Şuşanın
işğalı
KAZIMİNİN "QORXULU
TEHRAN"INI XATIRLADIM
1992-ci ilin mayın 2-si idi. Azərbaycan
radiosunun "Xəbərlər" proqramında
çalışırdım. Qəfil məni teleradio
verilişləri komitəsinin sədri Elşad Quliyev
yanına çağırdı. Sədrin otağına daxil
olanda onu müavini ilə söhbət edən gördüm. Sədrin
müavini Nahid Hacızadə məni görcək:
- Ə, Səyyad, bura gəl
görək, deyəsən, "xoruzun iki sarılı yumurta
doğub" axı? - replikasını verərək müəmmalı
şəkildə mənə baxdı.
Onun nəyə işarə
etdiyini başa düşmədim. Bu vaxt sədr Elşad
Quliyev:
- Səyyad, sən erməni
dilini bilirsən. Yaqub Məmmədov Tehrana səfərə
gedir və nümayəndə heyətinin tərkibində o
dili bilən birinin də İrana getməsi lazımdır. Biz
də səni məsləhət gördük. Get
hazırlaş, mayın 5-də Tehrana gedəcəksən, -
deyib məsələyə aydınlıq gətirdi.
Mən artıq Tehranın
yox, Təbrizin havasında idim. Öz-özümə fikirləşirdim
ki, yəqin nümayəndə heyəti mütləq Təbrizə
gedər və Allah-Təala mənə də dünyanın
incisi olan doğma şəhərimizi - Cənubi Azərbaycanın
paytaxtını Təbrizi görməyi qismət edər. Amma
görünür qismət deyilmiş...
1992-ci il mayın 5-də Azərbaycan
nümayəndə heyətini İrana aparan təyyarə
Tehranda yerə endi. İlk dəqiqələrdəncə
Tehranın qarmaqarışıqlığı,
tüstülü havası, nəqliyyatın həddən
artıq sıxlığı diqqətmi çəkdi. Azərbaycan
nümayəndə heyətini qarşılayan İran rəsmiləri
və diplomatlarının sifətindəki soyuqluq diqqətimdən
yayınmadı.
1992-ci il mayın 6-sı, təxminən,
saat 11-in yarısı olardı. Azərbaycan nümayəndə
heyəti İran prezidenti Haşimi Rəfsancaninin iqamətgahına
yollandı. Rəfsəncani-Ter-Petrosyan-Yaqub Məmmədov
görüşü keçiriləcəkdi. İqamətgahın
yerləşdiyi parkın darvazasından içəri daxil
olanda özümü sirli bir aləmə
düşmüş kimi hiss etdim. Səsli-küylü,
boğuq tüstülü Tehrandan burda əsər-əlamət
yox idi. İri gövdəli, hündür ağacların
budaqlarında yuva salmış quşların cikkiltisi, iqamətgahın
belinə dolanıb axan arxdakı suyun büllur kimi təmizliyi,
səliqə ilə salınmış gül kolları
ayrı bir mənzərə yaradırdı.
Şahın iqamətgahı
indi Rəfsəncaninin xidmətində idi. Sarayın
önündə şahın əvvəllər tuncdan
qoyulmuş büstü dizinə qədər
qoparılmışdı. Hündür postamentin üstündə
yalnız dəmir çəkmələr qalmışdı.
Sökülmüş heykəldən göz dağı kimi
saxlanılan çəkmələrə baxanda qəribə
hisslər keçirdim. Düşündüm ki,
dünyanın işinə bir bax: bir vaxt milyonların üzərindən
adlayıb keçən bu çəkmələr indi nifrət
obyekti kimi saxlanılır. Bu çəkmələrin sahibləri
deyildimi Cənubi Azərbaycanda qurulan milli Azərbaycan
hökumətini qan çanağında boğan? Minlərlə
azəri türkü şəh əsgərlərinin güllələri
ilə dəlmə-deşik edilərək şəhid edilməmişdimi?
Təbriz qan çanağında
boğulmamışdımı? Düşündüm ki, bu
çəkmələrin sahiblərinin törətdiyi qətliamın
intiqamıdır ki, o, vətənindən qaçaraq
okeanın o tayında gizlənib. Çəkmə-heykəl
möhtəşəm sarayın önündə çox
misgin bir görkəmdə görünürdü.
