Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti

 

ŞƏFA MƏMMƏDOVANIN RƏFİQƏSİNƏ SON SÖZÜ: "AİLƏ QURMAQ ÜÇÜN 30 YAŞINADƏK GÖZLƏMƏYƏ DƏYƏRMİŞ"

 

Füzuli küçəsindəki 60 saylı binada, Məmmədovların yaşadığı evdə cəmi 18 gün əvvəl toy xonçaları bəzənmişdi, yaxında-uzaqda yaşayan qohumlar, dost-tanışlar bu həyətə toplaşıb gəlin köçməyə hazırlaşan Şəfanın valideynlərinə gözaydınlığı verirdilər...

Bu, çoxdan deyildi, cəmi 18 gün əvvəl - aprelin 12-də Şəfanın ata evindən gəlin köçən gün idi. Hələ şadyanalıq, toy əhval-ruhiyyəsi bu evdən çəkilməmişdi, heç toy şirniyyatı da yeyilib qurtarmamışdı. Aprelin son günü Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) silahlı basqın pozdu bu düzəni. Cəmi 18 gün əvvəl Şəfanı gəlin aparmağa gələn bərbəzəkli maşınların dayandığı həyətdə indi onun yas mərasimi üçün çadırlar qurulub.

Biz həyətə çatanda artıq ikinci çadır da qurulurdu. Birinci çadır adamlarla dolu olduğundan yas mərasiminə gələnlərin bir qismi ayaq üstə dayanıb ikincinin qurulmasını gözləyirlər. Mərhum Şəfanın atası, "Respublika" qəzetinin əməkdaşı Afət Məmmədova yaxınlaşıb başsağlığı verdikdən sonra gəlişimizin məqsədini söyləyirik. Əlini ayaq üstə dayanmış insanlara doğru uzadıb "Mən nə deyə bilərəm ki? Rəfiqələri, müəllimləri, iş yoldaşları buradadır, gedin onlardan soruşun" deyir...

Hamının ürəyi doludur, amma heç kəs danışa bilmir. Təkcə Şəfanın ən yaxın rəfiqəsi, onunla eyni otaqda laborant işləyən Mətanət Həsənquliyeva çətinliklə də olsa, danışa bilir.

"Mən Şəfa ilə bir otaqda otururdum. Çox alicənab, təmkinli, savadlı, geniş dünyagörüşü olan insan idi".

Rəfiqəsi Şəfanın ata evindən gəlin köçdüyü günün təəssüratlarını bölüşmək istəyir, ağlayır, bir anlıq özünü ələ alıb yenidən başlayır: "Aprelin 12-də bütün kollektiv onun toyuna yığışmışdıq. Bundan əvvəl bir neçə dəfə müxtəlif yerlərdən ona elçilər gəlib. Amma Şəfa bəyənməmişdi, deyirdi ki, ailə qurmağa görə tələsmək lazım deyil. Bu oğlanı özü bəyənmişdi, toyları "Tural" şadlıq evində oldu. Şahlara layiq bir toy idi".

Şəfa Məmmədova cəmi 18 gün yaşadığı ömür-gün yoldaşını çox bəyənibmiş: "Bir qədər gec ailə qurdu. Həmişə deyirdi ki, qismətimi gözləyirəm, harada olsa, özü ağ atlı şahzadə kimi gələcək..." - Mətanət Həsənquliyeva ağlaya-ağlaya danışır.    Rəfiqəsi hər gün bir otaqda oturduğu Şəfanın gülləyə tuş gəlməsindən hadisədən bir qədər sonra xəbər tutub. Müsahibimiz deyir ki, o, hadisənin baş verdiyi bina ilə üzbəüz yerləşən əsas korpusda keçirilən imtahanda koordinator idi. Bu səbəbdən də səhər işə gələrkən elə birbaşa əsas binaya gedib. Şəfa isə dərsi olduğundan iş otağının qapısını bağlayıb getmək istəyib. Amma əvvəlcə kafedra müdiri Namiq müəllimə zəng vuraraq onda açar olub-olmadığını soruşub.

"Namiq müəllim deyib ki, məndə açar var, qapını bağla, get. Amma Namiq müəllim içəri girəndə görüb ki, tələbələr bufetin qarşısında, pilləkənlərdə öldürülüb. Dərhal Şəfaya zəng edərək koridora çıxmamağı, qapını bağlayıb içəridə gözləməyi tapşırmaq istəyib. Ancaq Şəfa telefona cavab verməyib və o, birinci dəfə Namiq müəllimlə danışan kimi otaqdan çıxıb. Dəhlizə çıxanda silahlı adam onu başından güllələyib".

Rəfiqəsi deyir ki, onun özü də əl çantasını imtahan keçirilən binadakı kabinetə qoyub, əsas iş otağına qayıtmaq istəyib. Bu zaman Namiq müəllim ona da zəng edərək burada silahlı şəxslərin və əraziyə girməyin mümkünsüz olduğunu deyib: "Əvvəlcə düşündüm ki, Namiq müəllim zarafat eləyir. Sonra gördüm ki, yox, məsələ ciddidir".

Kafedra müdiri Mətanət Həsənquliyevaya təhlükəli vəziyyətin yarandığını və buna görə otaqdan çıxmamağı tapşırıb. O həmçinin Şəfa Məmmədovaya zəng etdiyini, lakin telefona cavab vermədiyini də Mətanətə söyləyib və deyib ki, Şəfaya zəng vursun: "Dayanmadan bəlkə 20 dəfə Şəfaya zəng vurdum. Amma telefonu götürmürdü. Düşündüm ki, bəlkə də özü harasa gedib, telefon çantada qalıb içəridə. Sonra Namiq müəllimə zəng vurdum ki, Şəfa heç vaxt 10-un yarısınadək otaqda qalmır. Yəqin yenə dərsə gedib və indi dərsdə olduğundan telefona cavab verə bilmir. Hətta mən ismarıc da yazdım ki, Şəfa, telefona cavab verə bilmirsənsə, ismarıc yaz. Bir az da gözlədim, xəbər çıxmadı. Artıq aləm qarışmışdı bir-birinə. Dostunu axtaran kim, övladını axtaran kim... Axırıncı dəfə Şəfaya bir də zəng vuranda bir oğlan cavab verdi. Soruşdum ki, telefonun yiyəsi hardadır? Cavab verdi ki, biz meyit daşıyırıq, telefonu koridordan tapmışam, kimin olduğunu bilmirəm. Bundan sonra nə baş verdiyindən xəbərim olmadı".

Şəfanın ölüm xəbərinin onlara necə çatdığını qardaşı Anar danışır: "Mən Naxçıvandaydım. Dünən (srağagün - red.) Bakıda atışma baş verdiyini eşidən kimi atamla əlaqə saxladım, gördüm ağlayır. Dəqiq bir söz deyə bilmədi. Sonra yenidən zəng vurdum, dedilər ki, Şəfanın ayağı sınıb, yaralıdır. Şəfanın meyitini rəfiqəsinin anası morqda tanımışdı, o bizə xəbər verdi" (lent.az).

 

 

525-ci qəzet.- 2009.- 2 may.- S.9.