İstiqlaliyyət soraqlı Bəxtiyar Vahabzadə poeziyası

 

Ustad şairimiz Bəxtiyar Vahabzadə poeziyamızın XX əsrdə yetişmiş qüdrətli nümayəndəsi, qələminin və sözünün gücü ilə əbədi ömür qazanmış tarixi şəxsiyyətdir. Onu yetirən xalq, böyüdüb boya-başa çatdırmış vətən, ona qoynunda yer verən torpaq Bəxtiyar Vahabzadənin adı, poeziyası və əməllərilə daim qürur duymaqda haqlıdır.

"Narahat şair" ünvanı ona müasirləri, həmkarları tərəfindən heç də təsadüfi verilməmişdi. Xalqın dərd-sərini öz dərdi, millətin mənəviyyatı keşiyində durmağı vətəndaşlıq borcu hesab edən şair daim narahat idi. Millətin mənəviyyatına vurulan buxovları sındırmaq, azadlıq adlı nemətə qovuşması yolunda bəzən fiziki varlığını da təhlükə altında qoymaqdan çəkinməyən üsyankar şairin pərəstiş etdiyi dahi Füzuli məhəbbət əzablarından ilham aldığı kimi, o da ən çox vətən məhəbbətindən qidalanıb, millət eşqilə ilhama gəlib.

Milli azadlıq... Bu, Bəxtiyar Vahabzadənin bədii leksikonunda ən müqəddəs ifadələrdən biri, onun yaradıcılığının ana xəttini təşkil edən kəlmədir. Çünki ulu şairin ən ümdə arzusu xalqını azad, millətini istiqlalına qovuşmuş görmək idi. Bu tarixi hadisənin sevincini yaşamaq ona nəsib oldu. Azərbaycanın istiqlaliyyətinin bərpa olunmasına ən çox sevinənlərdən biri məhz bu ustad şair idi. Çünki bu yolda Bəxtiyar Vahabzadə böyük istedad, tükənməz enerji və sarsılmaz əzm nümayiş etdirmişdi. Azadlıq eşqilə qələmə sarılan şair bu ruhda bir-birindən samballı və dəyərli əsərlərə imza atdı. Xalq, millət, vətən! Bu sözlər şairin yaradıcılığından hər zaman qırmızı xətt kimi keçdi. "Mənə nə var", "Oğrular", "Nəsə çatmır", "Baş", "Neo", "Elm-əxlaq", "Dan yeri" "Əsarət, ya ölüm", "Lal-kar", "Atılmayan toplar" və başqa onlarla şeirində sənətkarın azadlıq eşqi, istiqlal həsrəti açıq-aşkar duyulmaqdadır. O, hələ keçmiş Sovet totalitar rejiminin ən güclü çağlarında öz arzu və niyyətlərini misralarının dərin qatlarında da olsa, yerləşdirir və xalqa çatdırırdı. İstər tarixi, istərsə də digər mövzulara müraciət edən şairin daima ən böyük məqsədi, uca məramı milləti azadlıq axtarışlarından, bu yoldakı incə mətləblərdən xəbərdar etmək idi. Bu amal üçün yorulmadan qələm çalan böyük sənətkar bir an da dinclik tapa bilmir, inam və səbrsizliklə Azərbaycanın, bütün Türk dünyasının istiqlaliyyətə qovuşacağı günü gözləyirdi. Şair əmin idi ki, o gün uzaqda deyil.

"Nəsə çatmır" şeirində şair ətrafdakı gözəlliklərin sanki süni təsir bağışladığını, ən vacib olan nəyinsə kifayət etmədiyini vurğulayır. Narahat şair gecə-gündüz axtarır, lakin son məqsədə çatmaq müşkülə çevrilir:

 

   Ucalırıq, qalxırıq biz,

   Son zirvəyə

   Çata bilmir əllərimiz.

 

Şairin arzuladığı son zirvə elə bir yüksəklikdir ki, oradan baxanda bütün insanların azad, şad-xürrəm yaşadıqları açıq-aydın görünsün. Lakin təəssüf ki, o zirvəyə gedən yollarda güclü maneələr var. Mövcud vəziyyətlə, ilk növbədə istiqlalın olmaması ilə barışanlara şair öz etirazını açıq ifadə edir:

 

   "Hər şey çatır" deməkdənsə,

   Ömrün başa çatması xoş.

 

Onun Asiya və Afrikanın acı taleli xalqlarına həsr edilmiş "Neo" adlı şeirində də müstəmləkəçilikdən əziyyət çəkən insanların ağır durumundan söz açılır:

 

   Yaman dərddir

   Özgəsinə yamaq olmaq.

   Yaman dərddir,

   Azadlığın həsrətinə damaq olmaq.

   Yaman dərddir,

   Gözün ola,

   Amma görə bilməyəsən.

   Yaman dərddir,

   Dilin ola,

    danışıb, dinəsən.

 

Bəzən şair azadlıq birlik mövzusunu Azərbaycandan uzaqlara köçürərək, milli dərdlərimizi dilə gətirir:

 

   İki yerə parçalanmış Vyetnamın

   İki bədbəxt vətəndaşı,

   Eyni dərdi oda çəkir, bu da çəkir.

 

Burada Vyetnam deyilsə , dərhal bədnam Türkmənçay Gülüstan müqavilələrilə iki yerə parçalanmış o taylı, bu taylı Azərbaycan xalqımızın nisgilli övladları göz önünə gəlir. Başqa məqama nəzər salaq:

 

   Sən də quzu, mən də quzu,

   Gəl qoruyaq canavardan özümüzü...

