DEYİŞMƏ
Qabilin Şamaxıda yaxın dostları çox idi. Baba müəllim, Soltanpaşa Vəliyev, Heydər, Vəlican, Əlihəsən, saymaqla
qurtarmaz. Hər dəfə Bakıya gələndə Şamaxıdan
şərab gətirirdilər.
Özü də 10-15
litr. Evdə qonaqlıq öz yerində, qonşulara ayrıca pay da çatırdı. Necə deyərlər, bizdə yeyib-içəndən sonra,
"paxmel"i də nəzərə alırdılar. Günlərin
bir günü atam belə paydan birini də
qonşumuz, xalq yazıçısı Hüseyn
Abbaszadəyə göndərir.
Bir az keçir,
qapı döyülür.
Hüseyn Abbaszadə oğlu İlqarla Qabilə bir parça kağız göndərir:
İçmə çaxırı,
ay Qabil!
Yoxdur axırı, ay Qabil!
İçki
elə bir şeydir ki,
Açır
paxırı, ay Qabil!
Sonra bir
cümlə də əlavə edir ki, "Buna baxmayaraq,
çaxır üçün çox sağ ol".
Qabil də
dərhal bir vərəq götürüb naməyə cavab
yazır:
Fayda verir
cana çaxır, ya Hüseyn!
Üz
qızarır, gözlər axır, ya Hüseyn!
Gəl
şərabın bəhrinə lap baş vuraq,
Gül
kimiyik - yoxdu paxır, ya Hüseyn!
ÇİYNİNİZDƏ GEDİM...
Dayılarımla
yeyib-içəndə elə hey deyirdi: "Çiyninizdə
gedim" Onlar da cavablarında həmən deyirdilər:
"Allah eləməsin, ay Qabil. Sən nə
danışırsan?" Hər "yüz-yüz"
vurduqca bu sözləri deyir, onlar da bu cavabı təkrar
edirdilər. Axırda dözmürdü: "Ay balam, mən
demirəm, çiyninizdə o dünyaya gedim. Mən ölməyə
hazırlaşmıram. Deyirəm, yəni o qədər
yeyib-içim ki, ayaq üstündə dayana bilməyim. Məni çiyninizdə evə aparasınız".
BİR
İÇMİŞİK...
Mən çox da içən
deyildim. Yüz vurub dayanırdım.
"Sən adam
deyilsən a... adamı
yarı yolda qoyursan". Sonra da əlavə
edirdi ki, düz eləyirsən, qurşanarsan, evim yıxılar. Ona görə
də çalışırdı
ki, həmpiyaləni kənardan tapıb evə çağırsın.
Əlinə heç kim keçməyəndə,
məcbur olurdu ki, mənimlə otursun. Hər dəfə sağlığı
belə olurdu:
Bir
içmişik - mən, dədəm,
Dədəm
də dəm, mən də dəm.
DİVARA XALÇA VURMUŞUQ...
Atamın dostları bizə
gələndə yerdə xalça-zad
olmadığını görüb ayaqqabılarını
soyunmurdular. Çünki sonra ipli çəkmələri
geyinməkdə çətinlik çəkirdilər. Anam da
onlar gedəndən sonra hey deyinirdi ki, bəs
ayaqqabılarını niyə soyunmurlar, "tapoçka"
niyə geyinmirlər. Atam da belə şeylərə fikir verən
deyildi, əhlikef adam idi. Lakin bir gün qərara gəlir ki,
arvadın dediklərinə qulaq assın.
Salam Qədirzadə
evə girən kimi atam deyir:
- Salam, ayaqqabını
çıxart.
- Niyə?
- Divara təzə
"belqiyski" xalça vurmuşuq.
"CANIM, GÖZÜM HƏSƏN!"
Az.TV-nin "Xəbərlər"
proqramına təzə işə düzəlmişdim. Atamın
da növbəti şeirlər kitabı çapdan
çıxmışdı. İki kitabın üstünə
avtoqraf yazdı. "Birini Nizami Xudiyevə (Az.TV-nin sədri),
birini də müdirin Həsən müəllimə ("Xəbərlər"in
baş redaktoru Həsən Həsənova) verərsən,-
dedi. Əslində Həsən müəllimə
yazdığı avtoqraf ərkyanə bir tapşırıq
idi.
Canım,
gözüm Həsən!
Mahirə
bir şey olsa
Bəs sən
orda nəsən?
