Borçalı ağsaqqalı Ayvaz Həsənovun 80 illiyi münasibətilə tədbir keçirilib

 

Gürcüstanın Marneuli rayonunun Məscidli Görarxı kəndində Borçalının adlı-sanlı ağsaqqalı, mərhum Ayvaz Həsənovun 80 illiyi münasibətilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iştirakçılar A.Həsənovun büstü önünə tər çiçək dəstələri və əklillər qoyaraq onu yad ediblər. Yubiley tədbirini Marneuli rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov açıb. Tədbirin aparıcısı, xalq şairi Zəlimxan Yaqub aprelin 30-da Bakıda baş vermiş faciə ilə əlaqədar bir dəqiqəlik sükut elan edib. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin rektoru Novruz Bayramov A.Həsənovun tərcümeyi-halı barədə iştirakçılara məlumat verib. Tədbirdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Gürcüstanın keçmiş kənd təsərrüfatı naziri Bakur Qulua, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, şair-publisist Yusif Yusifli, Bakı şəhərində fəaliyyət göstərən "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, "Gürcüstan" qəzetinin redaktoru Süleyman Süleymanov çıxış edərək Gürcüstan Ali Sovetinin deputatı olmuş, uzun illər kənd təsərrüfatı sahəsində məsul vəzifələrdə çalışmış Ayvaz Həsənovun xidmətlərindən danışıblar. Sonda Ayvaz Həsənovun oğlu, Azərbaycanın Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək qonaqlara və rəsmi şəxslərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Ayvaz Həsənov ömrünün son günlərinədək Marneuli Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. O, 1990-cı ildə ürək xəstəliyindən vəfat edib.

 

 

525-ci qəzet.- 2009.- 5 may.- S.2.