"Prezident İlham Əliyev mədəniyyət" kitabının elektron versiyası təqdim olunub

 

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi olan "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" adlı ikicildliyin elektron versiyasının təqdimat mərasimi keçirilib. Kitabın çap versiyası 2008-ci ilin oktyabr ayında geniş ictimaiyyətin və mütəxəssislərin ixtiyarına verilib. Respublikadakı, həmçinin xaricdəki təşkilatlardan, kitabxanalardan nazirliyə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq 2009-cu ildə kitabın elektron versiyası hazırlanıb. Kitabın 1-ci cildində prezident İlham Əliyevin Azərbaycan və dünya mədəniyyət xadimləri ilə görüşləri, müxtəlif mədəniyyət müəssisələrində olan zaman çıxış və tövsiyələri, müsahibələri öz əksini tapıb. 2-ci cilddə isə ölkə başçısının mədəniyyət xadimlərinə göndərdiyi təbriklər, mədəniyyət sahəsində imzaladığı fərman, sərəncam və qanunlar, eləcə də mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında fikirlər yer alıb. Kitabın hər iki cildində maraqlı fotoşəkillər verilib. Elektron kitab "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzində hazırlanıb və AzərTac-ın materiallarından istifadə edilib. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, buraxılışa məsul Teymur Mehdiyev, Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, tərtibçilər Lətifə Məmmədova və Mayıl Əhmədovdur. Nəşrin elmi məsləhətçiləri professor Teymur Əhmədov və hüquq elmləri namizədi Əli Eyvazovdur.

Tədbiri Milli kitabxananın direktoru Kərim Tahirov açaraq prezidentin mədəniyyət sahəsində imzaladığı qanun və sərəncamların mədəniyyət işçiləri üçün əhəmiyyətindən söz açıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva kitabın ictimaiyyət və mütəxəssislər arasında böyük maraq doğurduğunu, bu səbəbdən elektron versiyanın hazırlanaraq kitabxanaların internet saytlarında yerləşdirilməsinin məqsədəuyğun sayıldığını qeyd edib. Millət vəkili Aydın Mirzəzadə, xalq yazıçısı Çingiz Abdullayev, professor Abuzər Xələfov, xalq şairi Zəlimxan Yaqub da Azərbaycan prezidentinin mədəniyyətə və ədəbiyyata yüksək münasibətilə bağlı fikirlərini bölüşüblər.

Elektron kitab Milli Kitabxana ilə yanaşı, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının veb-saytında da yerləşdirilib.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.-6 may.- S.3.