"Axtarır gözüm səni"
BİR VAXTLAR MƏMMƏDBAĞIR
BAĞIRZADƏNİN DİLİNDƏN DÜŞMƏYƏN
BU SÖZLƏRİ İNDİ ONU SEVƏNLƏR ƏVƏZSİZ
MÜĞƏNNİMİZİN ÖLMƏZ RUHUNA
ÜNVANLAYIRLAR
Azərbaycan musiqi mədəniyyətində
öz dəsti-xətti, öz yolu ilə tanınmış,
özünə layiqli yer tutmuş sənətkarlardan biri də
respublikamızın xalq artisti, unudulmaz sənətkarımız
mərhum Məmmədbağır Bağırzadədir. Bal
kimi şirin, bənzərsiz səsi ilə uzun illər
xalqımızın ürəyini riqqətə gətirən
Məmmədbağır Bağırzadənin Azərbaycan
musiqisində özünəməxsus yeri var .
Arif Babayev, İslam
Rzayev, Süleyman Abdullayev, Sabir Mirzəyev, Qədir Rüstəmov
kimi sənət korifeyləri ilə bir dövrdə oxumaq,
yaratmaq və onların kölgəsində qalmayaraq
şöhrət və xalq məhəbbəti qazanmaq hər sənətkara
nəsib olan xoşbəxtlik deyil.
Hələ 12
yaşında ikən Nardaran kəndindəki bir toy məclisində
sənətkarlar qarşısında
"Bayatı-şiraz" muğam dəstgahını oxuyan
Məmmədbağır sənət dünyasına
atıldığı ildən musiqimizə bəxş etdiyi və
bizlərin hələ eşitmədiyi "təzə",
"naməlum" qəlboxşayan səsi ilə qısa bir
müddətdə o qədər sevildi və məşhurlaşdı
ki, tezliklə el şənliklərinin, dövlət konsertlərinin
ən çox alqışlanan müğənnilərindən
birinə çevrildi. Evlərdə, şənliklərdə,
məclislərdə, hətta, avtomobillərdə belə
yalnız onun lent yazılarını dinləməyə can atırdılar.
Ötən əsrin yetmişinci, səksəninci illərində
musiqi aləminə təzə qədəm qoyan gənc
müğənnilərin əksəriyyəti Məmmədbağır
kimi oxumağa, onun ifa incəliklərini təkrar etməyə,
hətta, həyatda da ona oxşamağa can atırdılar.
Məmmədbağır
Bağırzadə musiqi aləmindəki yüksək
professionallığından və çoxlarının qibtə
edəcəyi ali səhnə mədəniyyətindən əlavə
(Məmmədbağır səhnəni həmişə
müqəddəs bir yer sayardı), həm də Allahın
ona bəxş etdiyi xeyirxahlığı, tərbiyəsi, ədəb-ərkanı,
mehribançılığı və vəfalı dostluğu
ilə də seçilirdi.
Musiqi dünyasında
yalnız Məmmədbağır səsinə,
ifaçılığına xas olan zəngulələr,
musiqiçilərin dili ilə desək bu zəngulələrin
içində etdiyi və onu hamıdan fərqləndirən əlavə
"boğaz xırdalıqları" onun muğam
ifasına, nəğmələrinə xüsusi bir məlahət,
şirinlik verirdi.
Məmmədbağır
oxuduğu mahnılara həyat verirdi və onları sənət
əsərinə çevirərək xalqa elə
yaxınlaşdırırdı. Məhz elə buna görə
də otuz ildən artıqdır ki, onun bu qeyri-adi
ifaçılıq tərzinə, üslubuna, müraciət
edən müğənnilərin sayı azalmır.
Məmmədbağır
ifa etdiyi muğam və mahnılardakı sözləri elə
bir aydınlıqla, ustalıqla dinləyiciyə
çatdırırdı ki, dodaqlarından qopan hər bir
söz, hər bir kəlmə sanki ürəyimizin, qəlbimizin
ən incə yerlərinə toxunurdu.
