"Qızıl kəlmə"nin sahibləri mükafatlandırıldı
Ötən gün Rəşid Behbudov adına Mahnı
Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə" ədəbi
mükafatının laureatlara
təqdim olunması ilə bağlı mərasim keçirilib. Mərasimi giriş
sözüylə açan
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bu təşəbbüsün
müsbət əks-səda doğurmasından
məmnunluğunu ifadə
edib: "Çox sevindiricidir ki, belə mükafatlar vasitəsilə ədəbi
prosesə təkan verilir. Ulu öndər Heydər Əliyevin ədəbiyyat, mədəniyyət
və incəsənətə
göstərdiyi qayğını
bu gün prezident İlham Əliyev uğurla davam etdirir. Biz də hər
zaman prezidentimizin bu qayğısına qoşularaq, nazirlik səviyyəsində, çağdaş
ədəbiyyatın formalaşması
üçün dəstəyimizi
əsirgəməyəcəyik". Nazir müsabiqəyə təqdim edilən əsərlərin hamısının
maraqlı olduğunu vurğulayaraq, qalib gəlməsələr də,
fərqlənən kitab
müəlliflərin adlarını
çəkdi: "Mahirə
Abdulla, Əlisahib Əroğul, Mətləb
Misir, Qəşəm
Nəcəfzadə, Mustafa
Çəmənli, Əkbər
Qoşalı və digərlərinin mükafat
komissiyasına təqdim
olunan əsərləri
də xüsusi maraq doğurub". Nazir Yazıçılar Birliyindən (AYB) təqdim
olunan əsərlərin
müəlliflərinin qaliblər
sırasında üstünlük
təşkil etdiyini bildirərək, AYB-nin peşəkarlıq səviyyəsini,
ədəbi nüfuzunu
ayrıca vurğulayıb.
Çıxış edən
millət vəkili Nizami Cəfərov mükafatın
ayrı-ayrı şəxslərin timsalında
bütövlükdə Azərbaycan ədəbiyyatına
verildiyini diqqətə çatdırıb: "Bu gün
qalib gələn müəlliflərin əsərləri bizim
ədəbiyyatımızın uğurudur".
Xatırladaq ki, 2008-ci
ilin iyulunda təsis olunan mükafatın qalibləri dörd
nominasiya üzrə müəyyənləşdirilib. Nazir Əbülfəs
Qarayevin sədrlik etdiyi, mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri
Sabir Rüstəmxanlı və Nizami Cəfərov, AYB-nin
katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid,
şair Çingiz Əlioğlu, professor Nizaməddin Şəmsizadə,
şair Vaqif Bəhmənli, tənqidçi Vaqif Yusiflinin daxil
olduğu mükafat komissiyasının münsiflər heyəti
3 nominasiyada mükafatı iki nəfər arasında
bölüşdürüb. Ədəbi tənqid və
publisistika üzrə isə qalib kimi bir nəfər müəyyən
olunub.
Nəsr üzrə Aqil
Abbas "Dolu", Elçin Hüseynbəyli isə "On
üçüncü həvari - Don Juan" romanına
görə "Qızıl kəlmə" mükafatına
sahib olub. Poeziya üzrə "Qalmaz belə, qalmaz
dünya" şeirlər kitabına görə Zakir Fəxri,
dördcildlik əsərlərinin 1 və 2-ci cildlərinə
görə Taleh Həmid qalib elan edilib.
Hüseynbala Mirələmovun
"Heydər Əliyev" kitabı "Ədəbi tənqid
və publisistika" nominasiyasında mükafata layiq
görülüb.
Saday Budaqlı Mixail
Bulqakovun "Master və Marqarita" romanını, Məmməd
Oruc isə Gülşən Lətifxanın "Azər və
Aida" əsərini dilimizə uğurla çevirdiyinə
görə "Orijinaldan bədii tərcümə"
nominasiyasında mükafat qazanıb. Mükafat komissiyası
Yunus Oğuzu "Nadir şah" romanına, Səlim
Babullaoğlunu "İlyas Göçmənin şəkil dəftəri"
şeirlər kitabına görə "Şans
ödülü" ilə mükafatlandırıb.
Mərasimdə çıxış edən
laureatlar prezident İlham Əliyevin ədəbiyyatımıza
göstərdiyi qayğını önə çəkərək,
yaradıcı adamların dövlət səviyyəsində
gördükləri diqqətdən hər zaman ciddi stimul aldıqlarını
bildiriblər.
Tədbir incəsənət
ustalarının konsertilə yekunlaşıb.
525-ci qəzet.- 2009.- 7 may.- S.7.