Ruhulla Əli oğlu Axundov
Azərbaycanda sovet
dövründən qalmış memorial abidələrdən
biri də Ruhulla Əli oğlu Axundovun Bakının Buzovna kəndindəki
heykəlidir. Bakının Nizami küçəsindəki
(keçmiş Torqovı) 50 saylı mənzilin
qarşısında onun bu evdə yaşaması haqqında
divara xatirə lövhəsi də vurulub.
Bəs Ruhulla Axundov
kimdir? Yəqin ki, onun heykəlinə və xatirə lövhəsinə
diqqət yetirən hər bir şəxsi bu sual
maraqlandırar. Digər sovet dövrü rəhbərlərindən
fərqli olaraq onun adına kolxozlar, məktəblər, xəstəxanalar,
zavod və fabriklərin verilməməsi, habelə R.Axundovun
nisbətən az təbliğ olunması kommunist rejiminin
ziddiyyətlərilə izah edilə bilər. Bunu sovet hakimiyyətinin
müxtəlif illərində bəzi kadrlara bəslənən
ögey münasibətin nəticəsi kimi də qiymətləndirmək
olar. Onun haqqında yalnız tarixçi Q.Mədətovun
1957-ci ildə çapdan çıxmış "Ruhulla
Axundov" adlı kitabından və bir neçə məqaləsindən
məlumat əldə etmək mümkündür.
Başqa rəhbər
işçilərlə müqayisədə R.Axundovun nisbətən
savadlı olması 20-30-cu illərin kommunistlərindən onu
fərqləndirirdi. O, Azərbaycan kommunistləri içərisində
bu ideologiyanın nəzəri əsaslarını dərindən
bilən nadir insanlardan biri idi. R.Axundov fars, rus, ingilis,
fransız dillərini mükəmməl bilirdi. Çarlz
K.Mouzer "Zaqafqaziya haqqında qeydlər" kitabında
yazırdı: "Azərbaycan revkomunun tərkibi son dərəcədə
tipikdir. Revkomun sədri tatar doktor Nərimanov təhsilə və
dünyagörüşə malik yeganə adamdır. 29
yaşlı xalq təhsili naziri Bünyadzadə öz
adını yazmağı da bacarmır. 22 yaşlı xarici
işlər naziri Mirzə Davud Hüseynov kifayət qədər
ağıllı olsa da, ixtisasca dəmirçi köməkçisi
idi. Əkinçilik nazirinin 25, xalq təsərrüfatı
nazirinin 24 yaşı var - hər ikisi savadsız və səriştəsiz
adamdır". R.Axundov haqqında isə bunları demək
mümkün deyil. O, savadlı olmasına baxmayaraq, bu
bacarığını öz xalqının milli dövlətçiliyinin
inkişafına deyil, işğalçı kommunist rejiminin
güclənməsinə sərf edib. Onun
çatışmayan ən başlıca cəhəti
kommunist ideologiyasına ürəkdən inanması və buna
görə öz xalqına qarşı fəaliyyət
göstərməsi idi.
R.Axundov 13 yanvar 1897-ci
ildə Bakının Şüvəlan kəndində müəllim
ailəsində anadan olub. Mədrəsədə, realni məktəbdə
təhsil alıb.
1916-cı ildən
Bakı mətbəələrində korrektor və tərcüməçi
işləyib. 1917-ci ildən "sol" eser qrupunun
üzvü olsa da, 1918-ci ildə "sol" eserlərlə
bolşeviklərin münasibətlərinin kəskinləşməsi,
eləcə də eserlərə qarşı
qırmızı terrorun başlaması onu öz siyasi
mövqeyini dəyişməyə məcbur edib. Beləliklə
R.Axundov 1919-cu ilin may ayında kommunist partiyasına üzv
olaraq, bu vaxtdan etibarən fəal surətdə Azərbaycan
Xalq Cümhuriyyətinə qarşı əks fəaliyyət
göstərib.
1918-ci ildə
"Bakı ətrafı fəhlə, əsgər və
matros şurasının əxbarı"nın, 1919-cu ildə
Azərbaycan dilində gizli şəkildə nəşr edilən
bolşevik "Kommunist" qəzetinin ilk redaktoru,
"Hürriyyət" qəzetinin redaktorlarından biri olub.
Bütün bu faktlar onu göstərir ki, R.Axundov Şərqdə
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə
qarşı əks mövqedə dayanmaqla Cümhuriyyətin
süqutu üçün gizli fəaliyyət göstərən,
eləcə də milli hökumət əleyhinə təbliğata
rəhbərlik edənlərdən biri olub.
O, Azərbaycan Xalq
Cümhuriyyətinin süqutuna kömək etmək məqsədilə
1920-ci ilin yanvarında bir qrup kommunistlə Moskvaya gedərək,
XI ordunun 27 aprel 1920-ci il işğalı zamanı düşmənə
dəstək verib.
