Avropa Şurası 60 yaşında

 

Uşaq yaşlarında olarkən doğum günləriniz böyüyüb yetkinləşmək və irəliyə doğru baxmaq imkanı ilə səciyyələnir. Ömrünüzün müəyyən sayda illəri arxada qaldıqdan sonra doğum günləriniz geriyə baxmaq və bu illər ərzində nələr etdiyinizi qiymətləndirmək imkanıdır. 1949-cu ildə Avropa Şurasını təsis etmiş London Müqaviləsinin imzalanmasının 60-cı ildönümü yuxarıdakı imkanların hər ikisi deməkdir.

Altmış il əvvəl Avropa Şurasını qurmuş on ölkənin dövlət xadimləri nə etdiklərini dəqiq bilirdilər. Elə buna görə də bizim Nizamnaməmiz belə qısa, aydın və sadədir. Avropa Şurası "öz üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə daha çox birliyə nail olunması" üçün mövcuddur. O, bu işi "ümumi marağı əks etdirən problemlərin" müzakirəsi, habelə "iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlərdə, insan hüquqlarının və əsas azadlıqların qorunması və gələcəkdə də həyata keçirilməsində razılaşmalar" vasitəsilə həyata keçirir.

Bu on ölkə tərəfindən vurğulandı ki, ruhi və mənəvi dəyərlər fərdi azadlığın həqiqi mənbəyidir və iddia edildi ki, oxşar düşüncəli bütün Avropa ölkələri arasında daha sıx birlik bu idealların mühafizəsi və gerçəkləşməsi üçün zəruridir. Bu fikir hələ də qüvvədədir. Biz hazırda təşkilatımızın üzvü olan 47 dövləti təmsil edən 800 milyon avropalı arasında ümumi dəyərləri bərqərar etməyə çalışırıq.

Hökumət başçıları 2005-ci ildə Varşavadakı görüşlərində Avropa Şurasının prioritetlərini nəzərdən keçirərkən Avropa Şurasının gələcək işi üçün rəhbər prinsipləri irəli sürərək insan hüquqlarının müdafiəsindən, demokratiyanın gücləndirilməsindən və qanunun aliliyinin təmin edilməsindən ibarət əsas fəaliyyətləri vurğuladılar.

Amma praktikada tərəqqi olduğu kimi, geriləmə də var. Hamımız bilirik ki, azadlıq daimi sayıqlıq bahasına başa gəlir. Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məxfi uçuşların həyata keçirilməsində bəzi Avropa hökumətlərinin iştirakı barədə iddialar nəticəsində hələ də Avropanın başı üzərində qara bulud dolaşır və bu məsələ Avropa Şurası tərəfindən hələ də öz həllini tapmayıb. Cari problemlər yükünün çəkisi ağırdır, amma onlar ildönümünü haqlı olaraq qeyd etdiyimiz bu altı onillik ərzində əldə edilmiş nailiyyətlərin əhəmiyyətini azaltmamalıdır.

Son dövrlərdə biz iki üzv dövlət - Gürcüstan və Rusiya arasında silahlı münaqişə ilə üzləşdik, baxmayaraq ki, onlar mübahisələri dinc vasitələrlə həll etmək öhdəliyini götürmüşdülər.

Üzv dövlətlər arasında bağlanmış 200-dən artıq müqavilə iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati sahələrdəki geniş çeşidli məsələlərdə ümumi standartların axtarılması üçün istinad edilən təməldir. Onlar təhsil haqqında diplomların ekvivalentliyindən tutmuş tibbi yardıma qədər, sosial hüquqlardan tutmuş terrorizmə, kibercinayətlərə və insan alverinə qarşı mübarizəyə qədər müxtəlif məsələlərə aiddir. Onlar hamısı birlikdə buna dəlalət edir ki, bütün Avropa dövlətləri öz vətəndaşlarına yaşaya biləcəkləri hər yerdə müqayisəli standartlardan faydalanmaq imkanını təklif etməklə daha sıx yaxınlaşmaq istiqamətində davamlı səylər göstərirlər.

