İsmayıl Şıxlının
90 illiyi qeyd olunub
Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin birgə təşkilatçılığı
ilə xalq yazıçısı İsmayıl
Şıxlının 90 illiyinə həsr olunmuş kitab sərgisi
və oxucu konfransı keçirilib. Milli Kitabxananın
direktoru Kərim Tahirov İ.Şıxlının Azərbaycan
ədəbiyyatındakı özünəməxsus
mövqeyindən, illər keçsə də əhəmiyyətini
itirməyən əsərlərindən söz açıb.
Professor Nizami Cəfərov
Azərbaycan ədəbiyyatını
İ.Şıxlının yaradıcılığı
olmadan təsəvvür etməyin
qeyri-mümkünlüyünü vurğulayaraq, onun
ustalıqla yazıb-yaratdığı, ali insani
duyğuları əks etdirən əsərlərindən
danışıb.
Yazıçı Vidadi
Babanlı İ.Şıxlı haqqında xatirələrini tədbir
iştirakçıları ilə bölüşərək,
onu həm yazıçı, həm də şəxsiyyət
kimi yüksək dəyərləndirib.
Yazıçının
oğlu, Jurnalistlər Birliyinin sədri Elçin
Şıxlı atasının xatirəsinə ehtiram göstərdiklərinə
görə tədbirin təşkilatçılarına və
qonaqlara minnətdarlığını bildirib.
Tədbirdə
İ.Şıxlının müxtəlif illərdə
işıq üzü görmüş "Dəli
Kür", "Namərd gülləsi", "Məni
itirməyin", "Ölüləri qəbiristanlıqda
basdırın", "Xatirəyə dönmüş illər",
"Mənim rəqibim", "Dağlar səslənir",
"Ayrılan yollar", "Dostum Hüseyn Arifin lətifələri",
"Daşkəsən", "Cəbhə yolları",
"Daim axtarışda", "Ölən dünyam"
kitabları və "Azərbaycan", "Ulduz"
jurnallarında yazıçı ilə aparılmış
müsahibələr sərgilənib.
Dövlət Musiqili
Komediya Teatrında da İ.Şıxlının yubileyilə
bağlı xüsusi gecə keçirilib. Gecədə
Yazıçılar Birliyinin sədri Anar, millət vəkili
Nizami Cəfərov yubilyar haqqında geniş və əhatəli
çıxış ediblər. Onlar millilik və bəşəriliyin,
ziyalılıq və kübarlığın, əqidə və
xarakter bütövlüyünün, sadəlik və
müdrikliyin İsmayıl Şıxlı şəxsiyyətinin
əsas xüsusiyyətləri olduğunu bildiriblər. Sonra
Akademik Milli Dram Teatrı aktyorlarının ifasında
İsmayıl Şıxlının "Ölüləri qəbiristanlıqda
basdırın" əsəri əsasında
hazırlanmış eyniadlı tamaşa göstərilib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 6 may.- S.7.