"Ulduz"un işığında nobelsayağı nitq

 

Axır ki, bizim "Ulduz"umuz doğdu. Bir az sevgimiz, bir az məsuliyyətsizliyimiz, bir az da təcrübəsizliyimizlə birgə. Amma fərqi var, əsas odur ki, sözümüzü eşidib "bu meydan, bu da siz" deyənlər oldu. Sağ olsunlar meydan verənlər...

 

Sual-cavab eksperimenti...

 

M.F.Axundov adına Milli Kitabxanada düzənlənən Gənc Ədiblər Məktəbinin budəfəki toplantısına qatılmaq üçün kitabxanaya tələsəndə şair dostumuz Qulu Ağsəsdən zəng gəldi. Hələ mətbəədən çıxmayan jurnal haqqında danışanda səsindəki narahatçılığı hiss etdim. Amma onun narahatçılığı mənim rahatçılığım demək idi. Hər dəfə Qulu müəllimlə görüşəndə sözümüz ULDUZla başlayıb, ULDUZla qurtarırdı... Nədənsə mənə elə gəlirdi ki, bizim təcrübəsiz kollektivimizin hər zəhmətinə qatlaşan dostumuzun əlimizdən usandığı bir gün olacaq. Nə yaxşı ki, o gün olmadı. Və kitabxananada görüşəndə əlindəki jurnalı görüb xeyli rahatlandım. Qonağımız - özü ilə bir ULDUZ işıq gətirən Qulu Ağsəs idi...

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə zamanı dünyasını dəyişən şəxslərin xatirəsini bir dəqiqə sükutla yad edib, onlara Allahdan rəhmət dilədik. Rəşad müəllim Qulu Ağsəsi təqdim edərkən "Mənim ən yaxın dostlarımdan biri" deyəndə yadıma şair dostumuzun rus dilində çıxan kitabı düşdü. Həmin kitabda tanınmış yazıçıların Qulu Ağsəs haqqında fikirləri yer almışdı. Rəşad Məcidin belə bir ifadəsi vardı: "Qulu Ağsəs əsl dost, əsl şairdir". Bir də, Yazıçılar Birliyindəki otağının hörmətli yerində qərarlaşan iki şəkildən birinin Nobel ödüllü Orxan Pamukla, ikincisinin Qulu Ağsəslə olduğunu xatırlayanda onların dostluğunun, Aqil Abbasla olduğu qədər qədim deyilsə də, ƏSL olduğuna şəkk-şübhəm qalmadı...

Görüşün birinci hissəsini sual-cavab üzərində qurmaq təklif ediləndə qonağımız bizdən daha ehtiyatlı tərpəndi. Bir vərəq çıxardı, heç kimin təəccübünə məhəl qoymayıb, öz bildiyini etməkdən qalmadı. Suallarımızdan yaxa qurtarmaq üçün evdə yazıb gətirdiyi monoloqsayağı müsahibəsində, ədəbiyyata gəlməsindən tutmuş həyat haqqındakı fəlsəfi fikirlərinə qədər, hər şeydən danışdı.

İndi hamının bəxt-taleyinin üzə gülməsindən, udmaqdan, şansdan, məşhurluqdan ötrü sino getməsinə rəğmən, "Mən peyğəmbər yaşında uduzmaq istəyirəm" - dedi.

 

Baş redaktora dəstək ismarıcı?!

 

Bir növ yaradıcılıq hesabatını xatırladan nobelsayağı nitqini bitirən kimi jurnalda dərc olunan müəllifləri saf-çürük etməyə başladı. Təşkilatçılıq işini boynuna götürən Qismətin, Zərdüştün, Əlinin tənqidini də əsirgəmədi. Bizim öhdəmizə verilən jurnaldan narazı qalmasını sezmək o qədər də çətin deyildi. Hətta bu sayı birinci yox, "sıfırıncı" nömrə hesab etməsini deyəndə "Ulduz" jurnalının ünvanına səslənən tənqidlərin əsassız olduğunu dolayısı ilə təsdiqlədi. Deyəsən, baş redaktor Elçin Hüseynbəyliyə dəstək ismarıcı da göndərdi...

Şeir və hekayələrin təhlilində tənqidin çəkisinin çoxaldığını hiss edəndə bizim ruhdan düşməyimizdən ehtiyatlanıb tərifləməkdən də qalmadı. Əlbəttə, iş olan yerdə söz-söhbət, tənqid də olmalıdır. Məsələnin maraqlı tərəfi o idi ki, zəif yazıların müəlliflərinin adını çəkəndə münasibət bildirməyib, "Gənc Ədiblər"ə həsr edəcəyi məqalədə bu barədə geniş danışacağını dedi. Qonağımızın dediyinə görə, "Ədəbiyyat qəzeti"nin hər ay bir səhifəsi Gənc Ədiblər Məktəbinin ixtiyarına veriləcək. "Ulduz" jurnalının səkkizinci sayı üçün də Məktəbin üzvlərinin yazılarının seçim yoluyla dərc ediləcəyini açıqladı. Şair dostumuz səkkizinci sayda ciddi senzura olacağını gizlətmədi.

Gənclərin bəziləri öz yazılarını oxuyanda aparılan maraqlı müzakirələrin mübahisəyə qədər uzandığını görəndə Qulu Ağsəs məsələyə dəqiq münasibətini ortaya qoydu. Müasir ədəbiyyatın, oxucunun tələblərini, mövzunun seçilməsinin aktuallığı haqqında fikirlərini bölüşdü.

Rəşad müəllimdən şeir oxumaq təklifi gələndə əvvəlcə boyun qaçırıb söhbəti dəyişməyə çalışsa da, hamının az qala bir ağızdan şeir istədiyini görüb, "Müharibə əlili" şeirini oxudu.

 

 

Cavid ZEYNALLI

 

525-ci qəzet.- 2009.- 6 may.- S.7.