Milli mədəni
irslə bağlı foto müsabiqəsi keçirilir
Gənclər və
İdman Nazirliyi "Avropa Mədəni İrs Günləri"
kampaniyası çərçivəsində gənclər
arasında Avropa Şurasının "Avropa: Ümumi
İrs" və "Mənim doğma vətənim"
mövzusunda foto müsabiqəsi elan edib. Əsas məqsədi
Azərbaycanın zəngin mədəni irsinin, mənəvi-əxlaqi
dəyərlərinin, təbii irs yerlərinin Avropa mədəniyyətinin
tərkib hissəsi kimi təbliği, yeniyetmə və gənclərdə
vətənə məhəbbətin gücləndirilməsi
olan müsabiqəyə mayın 1-dən start verilib. Müsabiqədə
yaşı 14-21 arasında olan gənclər iştirak edə
bilərlər. İştirak arzusunda olanlar mayın 11-nə
kimi Təşkilat Komitəsinə Azərbaycanın mədəni
irsi, tarixi abidələri, milli mənəvi dəyərlərilə
bağlı rəngli və ya ağ-qara fotoşəkillər
təqdim etməlidirlər. Müsabiqənin ən
mühüm nəticələrindən biri qalib gələn
fotoşəkillərin İspaniyanın Barselona şəhərinə
göndərilməsi olacaq. Məlumata görə, bu şəkillər
Avropa Şurası tərəfindən nəşr edilən
xüsusi kataloqda yer alacaq. Müsabiqə qalibləri Avropa
Şurasının xüsusi şəhadətnamələrilə
təltif olunacaq.
Müsabiqə barədə
əlavə məlumat almaq istəyənlər Gənclər
və İdman Nazirliyinin Yaradıcı gənclərlə
iş və asudə vaxtın təşkili sektoruna müraciət
etməlidirlər.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 6 may.- S.2.