R.Axundov XI ordunun
işğalından sonra AK (b) PMK-də şöbə
müdiri, AK (b) P Bakı Komitəsinin katibi, "Bakinski
raboçi" və "Kommunist" qəzetlərinin
redaktoru olub.
1921-ci ildə
üç respublikanın Zaqafqaziya federasiyası şəklində
birləşməsinə R.Axundov digər kommunistlərdən
fərqli münasibət bəsləyərək, bunu vaxtı
çatmamış kampaniya adlandırıb. Lakin o, sonradan
mövqeyini dəyişərək ZSFSR və SSRİ-nin təşkilini
müdafiə edib.
R.Axundov 1924-1930-cu illərdə
AK (b) P MK katibi, Azərbaycan SSR xalq maarif komissarı, Azərnəşrin
direktoru vəzifəsində çalışıb.
Onun rəhbəliyilə
1920-1926-cı illərdə V.İ.Leninin 26 əsəri 130,5
min nüsxə ilə Azərbaycan dilində çapdan
çıxıb. 1927-1932-ci illər ərzində K.Marks və
F.Engelsin 15 min tirajla 5 əsəri, V.İ.Leninin 106 min nüsxə
ilə 19 əsəri Azərbaycan dilində çap olunub. R.Axundovun
xidmətləri sayəsində Leninin müsbət cəhətlərini
əks etdirən bu əsərlər geniş təbliğ
edilir, onun mənfi, antihumanist xarakterini nümayiş etdirən
əsərlər isə kommunist rejiminin tələblərinə
uyğun olaraq uzun zaman xalqdan gizli saxlanılırdı.
R.Axundov 1928- 1929-cu illərdə
nəşr olunmuş ikicildlik "Rusca-türkcə
lüğət"in tərtibçilərindən biri idi. O,
Rusiya Kommunist Bolşeviklər Partiyasının ikinci proqramını
və Kommunist İnternasionalının 1-ci konqresinin Manifestini
Azərbaycan dilinə tərcümə etmişdi.
1927-ci ilin noyabrında
AK(b)P VIII qurultayı xalq maarif komissarı R.Axundovun məruzəsini
dinləyərək ümumi ibtidai təhsilə keçmək
üçün hazırlıq işlərinə başlamaq
haqqında qərar qəbul edib.
1928-xi ildə R.Axundovun
tapşırığı ilə "Kommunist" qəzeti gənc
nəslin millət və din əleyhinə tərbiyə edilməsi
üçün aşağıdakıları təklif
etmişdi:
1. Maarif nazirliyi məktəblərdə
millət və din əleyhinə tərbiyə məsələsinin
mahiyyət və üsullarını müəyyən etməli
və bu xüsusda bütün məktəblərə qəti
direktiv verməlidir;
2. Bu direktivə görə
millətçi müəllimlər məktəblərdən
çıxarılmalıdır;
3. Müəllimlərin
proletar sinfindən olmasına əhəmiyyət verilməlidir;
4.Komsomol və pioner dərnəkləri
məktəblərdə kəndli fəaliyyətlərini
artırmalı və millət əleyhinə
proqramlarını çoxaltmalıdırlar;
5.Rusiyada başlamaq
üzrə olduğu kimi Azərbaycanda da milli və dini
bayramların tamamilə ləğv edilərək bunların
yerinə inqilab bayramları qoyulmalıdır;
6.Məktəblərimizdə
milli və dini təsirləri davam etdirən ən
böyük amilin ailələrimiz olduğu inkar edilməz. Bununla
da, sadə məktəb vasitəsilə mübarizə etmək
qabil olmayacaqdır. Cocuqlarımızın ata-anaları
arasında millət, din və s. ilə mübarizə işlərini
qüvvətləndirmək üçün
"Allahsızlar cəmiyyəti"nin işləri
canlandırılmalıdır.
1929-cu ildə Azərbaycanda
əlifba islahatı keçirilərək, ərəb əlifbası
latın əlifbası ilə əvəz olunmasında
R.Axundovun böyük xidmətləri olub.
1926-cı ildə
S.M.Kirovun mərkəzə çağırılaraq Leninqrada
rəhbər vəzifəyə göndərilməsindən
sonra AK(b) P MK-nın həmin ildə keçirdiyi növbəti
plenumda yeni katiblik seçildi. Partiya rəhbərliyi Ə.Qarayev,
N.A.Ağaverdiyev, L.Mirzoyandan ibarət üçlüyə
tapşırsa da hakimiyyət faktiki olaraq L.Mirzoyanın əlində
cəmləşmişdi. Bu rəhbərliyə R.Axundov da
daxil idi. L.Mirzoyanın rəhbərliyi ilə 1926-cı ildən
başlayaraq ölkədə din və milli adət-ənənə
əleyhinə geniş kampaniya aparılması elə dəhşətli
nəticələrə gətirib
çıxarmışdı ki, əhalinin geniş təbəqələri
ilə yanaşı hətta partiya rəhbərliyində də
ciddi narazılıqlara səbəb olmuşdu.
