Mehdi Məmmədovun
"İnsan" fədakarlığı
Görkəmli rejissor və
aktyor, tənqidçi və teatrşünas, pedaqoq, xalq
artisti, professor Mehdi Məmmədov - mənsub olduğum, ötən
əsrin 60-70-ci illərinin tələbə nəsli bu
adı, bu şəxsiyyəti yaxşı xatırlayır. Universitetin
filologiya fakültəsində onun estetikadan oxuduğu
mühazirələri maraqla dinləyər, sənət və
sənətkar haqqında yazılarını mütaliə edər,
özünün iştirakı ilə
hazırladığı radiotamaşalara həvəslə
qulaq asardıq. Sənətkarın "Teatrlar, aktyorlar,
tamaşalar", "Həyat və sənət
yollarında", "Estetika haqqında söhbətlər"
və başqa kitabları çox oxuduğumuz nəşrlərdən
idi.
1968-ci ildə Azərbaycan
Dövlət Dram Teatrında onun quruluş verdiyi "Canlı
meyit" tamaşasına böyük maraq vardı və
çoxumuz Mehdi Məmmədovu Protasov rolunda görmək
üçün bu tamaşaya bir neçə dəfə
baxmışdıq. Onu səhnədə görmək səadəti
mənə də nəsib olmuşdu...
"Canlı meyit"
tamaşasına bu marağın əsas səbəblərindən
birini neçə il sonra öyrəndik. Tənqidçi
Yaşar Qarayev teatrşünas Cəfər Cəfərovun
"Azərbaycan teatrı" kitabının son nəşrinə
əlavəsində yazmışdı: "Uzun fasilədən
sonra rejissor Mehdi Məmmədov teatra yaxşı bir hədiyyə
ilə qayıtmışdı. Özü də,
görünür, neçə ilin ayrılığından
sonra, o bu dəfə səhnəyə həm rejissor, həm də
aktyor kimi hərtərəfli və perspektivli bir fəaliyyət
ehtirası, arzusu və vədi ilə gəlmişdi. "Canlı
meyit" kimi sanballı tamaşa belə bir niyyət
üçün yaxşı başlanğıc idi. Görkəmli
ziyalının, elm və incəsənət xadiminin həm də
bir aktyor kimi səhnədə çıxışı
özlüyündə əlamətdar mədəni bir hadisə
və Azərbaycan ziyalısının səhnəyə
münasibətini ifadə edən nəcib tarixi bir ənənəyə
də sədaqətin təzahürüdür".
Biz bu sözləri
1973-cü ildə oxuyacaq, Mehdi müəllimin vaxtilə elmi və
pedaqoji işi ilə əlaqədar dram teatrından müvəqqəti
ayrıldığını da o zaman biləcəyik. İndi
isə 1968-ci il idi, Mehdi müəllimin 50 yaşı tamam
olurdu və bu münasibətlə Universitetin akt zalında ədəbi-bədii
gecə keçirilirdi. Universitetin rəhbərləri,
görkəmli elm və mədəniyyət xadimləri səhnədə
əyləşmişdilər. Mehdi müəllim də burada
idi.
Natiqlər bir-birini əvəz
edir, yubilyarın mədəniyyətimizin və elmimizin
inkişafında xidmətlərindən danışır, ona
yeni uğurlar diləyir və xoş arzularını
bildirirdilər.
"Mehdi müəllim,
o gün olsun ki, yubileyinizi Təbrizdə qeyd edək". Bu
sözləri rəhmətlik Rübabə xanım dedi. Daha
doğrusu, yanıqlı-yanıqlı oxudu. Böyük Şəhriyarın
dili ilə "Heydərbabaya salam" göndərdi:
Heydərbaba,
yolum sənnən gəc oldu,
Ömrüm
keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim
gözəllərin necoldu...
"Mehdi müəllim,
nə olar, nitq mədəniyyətinə aid bir kitab yazın. Sizin
kimi danışmağı biz də öyrənək".
Bu, filologiya fakültəsinin tələbəsinin arzusu idi.