Uzun illər Rusiyada
yaşamağımla əlaqədar biz Məmmədbağırla
çox az-az görüşərdik. Onunla bağlı xatirələrdən
birini oxucuların diqqətinə çatdırmağı
özümə borc bilirəm.
...Bakıda olarkən
bir toy məclisində eşitdim ki, Qəbələ rayonunun
Nohurqışlaq kəndindəki toy məclisində Məmmədbağır
oxumalıdır. Tələsik toy məclisini tərk edərək
Məmmədbağırrla görüşmək
üçün bir tanışımla düz Qəbələyə
yollandıq. Havaların soyuq keçməsilə əlaqədar
kənd həyətində toy məclisindən ötrü
qurulmuş çadırı görərkən təəccübləndim,
çünki rəhmətlik heç vaxt rayonlara
çadır toyuna getməzdi . Soyuqdan tir-tir əsən və
isinməkdən ötrü bir küncdə oturaraq əllərini
köz üstündə ovuşduran Məmmədbağır
bizi görəndə çox sevindi, toy məclisinə
aldadılaraq gətirildiyini söylədi. Ona toyun şadlıq
evində keçiriləcəyi
sözünü vermişdilər.
Məclisdə əyləşib
Məmmədbağırı dinləyərkən
ifalarındakı "soyuqluq", "ürəksizlik" məni
çox narahat etdi, çünki birinci dəfə idi ki, onun
zəif ifasını eşidirdim. Məclis əhlinin onun, həqiqətən,
Məmmədbağır olub-olmadığını
Bakıdan gəlmiş bir qonaq kimi bizdən öyrənmək
istəyəndə isə (kənddə bəzi məclis
iştirakçıları Məmmədbağırı
üzdən tanımırdı) bu
"insafsızlığa" dözməyərək Məmmədbağıra
yaxınlaşıb fikrimi bildirmək istəyərkən onun
həssaslığına heyran qaldım. Gülümsəyərək
mənə dediyi sözlər İdiyədək xatirimdən
silinmir: "Qardaşım, görürəm ki, çox
narahatsan, həm də deyəsən, camaat məndən yaman
şübhələnib. Narahat olma, hər şey yaxşı
olacaq, tezliklə feyziyyab olarlar. Axı həm də sən
Bakıdan bura məni dinləməkdən ötrü gəlmisən".
Aldadılıb
çadır toyuna dəvət olunduğu üçün
bilərəkdən ürəksiz oxuduğunu etiraf edən
dostumdan Məmmədbağır olduğunu "sübut etməsini"
istədim.
Məmmədbağırın
bu andan sonrakı çıxışını, bəlkə
də Məmmədbağır
yaradıcılığının zirvəsi ola biləcək
o möhtəşəm ifasını o vaxt lent yazısına
almadığıma görə indiyədək
peşmançılıq hissləri keçirirəm. İlahi,
insan necə oxuyarmış, insan nələr
yaradarmış! Muğam dəstgahları türk
mahnıları ilə əvəz olunurdu, türk
mahnıları iran zəngulələrinə çevrilirdi,
iran musiqisi texniki keçidlərlə, ustalıqla ərəb
mahnıları ilə tamamlanırdı. Dağların əks-
sədası ilə vəhdət tapan bu möhtəşəm
ifa məclis iştirakçılarını, dinləyiciləri
heyrətə gətirmişdi . Dinləyicilərdən "
Bu, həqiqətən, Məmmədbağır imiş" ,
" Əsl Məmmədbağır belə olar",
"Yox, bu, Məmmədbağır deyil, hansısa qeyri-adi
bir qüvvədir" sözlərini eşitdikcə,
qürur və fərəh hissi duyaraq Məmmədbağırın
böyüklüyünə, ifaçılıq gücünə,
istedadının, sənətinin qüdrətinə heyran
qalırdım!
Mərhum bəstəkarımız
Bəhram Nəsibovun ilk mahnılarını ("Ötən
gənclik ", "Müəllim" və bir çox təsniflər)
Məmmədbağır xüsusi bir zövqlə oxuyardı.
