Həsən Cəbrayılov:
"Bizdə parodiya sənətinə qeyri-ciddi
yanaşılır"
"HALBUKİ DÜNYANIN İNKİŞAF ETMİŞ
ÖLKƏLƏRİNDƏ GÜCLÜ PARODİYA MƏKTƏBLƏRİ
VƏ BU MƏKTƏBLƏRİN MƏŞHUR YETİRMƏLƏRİ
VAR"
Tanınmış
parodiya ustası Həsən Cəbrayılovun bugünlərdə
60 yaşı tamam olub. Yaratdığı parodiyalarla
tamaşaçılara yaxşı tanış olsa da,
istedadlı sənətkarın həyatından önəmli
ştrixləri qeyd eləməyi lazım bilirik. H.Cəbrayılov
1949-cu ildə Tehranda dünyaya gəlib. 1953-cü ildə ailəsi
ilə birgə Bakıya köçüb. 1964-cü ildə
Bakıdakı 39 saylı məktəbdə orta təhsilini
başa vuran H.Cəbrayılov 1968-ci ildə Rabitə
Texnikumunu bitirib. Təhsilini Dövlət Politexnik
İnstitutunda davam etdirib.
Aktyorluğa həvəsi
onun yolunu Moskva Teatr İnstitutunun nəzdindəki estrada
rejissorları fakültəsindən salıb. Burada 3 illik kurs
bitirən aktyor həmçinin Tofiq, Əhməd və
Abbasquluağa Bakıxanovlar haqqında iki kitabın,
"Gül bir az" parodiyalar toplusunun və bir sıra digər
nəşrlərin müəllifidir. 1980-ci ildən 2005-ci ilədək
müxtəlif yarışmaların, o cümlədən Moskva
"Beynəlxalq Tələbə baharı-80", İrəvan
"Tələbə baharı-81", Kutaisi Ümumittifaq,
Bakı Estrada Artistləri, Tehran "I Dünya Yumor" və
İstanbul festivallarının qalibi olub. Hazırda Azərbaycan
Televiziyasında çalışan H.Cəbrayılovun
buradakı işi, özünün də dediyi kimi, son 110 ildən
bərini əhatə edən, fondda saxlanılan kasetlərin
axtarışı, köçürülməsi və bərpasından
ibarətdir. Həmkarlarının dediyinə görə, o,
bu sahənin əvəzolunmaz bilicisidir. Bu işdə onun
qeyri-adi yaddaşının da rolu az deyil. H.Cəbrayılov həmin
kasetlərə saniyə-saniyə annotasiya yazmaqdan xüsusilə
zövq alır. Daim içərisində olduğu mövcud
arxiv materialları həmçinin sənətkara bir çox
sənət korifeyləri haqqında kitablar qələmə
almaqda da yardım edib.
Uşaqlıqda
yaxşı səsi olduğu üçün elə o vaxtdan
tanınmış xanəndələrin ifasına bənzər
şəkildə oxuyarmış. Amma sonralar özü də
fikir verib görüb ki, təkcə bir nəfərin deyil,
maraq göstərdiyi bütün musiqi xadimlərinin
ifasına oxşar parodiyalar etməyi bacarır. Elə bu
bacarıq da H.Cəbrayılovun fəaliyyət yolunun müəyyənləşməsinə
ciddi təsir edir: professional parodiyaçı olmaq. Parodiya sənətinin
qanunlarına görə, əgər aktyor otuz faiz oxşada
bilirsə, deməli, müvəffəqiyyətdir. Amma H.Cəbrayılov
indiyədək etdiyi parodiyalarda bu faizi maksimuma
yaxınlaşdırmağa çalışıb.
Azərbaycanda
parodiyaçılığın zəif inkişaf etdiyini
bildirən H.Cəbrayılov bunu bizdə belə bir sənətə
qeyri-ciddi yanaşılması ilə əlaqələndirir. Hələ
tələbə ikən məni "lağlağı"
adlandırırdılar. Halbuki dünyanın inkişaf
etmiş ölkələrində güclü parodiya məktəbləri
və bu məktəblərin məşhur yetirmələri
var. Təəssüf ki, bizdə bu işə ciddi əhəmiyyət
vermirlər". Azərbaycanda ilk professional parodist olduğunu
deyən həmsöhbətim, yeri gəldikcə, müasir
gülüşə və tamaşaçıları zorən
güldürənlərə, ümumiyyətlə, efirdəki
vəziyyətə münasibətini açıqladı:
"Biri Volterə deyir ki, axmaq bir iş tutduğumu hiss etdikdə
özümə o qədər gülürəm ki... Volter
cavabında: "Onda de ki, ömrün başdan-ayağa şən
keçibdir də..." - söyləyir. Bugünkü efir məkanında
yumoru məhz belə "şən adamlar"a
tapşırıblar. Zaman dəyişib, zövq və
dünyagörüşlər yeni qədəm
basdığımız bazar iqtisadiyyatının tələblərinə
uyğunlaşdırılıb. Belə ki, hər
şou-biznesə "yapışan" özünü sənətkar
bilir, qafiyə toxuyan meyxanaçılar özlərini
"Füzuli, Vahid yadigarı" hesab edirlər. Mədəniyyətimizin
incisi olan mahnılar təhrifə uğradılır.