Azərbaycan ədəbiyyatı
müəllimlərindən biri böyük Cavid
dramaturgiyasının tədqiqində və təbliğində
Mehdi Məmmədovun əməyindən
danışırdı. Bu vaxt gur bir səs zala yayıldı:
- Mehdi müəllim indi
"Xəyyam"ı tamaşaya hazırlayır.
Alqış səsləri
akt zalını titrətdi. Bunu deyən səhnədə əyləşmiş
görkəmli aktyor İsmayıl Dağıstanlı idi.
"Mehdi müəllim,
nə olar, "İnsan"ı da hazırlayın". Bunu
mən dedim. Özümdən asılı olmayaraq dedim. Ancaq
elə dedim ki, səsimi nəinki Mehdi müəllim, heç
mənimlə yan-yana əyləşmiş tələbə
dostum Solmaz da eşitmədi. Əgər eşitmiş
olsaydı, yəqin ki, üzümə baxıb adəti
üzrə xeyir-dua verər və deyərdi: "Arzuna
çatasan...".
O gündən qəlbimdə
belə bir xoş arzu baş qaldırdı və onun bir
vaxtlar həqiqətə çevriləcəyinə
inandım...
"İnsan" deyəndə
Səməd Vurğunun pyesini nəzərdə tuturdum.
Şair 1945-ci ilin
aprelində mətbuatda belə yazmışdı: "Bu il
yazmış olduğum "İnsan" adlı mənzum dram
haqqında nə deyim? Onu oxucu və
tamaşaçılarımız gördüyü zaman mən
yenə şad olacağam. Yalnız onu deyə bilərəm
ki, "İnsan" əsərini mən çox sevirəm,
orada insan taleyi faciələr içindən günəşli-gündüzlü
bir səhərə, istiqbala, şüur və idrakın hakim
olduğu bir dünyaya yol açır. O dünyanı
yaradanlar siyahısında Azərbaycan xalqının da
imzası var, şöhrəti var".
"Səməd
Vurğunun "İnsan" dramı haqqında çox
yazılmış və çox deyilmişdir. Bu məqalələrin
əksəriyyətində "İnsan" pyesi tənqid
edilmiş, müəyyən ziddiyyətli, bir-birini inkar edən
mülahizələr söylənmişdir: həm də
ziddiyyətli mülahizələri bəzən müxtəlif
alim və tədqiqatçılar yox, eyni müəlliflər
söyləmiş və beləliklə də onlar özləri
özlərini inkar etmişlər". Bu sətirlər isə
həyatının çox böyük hissəsini Səməd
Vurğun irsinin tədqiqinə və təbliğinə həsr
etmiş professor Cəlal Abdullayevə məxsusdur.
Əsər 1945-ci ilin
noyabrında Azərbaycan Dövlət Akademik Dram Teatrında
tamaşaya qoyulmuş, lakin elə həmin vaxtlar pyes və
tamaşa haqqında, hətta başqa münasibətlə
yazılmış məqalələrin əksəriyyətində,
müxtəlif çıxışlarda "mücərrəd
bir əsər" kimi tənqid edilmiş, qeyri-obyektiv, ziddiyyətli,
bir-birini inkar edən fikirlər söylənmişdi. Beləliklə
də bu əsərin varlığı elə bil
unudulmuşdu...
Pyesə qeyri-obyektiv
münasibəti sonradan xalq yazıçısı Mehdi
Hüseyn bu cür etiraf etmişdi: "Vaxtilə bizim bəzimiz
doqmatik təsəvvürlərin təsiri ilə bu əsəri
("İnsan" pyesi nəzərdə tutulur - A.B.) çox
birtərəfli və yanlış tənqid etmişdik,
müəllifi mücərrəd romantizmdə
günahlandırmışdıq. Lakin bu nə dərəcədə
ədalətli bir işdir?.. Yox, biz "İnsan" pyesi
üzərinə yenidən qayıtmalıyıq və ədaləti
bərpa etməliyik, xüsusən ona görə ki, bu gün
S.Vurğunun nə qədər haqlı olduğunu daha
aydın görürük!". "İnsan"ı tənqid
edənlərdən biri Mehdi Hüseyn idi...