Saray zahiri
görünüşündə olduğu kimi, daxildə də
öz dəbdəbəliliyi ilə diqqəti çəkirdi.
Artıq Ermənistan nümayəndə heyəti də
görüş yerində idi. Foye nə qədər
böyük olsa da, gərginlik onu sanki
sıxışdırırdı. Biz məlumat
almışdıq ki, Ter-Petrosyan və onu müşayiət
edən ermənilər görüşə gəlməzdən
əvvəl Tehrandakı erməni kilsəsində olub, hətta
vaxt tapıb Tehran Universitetinin nəzdində fəaliyyət
göstərən erməni dilli fakültənin müəllim
və tələbələri ilə də
görüşüblər. İstər - istəməz
içimdən belə bir sual keçdi: "Azərbaycan
türkcəsində mətbuat olmadığı, bir təhsil
müəssisəsi belə fəaliyyət göstərmədiyi
halda, rəsmi
Hələliksə Yaqub Məmmədov
tarixə qara səhifə kimi düşəcək Tehran
danışıqlarına hazırlaşırdı. Gərgin
dəqiqələr keçirdi. Ter-Petrosyan qəlyanına
"Salyut" erməni siqaretini qoyub ləzzətlə qullab
vururdu. O nə barədəsə ətrafındakılara
tapşırıq verirdi. Yaqub Məmmədov da bizim nümayəndə
heyətinin üzvləri ilə söhbət edirdi. Mən əlimdəki
siqareti çəkib kötüyünü gümüş
suyuna çəkilmiş zibil qutusunun yuxarı dairəvi hissəsində
söndürdüm. Bu vaxt bir erməni çəkdiyi
"Salyut"unun kötüyünü mənim
"Şirvan"ımın üstünə basdı. Dərhal
bir siqaret yandırıb iki qullab aldım və erməninin
"Salyut"unu "Şirvan"ın altında əzik-əzik
etdim. Eyni hərəkəti erməni təkrarladı. Daha bir
siqaret yandırmaq istəyirdim ki, Azərbaycan nümayəndə
heyətinin tərkibində İrana gedən baş nazirin
müavini Abbas Abbasov məni yanına çağıraraq:
- Səyyad, tulla o siqareti,
bura gəl. Gör oğraşlar nə danışırlar,
bir şey eşidə bilirsənmi? - deyə məni
qarşılıqlı "siqaret döyüşündən"
uzaqlaşdırdı. Mən nifrətlə erməninin
süzdüm. Elə o da eyni nifrətlə mənə
baxdı.
Az sonra Rəfsəncani -
Ter-Petrosyan - Yaqub Məmmədov görüşü
başlandı. Qısa "növbətçi söhbətdən"
- hal-əhvaldan, necə dincəlməklə bağlı
qonaqların fikrini öyrənəndən sonra İran prezidenti
dedi:
- Bu gün bizdə parlament
seçkiləri keçirilir. Mən gərək müəyyən
olunmuş müddətdə səsverməyə gedim. İki
ölkə başçısı görüşü təkbətək
davam etdirsinlər. Sonra daha bir görüş keçirərik.
Onun bu sözündən
sonra Yaqub Məmmədov və Ter-Petrosyan ayağa durdular. Rəfsəncani
otağı tərk etdi. Yaqub Məmmədovun üzündəki
təlaş açıq-aydın hiss olunurdu. O,
üzünü Afiyəddin Cəlilova, Ali Sovetin deputatı
Firudin Bağırova və Abbas Abbasova tutub dedi:
- Siz hara
çıxırsınız?
Erməni nümayəndə
heyəti Ter-Petrosyanı otaqda tək qoyub çıxdı.
Yaqub Məmmədov isə açıq-aydın nümayiş
etdirirdi ki, o, danışıqları təkbətək
aparmaq istəmir.
