Evə lazım olan çırağı
məscidə göndərməzlər
SEVİLƏN-SAYILAN JURNALİST ETİBAR BABAYEVİN
"BU DA BİR İMTAHANDIR" KİTABININ TALE BAXIMINDAN
ANLAMI
Tanınmış publisist Etibar Babayevin təzə çapdan çıxmış
"Bu da bir imtahandır" kitabını
oxuyanda onun enişli-yoxuşlu taleyi məni çox mütəəssir elədi. Bizim bənzəri
olmayan qəribə dostluq tarixçəmiz
var. Mən onun yaradıcılığını və dövran gərdişlərini daim izləmişəm. Axı, jurnalistikaya
gəlişinin baisi -
səbəbkarı olmuşam.
Oxucuların və tamaşaçıların
çoxunun adından
da vəkillik edib deyə bilərəm ki, onu hamınız yaxşı tanıyırsınız.
Sovet dövründən
yüksək ictimai-siyasi
təşkilatlarda, məsul
mədəniyyət ocaqlarında
fəal iştirakı,
xüsusən, müstəqillik
dövründə problemli,
xoş görüntülü,
milli təəssübkeş
jurnalistlik fəaliyyəti
ilə bağlı! Səksəninci - doxsanıncı illərdə Türkiyədən
hazırladığı "Sözlü-nəğməli İstanbul",
"Kanal-6 təqdim edir"
kimi qardaş xalqların münasibətlərinə
rəvac verdiyinə görə xətrini çox istəyirdilər.
Bacarıqlı televiziya rəhbəri
simasında "İlin
adamı" fəxri
ad alması da nəzərinizdən qaçmasın.
Kitaba ön söz
yazmış filologiya elmləri doktoru, professor Aqşin
Babayevin mötəbər deyiminə diqqət çəkək:
"Etibarı Azərbaycan Dövlət Teleradio verilişləri
Komitəsində redaktor işləyən vaxtlardan
tanıyıram. Sonralar Dövlət Televiziyasında baş
redaktor, "Azərbaycantelefilm" Yaradıcılıq
Birliyinin direktoru, Dövlət Teleradio Şirkətinin sədr
müavini vəzifələrində çalışıb. Etibar
Babayev zəngin həyat təcrübəsinə malik bir
ziyalı, Azərbaycan televiziya məkanında təkcə təşkilatçı
kimi deyil, eyni zamanda mahir bir teleaparıcı kimi
tanınmış jurnalistdir... O, ümummilli liderimiz Heydər
Əliyevi Amerika Birləşmiş Ştatları, İngiltərə,
Belçika, Türkiyə, İran, Ukrayna kimi xarici ölkələrə
səfərləri zamanı bir jurnalist kimi müşayiət
edib. Ulu öndərlə bağlı xatirələrini oxuyarkən,
qələm dostumun dərin müşahidə qabiliyyəti, səmimi
və obrazlı ifadə tərzi xüsusilə diqqətimi cəlb
etdi. Etibar Babayevin publisistik əsərlərində onun əqidə
bütövlüyü, ümummilli liderimiz Heydər Əliyev
ideyalarına sədaqəti özünü bariz şəkildə
büruzə verir".
Sadalanan ölkələrə
Almaniya, Fransa, İtaliya, Macarıstan, İsveç, Polşa,
Hollandiya, İsveçrə, İspaniya, Kuba, Çin, Misir,
Vyetnam və Seneqalı da əlavə etsək, onun beynəlxalq
jurnalist imicinin əndazəsi hər bir qələm sahibində
xoş həsəd yaradar, həm də özünün
etirafına istinadən deyə bilərik ki, Etibar milyonlarla
insanın ürəyini fəth edib. Və bu onun insaniyyət
məramından irəli gəlir.
Ömrünün 57-ci
ilinin zirvəsindən 1968-2008-ci illər ərzində
göstərdiyi ictimai bəhərli xidmətlə
bağlı xislətini o belə qiymətləndirir:
"Qırx il bir igidin ömrüdür. Bu illər ərzində
bir insanın qəlbinə yol tapan bircə cümlə yaza
bilmişəmsə, dara düşən bircə nəfər
halal süd əmmişin əlindən tutub ayağa
qaldırmışamsa, əsl istedad sahibini biveclərin
nadanlıq, harınların paxıllıq məngənəsindən
çıxarıb xalqa tanıtmışamsa, bir ümidi
sönmüşün qəlbində sabaha inam hissi
yaratmışamsa, ömür kitabını buradaca
yarımçıq qapatmaqdan da qorxmuram."