Azərbaycanda təşkil
olunan "Allahsızlar cəmiyyəti" İslam dininə
qarşı xüsusi qəddarlıqla mübarizə apararaq
dindarları təqib etməklə yanaşı hətta tarixi
abidə olan məscidlərin də dağıdılmasına
rəhbərlik etmişdi. Kollektivləşmə
dövründə onların fəaliyyəti daha da gücləndirilmiş
və hətta Azərbaycan K(b)P MK-nın aprel (1929-cu il) plenumu
bunun üçün xüsusi göstərişlər də
vermişdi. Məhz bundan sonra cəmiyyət "Mübariz
Allahsızlar İttifaqı"na çevrilərək,
Qurban, Ramazan, Novruz bayramı kimi xalqın əsrlərlə həyata
keçirdiyi bayramlar qadağan edilmiş, məscidlər
bağlanmış və dindarlara qarşı daha amansız
mübarizə başlanmışdı.
Bu proseslə
yanaşı, 1928-ci ilin sonu 1929-cu ilin əvvəllərində
milli baş örtüyü olan papaq və çadraya
qarşı da mübarizə başlanmışdı. Kim
milli baş örtüyündən istifadə edirdisə onu
ictimai yerlərə buraxmır, onları keçmişin
qalığı, sovet hakimiyyətinin düşməni hesab
edirdilər. Bu işdə canfəşanlıq edən təcrübəsiz
gənc komsomolçular şlyapa və şapkanı təbliğ
edərək "Rədd olsun papaq!" kimi gülünc
şüarlar altında fəaliyyət göstərilirdi. Məhz
bütün bu işlərə rəhbərlik edənlərdən
bir də R.Axundov idi.
L.Mirzoyan qrupuna
qarşı partiya rəhbərliyində qruplaşmanın
yaranması rəhbərlikdə ziddiyyətlərin güclənməsinə
səbəb oldu. Siyasi çəkişmələrə son
qoymağı qərara alan Mərkəz 1929-cu ilin 11 iyulunda
"Azərbaycan məsələləri haqqında" qərar
qəbul edərək Ə.Qarayev, N.A.Ağaverdiyev, L.Mirzoyan
üçlüyünü N.Gikalo ilə əvəz etdi. Onlar
Mərkəz qarşısında yeni rəhbərliyə
qarşı heç bir mübarizə aparmayacaqları
haqqında öhdəlik götürsələr də bir qədər
sonra bu öhdəliyə əməl etmədilər. Ə.Qarayev,
N.A.Ağaverdiyev, L.Mirzoyan və R.Axundov özlərini
müdafiə edərək N.Gikalonu gözdən salmağa
başladılar. AK(b)P X qurultayında onlar N.Gikalonu yeni şəraiti
və yerli dili bilməməkdə, qolçomaqlara
qarşı lazımi səviyyədə mübarizə
aparmamaqda suçlamaqla ona qarşı ciddi ittihamlar irəli
sürdülər. Onun əleyhinə təşkil olunmuş
kampaniyaya qarşı gücsüz olan və cəmi 1 il 2 ay
Azərbaycana rəhbərlik etmiş N.Gikalonu Mərkəz
1930-cu il avqustun 5-də "Azərbaycan məsələləri
haqqında" ikinci qərar qəbul etməklə rəhbərlikdən
uzaqlaşdırdı.
N.F.Gikalo yerinə
Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi
Şurasının (ÜİHİMŞ) ikinci katibi V.Polonski
AK(b)P MK-nın birinci katibi təyin olundu.
V.Polonski öz işinə
N.Gikalonu və Ə.Qarayev, N.A.Ağaverdiyev, L.Mirzoyan
üçlüyünün fəaliyyətlərini kəskin
tənqidi ilə başladı. 1932-ci ilin yanvarında keçirilmiş
AK(b)P-nin XI qurultayında əvvəlki rəhbərliyin səhvləri
faktlarla göstərilmişdir. V.Polonski özündən əvvəl
rəhbərlikdə olmuş şəxsləri respublikadan
uzaqlaşdırdı. R.Axundov da 1930-cu ildə respublikadan
uzaqlaşdırılaraq ÜİK (b) P Zaqafqaziya Ölkə
Komitəsinin katibi vəzifəsinə göndərildi. Bu
dövrdə yüksək səviyyəli azərbaycanlı
kadrlar respublikadan uzaqlaşdırıldığına görə
rəhbər vəzifələrə əsasən erməni
millətindən olan şəxslər təyin olunurdu. Bu
cür kadr siyasətini yerli əhali narazılıqla
qarşılayırdılar.