Mən Tehran
görüşünün və
danışıqlarının bütün təfsilatını
incə detallara qədər yazmaq istəmirəm. Sonralar tam
aydın oldu ki, Tehran görüşü Azərbaycan
nümayəndə heyəti üçün əməlli-başlı
tələ imiş. Azərbaycan məhz həmin tələyə
salındı. 1992-ci il mayın səkkizində sübh-tezdən,
tələm-tələsik Azərbaycan nümayəndə heyəti
Tehran aeroportuna yola düşdü. Mən elə bilirdim ki,
biz Təbrizə uçacağıq. Lakin təyyarə
Bakı hava limanında yerə endi. Ermənilər
Şuşanı işğal etmişdilər...
Bununla da Qarabağın
taleyi, müvəqqəti də olsa, ermənilərin xeyrinə
həll olundu. Hələ ki, Azərbaycan jurnalistləri
Şuşanın işğalı ilə bağlı
araşdırmalar aparmaq, qaranlıq məqamlara işıq
salmaq, günahkarları müəyyənləşdirmək
kimi əzabverici işlərlə məşğuldurlar. Ermənilər
isə bu günlər Şuşanın türklərdən təmizlənməsinin
16-cı ildönümünü bayram edirlər. Hələ
ki... Bəli, məhz hələ ki... Zamanı gələndə
Azərbaycan xalqı, qəhrəman Azərbaycan əsgəri
öz sözünü deyəcək. Çünki qətiyyən
mümkün olan iş deyil ki, Azərbaycan xalqı
Şuşanın bir erməni şəhərinə döndərilməsinə
yol versin. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin
çox açıq və qətiyyətli mövqeyi də
buna sübutdur. Bu, bir aksiomadır ki, Şuşasız
yarımcan bir Azərbaycan var. Azərbaycanın
düşünən beyni Bakıdırsa, onun döyünən
ürəyi Şuşadır. Bu ürək isə zəhərlənmiş
qanla uzun müddət yaşaya bilməz. Ona təmiz qan
lazımdır - bu yurdun, bu qalanın əsl sahibinin qanı.
ŞUŞANIN TƏHVİL VERİLMƏSİ XƏYANƏTKARLIĞIN
ZİRVƏSİ
Ümummilli lider Heydər Əliyev:
"Azərbaycanın müstəqilliyini, ərazi
bütövlüyünü qorumaq nöqteyi-nəzərindən
Şuşa və Laçın rayonları çox
böyük strateji əhəmiyyətə malikdir. Təsadüfi
deyildir ki, ermənilər Azərbaycanın başqa ərazilərini
zəbt etmək üçün birinci növbədə məhz
Laçınla Şuşanı ələ keçirmək
istəyirdilər. Bu, təbiidir. Bəs kimdir günahkar?
Hakimiyyəti saxlamağa,
dövləti idarə etməyə heç bir səriştəsi,
heç bir mənəvi haqqı, heç bir
bacarığı, heç bir qabiliyyəti olmayan adamlar.
Şuşa, Laçın
ancaq və ancaq Azərbaycanın o vaxtki rəhbərliyində
olan adamlar, həm də onları yıxıb hakimiyyətə
gəlmək istəyən adamlar tərəfindən qəsdən
erməni işğalçılarına təslim olunub".
ŞUŞANIN İŞĞALI ƏRƏFƏSİNDƏ
ÖLKƏDƏKİ İCTİMAİ-SİYASİ VƏZİYYƏT
Azərbaycan xalqı
üçün son dərəcə ağır nəticələr
verən bir səfərə diqqət çəkmək istəyirəm.
Çünki həmin səfər Dağlıq
Qarabağın işğal edilməsi üçün ermənilərə
son dərəcə əlverişli şərait yaradıb, dəstək
olub. 1991-ci il sentyabrın 20-də Qazaxıstan prezidenti
Nazarbayev və Rusiya prezidenti Yeltsin Bakıya gəldilər.
