"Təbii sərvətlərimizə
sahib çıxaq, ətraf mühitimizi qoruyaq"
Dünən Bakı
Dövlət Universitetində "Təbii sərvətlərimizə
sahib çıxaq, ətraf mühitimizi qoruyaq" adlı
elmi konfrans keçirilib. Mərasimdə Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin sədri Ramal Həsənov
çıxış edərək ekologiyaya həsr olunmuş
elmi konfransın əhəmiyyətindən danışıb.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyi ümumilli lider Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümü ilə əlaqədar
olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birlikdə "Təbii sərvətlərimizə sahib
çıxaq, ətraf mühitimizi qoruyaq" adlı lahiyəni
reallaşdırıb: "Aprelin ayının 15-dən bu
layihəyə start verilib və layihənin birinci mərhələsində
Bakı və Sumqayıt şəhərlərini əhatə
etməklə tələbə-gənclər arasında "Təbii
sərvətlərin rasional istifadəsi" və "Təbii
sərvətlərimizə sahib çıxaq" adlı məqalə
müsabiqəsi keçirilib. Həmçinin aprelin 21-dən
25-dək Gəncə, Şəki, Yevlax, Quba və Lənkəran
şəhərlərində bu mövzuda Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən
həmin bölgələrdəki gənclərimizə treninq
kurslar keçirilib. Həmin tədbirlərin yekunu olaraq isə
may ayının 5-də Bakı Dövlət Universitetində
adıçəkilən mövzu ilə əlaqədar elmi
konfransın keçirilməsini
planlaşdırmışdıq və bu konfrans bu gün
baş tutdu. Elmi konfransın keçirilməsində əsas
məqsəd hazırda respublikamız üçün aktual
olan ekoloji problemlərin həllinə yardımçı
olmaqdan ibarətdir. Biz istəyirik ki, ətraf mühitin
qorunması və ekoloji tarazlığın bərpası
istiqamətində həyata keçirilən tədbirlərdə
gənclərimizin də əməyi yüksək olsun".
Bakı Dövlət
Universitetinin prorektoru, professor İsmayıl Əliyev
çıxışı zamanı diqqəti qlobal ekoloji
problemlərə yönəldib. O, son illər dövlət
başçısının bilavasitə sədrliyi ilə
ekoloji problemlərin müzakirəsinə həsr olunmuş
müşavirələrin keçirilməsini xatırladaraq
bildirib ki, yerləşdiyi coğrafi məkana görə
mühüm əhəmiyyət kəsb edən Azərbaycanda,
ətraf mühitlə bağlı qəbul olunmuş dövlət
proqramlarının icrasına diqqətin
artırılması, dövlət başçısı tərəfindən
mövcud ekoloji problemlərin daha səmərəli həll
edilməsi məqsədilə müvafıq sərəncamların
imzalanması, bu sahənin ölkəmizdə prioritet məsələlər
sırasında olduğunu sübut edir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin departament rəhbəri Mirsalam Qəmbərov
hazırda respublikamız üçün aktual olan ekoloji
problemlərin davamlı inkişaf prinsipləri əsasında
müvafiq dövlət proqramları çərçivəsində
həll edilməsi istiqamətində görülən işlər
barədə konfrans iştirakçılarına geniş məlumat
verib.
Millət vəkilləri
Fəttah Heydərov və Aydın Mirzəzadə isə
ümummilli lider Heydər Əliyev tərəfindən həyata
keçirilən uğurlu siyasi-iqtisadi islahatlardan
danışıblar. Qeyd olunub ki, bu siyasəti uğurla davam
etdirən prezident İlham Əliyev ölkəmizin ekoloji
durumunun sağlamlaşdırılmasına da xüsusi diqqət
göstərir.
Konfransın sonunda
respublikamızın ali təhsil ocaqlarında təhsil alan tələbələr
arasında keçirilmiş "Təbii sərvətlərimizə
sahib çıxaq, ətraf mühitimizi qoruyaq" adlı məqalə
müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimi
olub. Mərasimdə məqaləsi birinci yerə layiq
görülən tələbəyə 500 manat, ikinci yerin
sahibinə 300 manat, üçüncü yeri tutan məqalə
müəllifinə isə 200 manat həcmində pul
mükafatları və diplomlar təqdim olunub. Bununla
yanaşı, 15 nəfər tələbəyə həvəsləndirici
mükafat və diplomlar da verilib.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2009.- 6 may.- S.5.