Parodiyanın vəzifəsi belə əyintilərlə
mübarizə aparmaqdır. Məhz buna görə Azərbaycanda
parodiya məktəbini inkişaf etdirmək
lazımdır".
H.Cəbrayılov indiyədək
parodiya elədiyi şəxsiyyətlərin siyahısına
dövlət rəhbərlərindən başlamış,
müxtəlif peşə adamlarına, daha çox musiqi
xadimlərinə qədər xeyli ad daxildir. Peşəkar
estrada üçün parodiya janrı yaratmağı
qarşısına məqsəd qoyan sənətkar texnikumda
oxuyarkən müəllim və direktoru təqlid edirmiş,
sonralar Politexnik İnstitutunda da, özünün təbirincə
desək, "çıxarmadığı oyun
qalmayıb". Hətta imtahanlarda telefonla zəng edib,
tanınmış aktyorların səsi ilə
özünü tapşırırmış. İxtisasca
televizor təmirçisi olan parodiya ustasını xarab məişət
cihazlarından daha çox, tamaşaçıları
qıdıqlamadan ciddi mətləblərə güldürmək
maraqlandırıb. Gülüşü insan ömrünü
uzadan ən vacib faktorlardan hesab edən H.Cəbrayılov
söhbətimiz əsnasında bir sıra məşhur şəxsiyyətləri,
korifey sənətkarlardan Şövkət Ələkbərova,
Sara Qədimova və Rübabə Muradovanı parodiya etməkdən
də qalmadı. Sənətini ucuzlaşdırmaq istəməyən
H.Cəbrayılov toylara getmədiyini xüsusi
vurğuladı. Bu addımını toyların el məclislərindən
daha çox diskotekaları xatırlatması, orada əsl sənət
nümunələri əvəzinə bayağı, şit,
aşağı əyarlı repertuar tələb olunması
ilə izah etdi. Yarızarafat-yarıgerçək: "Belə
yerdə pul qazanmaqdansa, elə "xroniki pulsuzluq xəstəsi"
olmaq yaxşıdır" - dedi. Ancaq əvvəllər
muğam korifeyləri ilə birgə el məclislərinə
getdiyini bildirən H.Cəbrayılov onların əksəriyyətini
parodiya etdiyini xatırlatdı. Sualımıza cavab olaraq,
yalnız mərhum Hacıbaba Hüseynovu təqlid etmədiyini
bildirdi: "Rəhmətliyin məndən xahişi olmuşdu
ki, heç vaxt onu parodiya eləməyim. O səbəbdən
də Hacıbaba Hüseynov parodiya etmək istəmədiyim
yeganə sənətkardı".
"Ailədə
davamçınız varmı?" sualına cavab olaraq sənətkar
kiçik nəvəsində parodiya qabiliyyətini hiss etdiyini
vurğuladı. Lakin aktyor sənətinə lazımi qiymət
verilmədiyindən nəvəsinin onun yolunu davam etdirməsini
arzulamır.
Dünya birinciliklərində
qalib gəldiyi onlarla parodiyaçının hazırda öz
ölkələrində xalq artisti, professor, yaxud incəsənət
institutlarının rəhbəri olduğunu deyən yubilyar fəxri
adının olmamasını özünə heç vaxt dərd
etməyib. Amma istedadlı parodiya ustası hələ də qəlbində
yaşatdığı yeganə arzusunu ifadə etməkdən
özünü saxlaya bilmədi: "Fəxri adım olmasa
da, videotekanın qızıl fondunda öz işimlə
xalqımın mənəvi sərvətini qorumağa, bərpa
edib, köçürüb, gələcək nəsillərə
ötürməyə çalışıram. Bu, mənim
üçün ən yaxşı addır. Heç bir fəxri
adın təmənnasında deyiləm. Ancaq
yaşımın bu çağında qəlbimdə bir arzum
var ki, o da beynəlxalq aləmdə keçirilən yumor
festivallarında Azərbaycanı yüksək səviyyədə
təmsil etməkdir. İndiyədək iştirak elədiyim
bir çox festivallara əsasən xeyirxah dostlarımın
maddi vəsaiti hesabına getmişəm və
şükürlər olsun ki, ölkəmizi layiqincə təmsil
etmişəm. Ancaq yalnız maaşa baxan birisi kimi, təbii
ki, indi dünyada keçirilən yumor festivallarına
qatılmağa maddi imkanım yoxdur. Çox istərdim ki,
beynəlxalq gülüş bayramlarında, yumor
festivallarında dövlət xəttilə iştirak etməyim
üçün şərait yaradılsın. Əgər mənə
belə etimad göstərsələr, əminəm ki, yumor
festivallarında Azərbaycanın adını daha da ucalda bilərəm,
ölkəmizə mükafatlar, qızıl medallar gətirərəm.
Bununla da dünya ictimaiyyətinə sübut edərik ki, Azərbaycan
xalqının muğam, aşıq musiqisi kimi milli mənəvi
sərvətləri ilə yanaşı, yumoru duymaq, qiymətləndirmək
bacarığı da var və yüksək səviyyədədir".
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 6 may.- S.7.