 

Müəllif burada "canavar" dedikdə əslində xalqları əsarətdə saxlayan imperiyanın vəhşi təbiətini nəzərdə tutur. Ona tabe olan asılı xalqların dil və adət-ənənələrinin məhv edilməsi canavar mədəsində həzm olunan şikara bənzədilir.

"Soyuq müharibə" dövründə yazılmış, insanları azadlığa səsləyən başqa bir poeziya nümunəsində - "Dan yeri" şeirində şair bir qəzet materialından təsirləndiyini qeyd edir: "Son zamanlar ABŞ-da başqa cür düşünənlərin adı qara siyahıya düşür. Bu siyahıya düşənlərin biri də məşhur fizik "Xalqlar arasında sülhü möhkəmlətmək üçün" beynəlxalq Lenin və Nobel mükafatları laureatı Laynus Polinqdir". Bu materialdan təsirlənən şair üzünü həmin dövlətin rəhbərliyinə bədii xitab yolu ilə bu misraları qələmə alır:

 

   Boyaları həqiqətdən,

   Həqiqəti rəzalətdən

   Seçə bilən bir ağıldan

   Niyə qorxdun?

   Niyə onu həbs edirsən?

   Təkbaşına Laynus sənə neyləyəcək?

   Ey vətənçün alışanlar,

   Susmayanlar, danışanlar.

   Qismətiniz ölüm, zindan...

 

Şairin bu misralarla əslində Sovet rejimində haqq səsini ucaltdığı üçün məhrumiyyətlərlə üzləşən ziyalıların, ədəbiyyat adamlarının da taleyindən xəbər verir. Axı Sovet dövründə ölkəmizdə haqq sözü söyləmək istəyənlərin səsi boğulur, bir çoxları mənəvi işgəncələrə məruz qalır, ədalətsizliyin qurbanı olurdular. Bütün çətinliklərə baxmayaraq, əsarətdə yaşamaqla razılaşmayan şair bu aqibətə boyun əyənləri kəskin tərzdə ittiham edir:

 

   Başlarını yerə dikib

   Qoyun kimi otlayanlar

   Əsarəti hürr sayanlar...

   Üfüqdəki al rəngə bax,

   Dan yeridir,

   Dan yeridir.

 

"Şairləri öldürürlər" şeiri də qələm sahiblərinin, xalqını azadlığa çağıran sənətkarların məruz qaldıqları təzyiqlərə, məhrumiyyətlərə həsr edilib. Bu şeir də Sovet rejiminin çox qüdrətli dövründə, müəllifin hədsiz cəsarəti, milli duyğularının gücü sayəsində meydana gəlib:

 

   Dodağını kilidləmək

   Şair üçün bərabərdir min ölümə!

   Öldürürlər şairləri...

 

"Əsarət, ya ölüm" adlanan digər bir əsərində şair öz içindəki daxili narahatlığını təmsil janrı vasitəsilə oxucusuna çatdırmaq istəyib:

 

   Qırdı boynundakı ipi bir gecə,

   Meşəyə üz tutdu keçi gizlicə.

   Oynaya-oynaya o aşdı dağdan,

   Ona ləzzət verdi əl-qol açması.

 

Burada meşəyə qaçan keçi əsarətdən azad olmuş insanların ümumiləşdirilmiş obrazıdır. Lakin meşədə də keçiyə dinclik yoxdur. Burada da keçiyə qurd qənim kəsilib. Qurdun xofu keçini lərzəyə salsa da o, yenə boynundakı əvvəlki ipi yada salaraq daha çox vahimələnir.

 

   Boynunun kəndiri yada düşüncə,

   Əvvəlki qorxusu yüzqat çoxaldı,

   O, meşəyə tərəf yenə yön aldı.

 

Dahi sənətkar müsahibələrinin birində etiraf edirdi ki, o hələ imperiya dövründə qəlbinin gizli qatlarında olan hisslərini, təlatümlərini açıq-aşkar büruzə verə bilməzdi. Buna görə də əsərlərində epiqraflardan daha çox istifadə etməyə məcbur olub. "Hayd park" adlanan şeirdə də aşağıdakı epiqrafdan istifadə edilmişdir. "Londonda "Hayd park" deyilən bir bağda hər kəs istədiyini danışmaq, hətta hökuməti ittiham etmək hüququna malikdir..."

 

   "Azadlıq məndədir" söyləyən ölkə,

   Ölkələr dağıdıb qana batmısan

   İnsan hüququndan dərs deyən ölkə,

   Haqqı bağ küncünə niyə atmısan?

 

   Parkın dövrəsində dəmir çəpər var,

   Haqq sözün önünü kəsir hasarlar.

   Kaş bu park böyüyə, hasar dağıla,

   Dünya başdan-başa "Hayd park" ola.

 

Aşağıdakı misralar isə şairin "Lal-kar" şeirindəndir:

 

   Zaman-zaman əzildik,

   Məhkum olduğumuzu

   Nə anladıq, nə bildik...

 

Bu şeirdə də şair susmağın bir çox şəxsi və milli bəlalara yol açdığını poetik bir dillə qələmə alıb.

Qeyd etdiyimiz kimi, Bəxtiyar Vahabzadənin poetik yaradıcılıqdakı əsas məqsədi öz millətini və dünyanın digər əsarətdə qalmış xalqlarını istiqlaliyyətə, bu yoldakı çətinliklərə mətanətlə sinə gərməyə səsləmək idi. Yazıb-yaratdığı saysız-hesabsız bədii nümunələr göstərir ki, poeziyada azadlıq carçısı kimi ali mərtəbəyə yüksələn böyük şairimiz bu ülvi məqsədinə uğurla nail olub.

 

 

Leyla MƏDƏTOVA

 

525-ci qəzet.- 2009.- 6 may.- S.7.