Rəhmətlik Bəhram Məmmədbağırın səsinin,sənətinin
vurğunu idi və hətta bir neçə
mahnısını onun ifaçılıq üslubuna,
ifaçılığındakı "texniki
xırdalıqlarına uyğunlaşdıraraq" bəstələdiyini
söyləmişdi.
Sonralar Məmmədbağırın
özünün bəstələdiyi mahnılar ("Mənəm",
"Azərbaycan oğluyam", " Söylə,
yadındamı", "Sənsən həyatım",
"Kəndimizin gözəlləri", "Yadıma
düşdü", "Darıxıram" və sair ) dillər
əzbəri oldu, məclislərin toy şənliklərinin
yaraşığına çevrildi.
O vaxtlar məmurlar tərəfindən
Bəhram Nəsibovun yaradıcılığına olan biganəlik
musiqi dünyamıza 200-dən artıq mahnı və təsnif
bəxş edən, onlarla mahnısı Qızıl Fondda
qorunan Məmmədbağır Bağırzadənin də
yaradıcılığından yan keçmədi. Nəğmələri
dinləyicilərə xalq mahnıları kimi təqdim olundu.
Konsert salonlarında,
radio dalğalarında və televiziya kanallarında
"Musiqisi Məmmədbağır Bağırzadənindir"
sözlərini eşitmək əvəzinə sənətkarın
iyirmiyə yaxın mahnısı oğurlanaraq ("Ana dünyası",
"Xoşum gəlir", "Axtarır gözüm səni",
"Olmaz-olmaz" və başqaları) erməni xalq
mahnısı kimi ifa olunur.
"Yiyəsiz" nəğmələrin,
müəllif statusu almayan mahnıların aqibəti həmişə
belə olur. Yəqin ki, gec də olsa mədəniyyətimizdəki
bu haqsızlığa, insafsızlığa son
qoyulmasının, bu nəğmələrə düzgün
və layiqli qiymət verilməsinin, onların öz müəlliflərinin
adı ilə səslənməsinin vaxtı artıq gəlib
çatıb.
...Onu son mənzilə
bütün Azərbaycan yola salırdı, Rəşid
Behbudov adına Mahnı teatrından başlayan izdihamın
sonu görünmürdü, adama elə gəlirdi ki, hər
bir insan sanki ən əziz bir adamını itirmişdi. Yaxşı
tanıdığım və hörmət etdiyim bir ailənin
100 yaşlı ağbirçəyi Nənəxanım nənənin
Məmmədbağırın vəfatını eşidərkən
hönkür-hünkür ağlayaraq axıtdığı
göz yaşları indiyədək gözlərimin
önündən getmir. Sənətkara
əsl xalq məhəbbəti belə
olur!
Məmmədbağırla
bağlı xatirələrimizi bir daha yada salmaqdan ötrü
Rahim Bağırzadə ilə görüşüb evlərində
qonaq olarkən onun atasının layiqli bir oğlu kimi yüksək
mədəniyyət sahibi olduğunu, atasının sənətinə,
yaradıcılığına, şəxsiyyətinə ləyaqətlə
və izzətlə yanaşdığının şahidi
oldum. Böyük məhəbbət və ehtiramla atası Məmmədbağırla
rəhmətlik anası Kərbəlayı Naibə
xanımın ülvi məhəbbətindən kövrəkliklə
söhbət açan Rahim atasının ruhunun şad
olması üçün ədalətin qələbə
çalması, sənətkarın əsərlərinin
layiqli qiymət alması üçün böyük işlər
görür.
Evlərini tərk
etdiyim zaman Rahimdən "Məmmədbağır, gəl, əmini
yola sal" sözlərini eşidərkən, qeyri-ixtiyari
diksindim və balaca Məmmədbağırın
qaça-qaça mənim yanıma gəldiyini gördükdən
sonra əmin oldum ki, görkəmli sənətkarımız Məmmədbağır
Bağırzadənin nəğmələri, ruhu qəlbimizdə
yaşadığı kimi, özü də bu gün bizimlədir...
Məhsun Qədirov
525-ci qəzet.- 2009.- 6 may.- S.6.