Onların Ayaz Mütəllibov və müxalifət liderləri
ilə görüşündə məlum oldu ki, gözlənilməz
qonaqlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin
mümkünlüyü barədə Bakının
mövqeyini bilmək istəyirlər. Sentyabrın 21-22-də
Xankəndi və Yerevanda olan Yeltsin və Nazarbayevin səfəri
1991-ci il sentyabrın 23-də keçirilən Jeleznovodsk
görüşü ilə nəticələndi. Həmin
görüşdə iştirak edənlərdən biri də
hazırda fövqəladə və səlahiyyətli səfir
Tamerlan Qarayev olub. Onun dedikləri: "Jeleznovodsk
danışıqlarında məndən başqa Həsən
Həsənov, Məhəmməd Əsədov, Mikayıl
Gözəlov, Araz Əlizadə, ekspretlər Eldar Namazov və
Rasim Musabəyov, habelə başqaları iştirak ediblər.
Öncə prezidentlər görüşdü.
Görüşdən çıxan Ayaz Mütəllibovun
açıq-aydın təzyiqə məruz qaldığı
sezilirdi. O bildirdi ki, Dağlıq Qarabağ məsələsi
ilə bağlı bir layihə hazırlanıb. Yeltsin israr
edir ki, həmin layihə təxirə salınmadan
imzalansın, çünki onun vaxtı yoxdur. Lakin nümayəndə
heyətinin bütün üzvləri həmin layihənin
imzalanmasına qəti etiraz etdi. Nəticədə meydana
Jeleznovodsk bəyanatı çıxdı. Bəyanatda isə
deyilirdi:
- tərəflər atəşkəs
elan edirlər, Dağlıq Qarabağın Azərbaycan və
Ermənistan konstitusiyasına uyğun gəlməyən qərarları
ləğv edilir;
- qeyri-qanuni silahlı birləşmələr
Dağlıq Qarabağdan 1 yanvar 1992-ci ilədək
çıxarılır".
Bəs biz nəyin şahidi
olduq? Arxasında Rusiyanın və konkret olaraq prezident
Yeltsinin, erməni lobbisinin gücünü hiss edən ermənilər
Dağlıq Qarabağda azərbaycanlılara divan tutmağa
başladılar. Azərbaycan kəndləri bir-bir viran qoyuldu,
sakinləri öldürüldü. 1992-ci il fevralın 25-dən
26-a keçən gecə XX əsrin faciəsi - Xocalı
soyqırımı törədildi. Müxalifət Ayaz Mütəllibovu
istefaya göndərdi. Ali Sovetin sədri Yaqub Məmmədov həm
də prezident səlahiyyətlərini icra etməyə
başladı. Əslində isə Yaqub Məmmədov elə
də bir səlahiyyət sahibi deyildi və AXC öz istəyini
həyata keçirməkdə heç bir çətinlik
çəkmirdi. Yaqub Məmmədov həmin dövrü
xarakterizə edərək deyib: "Mən Ali Sovetin sədri
olsam da, əslində hakimiyyət AXC-nin əlində idi. Onlar
yerli icra hakimiyyəti orqanlarını dəyişdirir, istədiklərini
edirdilər. Tahir Əliyev başda olmaqla polis tamamilə
AXC-nin tərəfinə keçmişdi".
Məsələ bununla
bitmirdi. Ayaz Mütəllibov hakimiyyətdən
uzaqlaşdırılsa da, onu dəstəkləyən daxili
qüvvələrin və Moskvanın əli ilə yenidən
prezident kürsüsünə yiyələnməyə
çalışırdı. Hacı Əbdülün və
bir neçə başqasının təşkilatçılığı
ilə Milli Məclisin qarşısında qurulan
çadır, oraya toplaşanların tələbləri, təşkil
etdikləri mitinq və piketlər Mütəllibovu ümidləndirmişdi
ki, o yenidən hakimiyyətə qayıdacaq. Cəbhə
bölgələrində yaranmış son dərəcə
ağır vəziyyətə baxmayaraq vahid komandanlıqdan
söhbət belə gedə bilməzdi. Hərc-mərclik,
hakimiyyət uğrunda savaş addım-addım
Şuşanın işğalını
yaxınlaşdırırdı.