"İnsan" pyesi
ilk dəfə tamaşaya qoyulduğu zaman onun haqqında mətbuatda
bir neçə tənqidi məqalə dərc edilmişdi. Etiraf
etmək lazımdır ki, o zaman, şəxsiyyətə pərəstişin
hökm sürdüyü bir dövrdə S.Vurğunun bu, nisbətən
mürəkkəb əsərinə obyektiv qiymət vermək
o qədər də asan deyildi. Ona görə də yazılan
məqalələrdə şairin romantikasını müxtəlif
şəkillərdə şərh etmək, əsərə
müxtəlif mövqelərdən yanaşmaq təşəbbüsləri
olmuşdu". Bu sətirləri akademik Məmməd Arif
yazmışdı. "İnsan"ı tənqid edənlərdən
biri də Məmməd Arif idi...
"İnsan"ın
ilk tamaşasından sonra Prokofyev familiyalı bir şəxs də
əsərin rus dilinə sətri tərcüməsinə əsaslanaraq
ittihamlarla dolu rəy yazmış və Azərbaycan KP Mərkəzi
Komitəsinə təqdim etmişdi. "Həmin rəyi
oxuduqdan sonra Səməd Vurğun o zaman rəsmi dairələrin
sorğusuna cavab olaraq müfəssəl bir məktub yazdı
və Azərbaycan xalqının dilini, poeziyasını, bədii
təfəkkür tərzini, ictimai və fəlsəfi fikir
tarixini bilməyən Prokofyevin irəli sürdüyü tənqidi
mülahizələrin əsassız olduğunu parlaq məntiqlə
açıb göstərdi". Bu sözlər isə
şairin qardaşı Mehdixan Vəkilovun xatirələrindən
götürülüb.
Mehdi Hüseyn də, Məmməd
Arif də yuxarıda göstərdiyimiz sətirləri
1964-cü ildə yazmışdılar, daha doğrusu, həmin
il oxuculara çatdırmışdılar. "İnsan"ın
ilk tamaşasından 19 il sonra! Lakin "ədalətin bərpa
edilməsi üçün" daha 10 il gözləmək
lazım gəldi...
1974-cü ilin əvvəllərində
sənətsevənlər belə bir xəbəri
böyük maraq və sevinclə qarşıladılar: Mehdi
Məmmədov "İnsan" pyesini tamaşaya
hazırlayır. Bəli, Mehdi müəllim çox məsuliyyətli
və şərəfli bir vəzifəni öz üzərinə
götürmüşdü. Deməli, mənim arzum çox
qanunauyğun halmış və onun həyata keçməsinə
bir addım qalırdı.
M.Məmmədovun S.Vurğun
irsinə müraciəti təsadüfi deyildi. O, həm
rejissor, həm də tədqiqatçı kimi S.Vurğunun
dramaturgiyasına bələd idi. Gəncə teatrında
işləyərkən "Vaqif" pyesinə quruluş
vermişdi. Şairin dramaturgiyasına aid bir sıra
yazıların müəllifi idi. Mehdi müəllim S.Vurğunun
böyük səhnə ustası Mirzağa Əliyevə həsr
etdiyi "İlham pərisi" şeirini öz
çıxışlarında söyləyər, məqalələrində
bu şeirə istinad edərdi. Rejissor "Səməd
Vurğun və teatr" adlı məqaləsində şeiri
təhlil etmiş, aşağıdakı iki misranın
"şairin teatr kredosunu" ifadə etdiyini bildirmişdi:
Sənət
hünər meydanıdır,
qoy pələnglər
addım atsın,
Mən istərəm
filosoflar səhnəmizə
söz
yaratsın...
