Bir vida yazısı
ƏDƏBİYYATIMIZIN YAXIN DOSTU
ANNA BEDE DÜNYASINI DƏYİŞİB
Bu günlərdə Macarıstandan
aldığım ağır
bir xəbər içimi göynətdi. Ədəbiyyatımızın
yaxın dostu və Macarıstanda ən böyük təbliğatçısı olan
şair-tərcüməçi
Anna xanım Bede vəfat edib. Xəbər Anna xanımın oğlu Elod Kovaçdan gəlmişdi.
Bu acı xəbər
bir andaca məni otuz il əvvəllə, Anna xanımla
tanış olduğumuz günlərə qaytardı. Yetmişinci
illərin sonlarında SSRİ Yazıçılar
İttifaqının nümayəndə heyəti tərkibində
Macarıstana getmişdim. Macar-Sovet Dostluq Mərkəzindəki
ilk görüşümüzdə bir şair xanımın mənimlə
tanış olmaq istədiyini söylədilər. Tanış
olduq.
Qarşımda bəyaz
saçları qumral sifətinə işıq salan əlli
yaşlarında bir xanım dayanmışdı. Rusca zorluqla
danışırdı. Elə ilk söhbətimizdəcə
Anna xanımın Türk toplumuna heyranlığı
açıqca hiss olundu. Görüşümüzdən
sonra məni evinə dəvət etdi. Zəngin
kitabxanasında Azərbaycan ədəbiyyatı ilə
bağlı saysız kitablar yer almışdı. Xüsusilə
Azərbaycan folkloruna aid kitablar, "Dədə Qorqud" və
"Koroğlu" dastanlarının çeşidli nəşrlərinin
yer aldığı rəflər diqqətimi daha çox
çəkmişdi. Böyük macar alimi və səyyahı
Vamberinin Şərqə, xüsusilə Güney Azərbaycana
səfərləri zamanı topladığı folklor örnəklərindən
oluşan kitablar kitabxananın önəmli qismini təşkil
edirdi. Vamberi topladığı folklor örnəklərinin
öncə orijinalını, sonra isə macarcaya tərcüməsini
vermişdi. Bu örnəklərin böyük bir qismini ilk dəfə
idi ki, oxuyurdum. Azərbaycan ədəbiyyatının macar
dilinə çevrilmiş nümunələri kitabxanada önəmli
yer tuturdu. Anna xanım özəlliklə Azərbaycan ədəbiyyatından
etdiyi tərcümələri - R.Rzanın, F.Sadıqın
şeirlərini, Azərbaycan nağıllarını
böyük bir qürur və sevgi ilə göstərirdi. Fikrət
Sadıqla Sibirdə keçirilən şeir günlərində
tanış olmuşdular, ondan ağızdolusu
danışırdı...
Elə ilk
görüşdəcə ədəbi dostluğumuzun təməli
atılacaqdı. Və bu sağlam təməl üzərində
Azərbaycan-Macar ədəbi əlaqələrinin bəlirli
bir bölümü yüksələcəkdi. İlk səfərim
zamanı məni oğlu Elodla birlikdə Macarıstanı gəzməyə
aparacaqdılar. Kəndlərinə gedəcəkdik, Marta
xalanın qız nəvəsinin toyunda iştirak edəcəkdik.
Sonra dəfələrlə Anna xanım oğlu Elodla Azərbaycana,
Bakıya gələcək, mən Macarıstana gedəcəkdim.
Amma bu gediş-gəlişlərin iki önəmli
anını heç unutmadım. Birincisi,
Xantı-Mansının ilk yazıçı-klassiki Yeremey
Aypinə Macarıstanda göstərilən sevgidir ki, bu sevgi
macarların özlərinə qohum topluluqlara necə
böyük məhəbbətlə
yanaşdıqlarının bir sübutu idi. Anna xanım
kökü az qala kəsilməkdə olan
xantı-mansıların macarlara yaxın qohum
olduqlarını tez-tez vurğulayır və macar dilindəki
türk mənşəli sözləri təkrarlamaqdan
doymurdu. Yəni Anna xanımın bizə - Yeremey Aypinə və
mənə olan sevgisi əslində bizə yox, təmsil
etdiyimiz xalqa sevgisi idi.
Elod, anası ilə
birlikdə ilk dəfə Bakıya gələndə 14
yaşında idi. Sonralar, özünün də etiraf etdiyi
kimi süddən, sümükdən gələn sevgi və mənimlə
tanışlığı Elodun özünə ixtisas kimi
türkolojini seçməsinə səbəb olacaqdı. İndi
o, Macarıstan universitetlərindən birində Türk ədəbiyyatlarını
sevə-sevə tədris edir. Namizədlik işi
dağlılarla türklərin tarixi qohumluq bağlarına həsr
olunmuşdu. Elmi iş üzərində işləyərkən
Bakıya gələrdi və onunla biz aylarla Xızıdan
Qubaya qədər dağlıların yaşadığı
yerlərdə olardıq. Dağlıların yaşam tərzi,
adət və ənənələri ilə bağlı apardığı
araşdırmalar sonralar ona sanballı elmi iş ortaya qoymaqda
yardımçı olacaqdı.