Yox, dostum, sən bu fəzilətlərinə
qane olsan da, nə müdrik atan Adil Babayevin ruhu, nə
özünün etiraf etdiyi kimi analıq yükünü mərdanəliklə
daşıyan Gülnar xanım buna razı olmaz. Sən hələ
bizim hamımıza çox lazımsan, xalqa gərəksən!
"Bu da bir
imtahandır" kitabında məni çuğlayan, kövrəldən
yazı - "Bir göyərçin kimi qondun qəlbimə"
nəsr-bayatı təhkiyəsidir. Adillə mehriban ünsiyyətimiz
olub. Bu bağlılığın bir səbəbi də tale
bənzərliyimizdir. Adilin atası cavan yaşında
bolşevik qəzəbinə rast gəlib.
Vətəndaş
şair Adil, öz zəkası ilə taleyinin aqibətini səndə
görə bilmişdi. Bir şeirinə nəzər salaq.
Oğlum,
görməmişəm hələ üzünü
Bilmirəm
qarasan, yoxsa ki ağsan.
Ancaq qəlbimdəki
saf duyğuları,
Bilirəm
yenidən canladacaqsan...
Və belə də
oldu. Bu kitab mücrüsünə yığılmış,
bəlkə də keçmişdən, indidən çox gələcəyə
yönəldilmiş publisist yazılar - Etibarın,
atasının niyyətlərini
reallaşdırdığını, şair Adil kimi pak, iradəli
şəxsiyyət, həyatının məqsədini xalqa
xidmətdə görən qeyrətli vətəndaşlar
haqqında gerçək hekayətlərdir. Və bu kitab mənə
bir də ona görə doğmadır ki, belə bir
jurnalistin, belə bir sadiq vətən oğlunun gələcək
həyat və yaradıcılıq yoluna ilk gənclik illərindən
xeyir-dua verməli olmuşdum.
Etibarla ülfətimiz
Şüvəlandan, yazıçıların
yaradıcılıq evindən başlayıb. Uşaqlarımızın
əlindən bir xəta çıxmışdı,
qonşunun maşınını işə salmaq istəyərkən...
avtomobil divara çırpılmışdı. Məsələnin
"təhqiqatına" mən qarışmalı oldum.
Şair dostumun oğlu, cansız-çəlimsiz Etibar
insidentin baisliyini öz üzərinə götürdü, mərd-mərdanə!
Sonrakı görüşümüzdə mən ona dedim: Sən
hökmən jurnalist olmalısan, bizim peşədə sənin
kimi haqsevər, doğruçu, cəsarətli oğlanlara
ehtiyac var. Hətta Nizaminin bir misrasını söyləmişdim:
"Doğru danışanlar möhtəşəm olar!"
Kitabdan iqtibasla bu hekayəti
tamamlayıram.
"132 saylı məktəbin
onuncu sinfində oxuyurdum. Cəmil əmi də "Azərbaycan
gəncləri" qəzetinin redaktoru idi. O dövrdə qəzetin
tirajı milyona yaxın idi. Redaksiya məktəbin
qonşuluğunda yerləşirdi. Bir gün Cəmil əmi məni
yanına çağırıb dedi ki, boş vaxtlarda
redaksiyaya gəl, bizimlə əməkdaşlıq elə,
yazmağı öyrən. Onun təlimatı üzrə mənə
bir vəsiqə də verildi. Özü imzalamışdı.
Bu hadisə 1968-ci ildə olub. Sonralar mən müxtəlif rəsmi
vəzifələrdə çalışmışam. Amma
harda işləmişəmsə, həmin vəsiqə hər
zaman mənim masamın üstündə olub. İndi də
belədir".