Rejissorun fikrincə, bu
misralar S.Vurğunun səhnəyə hünər meydanı, tərbiyə
məktəbi, fəlsəfi təfəkkür aləmi kimi
baxdığını göstərir. M.Məmmədov
şairin realist-romantik teatrını C.Cabbarlı və H.Cavid
teatrlarının peyvəndindən, bu sənətkarların
yaradıcılıq idrakından əmələ gəlmiş
orijinal bir teatr hesab edir, onu "böyük ehtiraslar, yüksək
fikirlər, fəlsəfi təfəkkür teatrı"
adlandırırdı.
Yeri gəlmişkən,
xatırlatmaq yerinə düşər ki, o vaxtlar hələ
gənc olan M.Məmmədovun rejissorluq fəaliyyəti
S.Vurğunun diqqətini cəlb etmiş, şair öz
yazılarında və çıxışlarında onun
adını "mahir rejissorlar" sırasında çəkmiş,
hazırladığı tamaşalara müsbət münasibətini
bildirmişdi. O, 1953-cü ildə M.Məmmədovun
hazırladığı "Sevil" operasının
tamaşasını yüksək qiymətləndirmiş,
"opera və tamaşanın Dövlət mükafatına təqdim
edilməsini müvafiq və layiq" hesab etmiş, bu barədə
yazılı rəy vermişdi. Şair yazmışdı:
"Sevil" tamaşasının müstəsna müvəffəqiyyətini
aşağıdakı səbəblərlə izah etmək
olar: birincisi - operanın özünün ideya-bədii
üstünlükləri, bəstəkar Fikrət Əmirovun
müvəffəqiyyətli musiqisi, ikincisi - həmin
operanın müvəffəqiyyətlə tamaşaya
qoyulması, rejissor Mehdi Məmmədov tərəfindən əsərin
ağıllı, maraqlı səhnə həllinin
tapılmasıdır".
Deməli, hər iki sənətkar
bir-birini yetərincə "tanıyırdı" və
buna görə də Mehdi Məmmədovun "İnsan"a
müraciəti təbii idi.
Pyes "geniş çərçivəli,
ictimai miqyaslı, müasir ruhlu", "dünyanın indiki
vəziyyəti ilə səsləşən" bir əsər
kimi rejssorun diqqətini cəlb etmişdi. O, tamaşanın
hazırlanması prosesində verdiyi müsahibəsində
bildirirdi ki, əsərin ilk quruluşu həqiqətən
çətinliklərə rast gəlmişdir. Rejissor bunun səbəbini
kollektivlə iş prosesində əsərin səhnəyə
kifayət qədər
uyğunlaşdırılımamasında görürdü. O,
Məmməd Arifin tədqiqatındakı bu fikirlə
razılaşırdı ki, pyes tamaşaya hazırlananda teatr
müəlliflə ciddi işləməmişdir.
Artıq müəllif
haqq dünyasında idi. Vurğun dramaturgiyasına dərindən
bələdliyi Mehdi Məmmədovun köməyi oldu. Rejissor
yeni quruluşda müəllifin fikrinə, əsərin
üslub və bədii formasına xələl gətirmədən,
şairin özünün ədəbi irsindən poetik
parçalar əlavə etmişdi. Rejissorun ilk baxışda
çox kiçik görünən iki əlavəsi
tamaşanın emosional təsirini artırır və
alqışlarla qarşılanırdı.
Məlumdur ki, şair özünün məşhur
"Dağlar" qoşmasını əsərin
personajlarından şair Cəlalın sözləri kimi pyesə
daxil edib. Şeiri Cəlalın döyüş dostu Eldar
oxuyur. Aktyorun "Cəlalı da salar yada..." əvəzinə
şeirin əslində olduğu kimi, "Vurğunu da salar
yada Düz ilqarlı bizim dağlar" şəklində
oxuması, bir də dostların məclisində
Şahbazın qədəhi götürüb "Şairin
sağlığına" deməsi rejissorun Vurğun sənətinə
ümumxalq məhəbbətini ifadə edən
tapıntıları idi...