Şuşanın
işğalı ərəfəsində Azərbaycan
Respublikası prezidentinin Dağlıq Qarabağda və ətraf
rayonlarda fövqəladə səlahiyyətli nümayəndəsi
olan Əlisaab Orucovun dedikləri: "Xocalı faciəsindən
iki gün sonra respublikanın bütün rayonlarından
yük avtomobilləri Şuşaya göndərilmiş və
şəhər əslində
köçürülmüşdü. Bu işin təşkilatçıları
və icraçıları Ayaz Mütəllibov və Rəhim
Qazıyev olmuşdular. O da sirr deyil ki, Şuşanın
müdafiəsini gücləndirmək əvəzinə
işğal ərəfəsində hərbi
çağırış yaşlı gənclərə, hətta
orduda xidmət edən əsgərlərə şəhəri
tərk etməyə icazə verən rəsmi
buraxılış sənədləri verilmişdir. Bu iş
səlahiyyət sahibləri - Şuşanın hərbi
komissarı, batolyon komandirləri və nəhayət şəhərin
hərbi komendantı tərəfindən həyata
keçirilmişdir. Xüsusi buraxılışlarla şəhəri
və hərbi hissələri tərk edənlərin sayı
700 nəfərdən çox olmuşdur".
Şuşa və
Laçının işğalı ilə bağlı
keçirilən məhkəmə prosesində sabiq briqada
komandiri, hazırda Müdafiə Nazirliyinin generallarından
biri olan Elbrus Orucov öz ifadəsində deyib: "Aprelin
sonunda mən Şuşa rayon hüquq-mühafizə
orqanları və hərbi hissələrinin rəhbərlərinin
iştirakı ilə müşavirə keçirib təcili
tədbirlər görülməsinin vacibliyini qeyd etdim. Lakin
aydın oldu ki, artıq şəhər boşalır.
Şuşa rayon Hərbi Komissarlığı və Daxili
İşlər Şöbəsinin rəhbərləri 18
yaşından 25 yaşınadək olan 738 nəfərə
şəhərdən çıxıb getmək icazəsi
verən sənəd təqdim etmişdilər".
Əlisaab Orucovun dedikləri:
"Şuşanın
işğalı ərəfəsində əgər Azərbaycanda
hakimiyyət uğrunda Ayaz Mütəllibovun, AXC-nin silahlı
birləşmələrinin məqsədli
özbaşınalığına son qoyulsa, Yaqub Məmmədov
prezident seçilmək iddiasından əl çəksə
və Azərbaycanın Silahlı Qüvvələrinə
vahid komandanlıq təşkil edilsəydi, nəinki
Şuşa itirilməzdi, hətta düşmənə əməlli-başlı
zərbə də endirilərdi. Təkcə bir faktı deyim.
Aprelin 27-də erməni silahlı birləşmələri Zəngilanın
Şayıblı kəndinin yaxınlığındakı
Ermənistanla sərhəd kəndləri işğal
etmişdilər. Həmin gün briqada komandiri
İldırım Məmmədov əməliyyata
başlayıb. Silahlı birləşmələrimiz bir
neçə kəndi işğalçılardan təmizləyib,
hətta Ermənistan ərazisinə də daxil olublar. Qafan
şəhərinə də bir neçə ağır
artilleriya zərbəsi endirilib. Elə bu vaxt müdafiə
naziri Rəhim Qazıyev mənə telefonla göstəriş
verib, özbaşınalığa son qoymağı, hücumu
dərhal dayandırmağı tələb etdi. Dedi ki, siz nə
iş görürsünüz, bütün Moskva və Yerevan
ayağa qalxıb, belə əməliyyat başlamağa kim
sizə icazə verib?
Az sonra Yaqub Məmmədov zəng
edərək eyni fikirləri təkrar edib. Dedi ki, yaxın
günlərdə o, Tehrana sülh danışıqlarına
gedir və əməliyyat yolverilməzdir. Sonra
İldırım Məmmədov məcbur olaraq atəşi
dayandırdı. Buna nə ad vermək olar? Erməni
işğalı genişləndirir, Azərbaycan silahlı
birləşmələrinə isə cavab tədbirləri
görməyə belə imkan verilmir, özü də
müdafiə naziri və ölkənin o vaxtkı rəhbəri
tərəfindən".
(Ardı var)
Səyyad AĞBABALI,
"Arena" qəzetinin baş redaktoru
525-ci qəzet.- 2009.- 6 may.- S.4.