Bu, öncə
jurnalistikaya vurğunluq, peşə sələflərinə qədirdanlıq
təcəssümüdür. Və həmkarlarım inciməsinlər,
bir də belə bir qənaətimizi deməyə bilmərik
ki, Etibarın publisist yazıları onunla fərqlənir ki,
bunlar ümummilli səciyyə daşıyır. Obyektlərə
və subyektlərə münasibətdə, jurnalistin
baxışlarında bütöv Azərbaycan hədəfdədir,
kim nəyə layiqsə! Yaxşılıqlar və
yamanlıqlar, halallar və haramlar fikir toqquşması naminə
deyil - xalqı tərəqqiyə aparmaq naminə
görüntüyə gətirilir.
Publisist
yazılardakı obyektiv qiymətlərin gerçəkliyinə,
gərəkliliyinə nəzər yetirin. Azərbaycanın,
xain qonşular tərəfindən ürcah olduğu
Qarabağ müsibəti çox yazıların ruhuna hopub. Görün,
dəhşətli olayların, bənzərsiz müsibətlərin
baisliyini erməni Qriqoryan kilsəsinin katolikosu I Vazgenin hiyləgər
bir deyimi ilə necə ifşa edir: "Bu cür
açıq şəkildə mübarizə aparılarsa,
bizim uzun illərdən bəri yürütdüyümüz məqsədyönlü
siyasət, çoxşaxəli fəaliyyət ciddi zərbə
altında qalar".
Erməni hiyləsi bu zəmində
davam etməkdədir. Zaman-zaman münaqişənin səngidiyindən
xatircəmləşib özümüzü bu günün -
sabahın qalibi kimi qürurlu apardığımız yerdə
bir də görürük ki, erməni növbəti bir məkrli
təbliğatla dünya ictimaiyyətinə təsir etməyə
çalışır.
Yaxşı ki, bu hiyləgərlərin
tərəf - müqabilində Azərbaycan həqiqətləri,
dövlətimizin sükanı arxasında dayanan qabil-qadir
qüvvə var. Ən əvvəl arxasınca milyonların
getdiyi Heydər Əliyev fenomeni nəzərdə tutulur. Böyük
azərbaycanlı ilə müsahibə aparmaq, onun hər
addımını ölkədə və xaricdə
müşahidə etmək yazıda və ekranda əbədiləşdirmək
hər jurnalistə müyəssər olmur. O, buna nail olub!
Öndərin hər
sözü, hər çağırışı və hər
öyüd - nəsihəti, şəxsi nümunəsi Azərbaycanın
böyük sivilizasiyaya doğru uğurlu addımına təkan
olmaqla, həm də millətin əbədi əqidə dəyəri
kimi qiymətlidir. "Dövlətçilik, millətçilik,
azərbaycançılıq!"
Yüksək məntiqlə
kitabın bir çox yazılarında bu təkcə ideya təbliği
kimi deyil, həm də bu əqidəyə
çağırış kimi səslənir.
"Gənc dostuma"
publisist yazısında keçid dövrünün
sarsıntılarını, keşməkeşlərini nəzərə
çəkməklə, onu çox narahat edən "Biz
kimik?" sualına cavabda ağsaqqalanə kəlamla, nikbin
baxışla cavanlara deyir: "Sən elə bilmə ki, elm -
bilik ocağını söndürüb, közüylə
oynayanlar həyatda udacaq. Mən inanıram ki, gələcəkdə
yeniləşən Azərbaycanın xoş güzəran
qapıları atasının varına, vəzifəsinə
arxalanan bəzi boşbeyin, lovğa, təkəbbürlü
cavanların deyil, yalnız ağlı, biliyi, savadı, əxlaqı
yerində olanların üzünə açılacaq".
Həzrət peyğəmbərimizin
buyurduğu kəlamdan sözə qüvvət: "Hər
kim elm öyrənmək üçün yollar qət edərsə,
Allah Behişt yolunu onun üçün açar".
Yazıların
coğrafiyası geniş, mövzuları rəngarəng
olduğu kimi, jurnalistin, bənzərsiz xidməti ilə
xalqın ürəyində yer almış şəxsiyyətlərlə
bağlı isti sözləri Etibarın insaniyyətə
mehrli sədaqətinə dəlalət edir.
Kitabda Azərbaycan liderlərindən
Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov,
qardaş Türkiyənin sabiq prezidenti Turqut Ozal haqqında sərrast
deyilmiş dövlətçilik fikirləri ilə
yanaşı, hazırkı Azərbaycan prezidenti İlham Əliyev
cənablarının səmərəli fəaliyyətinin
panoraması verilir, həm də ölkə
başçısının şəxsiyyət
xarakteristikası açıqlanır ("Heydər Əliyevin
oğlu olmaq böyük xoşbəxtliklə yanaşı, həm
də böyük məsuliyyətdir"). Bax, bu konteksdən
də Azərbaycanın sürətli inkişaf mənzərəsinə
nəzər salınır.