Heç yadımdan
çıxmaz, 1993-cü ilin istər ölkə
üçün, istərsə də şəxsən mənimçün
böhranlı keçən günlərinin birində Elod hələ
o zamanlar keçib gedilməsi zor olan Budapeşt-İstanbul,
İstanbul-Iğdır-Naxçıvan yolunu keçib, ordan
da təyyarə ilə Bakıya gəlmişdi. Gəlişinin
səbəbini soruşduqda Anna xanımın Bakıda baş
verənlərdən xəbərdar olduğunu, Surət
Hüseynovun çevriliş hərəkətini eşitdiyindən
Elodu mənə dəstək olmaq üçün göndərdiyini
söyləmişdi. (Etibarın bu qədərini də
gördüm.) Halbuki işdən çıxana qədər
gecəli-gündüzlü susmayan telefonlarım susmuş,
şirəyə yığılan milçək kimi
başıma yığılan "dostlarım",
"tanışlarım" yoxa çıxmışdı.
Elod o zor günlərdə xarici radiostansiyalar
üçün mənimlə reportajlar
hazırlayırdı. O verilişllərin bəlkə də
mənim taleyimə elə də istisi, soyuğu olmadı. Amma
Anna xanımın dost vəfası və oğlunun dar gündə
yanımızda olması da bir başqa sədaqət örnəyi
idi. Onda mən teleşirkət sədrliyindən istefa
etmişdim və sürüşkən bir dönəmdən
keçirdim. Bunu bilən Elod məni də özü ilə
bərabər Macarıstana aparacaqdı. Budapeştdə
qaldığım iyirmi gün, gizləmirəm, o
böhranlı günlərimdə mənə özümə
gəlməkdə əvəzsiz yardım edəcəkdi. Anna
xanım o iyirmi gündə məni çeşidli qəzet və
jurnal redaksiyalarına, nəşriyyatlara aparıb bir çox
sənət adamları ilə
tanışdırmışdı. O zaman Macar mətbuatında
Elodun Azərbaycanla bağlı silsilə yazıları
yayınlamağa başlamışdı. Həm də bu
yazılara başlıq olaraq, məni nəzərdə tutub,
şeirimdən götürdüyü, özü də
orijinalda olduğu kimi verdiyi: "Ayağı daşdadır,
başı savaşda..." misramı seçmişdi.
İşsiz
qaldığım zamanlarda və sonralar Türkiyədə
çalışdığım dövrlərdə istər
Anna xanım, istərsə də oğlu Elodla əlaqələrimiz
kəsilmədi. Bu əlaqələr iki şəxsin timsalında
əslində ədəbiyyatlarımız arasında əlaqələrdi.
Anna xanımın və oğlu Elodun təşəbbüsü
ilə dəfələrlə Macarıstan mətbuatında Azərbaycan
ədəbiyyatı nümunələri dərc olundu. Xüsusilə
Elodun Bəkir Çobanzadə və onun macar dilindən
türk dilinə çevriləri ilə bağlı
arayışları ədəbiyyatımız
üçün önəmli bir yerə sahibdir. Budapeştdə
işıq üzü görən "Dünya ədəbiyyatı"
antalogiyasında Azərbaycan yazıçı və şairləri
ilə bağlı məqalələrin yer almasında bu
ana-balanın misilsiz xidmətləri var.
İndi Budapeştdə
nəşrə hazır olan "Azərbaycan ədəbiyyatı"
antalogiyasının böyük bir bölümünün tərcüməsi
də Anna xanımla oğluna aiddir. Həm də bu tərcümələrin
uğurlu alınmasına heç bir şübhə yoxdur. Çünki
Elodun dilimizi mükəmməl bilməsi bu işdə onlara
yardım edib.
Bizi istəyənlərin,
sevənlərin get-gedə qıtlaşdığı bir
vaxtda Anna xanım kimi bir sənət fədaisinin
dünyasını dəyişməsi içimizi
sızlatmaya bilməz. Ədəbiyyatımızın
yaxın dostu bu mötəbər xanıma - Anna Bedeyə
Allahdan rəhmət diləyir və oğlu Eloda
başsağlığı veririk...
Məmməd İSMAYIL
525-ci qəzet.- 2009.- 5 may.- S.2.