"Heydər
Əliyev və insan hüquqları" mövzusunda dəyirmi masa keçirilib
Dünən Azərbaycan
Respublikasının Ombudsman Aparatında İnsan
Hüquqları üzrə Müvəkkil Elmira
Süleymanovanın təşkilatçılığı ilə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 və
siyasi hakimiyyətə gəlişinin 40 illiyinə həsr
olunmuş "Heydər Əliyev və insan
hüquqları" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ombudsman
E.Süleymanova "Azərbaycanda insan hüquq və
azadlıqlarının təmini və müdafiəsi
mexanizminin təkmilləşdirilməsində Heydər Əliyevin
rolu" mövzusunda geniş məruzə ilə
çıxış edərək, görkəmli dövlət
xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın
dövlətçilik tarixindəki əvəzolunmaz fəaliyyətindən
danışıb. O, xalqların, ölkələrin tarixində
həqiqi liderlərin rolunun böyük olduğunu diqqətə
çatdıraraq deyib ki, həqiqi liderlər kimi ulu öndərimiz
də öz xalqını ən çətin vəziyyətlərdən
çıxararaq düzgün yola istiqamətləndirib,
taleyüklü məsələlərin həllində
müdrik məsləhətçi kimi çıxış
edib. Ombudsman bildirib ki, ümummilli liderin həyata
keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi
sabitlik nəticəsində ölkəmizdə insan hüquq və
azadlıqları təmin olunaraq vətəndaş cəmiyyəti
yaradılması istiqamətində mühüm addımlar
atılıb: "Müstəqillik, demokratiya yolu ilə irəliləyən
xalqımız son onilliklərdə insan və vətəndaş
hüquqlarının qorunması sahəsində ulu öndərimizin
özülünü qoyduğu qətiyyətli siyasətdən
bəhrələnib. Məhz Heydər Əliyevin mühüm
xidməti sayəsində ölkəmizdə ölüm cəzası
ləğv olunub. Onun humanist siyasəti nəticəsində
bir çox amnistiya aktları tətbiq edilib, əfv fərmanları
imzalanıb. Hazırda isə bu siyasət ölkə
başçısı İlham Əliyev tərəfindən
ardıcıl surətdə davam etdirilir".
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının
Hüququ-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov ümummilli liderin təşəbbüsü
və rəhbərliyi ilə qəbul edilmiş mütərəqqi
qanunlardan, həyata keçirilən təşkilati tədbirlərdən
danışıb. Onun sözlərinə görə, ulu
öndər Heydər Əliyevin həyata keçirdiyi
siyasi-iqtisadi və hüquqi islahatlar ölkəmizdə
demokratik, hüquqi dövlətin möhkəm əsasını
yaradıb ki, bunun da nəticəsində Respublikamızın
hüquq sistemi, eləcə də insan hüquq və
azadlıqlarının müdafiə vəziyyəti Avropa
standartlarına uyğunlaşdırılıb.
Dəyirmi masada
Konstitusiya Məhkəməsi sədrinin müavini Sona
Salmanovanın "Heydər Əliyev Azərbaycan
Respublikası Konstitusiyasının memarıdır", Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın
"Heydər Əliyev və Azərbaycanda qadın
hüquqlarının təmini sahəsində dövlət
siyasəti", Ədliyyə Nazirliyinin idarə rəisi Faiq
Qurbanovun "Heydər Əliyev və Azərbaycan ədliyyəsinin
inkişafı", Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti Mustafa İsgəndərzadənin
"Milli qürur və fəxarət hissini xalqa qaytaran
düha" mövzularında məruzələri dinlənilib.
Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin
müavini Yevda Abramov, səhiyyə nazirinin müavini Elsevər
Ağayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər
iştirakçılar isə ümummilli lider Heydər Əliyevin
nəcib əməllərindən danışıblar. Qeyd edək
ki, tədbirdə ulu öndərin həyatı və zəngin
fəaliyyəti barədə kitablardan və fotolardan ibarət
sərgi də təşkil olunub.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2009.- 5 may.- S.3.