"Hökmdarın taleyi"nin Heydər Əliyev adına Sarayda geniş premyerası olacaq
Mayın 22-23-də Heydər
Əliyev adına Sarayda İlyas Əfəndiyevin "Hökmdar
və qızı"
faciəsi əsasında
Elçin Əfəndiyevin
ssenarisi ilə çəkilən "Hökmdarın
taleyi" filminin ilk geniş premyerası keçiriləcək. Bu barədə APA-ya açıqlamasında
filmin hazırlandığı
"A.S.V.A Profi Studia
XXI" Prodüser Mərkəzinin
və bu ekran işinin baş prodüseri Vaqif Əsədullayev məlumat verib. Onun sözlərinə görə, film mərhum lider Heydər Əliyevin 2000-ci
ildə imzaladığı
"İlyas Əfəndiyevin
xatirəsinin əbədiləşdirilməsi
haqqında" sərəncam
əsasında hazırlanıb.
V.Əsədullayev bildirib
ki, Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir işlərindən sonra burada nümayiş etdiriləcək ilk film "Hökmdarın taleyi" olacaq: "Bu film Azərbaycanın
tarixindən bəhs edir və ona
hər bir ölkə vətəndaşının
baxmasını istəyirik.
Elə məhz bu səbəbdən də filmin təqdimatını iki gün ərzində keçirməyi qərarlaşdırdıq.
Artıq filmin afişaları vurulub, televiziya reklamlarına başlanılıb. Mayın
10-dan isə film şəhərin müxtəlif
yerlərindəki ekranlarda
göstəriləcək. Filmin
nümayişinə biletləri
də çox ucuz qiymətə satışa çıxarmışıq.
Məqsədimiz bu filmə baxmaq istəyən hər bir tamaşaçının
onu seyr etməsinə şərait
yaratmaqdır. Ümidvaram
ki, iki günlük
təqdimatda gözlədiyimiz
nəticəni ala biləcəyik".
Qeyd edək ki,
"Hökmdarın taleyi" filminin Heydər Əliyev
adına Sarayda iki günlük nümayişinin biletlərinin
qiyməti 7-10 manat arasındadır.
"Hökmdarın taleyi" filminin çəkilişləri iki il davam edib. Ramiz Fətəliyev və Dilşad Fatxulinin quruluş verdiyi filmin quruluşçu operatoru D.Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov həm aktyorlara master-klasslar keçib, həm də baş rolu - İbrahimxəlil xan obrazını canlandırıb. Ekran əsərində Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Bariyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Leyli Hüseynli, Əli Cəfərov, Rusiya aktyorları Daniil Spivakovskiy, Aleksandr Qalibin, İlyar Şakunov, Tacikistan aktyoru Saydo Qurbanov və başqaları da çəkilib. "Hökmdarın taleyi" Azərbaycanda bu günə kimi istifadə edilməyən "Dolbi 1/5" sistemində səsləndirilib. Filmin kiçik miqyasda premyerası ötən ilin mayında "Azərbaycan" kinoteatrında keçirilib.