Xumar Qədimova:
"Mən ruhumun yaşındayam..."
"SEVGİDƏ MƏNİM
QANUNLARIM ÇOX AMANSIZDIR"
Sənətçi Xumar Qədimovanın APA-ya
müsahibəsi
- Ad
gününüzü kimlərlə və necə
keçirdiniz?
- Mən heç zaman ad
günümü çox dəbdəbəli keçirirəm.
Əslində bunun əleyhinəyəm. Toyda da əlavə
kameraları xoşlamıram. Tutaq ki, balamın toyudur, orada
kameraların, televiziya çəkilişinin nə işi
var?! Ad günümdə əylənə bilmirəm,
çünki yaşımın üstünə yaş gəlir.
Mənim üçün önəmli olmadığı
üçün bu barədə heç danışmaq da istəmirəm.
İstəməsəm də, gözləməsəm də,
təbriklər olur. Heç zaman hədiyyələrin dəyərinə
fikir verməmişəm. Bir ad günümün, bir də
Yeni ilin tez gəlib keçməsini istəyirəm. Uşaqlıqda
eşitdiyim mahnıları eşidəndə boğuluram.
-
Yaşlanmağınız sizi narahat etmir ki?
- Mən ruhumun
yaşındayam. İllər keçdikcə bunu daha çox
hiss edirəm. 20 yaşımdaykən 40 yaşlı
qadının yerində olmaq istəyirdim. Əlbəttə
ki, söhbət gözəl qadınlardan gedir. İndi
cavanlıq şəklimə baxıb deyirəm ki, bu
yaşımda daha gözələm. Bilmirəm bu özünə
vurğunluqdur, yoxsa nədir. Gözəllik, xoşbəxtlik məfhumları
mənim üçün nisbi anlayışdır. Bir adam
özünə qulluq etməklə gözəl olmur, gərək
Allah insanı gözəl yaratsın. İnsanlar
tanıyıram ki, hər saniyə özlərinə əl gəzdirirlər,
ancaq heç gözəl olmurlar.
- İfanızı dinləyənlərin
əksəriyyətinin fikrincə, çox sevirsiniz və məhz
bunun üçün də mahnıları bu cür ürəkdən
oxuyursunuz.
- Mən heç kəsi
sevmirəm, sadəcə sevginin özünü sevirəm,
sevginin tərifini bilirəm. Ona görə də
mahnıları ürəkdən oxuyuram. Kimsə gəlib mənə
öz sevgisini etiraf edir. Ətrafdakılara elə gəlir ki,
o sevgisindən Məcnun olub. Ancaq mənim üçün belə
deyil. Allah eləməsin, əgər ömrümün sonuna
kimi heç kimi sevməsəm, yenə mahnıları elə
oxuyacağam ki, hamı elə biləcək, Xumar çox dərindən
sevir.
- Sevginin tərifi nədir?
- Biz
yaşayırıq, nəfəs alırıq, bizi
müşayiət edən ancaq sevgidir. Həyatımda sevdiyim
şəxs olmasa da, sevgi məni hər zaman müşayiət
edir. Ona görə də sevgini sevirəm. Məni sevənlərin
sayı hesabı yoxdur, amma mən sevmirəm. İndi mənim
ürəyim boşdur. Uzun müddətdir ki, boşdur, sonuncu
dəfə 2000-ci ildə sevmişəm... Mənə xoşbəxt
deyənlər də az deyil, bilən yoxdur, bağrım
başı yaradır.... Mahnını oxuyarkən
yaşayıram, bəlkə ona görə də hamıya elə
gəlir ki, kimisə sevirəm.
- Sevəcəyiniz
insanda hansı xüsusiyyətlər olmalıdır?
- Sadiqlik, səmimiyyət.
Sadaladığım bu xüsusiyyətlər məndə var.
İllərdən bəri rəfiqələrim deyirdilər
ki, sənin üçün həyatda çox çətin
olacaq. Səbəbini belə izah edirdilər ki, sən
çox ağıllısan, gözəl xüsusiyyətlərin
çoxdur, sevgidə istedadlısan, hər zaman
qarşındakından üstün olacaqsan. Bəlkə də
qarşımdakı insanda da çox gözəl xüsusiyyətlər
var, ancaq o dəyərlər ki, sevgiyə lazımdır, onda
yoxdur. Doğrudan da indi mənim üçün çox
çətindir.