Jurnalist neçə on
illik yaradıcılıq dövründə demək olar ki, Azərbaycanın
öncül elm-mədəniyyət xadimləri ilə təmasda
olub, müşahidələrini oxucu ilə
bölüşüb. Ziya Bünyadov haqqında bir cümlə
necə də yanıqlıdır: "Torpaq Ziya Bünyadovu qəbul
etdi; fəqət torpaq bu xəyanəti, abırsız qətli,
böyük haqsızlığı, ədalətsizliyi öz
qoynunda basdırmağa icazə verəcəkmi?"
Jurnalist ədalət
meyarı ilə qələmə aldığı
insanların hamısını gerçəkliklə gənc
oxucuya tanıdır. Bütün dünyada məhəbbətlə
qarşılanıb, alqışlarla yola salınan Rəşid
Behbudov, səssiz-səmirsiz dünyadan köçən
gözəllik ilahəsi Leyla Bədirbəyli, ölüm xəbərsiz
və vaxtsız qapısını döymüş Emin Sabitoğlu,
Qarabağın xilası naminə uçuşda-səmada
düşmən gülləsinə tuş gəlmiş igidlər,
jurnalistikamızın böyük itkiləri - Nəcəf Nəcəfov,
Osman Mirzəyev və başqalarının tale bioqrafiyası
təsirli, ibrətlidir.
Həm də
yazılarda deyilənlər arxiv materiallarından, başqa məxəzlərdən
köçürülmə deyil, üz-üzə,
çiyin-çiyinə zəhmətin canlı bəhrəsidir.
Bir sözlə,
jurnalistin nəzərindən heç bir böyük və
kiçik əhəmiyyətli hadisə, şəxs kənarda
qalmayıb. Kitab buna şəhadət edir.
Bax, yüksək qiymətləndirilməyə
layiq odur ki, yazılarda qərəz yoxdur. İqtidar -
müxalifət ayrıseçkiliyi sərf nəzər edilir.
Onun amalında xalq bütövdür; uğuru ilə də,
uğursuzluqları ilə də!
Başqa cür də
ola bilməzdi. Axı, o milli əqidə sahibidir, amalı vətənə
xidmətdir.
Ancaq tanınmış
publisist heç yerdə "mən də varam" demir, millətə
"Mənim xalqım" deyə dəbdəbəli sözlərlə
xitab etmir. Lakin belə bir iddiada olmağa da haqqı var. O,
dünyanın bir çox ölkəsini gəzib, qələmi
və mikrofonu ilə Azərbaycana gərək olan fikirləri
yayıb, tərəqqimizə sevinənlərdən xoş xəbərlər
gətirib. Dərd-sərimizi, ali zatımızı-nəcabətimizi
aşılamağa çalışıb, əcnəbi
ölkələrdəki dostlarımızla ünsiyyət
yaratmağa cəhd göstərib. Londonda, Bi-Bi-Si şirkətinin
vasitəçiliyi ilə dünya şöhrətli Jeyms
Oldriclə görüşü də bu qəbildəndir. Peşəsinin
uğuru naminə fədakarlıq səyinin mənasını
anlayıb heyran qalmamaq olmur. Bəllidir ki, görkəmli
jurnalist-yazıçı müharibə vaxtı Amerikanın
"Taym" jurnalının hərbi müxbiri kimi Təbrizdə
ezamiyyətdə olarkən, "Qafqaz haqqında nəğmə"
adlı məşhur poetik novellasını yazıb. Dübarə
Cənubi Azərbaycanda olandan sonra "Diplomat" adlı
dünya şöhrətli romanı ərsəyə
çıxıb.
Etibar, dostu Şahin Xəlilinin
Oldric haqqında kitabını ona çatdırır və
onun söylədiyi bu sözləri oxucularımıza
xatırladır: "Mən Azərbaycanı, onun ədəbiyyatını,
incəsənətini, insanlarını çox sevirəm. Onlar
üçün darıxmışam. Sizin gəlişinizə
və mənimlə görüşmək istəyinizə
sevindim. Demək, məni Azərbaycanda tanıyırlar,
unutmayıblar, yad edirlər.