Tamaşa böyük
uğur qazandı, mətbuatda əsərə və
tamaşaya yüksək qiymət verən məqalələr
dərc olundu. Onlardan bəzilərinin yalnız sərlövhələrini
xatırlayaq: "İnsan"ın ikinci həyatı",
"Vtoroye rojdeniye", "Kamalın təntənəsi",
"İnsan" sınaqdan çıxır...".
Məqalələrdən
birinin müəllifi xalq yazıçısı Mirzə
İbrahimov yazırdı: "...Rejissor Mehdi Məmmədovun
gərgin əməyi və axtarışları gözəl
nəticə vermişdir. Tamaşaçılarımız onu
səhnə sənətinin mütəfəkkir və
istedadlı bir yaradıcısı kimi tanıyırlar... Bizə
elə gəlir ki, "İnsan" tamaşası onun
yaradıcılığının və ümumən səhnə
sənətimizin ən uca zirvələrindən biridir".
"İnsan" mədəni
həyatımızda hadisəyə çevrildi. Yazıçı
Nurəddin Babayev tamaşaya baxdıqdan sonra belə
yazmışdı: "İnsan"a tamaşa edirəm. Tamaşaçıların
dəfələrlə yaşaran gözlərinə
baxıram: kimi bu yaşları gizlincə silir, kimi isə
onları gizlətməyə çalışır. İftixar hissinin gücündən və böyük kədərin
əzəmətindən doğan
yaşlar".
Tamaşa həmin il Azərbaycan
teatrının 100 illiyi münasibətilə Dövlət
Akademik Dram Teatrının Moskva qastrolları zamanı Malı
Teatrın səhnəsində də göstərildi. "İnsan"ın
rejissor Mehdi Məmmədov tərəfindən yenidən səhnəyə
qaytarılmasını Moskva mətbuatı xüsusi qeyd
etmişdi.
Şübhəsiz,
"İnsan"ın bu uğuru "ədalətin bərpası"
idi və bu, əsərin öz daxili mənası, təlqin
etdiyi böyük bəşəri hisslər,
düşüncələr, "faciələr içindən
günəşli-gündüzlü bir səhərə,
istiqbala, şüur və idrakın hakim olduğu bir
dünyaya yol açması" (S.Vurğun), şairin
yüksək sənətkarlığı, rejissorun
istedadı ilə yanaşı, həm də fədakarlığı
ilə bağlı idi. Bu uğurdan fərəhlənən
şairin qarlaşı Mehdixan Vəkilov yazmışdı:
"Mən bu nəcib işdə xalq artisti, professor Mehdi Məmmədovun
xidmətini və fədakarlığını böyük
minnətdarlıq hissilə qeyd edirəm".
Tamaşadan sonra tədqiqatçılar
"İnsan" barədə cəsarətlə
danışmağa, obyektiv fikirlər söyləməyə
başladılar. Tamaşa əsərə münasibətdə
ədəbi tənqidin və ədəbiyyatşünaslığın
yönünü dəyişdi.
Mehdi Məmmədov
yuxarıda qeyd etdiyimiz müsahibəsində demişdi: "Əsərin
mücərrədçilikdə tənqid edildiyinə gəlincə,
deməliyəm ki, bu cür münasibəti birtərəflilik
və subyektivizm ilə, bəzi tənqidçilərin
özünün mücərrədçiliyi ilə izah etmək
lazımdır. Biz pyesdə mücərrədçilik yox,
böyük ümumiləşdirmə, bəzən simvol dərəcəsinə
çatan bədii mübaliğə meyli
görürük".
Mehdi Məmmədov
dediklərini öz zəhməti və fədakarlığı
ilə sübuta yetirdi...
Düşünürəm:
bəlkə Universitetdə keçirilən həmin ədəbi-bədii
gecədə mənim ürəyimdən keçənləri
ustad duymuşdu? Axı, təfəkkür sahiblərində
duymaq qabiliyyəti güclü olur. Böyük Səməd
Vurğunda olduğu kimi...
525-ci qəzet.- 2009.- 7 may.- S.6.