- Maraqlıdır, sevmək
də istedad tələb edir?
- Əlbəttə, sevmək
elə özü böyük bir istedaddır. Bir də
görürsən, kimsə çox sevdiyini iddia edir, ancaq
heç bilmir ki, sevmək nədir. Bu mənim bürcümlə
də bağlıdır. Buğa bürcləri adətən
belə olur. Ancaq elə Buğalar tanıyıram ki, kifayət
qədər də sünidir.
- Bəs, bu ad
günündə özünüzə nə arzu etdiniz?
- Mənəvi
rahatlıq...
- Bir oğlunuz var. Bəs
həyat yoldaşınızla hansı xüsusiyyətlərə
görə ailə qurmusunuz?
- Əslində bu barədə
danışmağı xoşlamıram. Çünki mən
ruhumda, beynimdə qəbul elədiyim, ürəyimdə olan
bir şeydən danışmaq istəyirəm. O yoxdur
artıq, bitib. İnanın ki, heç nəyini
xoşlamamışam. Sadəcə ənənəyə
görə ailə qurmaq istəmişəm, özümü
adət-ənənələrimizə qurban vermişəm. Valideynlərim:
"Mütləq ailə qurmaq lazımdır" - deyiblər,
mən də dinləmişəm.
- Ülvi Qılınc
Sizə evlənmə təklifi etsə,
razılaşarsınız?
- Heç zaman
razılaşmaram. Hüseyn Cavidin bir misrası var: "Xəyal,
evet, yaşadan əhli-halı yalnız odur". Mən də
belə insanlardanam, ona da xəyal etməyi məsləhət
görmüşəm. Qoy Ülvi məni sevməyi, mənimlə
bir yerdə olmağı xəyal etsin.
- Sənət aləmində
Xumar Qədimovanın dostu yoxdur?
- Özümə
yaxın bildiyim kimsə yoxdur. Rəfiqəm bacımdır.
Bir də görürsən, heç onunla da yola getmirəm. Xarakterimiz
uyğun gəlmir. Hər zaman doğmalarıma deyirəm ki, mən
ancaq sizin qarşınızda zəifəm. Yadlarla bacara bilərəm. İstəmirəm,
qəbul etmirəm. Müğənnilər arasında dəb
düşüb, çoxları
deyir ki, anam səni yaman xoşlayır. Özü ölür ey mənim üçün,
gizlicə mahnılarıma
qulaq asır, özü də yanındakına deyir ki, bir az
səsi azalt, kənardan eşitməsinlər
ki, Xumara qulaq asıram. Hətta mənim ifamdan bəhrələnənlər
də yox deyil...
- Atanızın
hüquq-mühafizə orqanlarında
çalışdığı barədə məlumatlar var.
Atam - İttifaq Qədimov
çox vəzifələrdə işləyib. Həbsxana rəisi
olub, cinayət axtarışı sistemində işləyib. Azərbaycanın
çox rayonlarında önəmli vəzifələrdə
çalışıb. Onun adını hər zaman, elə
indi də çox böyük fəxrlə çəkirəm.
Mən xaraktercə atama oxşayıram. Həyat
yoldaşını, balalarını çox sevib. Çox mərd
bir kişi olub. Mən belə bir kişinin qızıyam.
Çoxları elə bilir ki, biz qazaxlıyıq, ancaq belə
deyil. Biz irəvanlıyıq. Atam da, anam da çox məşhur,
köklü bir nəsildəndirlər. Hər iki valideynim
İrəvandandır. Sadəcə, 1948-ci ildəki hadisələri
zamanı Qazaxa köçüblər və mən orada anadan
olmuşam. Atamın iki ali təhsili var idi. Biz hər şeyi
ailəmizdən görmüşük, sonradan görənlərdən
deyilik.
- Toylara, el şənliklərinə
gedirsiniz? Toy qiymətlərini özünüz müəyyənləşdirirsiniz?
- Bəli, gedirəm. Ancaq getdiyim el şənlikləri ilə maraqlanıram. Bir də görürsən, elə bir adam
olur ki, çox güzəştə
gedirəm, ancaq elələri də var, bir qəpik
də güzəşt
etmirəm, heç etmərəm də. Güzəşti o insanların sevgisinə və sənətimə verdiyi dəyərə görə edirəm.
Təmənnasız getdiyim
toylar da olur. Ancaq bütün
günü toylara gedənlərdən deyiləm.
- Bəs, nə qədər
vergi ödəyirsiniz?