Həqiqətən
jurnalist bal arısı siqlətindədir,
acılıqları, çətinlikləri özündə
saxlayır, şirinləri oxucuya çatdırır.
Mətləb üstə
gələk. Etibar Babayev sözün həqiqi mənasında
xalq jurnalistidir. Bəs onda neçə jurnalist toplusunun
üzvü olan peşə dostumuzun, ələlxüsus
dövlətin dördüncü hakimiyyəti sayılan qələm
əhlinin tək-tənha qalmasına nə ad verək?! Çox
da ki, Etibar giley-güzardan, qərəz-yamanlamadan uzaq
insandır! Dözümlü, təmkinlidir! Axı, hər
şeyi bilən və görən Allah var. "Hər
hansı bir camaata qarşı kininiz Sizi ədalətsizliyə
sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha
yaxındır. Allahdan qorxun, Allah etdiklərinizdən xəbərdardır!"
(Ə.Maidə surəsi)
Heç olmasa bunu
unutmayaq!
Yaxşı ki,
aramızda Allah adamları, əsl ziyalılar hələ
qalmaqdadır. Bir mühafizi haqqında jurnalistin minnətdarlığı
bu cümlədə belə ehtiva olunub: "Etiraf edirəm ki,
son bir ildə qələmə sarılmağımın səbəbkarı
İradə Tuncaydır. Bir il əvvəl İradə
xanım ("Ədalət"in baş redaktoru) oxucusu
olduğum qəzetə məni daimi yazarlardan biri etdi.... Meydanı
boş görüb sağdan-soldan üzərimə
şığıyan namərdlərin həmləsinə qələmini
qılınc kimi sıyırıb necə cavab verdiyini də
görmüşdüm... Mənə ithaf etdiyi "Bu
dünya etibarsızdır" adlı yazısında bu
dünyanın vəfasız olduğunu xatırlatmaqla
yanaşı, vəfa hissinin, insanlıq borcunun nə demək
olduğunu da vəfasız dostlara nümayiş etdirdiyinin də
şahidiyəm. Ötən ilin aprelində O, mənə ərklə
bircə kəlmə söz - "Siz yazın" dedi. Amma
bunu elə dedi ki, sözünü yerə salmayıb "Ədalət"in
yazarlar ordusuna könüllü səfərbər oldum. Bu
kitaba daxil olan məqalələrin əksəriyyəti də
elə "Ədalət"də dərc olunub."
Mütərəqqi
medianın ayrı-ayrı sahələrinə nəzər
salanda görürsən ki, jurnalistikamız xalqı bu çətin
məqamlardan çıxarmağa qadirdir. Cəmiyyəti
çalxalanmalardan xilas edib dupduru bir halal yaşam tərzinə
qovuşdura bilər.
Ulu babamız Həsən
bəy Zərdabi "Əkinçi"ni ərsəyə gətirmək
niyyətinə düşəndə ilk cümləsi belə
olmuşdu: "Dünyada ittifaq olmasa, heç bir cəmiyyət
işi bina tutmaz". Əlbirliklə - xalqı sevənlərin
bir-birinə ürəkdən, milli əqidə ilə bənd
olması sayəsində təşəkkül tapa bilər bu
birlik.
Gözəl publisist,
elsevər, dərrakəli qələm sahibi Etibar Babayev də
kitabında bizləri buna çağırır: "Əsas
odur ki, hamı bir səngərdə olsun və bir istiqamətdə
döyüşsün: hədəf də, amal da, meyar da bir
olsun".
"Bu da bir
imtahandır" kitabı, bax belə ali məqsədlə, sənətkarlıq
məharətiylə, ürək və məslək
paklığı ilə yazıldığına görə
bizim tərəfimizdən ədalətlə "5" qiymətinə
layiq görülür.
Son sözümüz də
budur: İşıqlı simaları göz bəbəyimiz kimi
qorumalıyıq! Müdriklər belə məsləhət
görüb: evə lazım olan çırağı məscidə
göndərməzlər.
Cəmil ƏLİBƏYOV
525-ci qəzet.- 2009.- 5 may.- S.6.