Əyyub Qiyasın "Sonuncu büt"ü müzakirə olunub

 

Sumqayıt şəhərinin 60 illiyilə bağlı silsilə tədbirlər çərçivəsində istedadlı yazıçı-dramaturq Əyyub Qiyasın "Sonuncu büt" adlı kitabının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Yeganə Əhmədova son zamanlar oxucuların yenidən kitabxanalara qayıtmasının sevindirici hal olduğunu, bu tədbirin təşkilindən məmnunluğunu vurğulayıb. Əli Kərim adına poeziya klubunun rəhbəri şair İbrahim İlyaslı Ə.Qiyas yaradıcılığına yaxından bələd olduğunu, onun qələmə aldığı əsərləri maraqla oxuduğunu önə çəkib. S.Vurğun adına kitabxananın əməkdaşı Təranə Əliyeva yazıçının kitabları dövri mətbuatda çap olunan yazıları haqqında, eləcə Əyyub Qiyas yaradıcılığı ilə bağlı rəy məqalələr barədə danışıb.

Sumqayıt Dövlət Universitetinin (SDU) filologiya fakültəsinin tələbələri yazıçı-dramaturqun əsərləri barədə fikirlərini bölüşdülər. Tələbələrin suallarına məmnunluqla cavab verən Ə.Qiyas belə fəal və məlumatlı auditoriya ilə təmasdan zövq aldığını diqqətə çatdırıb.

Yazıçının qələm dostlarından Almaz Sahilə, şair-tərcüməçi Səlim Babullaoğlu, "Sonuncu büt" romanının redaktoru şair Məmməd Namaz, "Qara işıq" romanının redaktoru kulturoloq Aydın Xan Ə.Qiyasın yaradıcılığının xüsusiyyətləri barədə mülahizələrini açıqlayıblar.

Yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair Elxan Zal Qaraxanlı qələm dostlarına yeni yaradıcılıq uğurları arzulayaraq, görüşdən böyük məmnunluq duyduqlarını bildiriblər.

Sonda Ə.Qiyas görüşün təşkilində əməyi olan, onun yaradıcılığına diqqətli yanaşan hər kəsə minnətdarlığını ifadə edib.

 

 

Nadir AZAYOĞLU

 

525-ci qəzet.- 2009.- 6 may.- S.7.