Bundan başqa, Avropa Şurası on üç ixtisaslaşmış qurum yaradıb, çox vaxt onlar cəmi bir neçə üzv dövlətin təşəbbüsü ilə yaradılıb, amma digərlərinin qoşulması üçün həmişə açıqdırlar. Onlar dərmanların əsas elmi anlayışlarının standartlaşdırılması, korrupsiya əleyhinə tədbirlərin hazırlanması, dil təhsilinin yaxşılaşdırılması, narkotik vasitələrə aludəçilik və onların qaçaqmalçılığı kimi məsələlərlə məşğuldurlar. Çox vaxt öz ixtisaslaşma sahəsindən kənarda naməlum olan bu qurumlar bütün qitə boyunca standartların bir araya gətirilməsinə mühüm töhfələr verir və çox vaxt bu töhfələr Avropa Şurasını yaratmış insanların təsəvvür edə biləcəyindən də geniş miqyasda - dünya miqyasında təsirə malik olurlar.

Avropa Şurası bizim qitədə insan hüquqlarına hörmət edilməsinə nəzarət edən aparıcı təşkilat olaraq qalır. İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin və İnsan Hüquqları üzrə Komissarın araşdırıcı fəaliyyəti vasitəsilə təşkilatımızın üzv dövlətlərinin orqanları (məhkəmə, polis və penitensiar orqanlar) ciddi nəzarətə məruz qalır və zərurət olduqda onların adı çəkilir və əməlləri pislənilir. Heç kim bərabər hüquqlu üzvlərin qarşısında mühakimə olunmaqdan zövq almır və təşkilatımızın üzvü olan dövlətlər iradlara məruz qalmamaq üçün Avropa Şurası standartlarına cavab verməyə çalışırlar. Monitorinq missiyaları yardıma ehtiyacı olan dövlətlərə səfərlər edir və onların dərc olunan hesabatları bütün qitə boyunca insan hüquqlarının müdafiəsinin yüksək standartlarına nail olmaq üçün ictimai rəyin təzyiqini gücləndirir.

Bu altmış illik dövrdə Avropa Şurasının nailiyyətlərinin mərkəzində ilk növbədə Avropa İnsan Hüquqları Məhkəməsinin işi dayanır. Məhkəməyə verilən ərizələrin sayı (təkcə 2008-ci ildə 62 min ərizə) onun əhəmiyyətinin sübutudur.

Gələcək işlərə gəldikdə, Avropa Şurasının qarşısında aşağıdakı dörd əsas vəzifə durur:

1. Avropa hüquq məkanının gücləndirilməsi. Biz hazırda mövcud olan bir çox konvensiyaları yenidən nəzərdən keçirməli və onlara dəyişikliklər etməliyik. Onların bəziləri müasir dövrə uyğunlaşdırılmalı və yeni konvensiyalar çərçivəsində yeni fəaliyyət sahələri təşkil edilməlidir.

2. İnsan hüquqlarının monitorinqi sisteminin daha da gücləndirilməsi. Öhdəliklərini pozanların adlarının çəkilməsi pislənilməsi faydalı mexanizmdir, amma Avropa Şurası üzv dövlətlərin tərəqqi əvəzinə geriləmə variantını seçməmələrini təmin etmək üçün "qamçı kökə" siyasətinə daha çox ehtiyac duyur. Üzv dövlətdə hakimiyyət səlahiyyətindən fərdin hüquqları hesabına sui-istifadə halları olduqda hakimiyyətdə olanlar cəzasız qalmamalıdır.

3. Öhdəliklərini daha yaxşı yerinə yetirmək istəyən üzv dövlətlər üçün bizim yardım proqramlarımızın təşkili. Bütün üzv dövlətlər Avropa Şurasının yüksək standartlarına imza atıblar və onlara riayət etməyə can atırlar, amma onların bəzilərinin digərlərinə nisbətən daha çox yardıma ehtiyacı var.

4. Nələri etməkdə olduğumuz və nələri etmiş olduğumuz barədə məlumatların daha yaxşı yayılması. Avropa Şurasının işinin daha çox göz önündə olması nailiyyətlərimizin hökumətlərin yaddaşına həkk olunmasına kömək edəcək və onların bəzən narahatlıq yaradan həmkarlarına dəstəyini təmin edəcək.

Bu dörd vəzifəni yerinə yetirməklə biz dəyişikliklər üçün elə pozitiv spiral yarada bilərik ki, burada gücləndirilmiş Avropa Şurası genişləndirilmiş Avropanı həm mənəvi, həm də maddi cəhətdən daha yaxşı məkana çevirə bilər. Həmişə olduğu kimi Avropa Şurası bütün üzv dövlətlərin idarə olunmasında insan təbiətinin ən yaxşı cəhətlərinin pozitiv ifadəsi uğrunda davamlı mübarizənin mühüm elementidir.

   

 

Terri DEVİS

Avropa Şurasının baş katibi

 

525-ci qəzet.- 2009.- 6 may.- S.2.