir kardeslerimiz vardir. Onlara sahip çikmaya hazir olmalıyız. Hazır olmak yalnız o gunu susup beklemek degildir. Hazırlanmak lazımdır. Milletler buna nasıl hazırlanır? Manevi köprülerini saglam tutarak. Dil bir köprüdür... İnanç bir köprüdür...Tarih bir köprüdür... Köklerimize inmeli ve olayların böldügü tarihimizin içinde bütünleşmeliyiz. Onlarin bize yaklaşmasını bekleyemeyiz. Bizim onlara yaklaşmamız gerekli..." M. Kemal ATATÜRK - EKIM 29, 1933

O zaman ki, Azərbaycanın içində dilini parçalayıb milyon dialekt, şivə yaradaraq dili bütöv olmağa qoymadılar, həmin zamandan yaranan psixologiya Azərbaycan mədəniyyətinin ağlına ilişib qaldı. İndi də eyni psixologiyayla Türkiyə şivəsini yabancı sayıb dilimizə yaxın buraxmaqdan qoruxuruq. Guya bu da dilimizi korlayar. Harda korladı ki, Türkiyə ilə aramız açılandan və ilişgilərimiz sıxlaşandan nə qədər türk sözü öyrənmişik, öz dilimizi tanımışıq, nə qədər türk kəlmələrinə qovuşmuşuq. Bu eynilə Qazaxıstan, Türkmənistan, Qırğızıstanla ilişgi sıxlansa da, baş verəcək. Təbii ki, Türkiyə türkcəsinə də axın edən çoxlu yabançı ingilis, ərəb, fransız sözləri var. Onun dilindəki bu "internasionallığı" aradan qaldırmağa bizimlə və digər türk dövlətləri ilə qarışıb qaynamaq kömək edər. Türkiyə şivəsi deyilən bir anlayış sözün etimologiyası, mənşəyi, qaynağı ilə bağlıdır. Sözün işlədilməsi - deyilmə və yazılma özəlliyidir. Atatürkün çıxışındakı tutalım "köprü" sözünü Türkiyə dialekti saymaq olarmı? Bu "köprü" bizim "körpü"nün yalnız "p" ilə "r" hərflərinin yeri dəyişik düşmüş eynisi deyilmi? Müşfiqin, Cavidin, Cabbarlının yaradıcılığında bu sözlərin hazırkı türkiyə orfoqrafiyasındakı kimi yazılışına rast gəliriksə, bunu necə izah edəcəyik? Ya Səməd Vurğun Türkiyə şivəsi ilə yazırdı deyəcəyikmi? Absurd!

"Müntəzir", "mütəvazi", "mübtəla" və bu kimi çox çox sözlərin hansı azərbaycancadır? Başbilən redaktorlarımız yazılarda düzəliş edib məsələn: "uçaq" sözünü dəyişib "təyyarə" eləyəndə nə fikirləşirlər? Təyyarənin harası azərbaycancadır?! Ya da "rahatsız" sözünü dəyişib fars ön şəkilçisi artıraraq "narahat" edəndə o, azərbaycanlaşırmı? Axı, cümlələrdə elə yer var ki, orda rahatsız sözü daha şirin səslənir, niyə biz ora fars şəkilçisi dürtməliyik?

Türkiyə seriallarını Azərbaycan türkcəsinə çevirmək kimi şok addıma "Mən Türkiyə türkcəsinin Azərbaycan türkcəsinə çevrilməsini mənasız bir iş hesab edirəm. Gün gələcək bu dillər arasında fərq olmayacaq" deyən Nizami Cəfərovun sözlərini yazımın ahənginə uyğun sayıram.

Bəli, biz yazılarımızda bilərəkdən Türkiyə türkcəsində işlənən sözləri yazırıq. Bunu bir dəfə Tənzilə xanım da çıxışında dedi. Dedi ki, mən bilərəkdən Türkiyə şivəsini danışıq dilimə buraxıram, çünki bizim amacımız ortaq türkcə yaratmaqdır. Bu bizim hamımızın dilidir. Və sözlərimizin bir-birinə qarışması ümumi türk dilinin zənginləşməsinə xidmət edir. Dünyada Türkiyə dili, Azərbaycan dili, ya Qazax dili deyilən bir anlayış yoxdur. Bunu rus bizə soxuşdurub. Azərbaycan, Türkiyə və Qazax türkcəsi var. Başqa nə deyək? Oljas Süleymenov öz dilini araşdırıb "Az-Ya" kitabını ortaya qoyanda türk dünyası ona dəstək vermədi, hətta onun mövcud türkizmlərlə şumer dilini tutuşdurub şumerin dilimizin qaynağı olduğunu sübut eləməyə çalışmasını qınayıb ifrata vardığını söyləyənlər də tapıldı.

Dilçinin amacı və işi yerində oturub hocalıq eləmək deyil, dilin kökünə gedib çıxa bilməkdir. Çox istərdik ki, dilçi alimlərimiz türkizmlərdən ibarət bir sözlük yaratsınlar ki, hamımız dincələk. Bilmədiklərimizi də öyrənək.

Oljas sübut elədi ki, türkcə ayrı-ayrı regionlara yayılaraq həmin regionlarda yaşayan türklərin yalnız kiçik orfoqrafik və orfoepik fərqlərlə bir-birindən seçilən eyni bir dilidir. Kimsə bəlkə də, bu dildə yazmağı xalqa qadağa edə bilər, ancaq heç kim bu dildə düşünməyə qadağa qoya bilməz.

 

 

Aysel ƏLİZADƏ

ayselalizadə@yahoo.com

 

525-ci qəzet.- 2009.- 2 may.- S.8.