- Qazancımdan
asılıdır. Az qazananda az, çox qazancım olanda
çox vergi ödəyirəm. Vergidən yayınanlardan
deyiləm.
- Türkiyəli sənətçi
Sərdar Ortac çıxışlarının birində
Sizin səsinizi çox bəyəndiyini bildirmişdi. Hətta
birgə duet oxuyacağınıza da söz vermişdi. Bu əməkdaşlığın
sonu necə oldu?
- Mən bir dəfə
televiziyalardan birində dedim ki, Sərdar Ortacın bəstələri
çox gözəldir, ancaq səs tembri baxımından bizim
duetimizin alınacağına inanmıram. Mən bir az
coşqun müğənniyəm. Bu sözümü ona
başqa cür çatdırmışdılar, o da
incimişdi ki, Xumara neyləmişəm, mənə belə
deyir. Ancaq mən onun haqqında pis heç nə deməmişdim.
Sərdar Ortacla aramızı elə
özümüzünkülər vurdu.
-
Mahnılarınızın birində "gələcəyəm,
gələcəyəm, "gəl" desən" deyilirdi.
Bu mahnını kimə həsr etmişdiniz?
- O mahnının konkret
ünvanı vardı. Şəxsən bir nəfər
üçün oxumuşam o mahnını. Həmin vaxt
sevdiyim insan üçün çox darıxırdım.
Sonuncu dəfə 2000-ci ildə sevmişdim, o mahnını da
elə həmin şəxs üçün oxumuşdum. Bir az
uzaqda idi, kitabı vərəqləyirdim, baxdım ki, fikrim
bütünlüklə onun yanındadır və bu şeiri
gördüm, oxudum, haldan getdim. Elə bil mənim halıma həsr
olunmuşdu və gecə səhərə kimi oturub yeni
mahnı bəstələdim.
- Həmin şəxsi
artıq unutmusunuz?
- Elə bil heç
olmayıb. Mən beləyəm. Sevəndə sevirəm və
sadiq oluram, ancaq o adamdan ayrılan gündən unuduram. Təbii
ki, qarşı tərəfdə istəmədiyim, bəyənmədiyim
nəsə görəndən sonra ayrılıram. Sevgidə
mənim qanunlarım çox amansızdır.
- Sizə hədiyyə
kimi verilən 150 min dollarlıq evin əlinizdən
alındığı haqda məlumatlar yayılıb...
- Sabah bir başqa
şey də yaza bilərlər mənim haqqımda. Vaxt vardı ki, belə populyar deyildim. "Ayrılıq"
mahnım yeni çıxanda maşın
hədiyyə etmişdilər
mənə. Həmin insan
heç Bakıda yaşamırdı, xaricdəki
azərbaycanlılardan idi.
Ola bilər ki,
kimsə mənə nəsə bağışlayır,
ancaq hər şeyin mediada yazılması, deyilməsi
düzgün deyil.
Hansısa bir işdə
şahid qismində bir ifadə verilibsə, "burada Xumar Qədimovanın adı var" deyə şişirtməyin
nə mənası?
Bax, bu oturduğumuz həmin o evdir. Ancaq yazılmışdı
ki, guya bu evi də,
maşınımı da
əlimdən alıblar
və daha nələr...
- Yəni bütün
bunlar həqiqət deyil?
- Əlbəttə ki,
yox.
- İkinci dəfə
ailə qurmağı düşünürsünüz?
- Sənəddə nikah
boş şeydir, əsas odur, qəlblər bir olsun. Amma ola bilər ki, ailə quraram,
bu, mümkün işdir. Bir də gördün, yoldan çıxdım...
- Yəni
özünüzə əməlli-başlı toy
çaldıracaqsınız?
- Niyə
də olmasın, ola bilər.
Axı indi dəbdir. Ancaq bəy mütləq yanımda oturacaq. Qoy hamı görsün,
niyə gizlədirəm
ki...
- Plastik əməliyyat
keçirdiyiniz söylənilir...
- Tamamilə
yanlışdır. Ancaq plastik əməliyyata pis baxmıram, etdirə də bilərəm. Nə vaxt ehtiyac olsa, edəcəyəm.
Məncə, indi ehtiyac yoxdur. Hələ ki etirazlar gəlmir, etirazlar gələn kimi əməliyyata gedəcəyəm.
525-ci qəzet.-2009.- 5 may.- S. 7.