1932-ci il dekabrın 29-da
Azərbaycan Dövlət elmi-tədqiqat institutu əsasında
SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan
şöbəsi yaradıldı ki, onun da fəaliyyətinə
yenidən respublikaya qayıtmış R.Axundov rəhbər təyin
olundu.
Respublika daxilində olan
narazılığı bəzi qüvvələr şəxsən
V.Polonskiyə qarşı yönəldərək onun
1933-cü ildə rəhbərlikdən
uzaqlaşdırılmasına nail oldular. V.Polonski əvəzinə
partiyanın Moskva şəhəri Frunze rayon komitəsinin
katibi, erməni R.Ruben təyin olundu. Onun bu vəzifəyə
irəli çəkilməsində S.Orcanikidzenin çox
böyük rolu olmuşdu.
Lakin R.Ruben Azərbaycanda
rəhbər vəzifədə cəmi 11 ay işlədi. Bundan
sonra L.Beriyanın yaxından köməkliyilə
M.C.Bağırov 1933-cü ilin dekabrında AK(b)P MK-nın
birinci katibi təyin olundu və bununla da Azərbaycana rəhbərlikdə
birinci şəxsin qeyri millətlərdən təyin
olunması siyasətinə son qoyuldu.
M.C.Bağırov hakimiyyətə
gələndən sonra ona qarşı düşmən
mövqedə olmuş rəhbər işçilərə, o
cümlədən R.Axundova qarşı gizli planlarını tədricən
həyata keçirməyə başladı.
1937-ci il iyunun 8-də
"Pravda" qəzetində Rıklinin imzası ilə
"Düşmənin hiylələri" adlı məqalə
dərc edilərək R.Axundova qarşı ağır ittiham
irəli sürüldü. Məqalədə deyilirdi:
"Trotskiçi və müsavatçı Ruhulla Axundov mədəniyyət
cəbhəsində uzun zaman nəzarətsiz olaraq istədiyini
edib. O, Elmlər Akademiyasının Azərbaycan
filialının başçısı olmuş, incəsənət
işləri komitəsinə rəhbərlik etmiş,
yazıçılar ittifaqına ağalıq etmişdir. O,
bütün təşkilat və idarələri öz
adamları ilə, gizli və açıq düşmənlərlə
"zibilləmişdir". Məqalədə gənc
şairlər Səməd Vurğun və Süleyman Rüstəmin
də ünvanına böhtanlar
yağdırılmışdı.
1937-ci il oktyabrın
26-da Şamaxı şəhərində "Əksinqilabçı,
üsyançı, casus-terrorçu, təxribatçı-ziyançı,
burjua-millətçi təşkilat"ın mühakiməsi
başlandı. İttiham olunan çoxlu sayda rəhbər
işçilər arasında R.Axundov da var idi. Bu uydurma "Əksinqilabi
üsyançı, terrorçu mərkəzin" işi ilə
bağlı 1700 adam, o cümlədən 20 xalq komissarı və
müavini, 34 rayon icraiyyə komitəsinin sədri, 52 rayon
katibi, 8 professor və başqaları cəzalandırılmışdı.
R.Axundov da sovet rejiminə
yüksək səviyyədə xidmət etmiş Q.Musabəyov,
H.Sultanov, A.Sultanova, Ə.H.Qarayev, S.M.Əfəndiyev,
D.Bünyatzadə, H.Rəhmanov, T.Şahbazi və
başqaları kimi həmin rejimin qurbanı olmuş və
xalq düşməni kimi güllələnib.
Sonradan, yəni 1956-ci
ildə Xuruşovun hakimiyyəti dövründə bu şəxslərə
bəraət verildi. Bu bəraət onlara qarşı 1937-ci
ildə irəli sürülmüş saxta ittihamlara görə
verilmişdi. Fikrimizcə, onlara bolşevik kimi rus və erməni
kommunistlərinin rəhbərliyi altında müstəqil Azərbaycan
Xalq Cümhuriyyətinə qarşı fəaliyyətlərinə
görə, sovet hakimiyyəti illərində, konkret olaraq
20-30-cu illərdə xalq əheyhinə yeridilmiş siyasətin
icraçıları və rəhbərləri olduqlarına
görə bəraət düşmür. Onların xalqa
qarşı fəaliyyətinin obyektiv tədqiq
olunmasının və düzgün qiymətləndirilməsinin
vaxtı artıq çoxdan çatıb.
Məhərrəm Zülfüqarlı,
tarix elmləri namizədi
525-ci qəzet.- 2009.- 5 may.- S.5.