ARA YERDƏ ORDEN KÖPƏCƏK
70 yaşının
tamamına bir həftə qalırdı. Hansı qəzetdən,
xüsusilə də müxalifət qəzetlərindən zəng
edirdilərsə müsahibədən, məqalədən
imtina edirdi. Yox ki, yox. Sonra da əlavə edirdi ki, avqustun 12-dən
sonra (atam avqustun 12-də anadan olub). Birinə bu sözü
dedi, ikisinə dedi. Axırda biri qır-saqqız olub
yapışdı ki:
- Bəs niyə indi yox,
məhz avqustun 12-dən sonra?
- Müsahibə verəcəyəm,
bir də gördün getdiniz bir şeyi tərsinə verdiniz.
Mən də onu sübut edəcən ki, "Yox bunu mən
deməmişəm, jurnalistin səhvidir", buna da vaxt gedəcək.
Ara yerdə mənim ordenim köpəcək.
"PİT ZAPREŞAETSYA"
1984-cü ildə ürəyindən
və qan təzyiqindən bir müddət xəstəxanada
yatdı. Evə gələndə dostları soruşdular ki,
Qabil, bəs vurmaq olar, ya yox? Dedi ki, olar. Maraqlandılar ki, bəs
həkim icazə verdi? Dedi ki, hə.
- Ola bilməz?
- Necə
yəni ola
bilməz. Həkim dedi ki, "kurit stroqo zapreşaetsya,
a pit zapreşaetsya".
İcazə verməsəydi içməyə
də "stroqo" sözünü əlavə
edərdi də.
Deməli olar.
AYAQ, YA DİŞ! NƏ FƏRQİ?
Yazıçıların
poliklinikasında bir diş həkimimiz var. Adı Miridir.
Gözəl, mədəni insandır. Atam gedir yanına ki, mənə bir əlac. Oturur stomatoloji
stulda. Miri deyir ki, Qabil müəllim ağzınızı açın,
hansı dişiniz ağrıyır? Atam başlayır
ayaqqabısını, corabını
çıxarmağa.
- Qabil müəllim,
ayaqqabını niyə çıxarırsınız?
- Ayağım
ağrıyır, bax gör niyə?
- Axı
mən diş həkimiyəm.
- A balam,
AMİ-ni qurtarmamısan?
Anatomiya dərsi keçməmisən?
İmtahan verməmisən? Fərqi nədir diş, ya ayaq? Xirurq gedib evə. İndi sabahı gözləməliyəm
ki, nə vaxt gələcək?
Hazır
sən burdasan da.
Miri həkim gülür. Elə-belə məlhəm çəkir.
Ayağın da ağrısı
dayanır.
- Gördün, deyirdin
ki, ayaq həkimi deyiləm. Müalicə ixtisasda deyil, həkimin
əlindəki şəfadadır.
"EFES"
Atamın pivədən
xoşu gəlmirdi. İstər yerli olsun, istər
xarici. 90-cı illərin əvvəllərində
də Türkiyənin
"Efes" pivəsi
xüsusilə dəbdə
idi. Dayılarımdan biri zəng
edir ki, Qabil neyləyirsən?
O da deyir ki, bəs Efeslə
vururam. Dayım da yaxşı
bilirdi ki, atamın pivədən xoşu gəlmir. "Qabil, səndən
nə əcəb pivə içirsən?"
- Pivə
içmirəm e... Efeslə içirəm.
Yəni Fikrət Sadıqla. Bütöv deməyə hövsələm
çatmır. Adının,
təxəllüsünün baş hərfini deyirəm ,
bəs edir: "Ef. Es"
50, 60, 70 və 80
Ad günləri və
yubileylər keçirtməyi çox xoşlayırdı. Bununla
bağlı bir fəlsəfəsi də var idi:
50-yədək gərək
hər 10 ildən bir yubiley keçirəsən. 50-dən 70-dək hər 5 ildən bir, 70-dən 80-dək hər
il, 80-dən sonra isə hər gün. Çünki 80-dən sonra yaşanılan
hər gün qənimətdir.
Xalq şairi Qabilin
ömür yolunun ayrı-ayrı maraqlı və məzəli
məqamları ilə bağlı bu yazıları
redaksiyamıza Mahir Qabiloğlu təqdim edib.
525-ci qəzet.-
2009.- 6 may.- S.6.